Teletorba

İRADƏ İSHAQ
28411 | 2009-09-19 01:05
Mətanət "Xəbərlər departamenti"nin zappazurupundan təzə canını qurtarmışdı. Hər dəfə bu dəlixanadan rahatca üzülüşməyini yada salanda osmanlı türkləri sayağı bir "of bə, dünya varmış" deyirdi. Əslində, televiziyanın gözü idi informasiya departamenti. Bura düşmək o qədər də asan deyil, amma nə isə Allahın qisməti, zor-güc işləyə bildi. Və bir müddət sonra da bu dəlixanadan və şeytan yuvasından canını zorla qurtardı. Yəni buranı bir tapanda sevindi, bir də itirəndə. Hər addımbaşı intriqa. Bufetdə əlini eyni tikəyə uzadan "brat"ların ayağa duran kimi bir-birinin evini yıxmaq üçün baş redaktorun otağına dəfələrlə girdiyinin və oradan şeytan gülüşü ilə çıxmasının dəfələrlə şahidi olmuşdu. Hələ ağız-ağıza öpüşən bacılıqların bir-birinin ardından çıxardığı hoqqalarını heç yadına da salmaq istəmirdi. Aparıcıların bir-biri haqqında elədikləri qeybətin sayını çiyinlərindəki mələklər də itirmişdi yəqin.
   
   Görəsən niyə belədir, bu departament hiyləgərlər yetirir, burada davam gətirməli insan ya bu selə qarışmalı, ya da buradan əlimyandı uzaqlaşmalı idi onun kimi. Ay Allah, hara çıxıb gedəsən?! Üstəlik, bazar günü belə saat 5-ə kimi işləməkdən, "letuchka"da tədbir davasına çıxmaqdan, baş redaktorun (özünün də yox ha), hətta, müavininin qılığına girərək tədbirlərə salınmasından bezmişdi. Bəzən hətta axşam saat 7-də getdiyi, əzab-əziyyətlə "Axşam xəbərləri"nə çatdırdığı tədbirin süjeti ya verilmirdi, ya da nemoy verilirdi (yəni süjet yox, aparıcının oxuduğu görüntülü xəbər). Belə ona görə edilirdi ki, baş direktor yalnız "Ana xəbərlər"i izləyirdi. Bu buraxılışda süjeti gedən redaktor haqqında o, düşünürdü ki, bu müxbir işləyəndir, materialı getməyənin əsgisi yavaş-yavaş göyərirdi. Baş direktorun bu şakərini hamı bilirdi.
   
   Əgər müavinin xətrinə dəymişdinsə cəza olaraq mətni yenidən işləməli "axşam 11 xəbələri"nə saxlamalı idin. Deməli, evə gecə saat 12-nin yarısından tez çata bilməzdin. O başdan saat 9-da da işdə olmalı idin. Bu da olurdu müavinin intiqamı. Və sən bir də qələt edərdin bu müavinin başına dönməsə idin. Daşın haradan dəydiyindən xəbərdarsan axı!
   
   O güman edirdi ki, televiziyada təkcə "Xəbərlər"də var bu dəlixana rejimi. Amma unutmuşdu ki, maksimum anlamda bura Azərbaycandır, minimum halda bura elə həmin CTV idi.
   
   Yeni departamenti "Gün bu gün" olacaqdı. Özü baş direktordan istəmişdi buranı. Veriliş gündəlik də olsa düşünürdü ki, heç olmasa ovqat açan bir-iki şey hazırlayıb balalarının da üzünü güldürər. Axı, o ana idi?! Nə qədər gedib iki balasını gecəyarısı ancaq qoxlamağa zamanı yetəcəkdi. Qazandığı heç nəyə çatmasa da, heç olmasa qulağı dinc olardı və körpələrinə vaxt ayıra bilərdi.
   
   Sözümdən elə bilməyin ki, Mətanət işləməyin dərdini çəkir. Əslində, o işləmək üçün əldən-ayaqdan gedirdi, amma bir bədbəxtliyi vardı, həssas idi. Bir söz yetərdi ki, onu həvəsdən salsın, dünyadan küsdürsün, bir tək haqsız danlaq desək daha doğru olar. Bu gün birinci gün idi ki, "Gün bu gün"ün redaksiyasına girib ab-havası ilə tanış olacaqdı. Tanış olacaqdı deyəndə ki, işçilərin əksəriyyətini o, bufetdən tanıyırdı. Əsl tanışlıq məkanıdır bufet. Yemək elə bir şeydir ki, insanları birləşdirir. Qəfildən ağlına bir fikir gəldi: "Qida şirkətləri reklamlarında bu sözdən istifadə etsələr daha uğurlu alınar. Amma xaricdəkilər. Bizim şirkətlər reklama bir qəpik belə xərcləmirlər onsuz da, xərcləsələr də fuflo bir şey alınır".
   
   Bundan başqa, telemühit də ona çox doğma idi. Bir tək sözdən departamentin mətbəxində nələr baş verdiyini anlayacaqdı. Amma içəri girən kimi gözünə yuxarıdakı şüar sataşdı. "Mənim üçün hər süjet bir zaçot, hər veriliş bir imtahandır". Qəribədir, şirkətdə baş direktora aid bu telefrazanı belə bəzəkli şəkildə birinci dəfə bu departamentdə görürdü. Belə qərara gəldi ki, kim daha çox qorxursa, onun asdığı plakat daha böyük olur. Şüardakı yazılar o qədər yekə, gonbul və qırmızı idi ki, hər baxanın gözünə girirdi. Altında müəllifin adı yazılmamışdı. İdeya daha maraqlı idi. Adın söz sahibinin öz kabinetindən baxan parlaq şəkli dururdu. Amma şəkildə nədənsə müəllif adamın gözünün içinə baxmırdı, fotonu danışan yerdə tutmuşdular. Sanki sözlər direktorun ağzından qapılıb bu dəqiqə dondurulmuşdu. Şəklin altında isə daim telefonla danışan müdirə xanım xalqına xidmət göstərirdi, yəni hansısa rəfiqəsi ilə çənə vururdu, daha doğrusu, öz uğurları ilə ona yandıq verirdi.
   
   Mətanət bunları qapının şüşəsindən görürdü. Amma yenə qapını tıqqıldatdı ki, bəlkə xanım xabi-qəflətdən ayıla. Müdirəni isə bu cür söhbətdən baş direktorun qəfil "oblava"sından başqa heç nə ayıra bilməzdi. Müdirə qulağında telefon ona baxıb "gözlə" işarəsini verdi. Gözlə nə gözlə! Müdirə xanımın telefon iclası 1 saata qədər çəkdi. Saat artıq 5-ə qalırdı. Bu arada onun digər işçiləri də qapıda gözləməyə məhkum idilər. Müdirə nə barədə danışırdısa bir adamı da otağa buraxmırdı. Hətta sadiq və köhnə işçiləri də Mətanətdən sonra növbəyə durmuşdu. Nəhayət, müdirə xanım, öz naqqallığından doyub işçisini səslədi. "Sakit, bala, gətir görüm planı".
   
   Mətanəti yada salan da olmadı. Həmişəki kimi insan haqları yenə pozuldu. Amma bu indi əhəmiyyətsiz bir pozuntu sayılır. Belələrinin saatlarla telefondan asılıb qalması ona müraciətə gəlmiş insanların haqqını pozmaqdır əslində. Amma Allah xatirinə pozulan haqların qarşısında bu elə primitiv nümunədir ki, insanlar artıq bu haqda danışmağı kişilikdən bilmirlər. Bunu bilən Mətanət yaraşıqlı bir oğlan olan aparıcısı və müavini Sakitdən xahiş etdi ki, onun gözlədiyini də xanımın yadına salsın. Sakit həqiqətən yaxşı oğlan idi və gözü ilə ona "narahat olma" işarəsini bildirdi. Sakit içəri girməzdən 30 saniyə keçməmişdi ki, içərdə bir tufan qopdu. Müdirənin havalı səsi bütün mətrəbəni bürüdü.
   
   -Planı niyə hazır etməmisiniz, mən səhərdən burada sizin yerinizə işləyirəm, siz orada niyə yatmısınız? Bəs sabah mənim verilişimə kim gələcək, mən baş direktorun qabağında nə qədər sizi müdafiə edim? Nə qədər deyim ki, mənim işçilərim kütdür. Hər şeyi nə vaxta qədər mən eləməli olacağam, hə? Siz də Təzəgülün hesabına havayı maaş alacaqsınız?! Ortada qalanın biri idiniz, gəlib hesabıma adam oldunuz, indi də belə edirsiniz?!
   
   Mətanətə hər şey əyan oldu. Özünü şər-şəmətə "deva" ilə işləməyə hazırlamağa başladı. Növbə ona çatacaqdı. Otaqdan çıxıb qapını bağlayan kimi sağ əlinin şəhadət barmağını gicgahında buran Sakit donquldandı:
   
   -Mən bu başı xarabı başa sala bilmirəm ki, bizim gecikməyimizin səbəbi sənin saat 12-də işə gəlib, obed adı ilə gedib, gözəllik, idman salonlarını sürünüb, sonra da 1 saat telefonla danışmağın gecikdirib. Sonra da deyir siz işləmirsiniz. Saat 4-dən plan hazırdır, amma imkan vermir ki, içəri girib tez təsdiq etdirək, sonra cəhənnəm olaq xaraba qalmışımıza. Hələ deyir, planı dəyişin. Vasif Məhərrəmlini çıxarın. O, başqa kanalın səhər proqramında deyirdi ki, ən yaxşı səhər proqramı sizinkidir! Mən yazıq Vasifi bir müsibətlə razı salmışam. Deyir, efirə Röyanı çağırın. Başına at təpib elə bil! Bu vaxt Röya gələr? İndi Allah bilir o, hansı toya hazırlaşır. Bu qadın hər gün belə edir. Heç düzəlməyəcək. Nə isə, keçin xanım. Vulkan sizi gözləyir.
   
   Mətanət içəri girəndə gördüyü mənzərəyə inana bilmədi. 2 dəqiqə bundan qabaq çığırtısı mərtəbəni bürümüş və bu dəqiqə onun ürəyinin partlayacağından qorxan Mətanətin qarşısında sifətindən ustalıqla hazırlanmış təbəssüm tökülən bir telequrd oturmuşdu. Təzəgül xanım danışmağa imkan vermədi.
   
   -Buyurun oturun. Bizim proqramla yəqin ki, şirkətdə işlədiyiniz üçün tanışsınız. (Amma yalan olmasın Mətanət bu proqramın bir süjetinə də baxmamışdı. Dəli deyildi ki, bunu desin. Üstəlik, ölkədə ən reytinqsiz səhər proqramının baxmalı nəyi var idi ki?!) Sizin işiniz səhər ovqatlı süjetlər hazırlamaq olacaq. Təhsiliniz nədir?
   
   -Jurnalist!
   
   -Bəs magistratura?
   
   -O da Jurnalistika.
   
   Xanım yerində qurcalansa da üzündəki ifadəni dəyişmədi.
   
   -Bilirsiniz, əlimin altında neçə sizin kimi jurnalistlər yetişdirmişəm?! Məndən öyrənən və nankor olan nə qədər işçim olub?! Hamısına ana-bacı kimi diqqət göstərmişəm, məndən borca qədər alıblar, qaytarmayıblar, səsimi çıxarmamışam. İnanırsınız, işçilərim, necə tənbəl və savadsızdırlar. Nə qədər yol göstərirəm xeyri yoxdur. Bircə havayı maaş almağı bilirlər. Onların yerinə yalnız mən işləyirəm. Vallah, baş direktorun da yanında abrım əldən gedib.
   
   Müdirin təzə gələn işçiyə 5 dəqiqənin içərisində köhnə işçilərdən qeybət qırması Mətanətin xoşuna gəlmədi. Demək ki, mənim də aqibətim belə olacaq. Beləsinə havayı ev də tiksən üzünə tüpürər.
   
   Yox, belə taktiki düşünməyinə baxmayın. Mətanət çox oxuduğu üçün elmi şəkildə yalnız düşünə və yaza bilirdi. Danışmağa gələndə siyasi fəndlərin heç qırağından da tutmağı bacarmırdı. Müdirə isə doğrayıb tökürdü...
   
   -Hamı mənim savadımdan, iş bacarığımdan danışır. Hörmətli cənab, gözümüzün işığı, ata əvəzi baş direktorumuz deyir ki, Təzəgül, sən olmasan səhərlərimiz açılmaz. Deyirəm, çox sağ olun, Cənab Baş direktor! Amma icazə verin soruşum, mən olmasaydım səhər proqramınız olmayacaqdı ki?! Deyir olacaqdı. Amma bəs səhər-səhər belə vacib verilişi kim sənin kimi hazırlaya biləcəkdi?! Sən həqiqətən mənim təzə gülümsən, yəni şirkətin. Mən hörmətli cənab baş direktorumuzun bu sözlərini hər gün yada salıram. Ona görə də başımın üstünə vurmuşam. Həqiqətən, mənim üçün hər süjet bir zaçot, hər veriliş bir imtahandır.
   
   Mətanət arada bu tərif selində boğulurdusa da yalandan gülümsəməli olmuşdu. Qımışmağa və hər şey əladır deməyə öyrənmiş ziyalıları o, indi anlayırdı. Və başa düşdü ki, dəvənin noxtasını ulağın ayağına bağlayanda necə olur?! Bu əldəqayırma müdirənin əlində qalacaq.
   
   Vulkan xanım artıq dayanmaq bilmirdi, lava istiqamətini dəyişmişdi, ona xəyanət edənlərin adbaad siyahısı açıqlanırdı. Telefonlar zəng çalsa da coşan seli kim durdura bilər?! Bu arada qapıdan verilişin planına düzəlişlər etmiş və imzalatmaq üçün gözləyən Sakit göründü, əlindəki planı göstərsə də Müdirə xanımın halı o hal deyildi. O, təriflərin zirvəsindən Sakitə yalnız "gözlə" işarəsini verə bildi. Mətanət ha fırladırdı, Kür Xəzərə tökülmürdü.
   
   Nəhayət, xanım bir az yavaşıyıb soyumuş çaydan bir qurtum içən kimi Mətanət cəld tərpənib sabaha nə hazırlamalı olacağını soruşdu. Müdirə xanım öz qeydlərinə nəzər saldı. Sabah Sadıqcanla bağlı, Raciv Qandi və İbn Sina ilə bağlı süjetlər hazırlanmalıdır.
   
   Müdirə bu selin qarşısında davam gətirib xoş təbəssümünü saxlaya bildiyi üçün Mətanəti dinləməyə hazır idi.
   
   -Hazırlaya biləcəksən?
   
   Mətanət "bir az yaltaqlanmaqla heç nə olmaz" deyə düşündü.
   
   -Təzəgül xanım, hiss edirəm ki, bu işi dərindən bilirsiniz, peşəkarsınız?! Bəlkə qısa izah edəsiniz ki, nədən başlamalıyam?!
   
   Müdirə xanım peşəkar bir əda ilə bayaqdan bəri qarşısına qoyduğu güzgüyə baxıb saçlarını düzəltdi. Zarafat deyil, mimikanı düzgün saxlamaqda güzgü ona illərdir xidmət edirdi.
   
   -Əşi, heç nə. Sadıqcanın köhnə muğam görüntülərindən bir şey tap, böyür başını düzəlt. Raciv Qandinin filmlərindən istifadə et, daha Hindistanlıdan nə olacaq?! Ya oxuyacaq, ya da filmə çəkiləcək. Allaha şükür, videotekamız doludur, görüntülərimiz doludur. İbn Sinanın da şerlərini bir-iki aktyor tap oxutdur.
   
   Mətanət əvvəl elə bildi ki, müdirə onun biliyini yoxlamaq üçün belə danışır, ürəkləndi, "indi özümü sənə göstərərəm" deyə nitqə başladı.
   
   -Təzəgül xanım, nə danışırsınız? Axı, nə Sadıqcan xanəndədir, nə Raciv Qandi aktyordur, nə İbn Sina şairdir. Yəqin zarafat edirsiniz?!
   
   Təzəgülü amansız yerindən vurmuşdular, onun min bir əziyyətlə gizlətməyə çalışdığı savadsızlığı dəhşətli şəkildə üzə çıxmışdı, özü də kim-kim, yeni işçi tərəfindən. O biri işçilər onun qanmazlığına bələd idilər! Amma onların gözünü elə qorxutmuşdu ki, biri də qımıldana bilməzdi. Bu təzəni isə yontalamağa hələ vardı.
   
   Təzəgül özünü o yerə qoymadı. Yalnız dünyada ən gözəl şəkildə bacardığı işin içindən məharətlə çıxa bilmək qabiliyyətini işə saldı, amma nə qədər etdisə pərtliyini gözlərinin dərinliyindən silə bilmədi.
   
   -Hə, əlbəttə, səni sınayıram, daha neynim? Mən bu metoddan həmişə istifadə edirəm. Yaxşı get, öz bildiyin bir şeyi hazırla. Görək, nə bacarırsan!
   
   Mətanət otaqdan razı halda çıxdı. O, tələyə düşmədiyinə sevinirdi. Sevincək halda evə getmək üçün pilləkənlərə yaxınlaşdı. Ürəyində min bir arzular. Karyerasındakı uğurundan aldığı ləzzət nəyə desən dəyərdi.
   
   Qapıdan çıxanda Təzəgül xanımın Sakiti çağırdığını eşitdi. Sakitin gözləməkdən bozarmış və yorulmuş sifətini xatırlayaraq pilləkənlərdən enərək öz-özünə dedi:
   
   -Deyəsən, Təzəgül xanım haqlıdır. Bunların hamısı elə yalandan efiri yola verirlər. Eybi yox, mən sizə jurnalistikanı öyrədərəm.
   
   Hələ bir qürurlandı da. Amma Sakitin içəri girib nələr eşitdiyindən də xəbəri olmadı. Təzəgül isə fikirli halda plana qol çəkərək Sakitə dedi:
   
   -Sakit, bu qız yaman savadsızdır. İbn Sinaya şair, Ravic Qandiyə aktyor, Sadıqcana xanəndə deyir. Özü də yaman şər danışan adama oxşayır. Gör neynirsən! Üz verməyin çox burada qalsın. Bir-iki dəfə baş direktora işçilərin onun savadsızlığından əsəbiləşdiyi barədə şikayət eləyin, bəsdir. Özün eləmə, tapşır işçilər yola getməsinlər.
   
   Sonra xanım üzünü güzgüsünə çevirdi və bu gün dartdırdığı qartımış sifətindəki əzələləri oynatmaq üçün gülümsədi və öz-özünə düşündü ki, deyəsən yaman tez-tez gülümsəməli olur. "Bir xeyri də yoxdur, havayı gözümün kənarlarına qırışlar salır. Deyəsən, elə çox tanınmış adamların da göz ətrafına qırışlar buna görə tez düşür. Fikir vermişəm hamısında belədir. Saçları gec ağarır, amma gözlərini ətrafı tez qırışır". Və güzgüdə özünə bir göz vuraraq yavaşca pıçıldadı:
   
   -Neyləmək olar, bizim də çörəyimiz bundan çıxır!
   
   Elə güzgüyə baxa-baxa də öz-özünə cavanlıq dövründən tək bir misrasını xatırladığı məşhur bir mahnını mızıldadı:
   
   Moi qoda mayo boqatstva.

TƏQVİM / ARXİV