SON DƏQİQƏ:

ÖMRÜMDƏKİ ADAM

  30749   |  
Şriftin ölçüsü  
Yazıçı-publisist Əlövsət Bəşirliyə yubiley öncəsi dost sözü


Onun yubileyinin vaxtını bilmirdim. Amma təxmin etmişdim. Necə deyərlər, özünün davranışından və bir də barəsində oxuduğum yazılardan. Anlamışdım ki, bu günlərdə çox sayğı və sevgi bəslədiyim bir dəyərli insanın yubileyi olacaqdır. Ona görə də kağızsız-qələmsiz özüm öz içimdə bu yazını yazmağa başladım. Yenə etiraf edim ki, yazını necə başladım xəbərim olmadı. Elə bil ki, yazı bir sızqa bulaq suyuydu, səssiz, haysız-küysüz, öz axarında süzülüb gəlirdi. Və mən də o süzülən bulaq suyunu hərflərə, sözlərə, fikirlərə çevirirdim. Hardasa bir fəhləliklə, bir ustalıqla məşğul idim sözləri kağız formasında ortaya qoymaq üçün...

Tanışlığımızın yaşını xatırlamıram. Və onu da xatırlamıram ki, biz tanış olan günə qədər mən onu görmüşdüm, yoxsa yox. Amma bizi tanış edən adamı yaxşı tanıyıram. Ruhu şad olsun! Həyatımda, içimdə yeri olan Nahid Hacızadəni. Rəhmətlik Nahid müəllim tanış elədi bizi. Amma bu tanışlıqdan öncə Nahid müəllim mənə gəlişli-gedişli həyatından ara-sıra söhbətlər edirdi. Dostlarından, yaddaşında yaşayan insanlardan söz açırdı. Onun söhbətlərindən qiyabi olsa da tanımışdım mən bu dəyərli insanı. Hətta bilmişdim ki, bu insanın ömür-gün yoldaşı da qələm adamıdı, mətbuat işçisidi. Lap sonralar onun qızının da mətbuatla bağlı olduğunu öyrəndim. Təbii ki, axırıncı öyrəndiyim informasiyanın mənbəyi elə ağsaqqal dostumun özü oldu...

Yollar kəsişir deyirlər. Nə qədər əyri-üyrü olsa da, paralel olsa da, nəhayət, bir kəsişmə nöqtəsinə gəlib çıxırlar. Bu mənada artıq qiyabi tanıdığım, yəni Nahid müəllimin mənə təqdim etdiyi gələcək dostum Əlövsət Bəşirliylə yolumuz kəsişdi. "Azərbaycan" nəşriyyatında üz-üzə gəldik, görüşdük. Və mətbuatın içərisində olduğum illər ərzində mənə ilk dəfə "Mədətoğlu" deyə müraciət edən Nahid Hacızadədən sonra Əlövsət müəllim həmin ərklə, həmin istəklə mənə "Mədətoğlu" deyə müraciət etdi. Elə bil ki, bu iki insanın o səmimi müraciəti imzama da bir yenilik, bir diqqət gətirdi. Sonra gözəl şairimiz Oqtay Rza və mənim dostlarımdan biri olan Azərbaycanın dəyərli yazıçı-publisisti Nemət Veysəlli də o cür müraciət etdilər mənə. Bunu sözgəlişi yazdım. Necə deyərlər, özüm haqqında bir-iki kəlmə qatdım yazının gözünə. Necə alındığını bilmirəm. Amma arxayınam ki, nə Əlövsət müəllim, nə çox dəyərli Dilarə xanım, həm də gənc həmkarım Aynur Bəşirli özümü yazının gözünə qatmağımdan inciməzlər. Axı biz hardasa həm də ruh doğmalarıyıq... peşə dostları, həmkarlarıyıq. Üstəlik, bu həm də bir ürək yaxınlığının göstəricisidi. Deməli, mən bu istinad nöqtəsinə söykənib rahatca yazıram ki, həyatımın ağır günlərini Qarabağın Tuğ kəndindəki işğal zamanının sarsıntıları Əlövsət Bəşirlinin qələmində gün işığı gördü. O məni öz yazısının qəhrəmanına, obrazına çevirdi. Və mən həmin yazını oxuyandan sonra təkcə nələr keçirdiklərimi, hansı hisslər yaşadıqlarımı deyil, həm də mənə olan münasibətin necə dəyişdiyini belə düşünüb bir Allahın eşidə biləcəyi pıçıltıyla demişdim ki: "Şükürlər olsun sənin böyüklüyünə Allahım! Kölgəlikdə, qaranlıqda qalanları da görmək mümkün imiş!"


O yazısı ilə Əlövsət müəllim məni bir jurnalist, bir yazar kimi qaranlıqdan işığa, arxa plandan səhnəyə çıxardı, oxucu önünən gətirdi. Və mən tam səmimi bir şəkildə, necə deyərlər, əlimi ürəyimin üstünə qoyub onda etdiyim etirafı indi də təkrarlaya bilərəm. Bu yazıdan sonra mənim Əlövsət müəllimin yaradıcılığına özəl bir marağım yarandı. Və başladım onu "Azərbaycan", "Ulduz" jurnalında, "Ədəbiyyat" qəzetində çap olunan hekayə və povestlərini oxumağa. Günlərin birində də ərk edib işıq üzü görmüş kitablarını istədim ondan. Sözümü yerə salmadı. Avtoqrafla bağışladı kitablarını mənə. Həmin kitabları oxuduqca mən yazıçı Əlövsət Bəşirlini GÖRMƏYƏ başladım. O yazılara qədər, o kitablara qədər Əlövsət Bəşirli mənim üçün rəhmətlik Nahid Hacızadənin sayəsində qazandığım bir ziyalı dost idi... bir məmur dost idi... bir dövlət xidmətində olmuş dost idi. Amma ondan sonra artıq o mənim üçün söz adamı, qələmlə, yazıyla, kitabla nəfəs alan bir dosta çevrildi. Belə ki, həyatda həmişə, elə indinin özündə də yazı adamlarına qeyri-adi marağım, sevgim, diqqətim var. Kimliyindən asılı olmayaraq, onları həmişə tanımağa cəhd etmişəm. Həyatımda onlara özəl bir yer ayırmışam. Bu gün də o yerdə Tofiq Bayram var... Əlfi Qasımov var... Bayram Bayramov var... Nəbi Xəzri var... Süleyman Rüstəm var... Bəxtiyar Vahabzadə var... Zöhrab Tahir var... Balaş Azəroğlu var... Hüseyn Abbaszadə var... Nəriman Zeynalov var... Cəmil Əlibəyov var... Polad Qasımov var... Nüsrət Kəsəmənli var... Nadir Cabbarov var... Akif Səməd var... Hüseyn Əfəndi var ... Mən adını çəkib-çəkmədiyim bu adamların hamısının əlini sıxmaq, səsini eşitmək, nəfəsini duymaq, özünü dinləmək imkanı qazanmışam. Və bu da həm məni şərəfləndirib, həm mənə yazı-pozu dünyasında nələr baş verdiyini anlamaq imkanı verib, həm də mənim məsuliyyətimi artırıb. Bir az da bir əda gətirib mənə. Axı, mən onları şəxsən tanımışam, çay içmişəm, çörək kəsmişəm..

Ona görə də Əlövsət müəllimlə bir yazıçı, oxucu tanışlığı mənim ona marağımı da, hətta sevgimi də cilaladı, artırdı. Və onunla söhbətlərində daha çox diqqətli olmağa, daha çox dinləməyə özümü hazırladım. Çünki onun söhbətləri təkcə dünənin təsviri deyildi, təkcə xatirə mövzuları deyildi. O həm də görə-görə gəlib, öyrənə-öyrənə bu günə çatan bir ağsaqqal qələm adamının nəsihəti idi. Bu nəsihəti dinləmək həm tərbiyədi, həm əxlaqdı, həm də öyrənmək istəyənin reallaşdırmaq missiyasıdı. Təbii ki, mən də öyrənməyə üstünlük verdim - həm Əlövsət müəllimin söz dünyasını, həm onun insanlara münasibətini, həm də onun özünəməxsus AİLƏ MƏKTƏBİNİ!

Dəfələrlə görüşmək nəsib oldu mənə Əlövsət müəllimin ailəsilə. Evində qonağı da oldum. Bu ziyalı ailədə sözün hansı səviyyədə dayandığını aydınca gördüm. Bu evin içində söz hər şeydən yuxarıdaydı... qələm onun yanındaydı... kağız onun yanındaydı... Bir də ürək varıydı qələmin, sözün, kağızın yanında. Onu bu səviyyədə saxlayan iki əsas sütun, yəni Dilarə xanımla Əlövsət müəllim, bir də o sütunların qovuşan və tarazlığı pozulmağa qoymayan Aynur xanım!

İndi az-çox sizə öz gördüyüm, bildiyim kimi təqdim etməyə çalışdığım Əlövsət Bəşirlinin sözdən kənarkı həyatını sözə çevirmək istəyirəm. Mən onunla məclislərdə kifayət qədər üzbəüz oturmaq şərəfinə nail olmuşam. Və görmüşəm ki, Əlövsət müəllim əsl məclis adamıdı. Oturuşu da, duruşu da, çəngəl-bıçaqdan istifadəsindən tutmuş əlini uzatdığı badəylə təmasa qədər hər halında bir ağayanalıq var. Üstəlik o, süfrə ətrafında olan hər kəsə diqqət yetirməyi, qulluq göstərməyi də unutmur. Xüsusilə yaşda ondan kiçik olan insanlara az qala bir ata, bir böyük qardaş sevgisiylə, təkidilə iştahlı olmağı vadar edir. Və elə buradaca onu da əlavə edim ki, Əlövsət müəllimin süfrəsi də ürəyi kimi genişdi. Bizdə, yəni doğulduğum kənddə yaşlılardan eşitdiyim bir söz vardı. Bəzən deyirdilər ki, filankəs çörəkli kişidi, filankəsin çörəyini yemək olar. Bax, həmin o öz böyüklərimdən, həmkəndlilərimdən eşitdiyim fikri birmənalı şəkildə Əlövsət müəllimin də ünvanına aid etmək olar. O həqiqətən əliçörəkli, ürəyi sevgi və diqqətlə dolu olan bir İnsandı!

Həyat yolunu həm əsərlərindən, həm də söhbətlərindən öyrəndiyim Əlövsət müəllim Maksim Qorkinin təbirincə desək, həyatın dibindən çıxıb gəlmiş bir İNSANDI. O, bir loxma çörəyin hökmünü və qədrini də bilir... O, insanları dinləməyi bacarır... O, təsəlli verməyi, dayaq durmağı o qədər rahatlıqla edir ki, sanki kərə yağdan tük çəkir, adamın heç ruhu da incimir, etiraz etməyə imkan da tapmırsan. Və bir də Əlövsət müəllim sevincə də, kədərə də şərik olmağı bacarır. Çünki o, sevincin də, kədərin də nələrin bahasına başa gəldiyini yaxşı bilir. O dost adamıdır! O dostluq adamıdır!

Bəli, mən artıq həyatımın xeyli hissəsini öz varlığıyla bəzəmiş, yaddaşımda, ürəyimdə öz yerini müəyyən edib o yerin də daimi sakininə çevrilmiş Əlövsət müəllimin yubileyi öncəsi ürəyimin əvvəldə dediyim bulaq suyuna bənzəyən pıçıltılarını sözə çevirməyə çalışdım. Və yazdıqlarımın hamısı da ürəyimdən süzülüb gəldiyi üçün onu ürəklə də Əlövsət müəllimin qarşısına çıxarıram və deyirəm ki, yubileyiniz mübarək, dəyərli dost, gözəl insan, əqidəli qardaş!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK