SON DƏQİQƏ:

"SƏN SEVİNC... MƏN KƏDƏR"

  23950   |  
Şriftin ölçüsü  
Adətən yuvarlaq rəqəmlərlə diqqəti çəkən doğum günləri dotsları, doğmaları bir yerə yığmağa yaxşı bəhanə olur. Hətta dünyaya gələn, yəni doğum günü bəlli olan səbəbkar nə qədər yaxasını kənara çəksə də, dostların əlindən qurtara bilmir. Təbii ki, bu da həm istəkdən, həm diqqətdən, həm də dostların bir arada olmasından irəli gəlir. Yəni adam dostu ilə, doğması ilə, lap birbaşa desəm, öz aurasında olan insanla bir yerdə olanda içini də, çölünü də rahat hiss edir. Onun üçün kəsilən bir tikə çörək, şərəfə qaldırılan 100 qramlıq badə sadəcə bir təmas nöqtəsi olur. Çünki burada mədə doldurmaq, qidalanmaq yox, duyğuları kökləmək, ruha sərbəstlik vermək, bütün mənalarda özün olmaq üçün bir fürsət qazanırsan...
Mən duyğularıma doğma olan, necə deyərlər, həmişə gözümün önündə yox, könlünün önündə, ürəyimin içində olan dostları özüm üçün güvənc yeri, arxa-dayaq sayıram. Belə olduğuna görə də onlardan heç nəyi gizləmirəm, heç nəyi əsirgəmirəm. Çalışıram ki, onlar da məni həmişə layiq olduğum yerdə görə bilsinlər. Bilmirəm buna nə qədər nail ola bilmişəm, amma tam səmimiyyətimlə deyim ki, yaxşı ki, bu dünyada dostlar var. Yoxsa dərd adamı qurd kimi içindən yeyər, yalquzaq kimi parçalayardı...
Onu tanımağımın yaşı 25 ilə yaxındır. Yəni həmin müddət ərzində sözünü, imzasını oxumuşam, görmüşəm. Sözünü, imzasını oxuyub gördüyüm bugünkü dostumu mənə dəyərli qələmdaşlarımdan, şəxsiyyətinə böyük sayqı bəslədiyim Rasim Qaraca yaxınlaşdırdı, doğmalaşdırdı. Bir növ Rasim bəy bir körpü saldı aramızda. Bizim bir-birinə doğma olan dünyalarımızı qovuşdurdu, yaxınlaşdırdı. Məhz Rasim bəyin mənə təqdim edtdiyi Əli Hacının şeirlər kitabını bir nəfəsə oxuyandan sonra onu daha yaxından tanıdım. Necə deyərlər, o, gözümün qabağında tam bir formada gəlib dayandı. Əvvəllər ayrı-ayrı şeirlərindən tanıdığım Əli Hacı öz kitabı ilə mənim üçün bütöv insan, bütöv şair oldu...
İllər keçdi. Günlərin birində ancaq telefonla, şeirləri ilə təmas qurduğum Əli bəylə üz-üzə oturub çörək də kəsdik. Məhz o dar məclisdə, yığcam bir guşədə  mən böyük bir iş gördüm. Hiss etdim ki, nə təqdimatda, nə də seçimdə yanılmamışam. Sözü mənə doğma olan insan özü də mənə doğmadı. Üstəlik sözü doğma olan bu insan həm də mənim və hamımızın dərdi və qayğıları ilə qol-boyundu. Deməli, biz elə əslində eyni dünyada, eyni mühitdə, eyni qayğıların içərisində eyni cür düşünə-düşünə ayrı-ayrılıqda yanıb yaşayırıq. Ona görə də Əli bəy "Durum gedim" şeirini oxuyanda heç nəyə təəccüb etmədim. Çünki artıq ondan duyduğumu bütünlüklə ala bilmişdim. Elə onun misraları mənim üçün içimdən gələn pıçıltılardan biri idi:

Döyməyə qapı qalmadı
Ürək açmağa adam.
Bizi sabahlara aparan
Gedənlər də gəlmədi-
Durum gedim...

Bəli, əgər döyməyə qapı qalmayıbsa, əgər ürəyini açıb göstərməyə adam yoxdusa, üstəlik də sənə ümid verəcək, sənə əl uzadacaq, sənin üçün mayak olacaq bəndələr də gedər-gəlməzdən qayıtmırlarsa, onda:

Gəzdiyim yollarım,
Əl üzdüyüm yollarım...

- təkcə şair üçün yox, elə hamımz üçün sevincli, kədərli. Acılı-şirinli xatirələrdən başqa heç nəyi xatırlatmır.
Doğrudan da sözün içindən yaşaya-yaşaya, sözün bütün bənd-bərəsini vərəqləyə-vərəqləyə oturub fikirləşəndə adama elə gəlir ki, dünya nə qədər coğrafi baxımdan böyük olsa da, zaman, an baxımından çox kiçikdi. Çünki doğulan söz sənin qələmindən kağıza, dilindən dinləyiciyə çatan kimi onun özündə əks etdirdiyi bütün mənalar böyük dünyanın damarına hopur. Və  ha çalışırsan dünyanın damarına, qanına işləmiş sözü, təbii ki, halal və işıqlı sözü qorumaq, ona nə isə əlavə etmək mümkün olmur. Çünki halal və işıqlı söz artıq dünyanın, bəşəriyyətin mülkünə çevrilir. Ancaq o sözü yaradanın ömrünün bir anını ifadə edən həmin söz sonrakı sözlər üçün həm də bir yol açır. Bu yol sevincdən də keçir, kədərdən də.

Sən sevinc
Mən kədər
Kimi gəlmişəm
Boynunda yer almağa
Sən olum
Mən ölüm
Gəlmişəm sən olmağa!

Bəli, dünyaya kədər kimi gəlmək o qədər də böyük faciə, o qədər də böyük bədbəxtlik deyil. Çünki bütün qaranlıqların sonu işıqdı. Deməli, kədərin də sonu mütləq və mütləq sevincə calanacaq. Hətta sən ona "çıx get!" - desən belə.

Bu gün çağır hamını
Boynu bükük sevgiləri
Yaşatmağa.
Çıx get, sən Allah çıx get
Çaylar dənizə qovuşan tək
Qovuşa bilmədik
Çıx get!

Hə, bax, şair həm əsəbi, həm də duyğulu bir şəkildə "çıx get!" - desə də, o gedənin arxasınca özü də gedir. Çünki o gedən əslində onun ruhudu, özüdü, bütöv dünyasıdı. Və ou dünyanın da bir sahibi var: o da məhz o "çıx get!" deyəndi. İnanmırsınızsa, bu misralara fikri verin:

Gülərsən mən öləndə
Deyərsən
Dünyaya gülmüşdü bu.

Və yaxud:

Gözlərinlə göyü oxşarsan
Əllərinlə
Əlin çatan daşı
Deyərsən
Dərd adamı, qəm yoldaşı
Diriykən ölmüşdü bu...

İndi inandınızmı, ruhun mayası söz olan, dünyası söz olan, yalnız sevgisi ülvi və pak duyğulardan ibarət doğulan şairlər, o cümlədən də Əli Hacı heç kimə "çıx get!" deyə bilməz. Çünki o gedənlərin hamısı onu özü ilə aparmaq gücündədi. Onun isə bir gedəsi yeri var: o da sözün və qələmin yanıdı.
Mən könül dostum Əli Hacının aprelin ilk günlərində tamam olacaq yazdığım bu sözləri heç kimdən borc almadım, heç bir kitabdan, qəzetdən köçürmədim. Bu sözləri mənə Əli bəyin şeirlər pıçıldadı... bu sözləri mənə Əli bəyin ürəyi söylədi... bu sözləri mənə ikimizin bir olan dünyamız işıq kimi göstərdi. Mən də gücüm çatandan seçib sözü bənövşə qomu kimi bağladım. Bilmirəm, bu bənövşə qomunun ətri nə dərəcədə duyulacaq, amma mən onu ürəklə sevə-sevə  topladım və qomladım. Ad günün mübarək, Əli bəy!
Yazımın sonunda özümün "Mənim kimi sevə bilsən" şeirlər kitabımda  yer almış Əli bəyə ünvanlanan şeirimi də çap etmək istədim. Sonra düşündüm ki, o şeiri Əli bəyə doğum günündə, 50 yaşında hədiyyə edərəm, yəni onun məclisinə əliboş getmərəm.
Əbülfət  MƏDƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30
2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK