Dindarlarımızı niyə sevmirik?!

İRADƏ İSHAQ
18853 | 2010-10-23 05:38
Bu həqiqətən belədir. Bir az səmimi olaq. Kim mənə elə bir dinlə məşğul olan xadim, yəni molla, axund göstərə bilər ki, simasında nur olsun? Məhz ona baxıb insanlar dinə gəlsin. Ən azından dinə rəğbət yaransın.
   
   Mən beləsini hələ görməmişəm. Amma şükür ki, Tanrı məni o qədər cahil yaratmayıb ki, kiminsə xarici görünüşünə görə əqidəmi dəyişim. Mən dinimizi olduqca sevir və əməl etməyə çalışıram.
   
   Düşünürəm ki, gör peyğəmbərimiz Məhəmməd Səlavətullah nə qədər nurlu, işıqlı simaya malik olub ki, insanlar ona baxıb dinə gəliblər. Ən azı səsində bir həlimlik duyulub, yəqin ki. Əks halda nümunə ola bilməsə idi, kainata səs salacaq bəşəri bir çevriliş edə bilməzdi. Çünki bunun üçün əməlində gerçək mənada insanlara nümunə olmaq lazımdır.
   
   İnsanın siması onun keçdiyi həyat yolunu və ömür boyu etdiklərini, etmək istədiklərini və etməyə qadir olduqlarını ifadə edə biləcək qədər təmizdir. Əgər bir az diqqətli olsanız bunu hiss etmək mümkündür. Məsələn, savadlı bir insan nə qədər çirkin olsa da, simasında bir həlimlik duyulur. Çünki onun bildikləri, inandıqları, gördükləri və edəcəkləri bura həkk olunub.
   
   Bəs, o zaman niyə din xadimlərimizin üzündən Allah bu nuru yoxa çəkib? Bəs onlar Allahın xidmətində deyillərmi? Başlarına fəs qoyub yaxalarından kir axan bu şəxslər təkcə Allahın yox, bəndələrinin də xidmətində durduqlarını bilmirlərmi? Üstəlik, hələ bəziləri bu müqəddəs işə görə maaş da alırlar.
   
   Onların vəzifəsi təkcə namaz qılıb özlərini Allahın və insanların yanında xoş etmək deyil. Həm də insanları islama gətirməkdə, dini yaymaqda, təbliğ etməkdə, sevdirməkdədir.
   
   Mənə maraqlıdır, görəsən cəmiyyətin bu zümrəsi inkişaf etməyə çalışırmı? Mərhumlarına Quran oxutmağa gələnlərin dualarından başqa ayrı yeni, ən azından öz ixtisaslarına uyğun kitablar oxuyurlarmı, öz üzərlərində çalışırlarmı? Çox xahiş edərdim Türkiyədən gələn dindarları göz önünə gətirəsiniz? Bəlkə də onların çoxu məhz öz xarici görünüşlərinə görə burada tərəfdarlar yığırlar? Xristianların bəyənmədiyimiz kilsələrindəki qara paltarlı, uzun donlu din xadimləri sanki nurun əhatəsində gəzirlər. Hər şey o qədər təmiz və işıqlıdır ki, elə bil aydınlıq içindəsən.
   
   Bizim kirli məscidlərimizdə, xüsusən, qadınlara verilən baş yaylığından gələn qoxu adamın ödünü ağzına gətirir. Hələ burada oturan işsiz-gücsüz bəzi qadınlar Allahın evində boş oturmaq bir yana qeybət qırmaqdan da çəkinmirlər.
   
   Dinin də əsas müddəalarından biri "təmizlik imandandır" kəlamıdır.
   
   Peyğəmbərimiz bütün islam əhlinə həftədə ən az bir dəfə məscidə getməyi tövsiyə edir. Amma mən nədənsə bizim məscidlərə getməyi o qədər də can atmıram. Çünki burada nələrlə rastlaşacağımı bilirəm. Buradakı zümrəyə baxanda özümü Əfqanıstnadaymışam kimi hiss edirəm. Hər tərəfdə natəmizlik və bir ziyasızlıq duyulur, cahilliyin üfunətli nəfəsi insanın ruhunu qarsır, canım sıxılır. Xüsusi tipajların hamısı bura yığılıb. Dindən, gözəl fikirlərdən, müqəddəslikdən bir əlamət də yoxdur. Əvəzində xürafatın, tənbəlliyin zəhərli mənzərəsi ilə rastlaşırsan.
   
   Bəlkə də sözlərimi çoxları qəbul etməyib anti və kəskin mövqe nümayiş etdirə bilərlər. Amma inanmıram ki, mənimlə razılaşmaq belə çətin olsun. Çünki arqumentlərinin güclü olacağına inanmıram. Məhz belə dindarlarımıza baxıb gənc və hələ formalaşmamış beyinlər dinə gəlmir, yaşlı insanlar onlardan bəzilərinin heç köynəklərini yumadığını bəhanə edib keçmiş ateistik, nostalji hisslərinə qapanır.
   
   Görəsən, bu şəxslər düşünürmü ki, onlar həm də nümunədirlər? Onlara baxıb din haqqında müxtəlif neqativ yönlü fikirlərə düşə bilərlər. Yoxsa elə günlərini keçirmək, başqa bir işlə məşğul ola bilmədikləri üçün burda çalışırlar.
   
   Amma, bəs Tanrı nə deyib? Tanrı o şəxsləri daha çox cəzalandıracağını vəd edir. Bilə-bilə Allah adından istifadə edərək pulla quran oxuyanlar, pulla Quran satanlar, Quranın üstündə Mir Möhsün ağanın, müxtəlif seyidlərin şəklini xırd edənlər, pulla yas yerinə gedənlər, hətta pulsuz yerdən boyun qaçıranlar, məsciddə Quranla fala baxanlar düşünürlərmi (oxusalar da) ki, Allah o biri dünyada onlara nələr hazırlayıb?
   
   İnsan övladı heç vaxt başına gələcəkləri bilmədən gələcəkdə xoşbəxt olmaq arzusu ilə yaşayır. Amma gələcəkdə xoşbəxt olmaq üçün bu gündən azuqə yığmalıyıq. İşlərimizi bu gündən sahmana salmalıyıq.
   
   Allaha inanmırıqsa, bunu səmimi etiraf etməliyik. Etməsək, bax beləcə öz əməllərimizlə, nə geyinməyimizdən, harada çalışmağımızdan asılı olmayaraq, daha ifşaedici şəkildə sübut edəcəyik ki, biz Allaha inanmırıq. Yəni mərhum Səməd Mənsur demişkən "hepsi rəngidir"!!!

TƏQVİM / ARXİV