adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

UZUN ALLAHVERƏN

19591 | 2012-08-04 08:59
(Əvvəli ötən şənbə
   
   saylarımızda)
   
   
   
   Şıxlı kəndinə çatanda alatoranlıq qara tül kimi gecənin üzündən sürüşüb düşür, qaranlıqla işığın mücadiləsindən qana boyanmış üfüqdən günəş doğmağa başlayırdı. Uzun Allahverən elə uşaqlığından xoruz banı yuxudan durar, qapıdakı qoyun - quzunu, malı - heyvanı alaflayar, atının arpasını verib belinə qaşoy çəkərdi. Açılan sabahın gül camalını ilk dəfəydi ki, bu qədər heyranlıqla seyr edir, səhərin alatoranını cəh-cəh səsləriylə söküb- dağıdan quşların nəğmələrinə belə bir dəli vurğunluqla, qulaq asırdı.
   
   
   
   Dirildi aydınlıq, öldü qaranlıq,
   
   Büllbüllər oyanıb, dil açan çağı.
   
   Silkinib gecədən alatoranlıq,
   
   Şehli qönçələrdə gül açan çağı,
   
   
   
   Nə nazlı mələkdi oyanan səhər,
   
   Çəkilib qaraca tül camalına...
   
   Hər quş öz dilində salam söyləyir.
   
   Açılan sabahın gül camanlına.
   
   
   
   Ümiddi, arzudu, həvəsdi, səsdi,
   
   Gecənin səhərə qovuşan yeri.
   
   Yaşamaq eşqidi, Allah eşqidi,
   
   Üfüqün qızarıb, alışan yeri.
   
   
   
   Süzüldü bu səhər gecə daşından,
   
   Olsun səhər kimi üzünüz aydın.
   
   Aydınlığa çıxın bu səhər kimi,
   
   Bu səhər də gəldi, gözünüz aydın.
   
   
   
   Uzun Allahverən üzünü Ceyrançöl tərəfə çevirib alov kimi şölələnib yanan üfüqə, yarısı dünyanın bu üzündə, yarısı o üzündə olan günəşin əlvan şəfəqlərinə bir salavat çevirdi.
   
   Gəmiqayanın dikdirindən lap uzaqlara, alqırmızı rəngə boyanmış Ceyrançöl təpələrinə, Kür sahil ilə uzanan yamyaşıl Qarayazı meşəsinə, qıpqırmızı kəmərə bənzəyən dəli Kürün ayrılan, qovuşan qollarına xeyli tamaşa etdi.
   
   Gəmiçi Mustafa adəti üzrə uzun zolasına ( gəmini idarə etmək üçün uzun ağacdır ) söykənib, gəminin şahadını yığırdı. O toya keçən camaatın kimi pul, kimi yumurta, kimi un, kimi isə xamralı (çörək) verib keçərdilər.
   
   - Tez olun görək, ay İncəlilər, siz də xamralıdan başqa bir şey vermirsiz. Vallah belə getsə gəmini çöyürəcəm - deyib İncəlilərlə zarafatından qalmırdı.
   
   Uzun Allahverəni görəndə özünü yığışdıran Mustafa göy atın qantarqasından tutub :
   
   - Bu yana sür! Qabağa keç ağrın alem, Allahverən, qoy eşşəklilər arxa tərəfdə dursun, - deyib hörmət əlaməti olaraq atı özü gəminin ( iri qayıq ) qabaq tərəfinə çəkdi.
   
   
   
    ***
   
   Yayın sonlarında dağdan enən İncəlilər adətən qoyun sürülərini Qarayazıda, meşəyə yaxın "Məmmədağa" və "Qaradüz" deyilən ərazidə, Naxırları isə Qaraçöp yaxınlığındakı" Qulu" və "Qüdrət" bulağı adlanan yerdə saxlayırdılar.
   
   Uzun Allahverən Qarayazıdakı sürülərinə baş çəkib, çobanlara göstərişlərini verməli, sabah bazara çıxası erkəkləri, toğluları ayırd edəndən sonra Ceyrançöl tərəfə qalxmalıydı.
   
   Meşənin dərinliyində at fınxırtısına fikirdən ayrılıb, əlini beşaçılana uzatdı.Göydəmir atı qulaqlarını şəkləyib hürkən təhər oldu. Qənşərində peyda olan atlı gülümsəyərək ona tərəf gəlirdi.
   
   Uzun Allahverən çiyni silahlı, sinəsi qatarlı, tunc sifət, enli kürək, eşmə bığ atlıya baxdı. ,, Bu qaçaq Cahangir olacaq "- deyə düşünüb, silahı çiynindən asdı. Zənni onu aldatmamışdı.
   
   - Səhv etmirəmsə bu tərlan baxışlı, aslan duruşlu igid İncəli Uzun Allahverəndi.
   
   - Elə mən də səni görən kimi tanıdım. Şan - şöhrəti dillərdə dastan olan, amansız, qansız rus bolşeviklərinə qan udduran qaçaq Cahangir deyilsənmi?
   
   Hər iki igid atdan düşüb qucaqlaşdılar, bir xeyli piyada yol gedib söhbətləşdilər.
   
   ... Çobanlar itlərə bozarıb, qonaqların qabağına çıxdılar. Ağalarının gəldiyini bilən çobanlar səhər tezdən tədarükə başlamış, iri qovaq ağacının altında süfrə açmışdılar.
   
   Quzunu dərisindən pırtdatmış çoban əlini yuyub ətin kabablığını ayrı, qazanlığını ayrı doğrayır, bir başqa çoban isə ocaq çatıb,samovara od salırdı.
   
   - Allahverən, sənin igidliyin, sərrast atıcılığın haqda çox eşitmişəm. Bildiyimə görə Allahverən koxanın nəvəsi, İsə koxanın oğlusan. Bu mənfurlar nə yaxşı sizin mal- qoyununuzu əlinizdən almayıblar ?
   
   - Qağa, ( Cahangir Allahverəndən böyük olduğuna görə hörmət əlaməti olaraq qağa deyə müraciət etdi ) onların hələ bu sürülərdən, naxırlardan xəbəri yoxdur, yarı burda, yarı orda gizləyirik, amma gec - tez əlimizdən alacaqlar. Ona görə gəlmişəm ki, sağmal-suvoy edib satdığa çıxaram. Bu hökumətdən ağlım bir şey kəsmir.
   
   - Bu hökumət biz müsəlmanların düşmənidi. Hər yerdə murdar ermənilərə rəvac veriblər, əllərinə keçən mərifətli, namuslu, igid kişilərimizi güllələyir, malını, varını əlindən alıb müflis edirlər. Bunların qanını allah mənə halal edib. Amma bu böyük selin qarşısında tək -tənha duruş gətirmək asan iş deyil. Sizin İncəli İsmayılı da bu meşədə mühasirəyə alıb tutmaq istəyirlərmiş. Qaçaq Kərəmin köməyi ilə mühasirədən çıxıb. O gündən Kərəmin dəstəsinə qoşulub, bu amansız qirmızilara qarşı vyryşurlar. Bir fürsət yaransa mən də qoşulacam dəstələrinə. Hələlik bu meşəni özümə səngər seçmişəm. Amma eşitdiyimə görə it komsomallar xəbər tutub, izimə düşüblər.
   
   ...Atlar yəhərlənib hazır dayanmışdılar. Uzun Allahverən çobanlara son tapşırığını verib atının belinə qalxdı.
   
   - Cahangir qağa, səfərimiz Ceyrançolədir.Oralar da səninçün etibarlı sığınacaq yeri ola bilər. Haydı, şər qarışmamış özümüzü çatdıraq,- deyib atını mahmızladı.
   
   Ceyrançöl yatağlarına çatanda səhər göy üzünə qan salan günəş indi saralıb- solmuşdu. Gürcüstan tərəfdə, buludların arasından uzun, sarı şəfəqlərini hər yana saçaqlandıran günəş gecəyə qalib gəldiyi kimi, indi də gecəyə məğlub olurdu. Uzun Allahverən pıçıltıyla ,,deməli hər şeyin əvvəli - sonu, hər seyin sonu - əvvəlidi, "-deyib atının başını çəkdi...
   
   ...Səhər tezdən it səsləri, mal heyvanın mələşməsi onları yuxudan oyatdı.
   
   Çobanlar, naxırçılar yerdən qazılmış qara damları kürüyür, orta bacadan zibilləri damın arxa tərəfindəki püşəkliyə atırdılar.Yığılmış mal peyini gün altında quruyur, sonra qurumuş peyini əzib püş halına salırdılar. Çox zamanlar qaçaqlar həmin püşəkliyin altını oyar, səngər kimi edib orada gizlənərdilər.
   
   Çaparaq gələn atlı özünü Allahverən olan alaçığa salıb həyəcanla söylədi:
   
   - Ağa, başına dönüm! Aşağı - Poylu tərəfdən bir bölük atlı bizim yataqlara tərəf gəlir. Yaraqlı -yasaqlı atlılar bolşevik otryadına oxşadı.
   
   Allahverən üzünü Cahangirə tutaraq:
   
   - Çuğul heç vaxt ölmür,lələ. Köpək uşağı nə tez xəbər tutdular. Tez özümüzü pəyələrin arxa tərəfinə verək, sən sağ cinaha keç, mən də sola keçirəm. Bu dılğır gədələrə divan tutmağın vaxtı gəlib, - dedi.
   
   Hər ikisi aslan çevikliyi ilə pəyənin arxa tərfindəki püşəkliyə tullandılar.
   
   Atlıların başcısı uzaqdan amiranə səslə bağırdı :
   
   - Cahangir, araya qan düşməmiş xoşluqla təslim ol. Çox sənin kimi quldurları qanına qəltan eləmişik.
   
   Hacı Salahı səsindən tanıyan Cahangir öz - özünə söylədi:
   
   - Ax köpək oğlu, hayıf ki öz kəndçimsən, hələ bir az qohumluğun da çatır.
   
   Üzünü Allahverənə çevirib :
   
   - Sən nahaq özünü bu zibilə saldın. Bu çox kəmfürsət adamdı. Bolşeviklərə qoşulub camaata zülüm edir. Bu dəfə onun anasını ağlar qoyacağam deyib, silahı sinəsinə sıxdı.
   
   - Dayan körək, bəlkə qan - qadasız ötüşdük,- deyib Allahverən uca səslə Hacı Salaha dedi:
   
   -Hacı Salah, sənə yazığım gəlir,vurmaq istəmirəm, dəstəni də götür, bizdən uzaq ol!
   
   Hacı Salah da özünə güvənən adam olduğundan, atını çövlana gətirib,"Aəş" əmri verdi. Allahverəngil gizlənən püşəyi güllələr göyə sovurdu.
   
   - Elə oldusa atının dırnağını gözlə, Nacı Salah,-deyib, Allahverən bir güllə atdı. Atın arxa ayağından nal qopub 10 - 15 metr aralıya düşdü.
   
   - Hacı Salah, indi oğulsan başında papğını qoru.
   
   Büdrəyən atının belində özünü güclə saxlayan Hacı Salah qamətini düzəltməmiş ikinci güllə açıldı. Papağı quş kimi havaya vızıldayan Hacı Salah işin nə yerdə olduğunu anladı. Üzünü təşviş içində pərən düşmüş dəstəyə tutaraq:
   
   - Atan uzun Allahverəndi. Nə qədər ki, bizi bircə - bircə dənləməyib geri dönmək lazımdı.
   
   Qaçaq Cahangir Allahverənin bu igidliyinə heyran qalmışdı.
   
   -Ay İncəli balası, sizin ellər igidlər oylağıdı deyirlər. Elə qaçaq İsmayıl da İncədən aslan südü içmiş igidlərdəndir. Səni də belə gördüm, lap ürəyim dağa döndü, - deyib qolundakı köhnə Nikolay saatını çıxarıb Uzun Allahverənə uzatdı.
   
   - Qoy bu saat məndən sənə dost payı olsun. Nə qədər ki, əlavə dəstələr bura gəlməyib, mən tərpənim - deyib, atına suvar oldu. Halal - hümmət edib, üzü Candar gölünə, Borçalı ellərinə tərəf yollandı.
   
   - O zaman da gəlib çıxdi. Bolşeviklərin amansız qanunları İncə dərəsində çoxlarını ağlar qoydu, çoxlarının varı, mülkü əlindən alındı, günahsız insanları güllələyir, tabe olmaq istəməyənləri qazamatlara salır, bəyləri, koxaları əli yalın, dili gödək edirdilər...
   
   
   
   (Ardı gələn şənbə
   
   sayımızda)

TƏQVİM / ARXİV