adalet.az header logo
  • Bakı -°C
14 Yanvar 2026 12:01
73
SİYASƏT
A- A+

Su mənbələri hər bir ölkə üçün çox önəmlidir

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirə keçirilib. Həmin gün həmçinin dövlət başçısının Sərəncamı ilə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı" təsdiq edildi.

Qeyd olunan Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Göründüyü kimi Proqram iki əsas mərhələdən ibarət olacaq və hər iki mərhələ də ölkənin su təchizatını daha dayanıqlı və ekoloji cəhətdən təhlükəsiz hala gətirməyi hədəfləyir.    
2026−2030-cü illəri əhatə edən birinci mərhələdə mövcud su və kanalizasiya şəbəkələrinin yenilənməsi və təmiri üzərində cəmləşəcək. Bu müddət ərzində yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üçün müasir texnologiyalar tətbiq ediləcək. Eyni zamanda, "ağıllı su şəbəkələri" qurulacaq və su şəbəkələrindəki itkilərin aşkarlanması məqsədilə innovativ həllər təqdim ediləcəkdir.

2031−2035-ci illəri əhatə edən ikinci mərhələ isə su təchizatının fasiləsizliyini təmin etmək məqsədilə yeni su anbarları və nasos stansiyalarının inşasına yönələcək. Bu mərhələdə həmçinin su təchizatı və kanalizasiya şəbəkələrinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur. Proqramın uzunmüddətli məqsədi Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq, müasir su təchizatı xidmətlərinin göstərilməsi və ölkənin su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaqdır.

Müşavirədə də qeyd olunduğu kimi bu gün qarşıda duran problemlərdin biri su itkiləri ilə bağlıdır. Əhalinin artması, sənaye və digər istehsal sahələrinin genişlənməsi təbii ki, suya olan tələbatı artırır. Bununla əlaqədar hazırda 40-45 faiz təşkil edən itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir və proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır.    

Prezident İlham Əliyev müşavirədəki çıxışında paytaxt Bakı şəhərinin kanalizasiya məsələsinə xüsusi toxunub. Bildirilib ki, bu gün əhalinin 50 faizinə kanalizasiya xidməti göstərilir və Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Dövlətimizin başçısı əlavə edib ki, "yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq".

"Dövlət başçısı onu da qeyd edib ki, Xəzər dənizinin çirklənməsinin qarşını almağın əsas amillərindən biri kimi dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Eyni zamnda dövlət başçısı əlavə edib ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək".

Bir sözlə Dövlət Proqramının tədbirlər planı su təchizatı və tullantı sularının idarə olunması sistemlərinin inkişafı, su sektorunda təbii fəlakət risklərinin və ekoloji dayanıqlığın idarə edilməsinin təmini və su sektorunda innovasiya və rəqəmsallaşması kimi üç əsas prioriteti özündə əks etdirir.    

Bu gün azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri icra edilir. Son beş ildə bir neçə önəmli layihə başa çatıb. Onlardan biri “Sərsəng” su anbarıdır. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Bu gün isə “Suqovuşan” və “Sərsəng” su anbarları tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay” və “Bərgüşadçay”ın tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Bütünü bunlar bir daha sübut edir ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir.

Prezident İlham Əliyevin sərəncamları əsasında təsdiqlənən Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirdi. Əminliklə deyə bilərik ki, bu Proqramında icrası uğurla başa çatacaqdır.

Hümbət Hüseynov 
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiynın sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri