"Kizilər ağıllı qadınları xozlamırlar"

İRADƏ İSHAQ
23572 | 2010-10-02 04:06
Harada, hansı ölkədə olmasından asılı olmayaraq insanların həyatında televiziyaların çox böyük rolu olur. Bu mənada Azərbaycan televiziyaları da hər birimizin həyatına təsirsiz ötüşmür. Göydə ulduz axtarırmış kimi səni çəkən verilişə hədsiz maraqla baxırsan. Bəzən elə olur ki, həm veriliş, həm də aparıcı sənin istədiklərinə cavab verir. Nə yaxşı ki, az da olsa, bu tipli verilişlər tapmaq və ona baxmaq da olur. "Ölümündən 24 əvvəl" verilişi və onun aparıcısı İradə İsaq barəsində bunu qeyd etməsək ədalətsizlik olar. Həyatı şaiyə və müəmmalarla zəngin olan mərhum tanınmışlar haqqında hazırladığı verilişlər tamaşaçıların maraqla izlədiyi proqramlardır. Onunla müsahibəmiz də təsadüfi deyil.
   
   - Adətən qələmi ilə seçilən jurnalistlər hansısa televiziyaya üz tutanda öz layihələri ilə çıxış edirlər. Amma siz ANS-də yayımlanan "Ölümündən 24 saat əvvəl" verilişini davam etdirdiniz. Bu nə ilə bağlıdır?
   
   - Mən ANS-ə gələndə belə layihələr çox idi. Bu layihəni davam etdirmək təklifini Mirşahin Ağayevdən alanda bir qədər tərəddüd etdim. Reytinq cədvəlinə baxanda da çox aşağı olduğunu gördüm. O, mənə bildirdi ki, bu tipli maraqlı layihələr müəllifdən yüksək intellektuallıq tələb edir. Deməli, məndən yüksək intellektuallıqla yanaşı, həm də verilişin reytinqini yüksəltmək tələb olunurdu. Həmin layihənin İngiltərə və Rusiyada variantları var və o ölkələrdə çox maraqla qarşılanır, reytinqi yüksək olur. İngilislər deyir ki, əgər ağıllısansa, mənə pullarını göstər. Bizdə də belədir. Əgər verilişin yaxşıdırsa onda pullarını göstər. Doğrudur, bizdə hər zaman reytinq yaxşı verilişlərin göstəricisi olmur. Buna baxmayaraq bu tipli layihələr içərisində "Ölümündən 24 saat əvvəl" verilişi ən yüksək göstəriciyə malikdir.
   
   - Sizdən əvvəl və sizdən sonra bu layihədə nə dəyişib?
   
   - Məndən əvvəl layihədə işlənmiş verilişlərin üzərindən xəttə çəkməyi və həmin insanların həyatını yenidən və başqa bir formatda işləmək tapşırıldı. Mənim hazırladığım verilişləri belə bir formatda işləyəcəyimi hətta onların özləri də gözləmirdilər. Mənə adlar deyilmirdi, seçimim də sərbəst idi. Ziya Bünyadov, Rübabə Muradova və digərləri əvvəl bəyənilməmişdi, amma mənim hazırladığım yeni versiyalarla böyük nəticələr əldə etdim. Məndən gözlənilən nəticəni doğrultdum.
   
   - ANS rəhbərliyində reytinqi aşağı olan bir verilişin tamaşaçı auditoriyasını genişləndirmək üçün onu sizə həvalə etməsi inamı haradan idi?
   
   - Bunu dəqiq bilmirəm. Yəqin ki, o, Mirşahin müəllimin professionallığından irəli gəlir. O mənimlə ilk söhbətdən bu verilişi mənə həvalə etməyi qərarlaşdırmışdı. Mənə elə gəlir ki, yanılmayıb da. Mən jurnalistikaya təsadüfən gəlib düşməmişəm. Amma insanlar var ki, təsadüfən, kiminsə təkanı ilə bu sənətə gəlib çıxır. Şair, jurnalist və ümumiyyətlə, istənilən bir sahədə çalışan onun yaradıcısı olaraq doğulmalıdır. Hesab edirəm ki, mən də jurnalist olmamışam, doğulmuşam. Tələbəlik illərində də mən müəllimlərimin yaddaşında jurnalist olaraq qalmışam. Bu sevgi və inam da məni bu layihəni işləməyə vadar etdi. İnanırdım ki, mənə göstərilən etimadı doğruldacam.
   
   - "Ölümündən 24 saat əvvəl" adı bir çox suallar doğurur...
   
   - Bu şərti və qeyri-adi maraqlı addır. Eyni zamanda da istənilən maraqlı bir şəxsiyyətin ömür yolunun sonu deməkdir. İnsanların heç ağlına da gəlməzdi ki, bu parlayan insanların necə faciəli aqibətləri olub. Həqiqətən də Avropada bu layihənin yaradıcısı kimdirsə, o, çox gözəl fikirləşib. Mən də tanınmış şəxsiyyətlərin olduqca xoşbəxt, böyük uğurlara nail olmuş, karyeralarında yüksəlmiş olduqlarını düşünürdüm. Amma onların necə bir həyat yaşadıqlarını mən tamaşaçılara gözləmədikləri şəkildə çəkib göstərmişəm. Hamlet Qurbanovu, Ofeliya Aslanı, Nəcibə Məlikovanı, Vəfa Fətullayevanı və bir çoxlarının aqibətinin necə olduğunu bizim vasitəmizlə insanlar görüb. Mərhum prezident Əbülfəz Elçibəy haqqında hazırladığımız veriliş böyük rezonans doğurdu. Hər bir ölüm acıdır, amma Elçibəy özü də Peyğəmbər ömrü yaşadığını bildirmişdi. Çoxları kimi mənə də elə gəldi ki, o, çox az yaşadı. Bu verilişlərdə həm də onların həyatları haqqında yayılmış gizli şaiyələridə açıqlayıram.
   
   - Niyə məhz ANS-də hansısa verilişin müəllifi olaraq tanınmaq istədiniz?
   
   - Mən Az.TV və İTV-də çalışmışam. ANS-ə üz tutanda da məni çox yolumdan döndərmək istədilər. Bu televiziyada mənim inkişafım üçün bütün şəraitlər yaradılıb və məndən də qələbə gözlədiklərini bildiriblər. Bir iki verilişə baxdıqdan sonra mənim ssenarilərimə belə baxmadılar və tamamilə sərbəst buraxdılar. Məhz buna görə də mənə Çingiz Mustafayevin verilişi tapşırıldı. Düz 20 il idi ki, onun ölümü ilə bağlı faktlar, kadrlar ortaya çıxarılmırdı. Amma Vahid Naxış həmin kadrları mənə həvalə etdi və biz həmin verilişdə maraqlı məqamları ortaya çıxara bildik. Bəzi şəxsiyyətlərin ölümü ilə bağlı qaranlıq məqamlar, şübhələr yaşanırdı ki, onlara da bu layihədə aydınlıq gətirildi və gətiriləcək. Rəşid Behbudovla bağlı verilişdə açıqladığım faktlardan sonra tarixçi alim Yaqub Mahmudov keçirdiyi brifinqdə həmin məqamlara istinad etmişdi. Bu açıqlama böyük rezonans doğurmuşdu.
   
   - Qələminizə bələd olan şəxs olaraq mənim üçün maraqlıdır. Niyə, ilk addımdan ANS deyil, digər kanallar seçilib? Bu tərəddüdün səbəbi nə olub?
   
   - Baxmayaraq ki, mənim 30 yaşım var, amma jurnalist kimi iş təcrübəm çox azdır. Jurnalist kimi iş təcrübəmin 5 yaşı var. Çünki ailə qurduğum insan mənə icazə vermirdi. Buna görə də mən sevdiyim jurnalist peşəsindən uzaq düşmüşdüm. İş elə gətirdi ki, bütün baryerləri aşıb, işləmək istədiyimi ona bildirdim. Onda mənim üçün hansı televiziyada işləməyin də bir o qədər önəmi yox idi. Yalnız jurnalist olaraq işləmək istəyini reallaşdırmaq istəyirdim. Həmin vaxt Az.TV-də müsabiqə keçirilirdi. Mən də həmin müsabiqədə təsadüfən iştirak etdim. Gözləmədiyim halda 22 nəfər arasında seçilən tək şəxs oldum. Qulu Məhərrəmli məni "Səhər" proqramına götürdü və məndən yaxşı aparıcı olacağını bildirdi. Elə oldu ki, Qulu müəllimin rəhbərliyi altında fəaliyyətə başladım və çox şeylər öyrəndim. Sonra İTV-yə müsabiqə yolu ilə keçdim, amma ailə problemlərim olduğu üçün gedib işləyə bilmədim. İkinci dəfə bu televiziyaya üz tutanda İTV-nin rəhbəri İsmayil müəllim məni qəbul etdi. Buna baxmayaraq orada müəyyən səbəblər üzündən efirə çıxmasam da jurnalist kimi çalışdım. Sonra isə "Azərbaycanlılar" verilişinin 6 ay aparıcısı oldum. Həmin verilişdə fərqli bir addım atdım və Azərbaycanda yaşayan xarici vətəndaşlarla bağlı verilişlər də hazırladım. Rəhbərlik də bunu bəyənirdi.
   
   - Yeni mövsümə başlayırsınız, tamaşaçılar "Ölümündən 24 saat əvvəl"də daha hansı maraqlı faktların aşkarlandığını görəcək?
   
   - Tanınmış müğənni Nəzakət Məmmədova haqqında verilişi hazırlayıram. Bununla yeni fəaliyyətə başlayacam. Bilirsiniz ki, onunla bağlı dəhşətli bir şaiyə yayılmışdı. Onu bir diplomatın öldürdüyü barədə şaiyələr gəzirdi və hətta, həmin diplomatın ailəsi də bu məsələni onların üzərinə qoyacağımdan təşvişə düşmüşdü. Mövsümü başlayarkən mən Nəzakət xanım haqqında bütün qaranlıqları insanlara öz fikrimlə deyil, onun ailəsinin sözü ilə çatdıracam. 29 il onlar susublar, bütün olanları gizlədiblər. Bu çox maraqlı bir araşdırmadır. Yeri gəlmişkən onu da deyim ki, hər həftə araşdırma veriliş hazırlamaq böyük məsələdir. Ən azı bir veriliş üçün 5-6 adamla müsahibə aparmaq və ssenari ətrafında o insanların fikirlərini muncuq kimi düzmək asan deyil. Uzun müddət bu verilişin həm rejissoru, həm prodüsseri, həm də ssenari müəllifi olmağın da ayrı çətinlikləri var. Özümü təsdiq edəndən sonra mənə komanda verilib və onlar çox sağ olsunlar ki, bu verilişin uğurlu alınmasında kömək göstərirlər. Mən bu layihəni çox sevdiyimdən onun bütün çətinliklərinə də tab gətirirəm.
   
   - Yəqin ki, ANS-ə gələrkən öz layihənizi təqdim etmisiniz. Necə düşünürsünüz, öz layihəniz bu qədər uğur qazana bilərdimi?
   
   - Bu barədə nəsə demək, proqnoz vermək kimi başa düşülər. Amma bir şeyi deyim ki, mənim həyata keçirmək istədiyim layihənin də Azərbaycanda analoqu yoxdur. Çox səviyyəli bir layihədir. Sadəcə olaraq Mirşahin müəllim mənə dedi ki, sən bu layihəni yaxşı hazırlamısan, bunu qəbul edirəm, amma bir şərtlə, "Ölümündən 24 saat əvvəl" layihəsini dayandırmırıq. Mən də başa düşürəm ki, hər iki layihə böyük olduğundan onları paralel hazırlaya bilmərəm. Ünvanımıza gələn məktublardan da bu layihənin maraqla qarşılandığını və bağlanılmasının arzulanmadığını görürük. Deməli hələ ki, bu layihə insanları doydurmayıb və çalışacağıq ki, bu il də biz maraqlı insanları seçək. Hətta fikrimiz var ki, daha çox siyasətdə tanınmış insanlar barəsində veriliş hazırlayaq. Çox istərdim ki, bu məsələdə aidiyyatı olan insanlar bizdən qaçmasın, bizə yardımçı olsun.
   
   - Yaradıcı insanlar barəsində səsləndirilən fikirlər arasında "onlar üçün ailə ikincidir" əsas yer tutur. Həqiqətənmi bu yanaşma doğrudur? Yoxsa, ailəni ikinci plana keçirən səbəblər var?
   
   - Maraqlıdır ki, bu sahədə olanların taleyi bir-birinə oxşardır. Bunun da səbəbi var. Çünki bizim kişilərimizdə kompleks var və onlar açıq danışan, pul qazanan, hətta telefon zəngindən harada olduqlarını bilən qadınları xoşlamırlar. Onlar özləri idarə etməyi xoşlayırlar və ağıllı qadınları qəbul etmirlər. Bu bir qədər cəsarət məsələsidir. Mən də şəxsi həyatımı hissələrə ayırıb danışmaq istəməzdim. Ümumən götürdükdə məni də bu məsələdə bəxti gətirməmiş insan hesab etmək olar. Mənim bir oğlum var. Adı Yunisdir, 6 yaşındadır. Bu ildən məktəbə gedir. Böyüyəndə rejissor olmaq istəyir. Hazırda mən onu tək böyüdürəm. Bunun səbəbi haqqında bircə onu deyə bilərəm ki, ağıllı qadınların həyatı alınmır. Heç bir qadın tənha övlad böyütmək istəməz. Ən pis qadın bunu arzulamaz və heç bir xanım öz xoşbəxt yuvasını dağıtmaz. Əgər "kündə tutmur"sa onun üzərində özünü məhv etmək də düzgün deyil. Bir çox xanımlar deyir ki, sən yaxşı qadın olmamısan, dözməmisən. Axı dözməyin də bir həddi var və yüz şallağa dözsən də yüz birinciyə dözə bilməzsən. Valideyinlərim çox sağ olsunlar ki, bu məsələdə mənə dayaq oldular.
   
   - Valideyinlərin baxımından özünü xoşbəxt, bəxti gətirmiş sayırsanmı?
   
   - Məni dünyaya gətirən valideyinlərimdən çox razıyam. Onlar hər zaman-təhsil almağımdan tutmuş, həyatda özümü təsdiq edənə və hətta, bu günə kimi də mənə arxa dururlar. Çox vaxt atamı məşhur "Yarpaq tökümü" filmindəki Əlirza bəy obrazına bənzədirəm. Həqiqətən də əsərlərdə canlandırılan obrazlar elə-belə yaranmır. Onlar həyat təcrübəsindən götürülüblər. Mən də rüşvətə haram baxan bir insanın ailəsində dünyaya gəlmişəm. Özüm də dərs dediyim ali təhsil müəsisəsində tələbələrimi rüşvətə barışmaz olmağa çağırıram. Anam da hər bir işimdə yanımda olub. Əsas odur ki, onların ümidlərini doğruldan övlad olum. Onlar da yaxşı bir nəticə üçün əziyyət çəkdiklərini bilməlidirlər. Çox istərdim ki, bütün valideyinlər övladının müsbət gələcəyini görsünlər.
   
   - Həyatda valideyinlərinlə yanaşı, daha kimlərin dəstəyini görmüsünüz?
   
   - İnsanın fövqəl istedadı varsa və ona şərait yaradan, yol açan yoxdursa, o batıb gedəcək. İstedadlı insanın işi alınmırsa, o onu içəridən yeyir. Bunun üçün yol açan insanlar olmalıdır. Belə insanlardan biri mənim çox istədiyim və bundan sonra da ömrü boyu adını hörmətlə anacağım İradə Tuncaydır, akademik Vaqif Abbasovdur. Həmçinin də Qulu Məhərrəmli, Mirşahin Ağayev, Vahid Naxışdır. İradə Tuncay istedadımın məni məhv etdiyi vaxtlarda əlimdən tutub ayağa qaldırıb. Nə qədər ömrüm var o, mənim həyatımda məni ayağa qaldıran, mənə işləməkdə stimul verən şəxs olaraq qalacaq. Bizim tanışlığımızın qəribə tarixi var. Mən onun İnternet ünvanına tənqidi bir yazı yazmışdım. Mən tənqidi fikirlər səsləndirsəm belə fikirlərim xoşuna gəldiyindən məni görüşə dəvət etdi. Həmin görüşdə rəhbərlik etdiyi "Ədalət" qəzetinə yazılar verməyimi təklif etdi. Depressiyada olduğum bir ərəfədə bu qəzetə yazılar verdim. Yazılarıma görə xeyli sayda oxucu məktubları aldım. Heç gözləmədiyim bir təklif nəticəsində yazılarım sayəsində depressiyadan çıxdım. Üstəlik də maddi çətinlik çəkdiyim vaxtda gözləmədiyim halda mənə yazılarıma görə qonarar verdi. Bu mənim üçün çox böyük kömək oldu. Həmişə hər yerdə İradə Tuncayın mənim üçün çox əziz insanlardan biri olduğunu deyəcəm.

TƏQVİM / ARXİV