adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HüRMƏLƏK NƏNƏ

24167 | 2012-10-20 01:09
Bismillahir- Rəhmanir Rəhim!
   
   Üzü müqəddəsliyə bir salavat söyləyib, Uca Allahın adıyla başlayıram. Mənzərə deyib qələmə aldığım bu yazını, uca və pak diləklər sahibi olub, Tanrı eşqiylə ruhunu uca dərgaha pərvazlandıran, məzarı Salahlı kəndindən İncəliyə uzanan dolama yolların kənarinda Pir, Ocaq yerinə çevrilmiş Hürmələk nənəmizin müqəddəs ruhuna bağışlayıran.
   
   Qeyd edim ki, İncə dərəsində müqəddəs inanc - ocaq yerləri çoxdur. Buna baxmayaraq, hər bir İncəli, hər İncə dərəsinə qonaq gəlib, geri dönən kəs Hürmələk nənəmizin yol kənarındakı tənha, müqəddəs məzarını ziyarət edib, bu övlüya ruhdan diləklər diləyirlər.
   
   Çox hörmətli ədəbiyyatşünas alimimiz, könül dostum Rüstəm Kamal, günlərin birində İncəyə səfərimiz zamanı Hürmələk nənənin məzarını ziyarət edərkən mənə belə bir təklif söylədi ki, Dəmirçioğlu, sən gəl Hürmələk nənəmizə bir poema yaz. Onun xeyir-duaları sənə həmişə yar olacaq. Boynuma alım ki, canımdan bir titrəmə keçdi, tərəddüdlə- bunu mən bacararammı? - söyləsəmdə Rüstəm müəllin mənə ümid verib- bunu ancaq sən bacararsan, - dedi.
   
   Səhərin mənzərəsi
   
   
   
   Sarmaşıb, qarışıb,
   
   Ay işığı suya.
   
   Yarpızlar titrəşir,
   
   Qoxuya-qoxuya.
   
   Sevdalı çay axır,
   
   Oxuya-oxuya.
   
   Gör necə məst olub,
   
   Ay üzündəki mah,
   
   Şırşırlar pıçıldar-
   
   Allah, Allah, Allah!
   
   
   
   Bayatı söyləyir
   
   Gecənin nəfəsi,
   
   Yoxluğun səsidi,
   
   İsaq-Musaq səsi.
   
   Qovuşur varlığa
   
   İlahi nəğməsi...
   
   Açılır gül kimi,
   
   Qönçəsindən sabah,
   
   Cəh-cəh vurur quşlar-
   
   Allah, Allah, Allah!
   
   
   
   Əriyir qaranlıq,
   
   Durulur dan üzü.
   
   Silinir üfüqdən
   
   Günəşin qan izi.
   
   Şehlərlə öpüşür,
   
   Lalənin qan üzü...
   
   Boynu bükük-bükük,
   
   Bənövşə çəkir ah,
   
   Zikri, fikri ətri-
   
   Allah, Allah, Allah!
   
   
   
   Quşların səsinə,
   
   Hopub ozan səsi.
   
   Yarpaqlar pıçıldar
   
   Sükut pozan səsi.
   
   Sübhün namazıdı,
   
   Gəlir əzan səsi...
   
   Pərən-pərən olur,
   
   Var olmaqdan günah,
   
   Qaybdan səs gəlir-
   
   Allah, Allah, Allah!..
   
   Üç dəfə səcdəyə əyilib ayağa durdu. "Sübhan Allah, Sübhan Allah"- deyib əllərini qulaqlarının yanında tutaraq dodaqaltı zıkrini tamamlamağa başladı. Üzünü göylərə qaldırıb, şükranlıqla pıçıldayaraq dualar etdi, diləklərini dilə gətirdi, Uca Yaradandan yer üzünə əmin-amanlıq dilədi, qüsurlarına, günahlarına görə bağışlanmasını rica etdi.
   
   Əvvəlcə yuxudan oyanan quşların ara-sıra civiltisi, sonra da bir- birini əvəz edən cən-cəh səsləri qulaqlarını oxşadı. "Şükür sənə, İlahi", - deyib cənəmazını yığışdırmağa başladı. Sübhün alatoranını cəh-cəh səsləriylə hürküdən quşların xoş avazından məst olmuş səhər, nazlana-nazlana yuxudan oyanır, alovlu eşqiylə üfüqləri alqırmızı rəngə boyamış günəş dan yerindən boylanmağa başlayırd.
   
   Tanrı camalına tamaşa eylə,
   
   Bülbüllər oyanıb, dil açan çağı.
   
   Şehli tumurcuqlar, bağlı qönçələr
   
   Günəşin eşqiylə gül açan çağı.
   
   
   
   Nə nazlı mələkdir oyanan səhər,
   
   Çəkilib qaraca tül camalına.
   
   Hər quş öz dilində salam söyləyir,
   
   Açılan sabahın gül camalına.
   
   
   
   Ümiddi, arzudu, həvəsdi, səsdi,
   
   Gecənin səhərə qovuşan yeri.
   
   Yaşamaq eşqidi, Allah eşqidi,
   
   Üfüqün qızarıb alışan yeri.
   
   
   
   Süzüldü bu səhər gecə daşından,
   
   Olsun səhər kimi üzünüz aydın.
   
   Aydınlığa çıxın bu səhər kimi,
   
   Bu səhər də gəldi, gözünüz aydın.
   
   Adəti üzrə qara önlüyünü belinə bağladı, odun sobasına yaxınlaşıb, axşamdan etdiyi çıtıqları sobanın içinə səliqə ilə yığıb, alışdırdı. Sobanın altına yığılmış palıd yarmaçalarını odun üstündən yığıb, çölə çıxdı. Hava yavaş-yavaş işıqlanırdı. Baharın sərin mehi, quşların cəh-cəh səsləri könlünü riqqətə gətirdi. Qapını açanda sübhün ətirli, xoş nəfəsi ağ camalına, lalə yanağına sığal çəkdi. Səhərin ətir dolu havasını sinəsinə çəkərək, yenə də əllərini uca göylərə qaldıraraq "Sübhan Allah, Sübhan Allah" kəlmələrini bir daha pıçıldamağa başladı...
   
   Nəğmə dedi quşların,
   
   Dilləri- Sübhab Allah.
   
   Açıldı könüllərin,
   
   Gülləri, Sübhan Allah.
   
   
   
   Ürəyi quş eylədik,
   
   Hər dərdə tuş eylədik.
   
   Mey bilib, nuş eylədik,
   
   Qəhəri, Sübhan Allah.
   
   
   
   Yola saldıq köçəni,
   
   Unutmadıq keçəni.
   
   Yaşadıq bu gecəmi,
   
   Səhəri- Sübhan Allah.
   
   - Fidə olum sənə, ilahi, səni tanımayana lənət. Min şükür sənə, nə gözəl gəlib ilimiz,- deyib uzun saplı çalğısını əlinə alıb həyət-bacanı süpürməyə başladı...
   
   Mövlud gecəsi
   
   Könlünü sidq ilə bağladığı Hacı Mahmud əfəndinin müridlərindən idi. Hürmələk nənə. Ömrünün tacı, ruhunun şahıydı Pir həzrətlərinin qəzəlləri, Sufi meyxanaları, mövludlarda oxunan ilahi nəğmələr. O hər dəfə bu ilahi nəğmələrin qanadlarında səmalara ucalar, Tanrı dərgahına qovuşar, bir az da paklaşar, bir az da durulardı. Adəti üzrə yenə də yaşadığı Yuxarı Salahlı kəndindən payi-piyada İncəliyə tərəf uçunurdu. Yenə də Hacı Mahmud əfəndinin nur camalını görməyə, könlünü işıqla doldurmağa, ruhunu uca göylərə pərvazlandırmağa tələsirdi.
   
   İncə Dərəsinə uzanan dolama yollar, ağ, şümşad qollar kimi gah sağa-sola açılıb baharın al-əlvan donunu geymiş yumru təpələri qucaqlayır, gah da çarpazlanıb qoşalaşır, həsrətli sevdalılar kimi yenidən bir -birinə qovuşurdular...
   
   Təpələrin yarğan yerlərində yuvalar salmış bəzəkli "qizdar quşları"(İncəlilər bu bəzəkli quşları belə adlandırırlar) özunəməxsus səslər çıxarıb Hürmələk nənənin başı üzərində süzürdülər. Bir-birinə bənzəməyən dərələr, təpələr min rəngli xalı kimi göz oxşayır, vızıldaşan böcəklər çiçəkdən-çiçəyə qonur, rəngbərəng kəpənəklər əlvan ləçəklər kimi sağa-sola uçuşurdular.
   
   Baharın bu gözoxşayan mənzərəsinə heyran qalmış yolçu adəti üzrə yolun kənarındakı balaca, yastı təpənin üstünə qalxıb, əlindəki bağlamadan canamazını çıxararaq göy çəmənin üstünə sərdi. İlkindi namazını qılıb, yenə yoluna davam etdi.
   
    ***
   
   Hacı Mahmud əfəndigilə qalxan yolun girişində dayandı. Nəfəsini dərib dizlərini yerə söykədi. Yolun kənarına qoyulmuş daşı bir neçə dəfə opüb, üzü yuxarı qalıxmağa başladı.
   
   Hacı Mahmud əfəndinin hundür təpənin ətəyində yerləşən evi qonaqsız-qərəvəsiz olmazdı heç vaxt. Təriqətcə Nəqşibəndi olub, Murşidi kamili Mir Hımzə Seyid Nigari Həzrətlərindən dərs almış,Sufi təriqətinin Nəqşibəndi silsiləsində altun silsilənin 33 şeyxi olan bu övlüyanın ocağına qərb bölgəsinin hər yerindən ziyarətə gələnlər, bu ocaqdan nur payı götürüb, könül ucalığı ilə, boyük ümidlər, uca amallarla geri dönərdilər. Bu mövlanə insana murid olmaq, onun yanında qalıb dərs almaq istəyində bulunanlar da ümidsiz qayıtmazlarmış bu ulu dərgahdan. Ruhunu gen səmalara uçurmağı bacaran neçə-neçə seçilmiş, kərəmətli müridləri varıydı bu Mürşidi - kamilin.
   
   Bu gün bu müqəddəs məkanda mövlüd gecəsi keçiriləcəkdi. Ona görə də uzaq Qarabağ ellərindən, Aran, Dağ Borcalıdan, ətraf bölgələrin hər tərəfindən Hacı Mahmud Əfəndi işığına pərvazlanan eşq aşiqlərinin, Allah qullarının hamısı pir, ocaq bildikləri bu məkana toplaşmışdılar.
   
   Mənzilə yetişən Hurmələk nənəni bura yığışanların demək olar ki, hamısı tanıyırdı. Onu ehtiramla qarşılayıb, qadın müridlərin yanına ötürdülər...
   
   Qaranlıq düşmüş, gündüzün hayı-harayı səngimiş, səslər, nəfəslər evlərinə daşınmışdı. Hər tərəfə sakitlik, sukut hakim kəsilmiş, yer ilə göy arasındakı qara nəfəslər aranıb, daranmış, gecənin ortasında bərq vüran ay, nurlu camalıyla gül-çıçəyə qərq olmuş İncə dərəsini bir Cənnət yaraşığına qərq etmişdi. Hacı Mahmud Əfəndinin qonaq otağı sayılan geniş, hündür odası bu gecə Allah nuruna qovuşmağa gəlmiş Mürşıdi - kamillər, eşq divanələri, kəramətli müridlər, "dəli" dərvişlərlə daha da müqəddəs bir görkəm almışdı. Odanın ortasında qoyulmuş, nəhəng daş sütunlar, iri çilçıraqlar, çilçıraqlarda yanan şam şölələri bu Nəqşibəndi ocağının əzəmətini bir az da artırırdı.
   
   Otaq boyu dövrələmə taxtlar düzülmüş, üstünə əlvan xalılar döşənmişdi. Baş tərəfdə qoyulmuş taxt fərqli olaraq bir az hündur idi. Bu taxtın artasında ədəblə bardaş qurub oturmuş Hacı Mahmud Əfəndinin sağ tərəfində əslən Qarabağlı olan, ən sevimli muridi, məzhəbcə şiyə olan Seyid Yasin əfəndi, sol tərəfində isə məzhəbcə süni olan, Amasiyada Seyid Həmzə Nigari həzrətlərindən birgə dərs aldığı təriqət dostu, dağ borçalının İlməzli obasından olan Hacı Mustafa Əfəndi əyləşmişdi. Hər üç övliya xocanın camalından süzülən nur, məclisdə əyləşənlərin könül dünyasında şövqlə cilvələnirdi...
   
   Boyca daha uca olan Hacı Mahmud Əfəndi, başına doladığı yaşıl əmmaməsi, gözəl camalına xüsusi yaraşıq verən ağ saqqalı, qara qaşları, işıqlı gözləriylə xüsusi olaraq fərqlənirdi. Tünd, boz rəngli cuxası, boynuna doladığı al lalə rəngli şarfı, əlində çevirdiyi uzun, iri təsbehi onun görkəmini bir azda gözəlləşdirirdi.
   
   Məclisin sağ hissəsində qatarla oturmuş müridlər, dərvişlər, Arifi-kamillər, kəramətli təriqət sahibləri əyləşmişdilər. Allah eşqiylə göylərə bülənd olmağa tələsən bu aşiqlər işığa dönmüş ruhlarına qoşulmağa tələsirdilər sanki. Onların bir neçəsinin əlində, yanları bəzəkli qotazlar, rəngbərəng muncuqlarla bəzədilmiş dördkünc dəmir tənəkə qutular var idi, hansı ki, avazı tutmaq uçün bu qutuları musiqi alət kimi istifadə edərək oxuduqları ilahi nəğmələrin ritminə uyğun barmaqlarının ucu ilə səsləndirirdilər.
   
   Məclisin sol tərəfində isə demək olar ki, tamamən oxşar, qara geyimlər geymiş qadın müridlər, allah işığına qovuşmaq üçün alışıb-yanan eşq pərvanələri əyləşmişdilər. Onların məxsusi geyimləri vicudlarını tamamilə örtur, qara, uzun qollu koftalarının qolları əllərinin üstünüdə bağlayırdı. Başlarına bağladıqları qara, saçaqlı şalın alın tərəfini kələğayı ilə çəkib, ağızlarını yamşaqla bağlamışdılar. Bu məkanda qadın, kişi, ins-cins məsələsi olmur, hamı bir canda döyünən işiqlı ruha çevrilərək, ancaq Allahı zikr edir, ona qovuşmağa san atırlar. Bizim təsvir etdiyimiz bu məclisi əslində cənnət mənzərəsinin təcəssümü hesab etmək olar. Cənnətdə olan bütün ruhlar, istər qadın, istər kişi, Adəm babamızın, Həvva nənəmizin ruhlarına qovuşur, bacı-qardaş olurlar...
   
   (ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV