adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Avqust 2018 22:07
37205
LAYİHƏ
A- A+

TOPONİMİK RƏVAYƏTLƏR

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Yağlıvənd

Deyilənlərə görə, Əmir Teymur qışlamağa həmişə Qarabağa gəlirmiş. Bir dəfə də düşərgəsini Cavanşir elinin bir obası ilə qonşu salır. Obanın ağsaqqaları, başbilənləri əmirin görüşünə gedirlər. Əmir Teymur gələnləri qəbul edib, hal-əhval tutur, keflərini soruşur. Başbilənlərdən biri qayıdır ki, lap xan kefində yaşayırıq. Söz Teymuru tutur, deyir: --Əgər, sabah mənim qoşun əhlimi yedirib-içirtməsəniz obanızı başsız, odanızı daşsız qoyacağam, torpağınızı at torbası ilə daşıtdırıb yerinə sarımsaq əkdirəcəyəm. Di, gedin, hazırlıq görün! Əmir Teymurla görüşməyə gələnlər kor-peşiman, yersiz danışan adamı da danlaya-danlaya geri qayıdırlar. Nələri vardı axı, Əmir Teymura da nə versinlər. Onun qoşunu da bir deyil, iki deyil. Bir ucu burada, o biri ucu hələ Xudafərin körpüsünü keçməyib. Qərəz, ağsaqqallar gənəşiyə toplanıb, bir məsləhətə gəlirlər. Məsləhət bu olur ki, qoşun əhli üçün plov bişirsinlər. Qazanlar asılır. Sabah günorta öynəsinə oturan qoşun əhlindən kim əlini uzadıb plovdan bir pəncə alırsa, elə o dəqiqə də "doydum" deyir. Söz gedib Əmirə çatır. Əmir Teymur buyruq verir ki, plovdan bir bulud gətirsinlər. Plovu gətirirlər ortalağa. Əmir Teymur bir tikə ağzına qoyan kimi işi başa düşür. Plov teyxa yağ idi. Əlini-əlinə vurub gülür Teymur: --Yaxşı canınınzı qurtardınız, yağlı fənd işlətdiniz! Elə həmin gündən də Cavanşir elinin bu obasının adı Yağlıfənd (Yağlıvənd) qalır.

Yağlıfənd

Cavanşir elinin bir obası Arazbar qəzasının Dəlmə yurdunda olurdu. Bu obadan bir nəfər xan qızına vurulur. Ədəb-ərkanla qıza elçi göndərir. Demə xan qızını qonşu kənddən də istəyən varmış.
Xan gələn elçiləri hörmət-izzətlə qarşılayıb deyir: --Görürəm ki, hər ikiniz, mərd, varlı və ağıllı cavansınız. Siz iki, qızım bir. Nə edim, neyləyim?! Yaxşısı budur ki, hərənizə bir iş tapşırım, kim mənim şərtimi tez yerinə yetirsə qız onundur. Köçəri cavan yurdlarına arx çəksin, kəndli cavan da şenliklərində dəfn olunan ünlü seyidə kümbəz tiksin.
Razısınızsa sabahdan sizə qırx gün möhlət verirəm. Qırxıncı günün başında şərti yerinə birinci yetirənlə qızımın toyu olacaq.
Cavanlar şenliklərinə dönüb işə başlayırlar. Köçəri cavan çaydan başlayıb arx qazır. Bir-iki külüng vurub baxır ki, torpaq daş-qayadan da sərtdir. Çətin qazılır. Belə getsə heç bir ilə də qazıb qurtara bilməyəcək. Ona görə də əlini başının altına qoyub yuxulayır. Kəndli cavan çəkic-malasını götürüb hörgüsünü hörür. Bir gün, beş gün, qərəz, ay tamam olur. Köçəri baxır ki, kəndli cavan artıq damdadır. Arx isə yarımçıqdır.
Başlayır töklüm tökməyə. Ağlına gələn fikirdən gözü oynayır. Vaxtın tamamına az qalırdı. Səhər tezdən işinin üstünə gələn kəndli oğlan sevincək dama çıxır ki, tikintisini qurtarsın. Əlini gözünə günlük qoyub köçəri oğlanın arxına tərəf baxır. Nə görsə yazşıdı? Arxla dumduru su axıb, günəşin şövqüylə bərq vururdu. Kəndli "uduzdum" deyib özünü kümbəzin damından atır. Yerə dəyib canını tapşırır. El-oba əhli, xan tökülüb arxın tamaşasına gəlirlər. Baxırlar ki, arx nə gəzir. Çaydan şenliyəcən xam ipək çəkilib. Axşamdan düşən şeh günün işığıyla parıldayır. Xan köçəri cavanın işinə baxıb deyir: --Iş görmədin, yağlı fənd işlədin! Qızım sənə halal olsun.O çağdan köçəri cavanın obasının adı Yağlıfənd (Yağlıvənd) qalır.

Oğru Yağlıvənd

Yağləvənd adının elmi açımı savaş terminləri ilə bağlıdır. Adının birinci kampanenti olan "yağı" sözü əski türk dilində "qiyamçı, asi, düşmən və çölçü" anlamlarında açıqlanır. Ikinci kampanenti "ləvənd" isə "əsgər, azad, sərbəst, məğrur, cəsur, içkili" anlamlarında işlənir. Ləvənd hərbi termin olub osmanlılarda dəniz piyadalarına, Azərbaycan dövlət qurumlarında isə savaşcıl tayfalardan toplanan qeyri-nizami hərbi dəstələrə, çeriklərə deyilirdi.
Yağləvənd obası Qarabağda "Oğru Yağləvənd" ayaması ilə tanınır. Oba əhli qaraoğruluqda ad çıxarıb. Keçən çağlarda, qaraoğruluğun igidlik olan dönəmində oba oğullarının oğru olması haqqında el içində xeyli əhvalat, gülməcə dolaşmaqdadır.
Geyimdə Zərgar, igidlikdə Yağlıvənd

Yağləvənd oymaqları Cavanşir elinin tərkibində Qarabağ bəylərbəyliyinin döyüşçü hissələrinin özəyini təşkil edirdilər. Cəld və çevik manevr edən atlılardan ibarət olan yağləvəndlilər döyüşlərdə əvəzsiz idilər. Qəfil basqınlarda düşmən dəstələrini dağıdıb, ordugahları yağmalayırdılar. Yağləvənd qoşunun qazancı, maaş-məvaşı hərbi qənimət, kisib olduğundan qələbəyədək vuruşmalı olurdu. Yağləvənd atlıları döyüşə gedəndə quş üstünə şığıyan qırğıya, qızılquşa bənzəyirdilər. Bu kimi olaylarla bağlı el içində bir məsəl də dolaşmaqdadır. Yağləvəndlidən soruşublar:--Yağmaya gedərsənmi? --Alıcı quş kimi!-deyə cavab veribg
Yağləvənd camaatının igidliyi ilə bağlı Arazbarda bir məsəl dolaşır: "Geyimdə Zərgər, igidlikdə Yağləvənd".

Əmir Teymur Qarabağda

Əmir Teymur Qarabağa qışlamağa gəlir. Qış sərt keçdiyindən dana-davarının ot-əncəri qurtarır. Bir dəstə atlı götürüb qonşu oymağa gedir. Bələdçidən soruşur:
-Bu düzün adı nədi?
--Haramıdı, dövlətlim!
-Bəs o obanın?
-Yağıləvənddi, sultanım!
--Paho, bunlar özləri haramı, yağıdılar, bizə heç nə verməzlər. Sürün, getdik o yanag

Şah Abbas və Yağıləvənd kəndi

Bir söyləməyə görə, I Şah Abbas Qarabağa qonalqaya gəlir. Arazbarda iki qardaş tayfa qışlayırmışlar. Şah elçilərini göndərir. Baxırlar ki, tayfalardan birinin camaatı yeyib-içir, digəri isə əliqılınclı gələnləri qovur. Elçilər qayıdıb şaha məlumat verirlər. Şah Abbas gülüb qayıdır: --Tayfalara bax e, biri yağı, biri ləvənd. O dönəmdən oymağın adı Yağıləvənd qalır.

Dədəli

Deyirlər Dədə Qorqud gəzə-gəzə gəlib çıxır Qarabağa. O, gah sakit, gah da qıjıltıyla ötüb keçən Çərəkən çayının sahilində, meşələin qynunda yerləşən bir kənddə ayaq saxlayır. Burada təbiətin minbir gözəliyyinə heyran qalır. İnsanlarla söhbətləşir. Görür ki, bu obanın insanları çox mehriban, qonaqcıl, səxavətli və mərhəmətlidirlər. İnsanları da dağları kimi vüqarlı, əzəmətlidirlər. Bu yer Dədə Qurqudun çox xoşuna gəlir. Gedərkən "Obanız qutlu olsun"-deyib alqış diləyir.
Həmin vaxtdan da bu kəndin adı Dədəli qalır. Dədəli kəndi Füzuli rayon mərkəzindən 2 km cənub-şərqdə, Qarabağ silsiləsinin ətəyində, Füzuli-Cəbrayıl avtomobil yolunun kənarında yerləşir.

Xatınbulaq

Deyirlər Dədə Qurqud Qarabağı çox sevirmiş. Elə bu diyarın insanlarının da Dədə Qorquda böyük hörməti varmış. Onun hər gəlişi toy-bayrama, hədsiz sevincə səbəb olurmuş.
Bir dəfə Dədə Qorqud gəzə-gəzə gəlib çıxır dağların qoynunda qərarlaşan bir obaya. Burada zümrüd meşələr, qaçı-qamçı çaylar, damcı-damcı bulaqlar adamın ruhunu oxşayırdı. Meşədə cəh-cəh vuran quşların ecazkar səsi aydınca eşidilir, Ceyran-cüyürlər dəstə-dəstə ötüb keçirdilər. Dədə Qoqud bu gözəliklərdən zöq ala-ala gəlib bulaq başına çatır. Yerli sakinlər bu müdrik el ağsaqqalının gəlişini eşidən kimi onun pişvazına çıxırlar. Onu bulağın başında qarşılayıb ayağının altında iri cöngə kəsirlər. Burada Dədə Qorqudun şərəfinə böyük bir ziyafət təşkil edilir. Dədə Qorqud dağların sinəsindən qopub gələn bumbuz bulağa dodaq sıxır, sudan doyunca içir. Bilağın başında dayanıb Dədəni seyr edən əli kuzəli qızları görəndə gülümsünüb alqış diləyir:
-Bu bulaq sanki xanımlara çox yaraşır. Xanım-xatınların səsi bu bulağın üstündən əskik olmasın!
Deyirlər həmin vaxtdan da bu yeri adı Xatınbulaq adlanmağa başlayır.
Xatınbulaq kəndi Füzuli rayon mərkəzindən 15 km cənubda, Qarabağ silsiləsinin ətəyindədir.
Veysəlli

Əvvəla, Veysəl kimdir? Veysəl Qərani İslam xalqları arasında ən çox tanınan və sevilən mübarək bir şəxsiyyət olmuşdur.

(ardı gələn sayımızda)

Faiq ŞÜKÜRBƏYLİ,
Tədqiqatçı-etnoqraf