SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: NAĞILA BƏNZƏYƏN ÖMÜR

  29940   |  
Şriftin ölçüsü  

Bəli, çoxdan idi ki, keçmişimə, uşaqlığıma, orta məktəb illərimə, tələbə, əsgərlik həyatıma səfər etməmişdim... Çoxdan idi ki, dünənimlə, yaşadıqlarımla, xatirələrimlə üz-üzə dayanmamışdım. Amma sən demə, mən təkrar bütün bunları bir də yaşamağa məhkum imişəm. Özü də az qala nöqtə-vergülünə qədər... Və çoxdan idi ki, özümü bu qədər dözümlü, özümü bu qədər sınanılmış olduğumu hiss etməmişdim.

Bəli, iki gün öncə, lap dəqiq desəm, aprel ayının 16-da işdən sonra nə vaxtdan bəri idi ki, yazı masamın üstündə dayanan bir az kədərli aura yaradan kitab diqqətimi çəkdi. Ona görə kədərli deyirəm ki, onun üz qabağındakı kölgə və bir də göy üzünün ağlı-qaralı buludları məndə bu əsərə qarşı qəribə bir duyğu yaratmışdı. Hər dəfə onu əlimə götürəndə sanki qəmli, ağrılı-acılı notlarla qarşılaşacağımdan ehtiyatlanıb təkrar götürdüyüm yerə də qoymuşdum. Amma bu dəfə kitab mənə güc gəldi. Götürdüm və başladım oxumağa. Ön sözdəki bir cümlə məni daha da həvəsləndirdi. Əslində həmin cümlə kitabın müəllifinin özünün oxuculara ilk sözü idi. Və müəllif vurğulamışdı ki, "Tərəddüddəyəm... hardan başlayım, necə yazım..."

Bax, hardan başlamaq və necə yazmaq bir qığılcım oldu mənim üçün. Maraq qığılcımı... cəlb etmək qığılcımı... Alışdım o qığılcıma. Başladım səhifə-səhifə yanmağa... Məni dürüst anlayın, düzgün qəbul edin. Şəhər uşaqlarından, şəhər adamlarından fərqli olaraq kənd uşağının, kənd adamının həyatı daha maraqlı, daha sərbəst olur. Çünki təbiətdə, çöldə-bayırda böyüyür. Çünki canlı təbiətin təmasını əlində, üzündə, gözündə, nəfəsində hiss edir... Çünki zəhmətlə ilk təmas, ağacdan yıxılmaq, çayda suya batmaq, arxı hoppananda büdrəmək və sairə həyat "dərs"lərini kənd uşaqları əl boyda olanda artıq öyrənirlər və bu da onların həyatını cilalayır, nağıllaşdırır. Sonda o nağıllar bir kitaba, bir xatirə-romana çevrilir.

Mən "Ömür bir nağıldı" kitabını bir gecəyə oxudum. Özü də xatirə-roman olduğuna görə, mənim xatirələrimi təzələdiyinə görə, birnəfəsə oxudum. Burda bir məqamı da xususi vurğulamalıyam. Mən bu xatirə-romanı oxuduqca atam da gəlib dururdu gözümün qarşısında. Hələ ölümünün 40 günü tamam olmayan atam bu xatirə-romanla birlikdə öz uşaqlığını sanki mənə danışırdı. Və mənə elə gəlirdi ki, oxuduğum kitabın müəllifi, öz həyatını romanlaşdıran, kitablaşdıran Fərəc Fərəcov elə mənim atamla eyni kənddə, eyni məhəllədə doğulub. Ona görə də onların ayrı-ayrılıqda söylədikləri, daha doğrusu, atamdan eşitdiklərim Fərəc müəllimin yazdıqlarıyla üst-üstə düşərək bir nağıla çevrilir. Elə bir nağıla ki, onu dinlədikcə həyatın nə qədər çətin, nə qədər ağır, amma nə qədər də şirin olduğuna bir daha inanırsan...

Bəli, mən Fərəc müəllimin kitabını oxuduqca şəxsən tanıdığım bir insanı yenidən kəşf etməyə, yenidən tanımağa başlayıram. Hətta bəzi məqamlarda bu kitabdakı qəhrəmanın Fərəc müəllim olduğuna inanmaq istəmirəm, inanmağım gəlmir. Lakin xatirə-romandakı detallar məni inanmağa məcbur edir. Bu detallar Fərəc müəllimin həyatından bildiklərimdi, eşitdiklərimdi. Onun rəssamlığını görmüşəm... Çəkdiyi şəkillərin qarşısında dayanıb o şəkillərlə danışmışam... Onun şeirlərini oxumuşam... Onun Naxçıvanda nəşr edilən məqalələrilə internet vasitəsilə tanış olmuşam. Və ortaq dostlarımızın söylədiklərindən, həmçinin iştirakçısı olduğum bir doğum günü tədbirindən kitabda yazılanların gerçəkliyinə heç bir şübhəm qalmayıb. Bir məqamdan başqa. Bu insandakı dözümə heyrət, bu insandakı iradəyə təəccüb və nəhayət, bu insandakı mübarizliyə həsəd məni çaşdırıbdı. Doğrudu, dediyim hər üç məqamın arxasında bir inanc dayanır. Yəni xatirə-romanda Fərəc müəllim özü yazır ki, mən o inancı dəfələrlə möcüzə kimi həyatımda yaşamışam.

Kəndimizi, məhəlləmizi sel aparanda xilas olmağını da, dəfələrlə düşdüyü avtomobil qəzalarından qurtulmağını da, hətta tifil bir uşaq ikən hamının əlini üzüb sonunu gözlədiyi anda qonşu kənddə yaşayan nurani bir kişinin onun uzun illər yaşayacağını və xəstəlikdən xilas olacağını söyləməsi də bax, o dediyim dözümün, mübarizliyin, iradənin söykəndiyi nöqtədi. Bunu mən belə qəbul edirəm.

Digər tərəfdən iki yaşında olarkən ata nəfəsinin sadəcə qoxusunu hiss etmiş və 25 yaşında da atasından əbədi ayrılan bir oğulun, həm də evin tək övladının kənddə, bir ananın qanadı altında böyüməsinin nə demək olduğunu yəqin ki, anlayırsınız. Şəxsən mən xatirə-romanda həmin səhnəni oxuduqca atamı təkrar xatırladım. Atamın yaşadıqlarını təkrar canıma, qanıma hopdurdum.

Kənd uşaqlarının maraq dünyasında müxtəlif əyləncələrin, xüsusilə futbolun özəl yeri var. Fərəc müəllim futbola sevgisini də, Naxçıvanın "Araz" komandasına olan məhəbbətini də... kəndədə ilk qutusunun onların evində möcüzəli əşya kimi qorunmasını da... bütün qohum-əqrabanın evin tək oğluna sevgisini də... hətta onun üçün dünyada ən doğma olan bibisinə elçi gələndə onun başqa evə köçəcəyini anlayıb hay-haray salmasını da... bibisinin nişanlısından zəhləsinin getməsini də... bütün bu səhnələr...

Və nəhayət, nağıl danışan nənə... qonşu nənənlər, xalalar, bibilər... məhlənin ağsaqqalları... tay-tuşlar... Həsən müəllim və bir də rayon qəzetində çap olunan ilk yazı...

Daha sonra rayon qəzeti müxbirinin sərgüzəştləri... sonra ilk kitab... onun təqdimatı... Bax, burda mən yenə öz uşaqlığıma qayıdıram. Mənim də atam danışırdı ki, ermənilər heç kimin yaşına baxmadan kişili-qadınlı hamını güllə-boran edirdilər, xəncərdən keçmirdilər. Mənim atam söyləyirdi ki, nənəmin kürəyinə qaynayan samovarı bağlamışdılar. Onun söylədiklərinə hələ o vaxtlar xatirələrini nağıl formasında danışan nənəm də qoşulardı. O da deyərdi ki, ermənilər qız-gəlini, xüsusilə hamilə olanları süngüləməkdən ləzzət alırdılar. Elə bil ki, iki adamı birdən öldürmək onları havalandırırdı.

Bax, mən Fərəc müəllimin kitabında haqqında oxuduğum "Yayıcı qətliam"ın mənə dünyasını dəyişənlərimin söylədiklərini xatırlatdı.

Bəli, mən Fərəc Fərəcovun bir jurnalist, bir yazıçı, bir vətəndaş və nəhayət, bir Azərbaycan ziyalısı kimi kağıza köçürdüyü xatirələrini oxuduqca bu əsərin bədii çalarları real çalarlarla üst-üstə düşüb yaşanmışların əks-sədasına bir söylənilən dastana çevrildi mənim üçün. Mən xatirə-romanda Naxçıvanı, onun coğrafiyasını, onun nurlu insanlarını, dünənini, bu gününü, "Şərq qapısı" qəzetini, Naxçıvanın Ali Məclisini, ədəbiyyat adamlarını, nəhayət, Fərəc müəllimin həyatının işıqlı səhifələrinə diqqət yetirən Ali Məclisin sədrinin obrazını gördüm. Əmin oldum ki, istedada, halal adama dayaq duranda, qayğı göstərib əl uzadanda onun istəkləri çin olur... onun haqqı göyərir... onun taleyi qaranlıqları yarıb işığa çıxa bilir. Bu nümunəni dəyərli dostum, həmkarım Fərəc müəllimin həyat yoluna çox hörmətli Ali Məclis sədri Vasif Talıbov cənablarının qayğı və diqqətində bütünlüklə yaşadım və könlümdən həm xatirə-romanın müəllifinə, həm də ona dəstək olan hər kəsə bir minnətdarlıq hissi gəlib keçdi.

P.S. Bəli, Fərəc müəllim, əziz dostum, siz xatirə romanınızla məni də təkrar xatirələrimə qovuşdurdunuz. Naxçıvanda yaddaşıma köçürdüyüm xatirələr.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-20
2021-01-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK