adalet.az header logo
  • Bakı 7°C
26 Oktyabr 2021 18:08
45488
ƏDƏBİYYAT
A- A+

TÜRKƏM MƏN - Rauf Qərib Alagözün şeirləri

Adalet.az Rauf Qərib Alagözün şeirlərini təqdim edir.

 

 

TÜRKƏM MƏN

 

Mən dönək deyiləm, huyum bəllidi.

Çörəyim bəllidi, suyum bəllidi.

Soyumu danmaram, soyum bəllidi.

Azəri deyiləm!

Türkəm mən!

 

Yolumu dəyişməm, yolumdur Turan.

İmanım Allaha, kitabım Quran.

Dinlə, ey xaincə arxadan vuran,

Sanma ki, əyiləm.

Türkəm mən!

 

Dürüstlük amacım, doğruluq qayəm.

Nəyim var aşikar, yayılmaz şayəm.

Türkçülük surəmdir, bir olmaq ayəm.

Oğuzdur ailəm.

Türkəm mən.

 

Toplaram elimi, qurram toyumu,

Bağrıma basaram hər bir boyumu.

Kim istər qoy dansın, mən öz soyumu,

Gizlədən deyiləm.

Türkəm mən! Türkəm mən! Türkəm mən!

 

 

VƏTƏN ÜÇÜN YAŞAYIRAM

Ürəyində eşq olana soyuq da bir, isti də bir.

Haqq uğrunda yanan qəlbə alov da bir, tüstü də bir.

Mənim üçün bu torpağın altı da bir, üstü də bir.

Vətən üçün yaşayıram, şəhadətə şövqlə varam.

Ölsəm torpaq olub yurdun torpağını çoxaldaram.

 

Hayıf vardır bircə canım, min olaydı, verəydim kaş.

Yağı gələn sərhədlərə candan divar hörəydim kaş.

Parça-parça olaydım mən, yurdu bütöv görəydim kaş.

Zövq alardım hər acıdan, ağrımazdı bircə yaram,

Vətən üçün yaşayıram, şəhadətə şövqlə varam.

 

Ana yurdum Anam mənim, can Anama can fədadır.

İlk nəfəsim, son nəfəsim, damarımda qan fədadır.

İstəmirəm yüz il ömrü, verim, hər bir an fədadır.

Bircə Vətən azad olsun, azadlığa dostam, yaram.

Vətən üçün yaşayıram, şəhadətə şövqlə varam.

 

Susmaz qələm, susmaz dilim, haqq yolunda ölərəm mən,

Düz uğrunda hər əzabı çəkib şərəf bilərəm mən.

Vətənimə göz tikəni yer üzündən silərəm mən.

Mübarizəm sosuzadək, qaçmaq ilə yoxdur aram.

Vətən üçün yaşayıram, şəhadətə şövqlə varam.

 

 

 

 

 

 

AZADLIQ

 

Bəhs etdiyin azadlığın tərifi nə, qayəsi nə?

Amalı nə?

Kitabı nə?

Surasi nə?

Ayəsi nə?

 

Başımızın üstündəki dalğalanan bayraqmıdır

hey "azadlıq" dediyin şey?

Ehey, ehey, ehey, ehey.

 

Boynundakı zəncirləri qırmamışdan nə azadıq?

Haqq gülləsin zəncirləri tutanların ürəyinə

vurmamışdannə azadlıq?

 

Yer üzündə bir torpağa sancılan şey deyil bayraq.

Əlini qoy lal sinənə,

Səssizcə dur

duysun qulaq.

 

Vicdanlara sancılmalı dünyada ən uca bayraq.

Bu dünyanın damarında

Qan gəzmirəm, gəzirəm haqq.

 

Ehey , ehey.

Bil ki, haqla gələcəkdir

O "azadlıq" dediyin şey.

 

Onun üçün haqqı axtar.

Çünki haqda azadlıq var.

 

 

 

...BELƏ MÜSƏLMANAM

 

Diqqət çəkir gendən çuxam*,

Altın qazır yerdən toxam*.

Qonşum acdır, mənsə toxam,

Mən də belə müsəlmanam.

 

Kasıb qışda əyni yalın,

Mən geymişəm isti, qalın,

Daha yerə dəymir alın,

Mən də belə müəlmanam.

 

Qıldıraram Namazımı,

Oxutdurram avazımı.

İsladıram boğazımı*,

Mən də belə müsəlmanam.

 

Möhtac qoyub nana* acı,

Pulla taxtım başa tacı.

Həccə gedib oldum "hacı",

Mən də belə müsəlmanam.

 

Közü məndən, yerim qızır,

Kitabına Allah yazır.

Axirətdə "mülküm" hazır,

Mən də belə müsəlmanam.

 

*ÇUXA- geyim,

*TOXA- qazmaq üçün alət

*BOĞAZI İSLATMAQ- içki içmək.

*NAN - çörək

 

 

 

MƏN İNSANAM

 

Allah mənim içimdədi.

Ya da Allahın özüyəm.

Bəlkə döyünən ürəyi,

Bəlkə də görən gözüyəm.

 

Deyəcəklər: "şəkk eləmə,

Əynin cəhənnəm bələmə".

Car şəkirəm dar aləmə,

Allahın sonsuz düzüyəm.

 

Mən şeirəm, mən qəzələm,

Gərək qəlblərə düzüləm.

Gözəl sözdən də gözələm,

Çünki Allahın sözüyəm.

 

 

AYRILMIŞIQ

 

Bu gün Günəş gecikibdir,

Ay da donub yerindəcə.

Ulduzlar da çaşbaş qalıb,

Nə gündüzdü, nə də gecə.

 

Mövsümlərin yeri məchul,

Nə bahardı, nə də ki, qış.

Bulud göydən yerə enib,

Yerdən göyə yağır yağış.

 

Çaylar axır dağa doğru,

Dağlar özü dağa dönüb.

Dənizlər də susuz qalıb,

Dünya lap ilk çağa dönüb.

 

İnsanların üzü gülmür,

Gülənin də gözü gülmür.

Dinənlərin sözü gülmür,

Bu bəşərin özü gülmür.

 

Bilirsənmi niyə belə

Hər şey olub qatqarışıq?

Bilmirsənsə, deyim, dinlə.

Çünki sənlə ayrılmışıq.

 

 

ADAM

 

Üç-beş insan olsa, şükür,

Nə olsun ki, çoxdu adam.

Ləzzət ilə, acgözlüklə

Adam yeyir, "toxdu" adam.

 

Nədir doğru, nədir yalan?

Nədir abad, nədir talan?

Son mənzili məchul olan

Yaydan çıxmış oxdu adam.

 

Gələn-gedən zərbə vurur,

Həmin dünya həmin durur.

Bəlkə tanrı xəyal qurur,

Bəlkə də heç yoxdu adam?!

 

APARIR

Mərc eləyib, həyatımdan,

Gün aparır, ay aparır.

"Apar-apar" dünyasıdı,

Toy aparır, vay aparır.

Tək çarəsi durub baxmaq,

"Avam-avam", "axmaq-axmaq".

Əl qaldırsan, dəyər toxmaq,

Dost aparır, tay aparır.

Saat dönüb dəqiqəyə,

Tutunasan axı nəyə?!

Yatağına döyə-döyə,

Arx aparır, çay aparır.

Dərdlərimiz aşır, daşır,

Halımızı görən çaşır.

"Taxtalı köy" yaxınlaşır,

Saya-saya say aparır.

Etmə Qərib şikayəti,

Faydası yox bunun qəti.

Yada salma məhəbbəti,

Zərrə verir, lay aparır.

 

 

ŞAİR TÜLKÜ

 

Dedilər ki, şair olub,

Şeir yazır bala tülkü.

Namı-bədnam şairlərdən,

Qalmayıbdır dala tülkü.

 

Yaxşı sezir sağı, solu,

Tez tapıbdır doğru yolu.

Şeirləri tərif dolu,

Çatıb şirin yala tülkü.

 

Yetərlidir bircə zəngi,

Tez əzilər qurdun əngi.

Bilinməyir nədir rəngi,

Deyək "ala-bula tülkü".

 

Bacarana qurbandı can,

Layiqindi bu ad, bu san.

Dəyərlisən sən hamıdan,

Halal olsun, bala tülkü

 

Halalca Qarabağı

ala bilməyən millət,

Zəngəzurdan, Göyçədən,

İrəvandan dəm vurur.

 

"Müharibə olmasın,

sülhlə alaq" deyirik.

Çünki hamı öncədən

Şirin candan dəm vurur.

 

Yəqin ki, lazım deyil,

hələ bizə oralar…

"Lazım gəlsə alarıq"

Hamı qandan dəm vurur.

 

Qeyrətimiz tapdanıb,

namusumuz əsirdə.

Hərə isə bir yerdə

addan, sandan dəm vurur.

 

Bir məzarlıq yer bizə

bu Vətəndə haramdı.

Yerə sahib çıxmayan,

asimandan dəm vurur.

 

 

Sus, ay Qərib, sus yetər,

danışırsan. Nə fayda?

Hərə bir cürə hayda…

ondan-bundan dəm vurur.

 

Dİ ÇIX GET

 

Bir zamanlar "sənsiz olmaz" deyirdim,

İndi isə sənlə olmur, di çıx get.

Unuduram- səni yada saldığım

Ayla olmur, günlə olmur, di çıx get.

 

Kor olmuşdum, eşq tutmuşdu gözümü.

Gedişində tapdım özüm özümü.

"Qal" deyəndə dinləmirdin sözümü,

Barı indi dinlə, olmur, di çıx get.

 

Et bəhanə, gözüm üstə qaşım var.

Gözüm çəpdi, əyri görür, çaşım var.

Nə olsun ki gözdən axan yaşım var,

Böyütdüyün kinlə olmur, di çıx get.

 

Elə get ki, ümid etmə dönüşə.

Gediş-dönüş səndə dönüb vərdişə.

Mən bu dəfə son qoyuram bu işə,

Sən də anla, mənlə olmur, di çıx get.

 

 

 

DÜNYANIN

Hər kəs istər gözəl ömür, amma ki,

Ağrısı var, azarı var dünyanın.

Bu dünyaya çox güvənmək əbəsdi,

Gileyi var, güzarı var dünyanın.

 

Günlər ötür, məchuladək biz sağıq,

Bəlkə, sabah bircə ovuc torpağıq.

Lap əvvəldən vərəqlənmiş yarpağıq,

Yazısı var, yazarı var dünyanın.

 

Üç-beş gündü, ümid etmə yüz ilə,

Nə arzu tut, nə xəyal et, nə dilə.

Beşə alıb birə satsan şükr elə,

Ədalətsiz bazarı var dünyanın.

 

Bir gün gələr nə əl tutar, nə qolun,

Yönün itər, itirərsən sağ-solun.

Şah da olsan, qul da olsan bu yolun,

Axırında məzarı var dünyanın.

 

 

GET

Vallah ağlamıram, üzülmədən get,

Arxandan su tökür dolu gözlərim.

Dünyanın ən viran yeri ürəyim,

Dünyanın ən uzun yolu gözlərim.

 

Qal desəm, qalarsan, amma ki, qalma!

Ömrümün hər günü əsrlik kədər.

Göylərdən bu fərman verilib çoxdan,

Yazıqsan, ömrünü eyləmə hədər.

 

Daha ürəyimə sığmır dünyalar,

Daha ürəyimdə dar olar yerin.

Daha ürəyimdə alovlar yanır,

Ümidlər qəlbimi eyləməz sərin.

 

Nə olsun "get" deyən dilim alışır?

Get, amma səbəbi sonra bilərsən.

Üç alma düşəndə, nağıl bitəndə,

Əlində bir dəstə güllə gələrsən.

 

 

 

İGİDLİK MARŞI

 

Şəhidin al qanı axmaz torpağa,

Bizim damarımız var ikən, qardaş.

Damardan ürəyə igidlik axar,

Durmarıq haqq bizə yar ikən qardaş.

 

Hay sallıq aləmə, zaman dayanar,

Yaxşının önündə yaman dayanar.

Heç kimsə etməsin güman - dayanar

Bu millət qisasa car ikən, qardaş.

 

...və artıq gəlibdir dəmi savaşın,

Qorxutmur əzabı, qəmi savaşın.

Bu savaş başıdır cəmi-savaşın,

Qalibik düşmənlər sar ikən, qardaş.

 

 

 

MİN EŞŞƏYƏ AT QISQANDIR

 

Adı-sanı düşünmə heç,

Min eşşəyə at qısqandır.

Yuxu nədir bilməyəni

Gecə-gündüz yat qısqandır.

 

Nə mövqe seç, nə yön bildir,

Nə dovşan ol, nə də ki şir.

Lazım olan yerlərə gir,

Amalına çat , qısqandır.

 

Demə "mənəm", de ki "sənsən",

"Sıfır mənəm, iki sənsən".

Var-dövlətin yükü sənsən,

Yoxluqları at, qısqandır.

 

Yaxşılıqdan pislik yaxşı,

Səfillikdən süslük yaxşı.

Kim deyir dürüstlük yaxşı?

Onu iki qat qısqandır.

 

Qoy soxsunlar söz oxunu,

Vecə alma sən çoxunu.

Dinənin də var-yoxunu,

Özünəcə sat , qısqandır

 

 

MAŞALLAH

Düşmən alıb yurdumuzu yurd edib,

Bizsə, onu söymək ilə məşğuluq.

Soyumuzu gordan edən soysuza,

Soyumuzu öymək ilə məşğuluq.

 

-"O atamız, bu babamız olubdur,

Ora, bura yurd-obamız olubdur,

Şərəf, qeyrət, ar əbamız olubdur".

Amma kədər geymək ilə məşğuluq.

 

Dövr edirik buna rəğmən hovarda,

Qılıncımız paslanıbdır divarda.

Bizi vuran qalıbdır bir kənarda,

Dizimizi döymək ilə məşğuluq.

 

Tfu-tfu, maşallah bizlərə,

Məğrur-məğrur dik baxırıq üzlərə.

Nağıllara inandıqca, düzlərə

Boynumuzu əymək ilə məşğuluq.

 

Düşmən alıb yurdumuzu yurd edib,

Bizsə, onu söymək ilə məşğuluq.

Özümüzü özümüzdən edənə,

Özümüzü öymək ilə məşğuluq.

 

 

QADIN

 

Cənnət tamahıyla, cənnət eşqiylə,

Ayaq altınacan öyülən qadın.

Gözəllik simvolu, mələk obrazı

Şəninə təriflər deyilən qadın.

 

Anamız, bacımız, yarımız olur,

Bizimlə qocalır qarımız olur.

Bəzən ilahımız, tanrımız olur,

Bəzən önümüzdə əyilən qadın.

 

Ey insan, hər qadın adın deyilmi?

Həyatda ləzzətin, dadın deyilmi?

Bəs qadın deyilmi, qadın deyilmi

Alçalan, söyülən, döyülən qadın?

 

 

SƏN FƏRQLİSƏN

 

Sənin əsəbin də fərqlidir, fərqli,

Yanında dərdimin yuxusu gəlir.

Mənə qışqırdıqca nəfəsin ilə

Ağzından xoşbəxtlik qoxusu gəlir.

 

Əsəbdən titrəyən dodaqlarından,

İnan ki, qəlbimə sevinc süzülür.

Səni sevə-sevə çoxalır sevgim,

Sevdikcə sıraya sevgi düzülür.

 

Nə gözəl parlayır odlu gözlərin,

Bir xoşbəxt həyatdan bəhs eləyirlər.

Hirsindən göylərdə uçan əllərin,

Musiqi olmadan rəqs eləyirlər.

 

Sənin əsəbin də fərqlidir, fərqli,

Əsəbləş, yetər ki, susmasın dilin.

Bir alıq əsəbin xəbərçisidir,

Xoşbəxtlik yaşadan bir neçə ilin.

 

 

SƏN HARDAN BİLƏSƏN...

 

Sən hardan biləsən nədir məhəbbət,

Bir eşqin oduna yanmamısansa...

Ayrılıq dəmində, hicran anında,

Özünü məzarda sanmamısansa...

 

Sən hardan biləsən dadmamısansa

Bircə təbəssümlə xoşbəxt olmağı.

Qəribə olsa da sevənlər bilir

Günəştək saçmağı, gültək solmağı...

 

 

Sən hardan biləsən ac olmaq nədir,

Həyatın özünə, eşqin özünə.

Həyat da sevgidir, yaşam da sevgi,

Sevdinsə görünməz dünya gözünə.

 

Sən hardan biləsən, hardan biləsən,

Qəriblik yaşamaq nədir sevgidə?

Necə ki eşq ilə gəlib ömrümüz,

Elə də bir ömür gedir sevgidə.

 

 

ŞEİR QADIN

Baxışında bir dünya var,

Özün isə "şeir qadın".

Hər bir dərdin dərmanısan,

Hər bir dərdə xeyir qadın.

 

İstəyirəm hecalara,

Misralara düzüm səni.

Bəndlərimin arasında

tapım səni, çözüm səni.

 

Dönə-dönə təkrarlayıb,

Mahnılara bəstələyim.

Dinləməkdən xoşbəxt olum,

Dərdlərimə qəsd eləyim.

 

Uçum göyə xəyallarda,

Dodağımdan süzülüb ax.

Çevril mənim zümzüməmə,

Şimşək olub qəlbimə çax.

 

Tək şeirlik kitab olum,

İsmim isə sənin adın.

Hər səhifəm sənlə dolsun,

Hər bir anım, "Şeir qadın"...

 

 

TFU TFU MAŞALLAH

 

Düşmən alıb yurdumuzu yurd edib,

Bizsə, onu söymək ilə məşğuluq.

Soyumuzu gordan edən soysuza,

Soyumuzu öymək ilə məşğuluq.

-"O atamız, bu babamız olubdur,

Ora, bura yurd-obamız olubdur,

Şərəf, qeyrət, ar əbamız olubdur".

Amma kədər geymək ilə məşğuluq.

Dövr edirik buna rəğmən hovarda,

Qılıncımız paslanıbdır divarda.

Bizi vuran qalıbdır bir kənarda,

Dizimizi döymək ilə məşğuluq.

Tfu-tfu, maşallah bizlərə,

Məğrur-məğrur dik baxırıq üzlərə.

Nağıllara inandıqca, düzlərə

Boynumuzu əymək ilə məşğuluq.

Düşmən alıb yurdumuzu yurd edib,

Bizsə, onu söymək ilə məşğuluq.

Özümüzü özümüzdən edənə,

Özümüzü öymək ilə məşğuluq.

 

 

XATİRƏLƏR QALDI AXI.

 

Ümidi də dəfn elədik.

Dünən olan oldu axı...

Zirvələrdə olan sevgi,

Çox dərinə daldı axı...

 

Toplayırsan çantaları,

Boş qalmasın, doldur barı.

Dərddən yarı, qəmdən yarı,

Yolun uzun yoldu axı...

 

Nəyin varsa, yığ, qalmasın.

Məndə nəyinsə olmasın.

Saxlamayaq eşqin yasın,

Bizi bizdən aldı axı...

 

Dövr atını zaman çapar,

Axar sular yolun tapar.

Dön arxaya, yığıb apar,

Xatirələr qaldı axı...

 

 

VİCDANSIZLAR VİCDANINA AND İÇİR

 

Daha Allah unudulub, a qardaş,

Hərə bir cür ünvanına andiçir.

Canı verən qalıbdır bir kənarda,

Canı olan öz canına and içir.

 

İnsan oğlu axır anı unudub.

Tövbə etmir şirin canı unudub.

Ayı, günü yaradanı unudub,

Gözü "korlar" ağ danına and içir.

 

Nə inam var, nə iman var, nə də din.

Mərhəmətə üstün gəlir hər an kin.

Ali bilib insan oğlu dediyin,

Var yoxuna, olanına and içir.

 

Hər bir şeyin dərd sərini çəkmə sən,

Yoxsa vaxtsız saçlarına düşər dən.

Yoxsulların "əppəyinə" göz tikən

Vicdansızlar vicdanına and içir.