FHN yanğın yerində qərargah yaratdı -VİDEO - YENİLƏNİB
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində iki tikinti materialları mağazası və anbarı yanıb.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.
O bildirib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində, obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:
"Əraziyə nazirliyin qüvvələri cəlb olunub. Yanğın nəticəsində iki ədəd sahəsi 240 kvadrat metr olan tikinti məhsulları satılan mağaza və arxasında 200 kvadrat metr sahəsi olan tikinti materialları anbarı yanıb. Digər mağazalar yanğından mühafizə olunub. Yaxınlıqdakı digər mağzalardakı materiallar çıxarılıb. Yanğın zamanı xəsarət alan olmayıb. Əsas yanan mhsullar boya məhsulları olub. Yanğının başvermə səbəbləri araşdırılır".
Qeyd edək ki, FHN-nin yaydığı məlumata əsasən, obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
14:10
Nərimanov rayonu Ziya Bunyadov prospektində yerləşən boya satışı və başqa bir neçə obyektdə baş verən yanğın davam edir.
Adalet.az xəbər verir ki, yanğınla bağlı hadisə yerində FHN-nin qərargahı yaradılıb.
Hazırda yanğının yayılmaması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir, ətraf obyektlər boşaldılır.
***
13:59
Dərnəgüldəki obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.
Adalet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
***
13:49
Bu gün saat 12:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonundan yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində ilkin tibbi yardım göstərilib", məlumatda qeyd olunub.
***
13:12
Havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Adalet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.
***
12:37
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri obyektdə baş vermiş yanğının yayılmasının qarşısını alınıb.
FHN-dən Adalet.az-a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
12:22
Bakıda obyektdəki yanğınla əlaqəli polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Bundan başqa, yanğın səbəbindən metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.
***
12:05
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində, ilkin məlumata əsasən, obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.


Bakı -°C

