adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

HƏR ŞEY YAXŞI OLACAQ!

FƏRİDƏ RƏHİMLİ
19561 | 2019-01-19 00:32
Gənclik illərimizə təsadüf edən BAM tikintisinə - romantik duyğuların arxasınca axışan gənclərimizi xatırlarkən o illərin ruhunun, həvəsinin bir heçə xərcləndiyini indi aydınca görürəm. Amma o həvəs ki, o illərdə vardı, ondan indi yoxdu gənclərdə, amalsız, duyğusuz, məqsədsiz yaşayırlar. Bir tək Rusiyaya getmək həvəsləri qalıb. Əvvəllər xaricə gedənlərimiz az-az olduğu üçün heyrətlə filankəsin oğlu Rusiyada yaşayır, işləyir, hər gələndə "meşokla" pul gətirir əfsanəsi də harda isə gerçəyə yaxın idi. Ancaq qazandıqlarından çox itirdikləri olurdu və bunun fərqində deyildilər. Nə ərsiz qalan qadınları, nə atasız böyüyən uşaqları o maddiyyatdan xoşbəxtlik tapmırdılar. Maddiyyat ən ülvi hisslərdən olan ailə xoşbəxtliyini onların əllərindən alaraq əzizlərini ninaların, maşaların, sonyaların ağuşuna yollamalarına səbəb olurdu.
O zamanla müqayisədə indi hər şey tamam dəyişib. Sovet İttifaqının işlək qanunları əməyə, zəhmətə qiymət verdiyindən heç olmasa gedənlərin ailələrinə qeyd etdiyim kimi, maddi köməkləri dəyirdi. İndi niyə gedirlər, o maraqldı. Rus pulunun dəyərsiz olduğu bir vaxtda, həm də işlərinin təmir-tikinti, bazarda alver etmək, yaxud mal-heyvan saxlamaqdan başqa bir şey olmadığını hər kəs bilsə də, gələndə idman stilində geyinib, əlində idman çantası, damağında bahalı siqaret, kirayəyə götürdüyü maşınla özlərini göstərməkləri də mənasız olub.
Tanıdığım bir gəncin ürək ağrıdıcı hekayəsini, ərindən boşanmış gənc qadının göz yaşlarını, atasız qızlarını böyüdən ananın ahlarını düşündükcə maddiyyat hərisliyinin insan həyatında açdığı faciələri görməmək, təəssüflənməmək mümkün deyil.
...O gənc atasız böyüyən uşaqlar üçün bəlkə də həsəd yeri idi. çünki atası Rusiyadan pul yollayır, ailəni keçindirəcək yemək-içməyi, paltarı onlardan üstün olurdu. Amma onun içində duyduğu atasızlıq ehtiyacından kimsənin xəbəri yox idi. Böyüdü, ailə sahibi oldu. Amma o böyüyənə qədər çəkdiyi möhnətləri indi qazandığı pullarla da özündən uzaqlaşdıra bilmir. Və son günlər atasının, daha çox pul qazanmaq üçün onunla Rusiyaya getməsi təklifini eşidəndə illərlə içində yığılan kin-küdurətini vulkan kimi püskürdü: Mən sənin kimi atalı yetim böyütməyəcəm balalarımı! Mənə ata lazım olanda sən mənə pul yolladın və bununla vəzifəni bitmiş hesab etdin. Amma o mənəvi ehtiyac ki, mənim içimi yandırıb-yaxırdı, onu sən heç vaxt anlamayacaqsan və heç bir pulla ala bilməzsən. Kiçikkən yeni köçdüyümüz məhəllədəki uşaqlar qarşımı kəsib məni döyəndə səsimi içimə salır, susurdum, çünki mənə arxa duracaq, o uşaqların valideynlərinə xəbərdarlıq edəcək, o uşaqların "gözünün odunu alacaq" atam yoxdu arxamda! Uşaqlar velosiped sürəndə özümü tox tutsam da, mənim də olmasını istəyirdim və arzuladığım şeyləri açıb deyə biləcəyim bir atam olduğunu düşünmürdüm. O velosipedin indi yüzünü ala bilərəm, amma içimdəki - o kiçik uşağın içində yanıb külə dönən arzularını göyərdə bilmərəm. O istək keçmir, keçməyəcək, çünki o istəyin yandırdığı yerin yarası sağalmır. O istəkləri balalarıma aldığım saysız-hesabsız oyuncaqlarla əvəz etmək istəyirəm, amma keçmir o hiss. Gündüzlər kifayət qədər qayğıları olan, gecələr mənə sarılıb yatan anamı bu istəklərimlə ağlatmaq istəmədiyimdən ona bir şey demir, içimdə "ölən arzuların qəbiristanlığını" salırdım. Hər gün bir istəyimi öldürüb o qəbiristanlıqda dəfn edirdim. Hardaydın? Sağ idin, sən rus qızlarına hədiyyələr, qızıl-ziynət əşyaları, bahalı geyimlər, güllər bağışlayanda mən ölən arzuların qəbiristanlığındakı "ölülərimi" ziyarətdə idim.
Qazancın nə oldu? Anamın içinə axan göz yaşlarımı, bir qadın olduğunu unutmasımı, kəm taleyi ilə barışmasımı, mənim güvənsiz, arxasız, içimdə məskən salan qorxuyla böyüməmmi? Bəlkə sənin rus qadınlarından doğulan uşaqların?!.
İndi məni də özünlə aparmaq, balalarıma mən yaşadıqlarımı yaşatmaqmı istəyirsən? Mən hər axşam evə gələrkən: Atam gəldi!!! - sevinciylə, güvəniylə üstümə qaçan balalarımın gözündəki parıltını sənin qazandığın ziynət əşyalarının parıltısına dəyişmərəm...
İkinci yarım qalmış arzunun sahibi olan qadın iki qız böyütdü. Böyütdü deyəndə ki, məcbur böyüdülər. Qadın səhərin gözü açılmamış topdançıdan göyərti ala bilməsi üçün şaxta, sazaq bilmədən özünü oraya çatdırır, sonra bazara üz tutur, axşama yaxın şaxtadan çat-çat olmuş əlində qalan göyləri yaşadığı yataqxanada qapıları döyərək aşağı qiymətə satır, sonra yorğun-arğın evinə dönüb evdə sahibsiz qalan kiçik qızlarına yemək hazırlayırdı. Ər hardaydı? Rusiyada! Qazancını görmədilər nə özü, nə qızları. Qazancı zəifləyəndə rus qızları qovdular onu. Qızlar böyüyüb on səkkiz yaşlarına çatmışdı. Necə böyüdülər xəbəri olmadı, amma utanmadan, xəcalət çəkmədən, abır-həya bilmədən onların yanına döndü. Qadın da qəbul etdi. "Ata olsun yanlarında, bu gün-sabah qapımı döyəcəklər", - dedi. Qazancı isə sərxoşluq idi. Əvvəlki yaşamına şükür etdirdi qadına. Hələ də davam edir.
Digər qadın "qaz vurub, qazan doldurmaq üçün" Rusiyaya üz tutmuş ərini yola salandan bir müddət sonra onun yolladığı pullar kəsildi və ona məktublar, zənglər də çatmadı. İşlədi, çalışdı, qızını, oğlunu özü böyütdü güc-bəla birotaqlı ev aldı. Uşaqlar həddi-büluğa çatanda geri gəldi "ata", "ər". Gəldi, nə gəldi! Çox peşman olduğunu, sanki indi ayıldığını söylədi, evi sataq əlimdə maya edib sıfırdan başlayaq daha yaxşı ev alım. Sizi də rahat etdirəcəm, çəkdiklərinizi unutduracam dedi. Bəli, satdı, onları kirayə evə yığdı və yenə getdi. Gediş o gedişdi...
Üçüncü qadın on altı yaşında ailəsinin təkidi ilə özündən iyirmi yaş böyük qohumuyla evləndi. Qırx yaşı olan "oğlan" iyirmi ildi ki, rus qızıyla yaşayırdı və ailəsinin təkidi ilə evlənməyə razı olmuşdu. Ancaq üç aydan sonra sıxıldı burda, ordakı həyatı onu geri səslədi. On altı yaşlı "gəlin"in hamiləliyi də, analığı da onsuz keçdi. Axır qardaşı özünə sığışdırmayıb bacısını boşatdırdı. Uşaq yeddi yaşına çatanda yenə gəldi və bir uşaq daha... yenə getdi və gəlmədi.
Mənə maraqlıdı ki, bu qadınlar o "kişiləri" niyə qəbul edirlər? Həyatını puç etmiş, gəncliyini yelə vermiş o şərəfsizləri nə deyib qəbul edirlər? El qınağımı? El nədən o yaramazları qınamır? El niyə küçələrdə, bazarlarda işləyib, min bir əziyyətlə uşaq böyüdən qadını qınayır? Qınasın! Belə "el" heç lazım da deyil sənə! Sənlə bərabər böyütmədilər ki, o uşaqları, niyə onların qınağı umrunda olsun?
Təkcə bunlarla bitsəydi nə vardı ki. Bu gün evdə oturub qadının qazancını xərcləyən, hətta işdən gəldikdən sonra ondan isti yemək, ütülü paltar, rahatlıq tələb edən kişilər ordusu var. Hələ qadınlarını Dubay, Türkiyə, Amerika... "səyahətlərinə" yollayıb, arxalarınca papaqlarını yelləyib vidalaşanları demirəm.
Bəli, əvvəllər qeyrət simvolu sayılan əksər kişilər indi estafeti qadınlara verirlər deyəsən. Buna səbəbi tam olaraq kişilərdə axtarmaq da doğru olmaz. Onları bu həddə çatdıranlar qarşısında susmaq qorxusu, dillənənin dilini kəsmək təşvişi, daha betərindən "Allah saxlamasını" diləmək duası, bir gün hər şeyin öz-özünə düzələcəyinə ümid səbir etdirir onlara.
Darıxmayın, kişilər, Azərbaycanda işsizlər olmayacaq. Hətta xaricdən işçi qüvvəsi gətirəcəyik, - deyirlər... pensiyalar, maaşlar da qalxdı. Gözümüz aydın! Hər şey yaxşı olacaq!!!

TƏQVİM / ARXİV