adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Sentyabr 2019 16:52
88116
MÜSAHİBƏ
A- A+

Sevqi birlikdən yaranır, birliyə aparır - PSİXOLOQLA SÖHBƏT

Xanımı, yazar-tərcüməçi Ülkü Taşlova ilə Bakıya səfər edən Türkiyəli professor, psoxoterapevt İshak Özkanın "Loqos” Psoxoloji və Nitq İnkişaf Mərkəzində gənclərlə ailə dəyərləri mövzusunda irəlicədən 45 dəqiqə planlaşdırılan seminarı iki saat davam etdi. Bu, sadəcə, son dərəcə maraqlı keçən interaktiv təlimin nəticəsi deyil, həm də azərbaycanlı gənclərin ailəyə, ailə dəyərlərinə göstərdikləri dərin maraq və verdikləri önəmdən irəli gəlirdi.

Bitib-tükənmək bilməyən sorğu-suallar fonunda İshak hoca müasir dövrdə hər kəsi düşündürən çox vacib məsələlərə toxundu.

Konya Qida və Tarım Universitetinin Psixologiya bölümünün rəhbəri İshak Özkanın ailə dəyərləri ilə bağlı fikirlərinin geniş auditoriya üçün faydalı olduğunu nəzərə aldım, məxsusi müsahibə üçün razılıq isdədim, təklifimi dərhal qəbul etdi.

Beləliklə, İshak Özkan, Ülkü Taşlova və mən sərin və səliqəli "Zoğal” restoranında bir masa ətrafına toplaşdıq. Sakit məkan, insanın ruhunu təravətləndirən həzin musiqi, Azərbaycan milli mətbəxinin ləziz yeməkləri, üstəgəl əla xidmət və süfrə başında səmimi, məzmunlu söhbət...

Hətta, İshak Özkan hocaya ünvanlayacağım suallarla dolu qeyd dəftərçəsinə də ehtiyac qalmır. O, təcrübəlidir, işinə və elminə dərindən bələddir. Süfrədən, xidmətdən məmnunluq özünü göstərir. Süfrə gələnəkdir, süfrə ədəbdir, süfrə mədəniyyətin ifadəsidir, – deyir və vaxta sözdən, düşüncələrdən nərdivan atır, uşaqlığından misal gətirir...

İshak Özkan: Bu bir gələnəkdir, ailə böyüyü süfrə başında əyləşmədən, kimsə çörək kəsməzdi. Bizim uşaqlığımızda belə idi, ata-babalarımızdan da əvvəl belə olmuşdu. Bütün ailənin eyni vaxtda süfrədə olması əhəmiyyətli şərtdir. Uşaq süfrə başında ədəb örnəyi alır.

Ülkü xanım söhbətə qoşulur.

Ülkü Taşlova: Hocam, (Ülkü xanımın həyat yoldaşına "hocam” deyə xitab etməsi mənim də xoşuma gəlir) bəs ən kiçiklər, hələ ağlı kəsməyənlər qaydanı pozub ailə böyüyündən öncə süfrəyə əl uzadarsa, onda necə?..

İ.Özkan: O da bir başqa mövzudur. Əgər ailədə körpə varsa, ana onun qarnını hər kəsdən öncə doyurmalıdır. Təbii ki, onun yemək saatları var. Söhbət daha olğun yaşlardan gedir. Uyğun qaydalar, sınırlar körpə yaşlardan qoyulmalıdır. "İcazəni verən kimdir" sorusunun cavabı budur, ən başda oturan, ata-ana, nənə-baba. İcazə verilən kimdir? Ailənin kiçikləri. Bəlkə də kənardan baxınca bunlar bəzilərinə bəsit görünə bilər. Amma gələnəksəl mədəniyyət içindəki heç bir davranış anlamsız deyildir. Ailə gələnəklərindən qaynaqlanan, yazılmayan qaydalar həm böyüklərə, həm də kiçiklərə hədlərin harada başlayıb harada bitəcəyini öyrədir. Ədəb, əxlaq, vicdan kimi keyfiyyətlər ən başda ailə içində formalaşır. Uşaq böyüyünə sevgi və sayqını kimdən öyrənir? Təbii ki, ata-anasından. Ata-ananın öz böyüklərinə hansı davranışı sərgiləməsi, diqqət və qayğı göstərməsi, yaxud bunların tam əksi, bütün bunlar uşağın gözləri qarşısında baş verir, gördüklərini mənimsəyib təkrarlamaq da onlara qalır.


Jurnalist: Bir zamanlar ailə böyüyü süfrəyə əl uzatmadan uşaqlar yeməyə başlamadığı kimi, böyük danışan yerdə kiçik danışmaz, qadağası da vardı. Zənnimcə, bunun ziyanlı tərəfləri var, yəni susdurulan uşaq bəlli bir yaşa çatanda duyğu və düşüncələrini ifadə etməkdə, hər hansı bir məsələ ilə bağlı fikir yürütməkdə çətinlik çəkməzmi?

İ.Özkan: Hədlər mütləqdir. "Qoy uşaq nə istəyirsə eləsin, böyüyüncə anlayacaq”, deyənlərlə də çox qarşılaşırıq. Yox, əfəndim, yoxdur belə bir dünya... Təbii sınırların özünün də sınırları var. Burada da hədlər gözlənilməlidir. Ata birilə söhbətləşərkən, uşaq qəfildən onun söylədiyinin doğru olmadığını deyirsə, bu nə anlama gəlir? Uşağa harada susub, harada danışacağını evdə, ailədə düzgün qoyulan qayda və sərhədlər öyrədir. Təbii ki, yerli-yersiz susdurulan uşaq psixoloji zədə alar və bu zamanla daha ciddi fəsadlara aparır.

Jurnalist: Söylədiyiniz halda valideyn uşağa cəza verə bilərmi?

İ.Özkan: Uşağı bəyənilməyən hər hansı davranışı üzündən cəzalandırmaq olmaz. Sözü gedən davranışın səbəbini araşdırmalı olsaq, fərqli məsələlər ortaya çıxar. Belə hal sevgisizlikdən qaynaqlana bilər, ailədə ərlə-arvad arasında qarşılıqlı münasibətlərin pozulması səbəbindən yaranar. Bir şeyi unutmayaq, hərtərəfli sağlam böyümənin təməl yolu sevgidir. Ailədə ata-ana sevgisi ilə böyüyənlə uşaq evində hər cür fizioloji və sosial qayğı ilə əhatə olunan uşağı müqayisə etsək, nə görərik? Ailədə böyüyən uşaq hər istəyi qarşılanmasa belə, xoşbəxtdir və hərtərəfli inkişaf edir. Ata-ana sevgisi ödənilməyənlər isə bəzən yalnız mənəvi-psixoloji deyil, hətta fiziki inkişadan qala bilirlər. Yəni, yeriməkdə, qidalanmaqda, nitqdə, qavrayışda çatışmazlıqlar meydana çıxır bəzən. Səbəb isə sadəcə, sevgisizlikdir. Uşağın sağlam böyüməsi üçün ailənin önəmi olduqca böyükdür. Ata-ana və uşaqları birləşdirən ailə cəmiyyətin ilk pilləsidir. İnsan oğlu möhtac bir varlıqdır. Yeniyetmələr 18 yaşa çatınca, daha çox özgürlük duyğusu yaşayar, "kimsəyə ehtiyacım yoxdur" deyər, sanki nəfəsləri genişlənər. Nəfəsalmanın da ilk şərti sevgidir. Hər işin başlanğıcında sevgi dayanır. İnsan ana bətnində ikən, hətta məzarda belə sevgi və ilgiyə möhtacıdır.

Jurnalist: Hocam, çürüyən cismin sevgidən nə umacağı?

İ.Özkan: "Məzarımı yol kənarında qazın" fikri tanış gəlirmi? Niyə belə söyləmişlər? Yoldan keçən onu ansın, bir fatihə oxusun deyə. Xalq arasında ölümündən sonra daha çox anılan insan daha dəyərli olandır. Mövlana səkkiz yüz ildir anılır. Hər il 4-5 milyon insan Konyaya onun ziyarətinə gəlir. Bizim Mövlana olmaq şansımız varmı? Yoxdur! Bizi anmasınlarmı? Ansınlar! İnsan yaşlandıqca, ölümün yaxınlaşdığını hiss edincə doğmalarına vəsiyyətini bildirər, ölümdən sonra anılmasını istər. Yəni, bunlar çox dərin və fəlsəfi məsələlərdir. Bunun əsl mahiyyətini uzmanlar bilir. Deyəsən, əsas mövzunu unutdum.

Jurnalist: İnsan şəxsiyyətinin dolğunlaşmasında körpə yaşlardan ona göstərilən diqqət və qayğının, sevginin təsirindən danışırdıq...

İ.Özkan: Qadınların ürəyincə olan mövzudur diqqət, qayğı və sevgi. Sizlər bunu heç unutmazsınız. Elə indicə sizə sevginin üç komponentini anladım. Birincisi doğal sevgidir, azəri lisanıyla desək, saf sevgi. Hər birimiz nələrisə sevirik. Yəni hər kəsin içində doğal dediyimiz sevgi yaşar. Bir konfransda bu fikri söylədiyim zaman öyrənci, "Hocam, canilər də sevərmi" – deyə soruşdu. "Canilər öldürməyi sevərlər" – dedim. Bu bəsit bir örnəkdir, fikrim cinayətkara haqq qazandırmaq deyil. Doğal sevginin səbəbi, nədəni yoxdur. Birimiz yaşılı, birimiz qırmızını, bir başqası klassik musiqini, birisi popu, bir başqası roku sevər. Bu sevgi insanla doğulandır, yaradılışdandır, var olan sevgidir. Qüdsi-hədisdə: "Ey həbibim, səni sevməsəydim kainatı yaratmazdım ”, deyilir. Demək ki, yaradılışın özü də sevgiyə dayanır. Sevgi birlikdən yaranır, birliyə aparır. O əxlaqa, vicdana bənzəməz. Burada bir obyektin, bir insanın olması, müqayisə edilməsi lazımdır. Doğal sevgidə bu yoxdur. Kiçikyaşlı uşaqlar ana-baba sevgisinin ölçüsünü göstərmək üçün qollarını necə açarlar? Bir aylıq körpənin anasını görərkən, səsini duyarkən üzündəki təbəssümü hər hansı sözlə ifadə etmək mümkündürmü? Yenə bir örnək verim. Seminarlarımdan birində gənc qadın soruşdu: "Hocam, ana olmaq necə bir duyğudur?" Təəssüf ki, mənim bu şansım yoxdur, söylədim. Qadınlar analıq sevgisini duyan, yaşaya bilən yeganə şüurlu varlıqlardır. Atalar sevgi gözləyənlərdir. Ana sevgisi doğaldır, qarşılıqsızdır. Ana övladı üçün xalq arasında deyildiyi kimi "saçını süpürgə edər”, hər fədakarlığa qatlanar, amma qarşılıq gözləməz. İkincisi, istəyə bağlı sevgidir. Ya sevdiyin işlə məşğul ol, ya da gördüyün işi sev. Əsas olan budur. Əgər sevdiyin işlə məsğulsansa, burda problem yoxdur, gördüyün işi sevməyin isə istəyə bağlıdır. İstəmədən sevə bilməzsən. Məsələn, bir qadın qonşusuna deyir ki, mən yarpaq dolması bişirməyi heç xoşlamıram, əziyyətli işdir, amma həyat yoldaşımın xatirinə bişirirəm, çünki onun ən xoşladığı xörəkdir. Sevə-sevə bişirilən yeməklə, can-dərdi bişirilən yeməyin arasındakı ləzzət fərqini anlamaq heç də çətin deyil. Sevərək görülən iş həm insanın özünə, həm də çevrəsinə xoş duyğular bəxş edər. Üçüncüsü, sevəni sevməkdir.

Jurnalist: Bizim bir mahnıda belə deyilir: "Səni sevəcəyəm, sən sevməsən də”.

İ.Özkan: Belə də olar. Nə demək, sevərsə, sevsin. Bu qarşılıqsız sevgi anlamındadır, insan qarşılıq gözləmədən sevir. Yəni, doğal sevgidir. Xalq arasında bu deyim də var ki, sevən sevilir, sevilən sevir. Yəni, qarşılıq gözlənilən sevgidir. Belə sevgilər adətən məktəb, iş, əsgərlik, məhəllə dostluqları fonunda yaranır. Sev məni, sevim səni, bir növ alış-veriş kimi. Yeri gəlmişkən, mövzu ilə bağlı bir örnəyi də xatırladım. Bir qadın yanıma yardım üçün gəlir. Yarım saatlıq ilk görüşdür, qadın nə istədiyini söyləmədən ağlayır, susmaq bilmir. Bir qədər yüksək səslə yadına salıram ki, əgər ağlamağa ara verməsə, ona ayrılan vaxt bitəcək və pulu boşuna vermiş olacaq. Qadın, nəhayət, susur, vaxtın azlığını nəzərə alaraq birbaşa niyə gəldiyini soruşuram. "Qayınanam məni heç sevmir" – deyir. Siz onu sevirsinizmi, sualıma cavabı isə belə olur: "Yox, sevmirəm!" O halda problem nədir, deyə soruşuram. Təbii ki, cavab yoxdur. Çünki arada problem görünmür. Münasibət qarşılıqlıdır. Sən onu sevmirsən, o da təbii olaraq səni. Amma bir yerdə yaşamaq məcburiyyəti varsa, ortaq yolu tapmaq lazımdır. Arada hər iki qadının sevdiyi bir adam var, oğul və həyat yoldaşı. Onlar eyni adamdan sevgi gözləyir və onu paylaşa bilmirlər. Biri deyir, oğul mənimdir, digəri deyir, yox, ər mənimdir. Bunun üçün ailəni savaş meydanına çevirməyə lüzum varmı? Ailə əmək istəyir. Əmək sərf etmədiyin heç bir işin dəyəri yoxdur. Yenə məsələ istəyə bağlılığa dayanır. Sakit, hüzurlu, evdə hər kəsin rahat olacağı bir yaşam istəyirsənsə, əmək verməlisən. Məsələn, buna qayınananın oğluna olan sevgisinə hörmətlə yanaşmaqdan başlamaq olar. Əminsiniz ki, həyat yoldaşınız sizi sevir. Anasını sevməsi də təbiidir. Bir anlığa özünüzü həm ananın, həm də oğulun yerində təsəvvür edin. "Siz oğlunuz və gəlininizlə bir evdə yaşamalı olsaydınız, nə dəyişərdi" sorğusu üzərində düşünmək pis olmazdı. Daha başqa bir məqam. Həyat yoldaşınız sizi sevir, sizi seçib. Ana onun həyat yoldaşı deyil. Zənnimcə, ananın əlini öpüb sayğı göstərmək elə də çətin iş deyil.

Jurnalist: Çox haqlısınız, ailəni qazanmaq azan deyil. Bəzən fərqli problemlər üzündən sevgi bitir, amma qadın uşaqlarının xatirinə ailəni qorumağa çalışsa da, birlikdə yaşamaq əzaba çevrilir. Bəs bu halda nə etməli?

İ.Özkan: Bu, geniş və dərin müzakirə mövzusudur. Ailədaxili problemin konkret nəylə bağlı olduğunu araşdırmadan fikir söyləmək qeyri-peşəkarlıq olardı. Evlilik sevgi əsasında, yaxud son zamanlar dəbdə olan kimi, sosial media, yaxud dost-əqrəba tanışlığı ilə qurulubmu? Bunlar önəmlidir. Ər-arvad münasibətlərində ciddi problemlər varsa və hər iki tərəf ailəni qorumaq üçün çözüm yolu aramırsa, anlamsız mübahisələr, dava-dalaşların sonu yaxşılıqla bitməz. Təbii ki, bu halda belə ailəni qorumağın nə uşağa, nə də digər üzvlərə faydası var. Deyək ki, qadın ailəsinin dağılmasını istəmir, övladının ailə ocağında sevgilə böyüməsini istəyir. Amma atanın obsessiya problemi var. Qadının da onun kimi olmasını istəyir və ona əziyyət verir. Bişirdiyi yeməkdən, yuduğu paltardan iyrənir, onun pinti olduğuna inanır. Problemi qətiyyən özü ilə bağlamır və bunun bir xəstəlik olduğunu heç vəchlə qəbul etmir, müalicə olunmaq barədə düşünmür. Obsessiv-kompulsiv pozuntusu olan bir ərlə yaşamaq bir qadın üçün zülm olduğu kimi, eyni problemli qadınla bir kişinin birlikdə olmağı da zülmdür. Belə vəziyyətdə uşağı qorumağın ən doğru yolu boşanmadır.

Jurnalist: İshak bəy, müasir dövrümüzdə sanki ailə dayaqları sarsılır, evliliklər azalır, boşanmaların sayı çoxalır. Səbəb?

İ.Özkan: Çox sadə, istəklər! Ehtiyaclar istəkləri yox edir. Evdə sadəcə, mənim dediyim olacaq düşüncəsi boşanmaya aparan əsas səbəblərdən biridir. Ailədə davamlı iqtidar mücadiləsi gedərsə, o ailədən ailə olmaz. Mücadilə ailə olmaq uğrundadırsa, o zaman ailə olar. İstəklər önəmlidir. Mən bu evdə, bu insanla birlikdə yaşamaq istəyirəm, ya yox. Əsas olan budur. Yerdə qalanlar detaylardır. Yəni ortada mütləq şəkildə boşanmanı şərtləndirən ciddi səbəblər, məsələn, narkotik maddə, alkaqol asılılığı, ağır formalı psixoloji pozuntular varsa və insan tutduğu yoldan dönmürsə, bu halda boşanma qaçılmaz olur. Adam nəinki müalicə olunmaq istəmir, problemi olduğunu belə qəbul etmir. Bir qədər irəlidə bu məsələlərə toxunduq. İki insan ailənin varlığına, davamına əmək sərf etməzsə, bunun sonu olmaz.

Jurnalist: Ata-ananın ayrılması uşaq üçün böyük zərbədir, ailə mühitində boşanmadan başqa daha nələr uşağı sarsıda bilər?

İ.Özkan: Ata-ana arasındakı istənilən münaqişə, mübahisə, dava-dalaş uşağa psixoloji travma yaşadar, uşaq özünü günahlandırar, olayların onun üzündən baş verdiyini düşünər. Hətta özünü ailənin üzvü hiss etməyə bilər. Hər ailədə mübahisə doğruran məsələlər, fikir ayrılığı və s. olur. Bu təbiidir. Amma bunların davamlılığı və dava-dalaş halına gəlməsi uşağa təsirini göstərəcək. İnsan oğlu duyğusaldır, uşaqlar isə daha duyğusaldırlar. Ona görə də ailə içində yaxşı-pis nə baş verirsə, uşağa ötürülür.

Jurnalist: Hocam, yaşadığımız yüzilyin psixologiya əsri kimi dəyərləndirilməsi nəylə bağlıdır?

İ.Özkan: Müasir texnika və texnolo-giyaların sürətli inkişafı ilə əlaqədar tərəfləri çoxdur. Bunun detallarla izahı zaman istəyir. Mənim şəxsi düşüncəm belədir. Rusiya daxil Qərbin çox böyük narahatlıq doğuran bir problemi əhali sayının azalması, digəri isə narkotik asılılığıdır. Yəni dünyanın inkişaf etmiş ölkələrində ailədənqopma prosesi güclənir. Bunun qarşısı alınmalıdır. 1989-cu ildə İngiltərədə səfərdə olarkən "Qo home” adlı bir film izlədim və çox təsirləndim. Filmin çox dərin mənası vardı. Film qlobal anlamada "evə dön" deyir və ailədənqopmanın gələcək üçün təhlükələrini sənətin dili ilə anladırdı. Müasir dünyamızda evliliyə, uşaq dünyaya gətirməyə meylin azalması təbii olaraq əhali sayının azalmasına aparır. Güney Koreya, Norveç, İsveç kimi ölkələrin 2050-ci illərdə yer üzündən silinməsi kimi təhlükələr dilə gətirilir. Ailə böyük qüvvədir, sabahdır, gələcəkdir. Ailə hüzurdur, hüzurun olmadığı yerdə nə həyat var, nə də xoşbəxtlik. Hüzurlu insan, hüzurlu ailə, hüzurlu toplum deməkdir. Təbii olaraq insan duyğularının tənzimlənməsində, şəxsiyyətin formalaşmasında, ailə dəyərlərinin önəmsənilməsində psixologiyanın rolu danılmazdır.

Jurnalist: İnsan hüzura necə qovuşa bilər, bunun resepti varmı?

İ.Özkan: Xoşbəxtlik anidir, anlarla gələr keçər. İç hüzurunu insan özü yaratmalıdır. Ehtiyaclar ödənildikcə insan hüzura qovuşur. Bunun resepti hər insanın özündədir.

... İshak hocanın bilgilərində marağında olduğum çox sualların cavabları vardı. Restoran mencerinin nəzakətlə zoğal mürəbbəsilə çay təklif etməsi söhbətimizə nöqtə qoydu.

Bu arada bayaqdan həyat yoldaşının verdiyi cavabları sakit bir nəzakətlə dinləyən Ülkü xanım nəhayət ki, deyir:

Azərbaycanda çox olmuşam, buranın çayının dadından doyulmaq olmur. Hələ mürəbbələrinə bayılıram. Bu fərqli və gözəl mədəniyyətdir.

Ənənəvi süfrə mədəniyyəti ilə başlayan axşam söhbəti İshak Özkanın ürək sözləri ilə başa çatır:

– Dünyanın çox yerində olmuşam, belə bir gözəllik, təmizlik, ən başlıcası qonaqpərvərlik görməmişəm. Bakıya ilk gəlişimdir. Açığı şəhər haqqında təsəvvürüm fərqli idi. Neft qoxulu, çirkli, çox rüzgarlı bir şəhər olduğu qənaətində idim. Şəhərin gözəlliyinə, yaşıllığına valeh oldum. Xüsusən tarixi-memarlıq abidələrinin dövlət tərəfindən qorunması bir qeyrət işidir. Bakı həqiqətən də tolerant və multikultural bir şəhərdir. Müsafir olduğumuz evlərdə ailə dəyərlərinin, əxlaqi dəyərlərin ən yüksək şəkildə qorunduğunu gördük. Bunlar gözəldir. Sizə qibtə etməyə dəyər.

Söhbəti yazdı:

Rəhilə Gülgün