Xozbəxtliyin abortu

İRADƏ İSHAQ
18901 | 2010-10-16 06:27
Qız uşaqlarına nifrət bizdə haradan doğur? Niyə biz qız uşaqlarını sevmirik. Uşaqların abort edilməsi məsələsindən danışarkən mən məsələni məhz belə qoyardım. Fikir verirsinizsə, abort edilən uşaqların 90%-nin qızlar olduğu bildirilir. Bəs, bilirsinizmi ki, xüsusən 2004-cü ildən başlayaraq, doğulan uşaqların 70%-ni oğlanlar təşkil edir? Hətta iş o yerə çatıb ki, müəllimlər partada bir qız, bir oğlan şagirdi yanaşı əyləşdirməkdən əziyyət çəkirlər. Çünki qızların sayı hər 3 sıradan 3-cü partanı keçməyə çatmır. Sinifdəki 26 uşaqdan ən yaxşı halda yalnız 10, 11-i qız olur. Özü də bu əksər siniflərdə belədir. Sadəcə, diqqətlə müşahidə etmək lazımdır. Sizi abortların yorucu statistikası ilə bezdirmək də istəməzdim.
   
   Biz qız uşaqlarına nifrət edirik. Xahiş edirəm, heç kim yaxasını qırağa çəkməsin. Çünki mən indi sizə bəraət qazandıracağam. Qız uşağının min bir dərdi var. Razıyam!
   
   Onu indiki çətin zəmanədə qoruyub saxlamaq, oxutmaq, adət-ənənə, zurna-balabanla, yaxşı cehizlə, babat toyla, özü də yaxşı bir oğlana ərə vermək ağır bir yükdür. Üstəlik, bu qədər əziyyəti çəkəndən sonra bu qızın özgə çırağını yandırması bizi lap dilxor edir. Daha pis bir cəhət də var. Bu qız heç ərə getməyə də bilər. Simaca çirkin də ola bilər. Allah göstərməsin. Valideyn üçün də onun töhmətindən, gəlinin kinayəli sözlərindən, qızın özünün ahu-zarından daha betər heç nə ola bilməz.
   
   Müasir dövr isə daha bir bədbəxtlik gətirib. Bu qız boşanıb geriyə bir ikən, 2-3 nəfər olub gəlsə bu da bir dərddir. Adına söz çıxaracaqlar. Sənin verdiyin tərbiyədən şübhələnəcəklər. Sonra onun öz əxlaqından. İşdən bir az gec gəlsə adına söz çıxaracaqlar. Bir oğlanla görünsə artıq markası belində olacaq. Bir az ucadan gülsə, telefonla çox danışsa, gərək adam içinə çıxmayasan. Bizim müdrik valideynlərimiz qız övladı dünyaya gətirməzdən əvvəl təhtəlşüurumuza hopmuş, babalarımızın da milyon dəfə düşündüyü, bizə yadigar qoyduqları atalar sözləri-məsəldən istifadə edərək bu işdən elə anındaca əl üzürlər.
   
   Daha bir arqument var. Yaxşı kişinin birinci oğlu olar. Birinci övlad qız olsa cəhənnəm. Ev işinə-zada yarayar. Anasına, atasına yaşlılığında baxar deyə göz yummaq olar. Amma ikinci qız yaşamamalıdır. Onun yaşamağa hüququ yoxdur. İkinci qızı saxlayan bütün ata-analara mən xeyli rəhmli insanlar kimi baxıram indiki cəmiyyətimizdə. Çünki o, artıq yeyən ağızdır. Maddi çətinlikləri də nəzərə alsanız onlara haqq da verə bilərsiniz.
   
   Hələ dədə-babalarımızın vaxtında abort etmək üsulu olmayanda bir qadının 8 qızı olurdu. Hamı da kənddə ona nifrət edib, onu uğursuz, gülməli də olsa, bəzən sonsuz adlandırırdılar.
   
   Fikir vermişəm ki, ancaq qız övladı ilə kifayətlənən bütün kişilər olduqca mədəni, dünyaya müasir baxışla baxmağı bacaran insanlar olur. Təbii ki, söhbət könüllü bu arzuda olanlardan gedir. Daha bir övladı olmaq şansı olmayan şəxslər bu sıraya daxil deyil. Hərçənd ki, onlar özləri heç dəxli olmasa da, birinci sıraya özlərini fəxarətlə aid edirlər.
   
   Bizim üçün övlad yalnız oğlandır!!!
   
   Düzdür, bu bəla indi bütün dünyanı bürüyüb. Qız uşaqlarının abortu. Amma bizim ölkədə bu üsul həm də göydəndüşmə bir xoşbəxtlikdir. Çünki biz gerçəkdən qız sevmirik. Və hətta ümumiyyətlə qızı olmayan, 3-4 oğul analarına bəziləri həsrətlə baxır. Düşmənin çəpərinin güclü olmasını istəyirik. Yəni milli yox, şəxsi düşmənlərdən qorunmaq üçün təbii ki. Gözdağı vermək isə özü bir həzzdir.
   
   Yaxşı, bəs, oğlanın üstünlüyü nədədir?! Oğlan əvvəla, evə qazanc gətirir. İkinci ona çəkilən əziyyət itmir. Ata-ana yanında fəxrlə yaşayır, oğlumun yanındayıq deyə. Onların familiyasını, nəslinin izlərini özündə yaşadır. Lap, ən yalan əsas kimi, bərk yerindən tutsaq, vətənin keşiyində durmaq üçün bir neçə əsgər yetirir ailə.
   
   Vəssəlam. Bəs, oğulun mənfi cəhətləri hansılardır. Oğul valideynin gözünün işığıdır evlənən, gəlin evə ayaq basan ana kimi. Maraqlıdır ki, elə oğulun ən istənilən vaxtı da nişanlı çağlarıdır. İstənilən ata-ana oğlunun toy etməsi arzusu ilə yaşayır bizim ölkədə. Amma çox az oğul anası evə yenicə ayaq basmış gəlininə dözür! Görəsən niyə? Üstəlik, bu muştuluqla doğulmuş, bəh-bəhlə böyüdülmüş oğul bəzən sevimli valideynlərini çölə atan, onları evdən qovan canavara çevrilir.
   
   Subay olanda isə.. Ata-ananın bir yeri ağrıyanda bununla ən az maraqlanan şəxs evin oğlu olur. O gün-axşama telini darayıb, qızlara özünü göstərməkdən başqa bir şeyə yaramır. Sırf oğlu olan valideynlər belə yerdə ah-ufla deyirlər ki, kaş bir qızımız da olaydı. Belə vaxtda bir supumu bişirəydi, evimi yığışdıraydı, halıma yanaydı.
   
   Amma bir də təsəvvür etsək ki, qız övladı canıyanandır, daha cana yaxındır, gündüz-gecə valideynlərinin problemi ilə yaşayır. Üstəlik, onu başqa yöndə yetişdirsəniz, o təkcə doğub-törəmə mexanizminə çevrilməsə. 17 yaşından ərə verilməsə. Sərbəst böyüdülsə, yaxşı təhsil verilsə, karyera qazanma, iqtisadi azadlığın üstünlükləri başa salınsa, sərbəst seçim azadlığı verilsə, istədiyi oğlanı ağılla seçsə, ailəsi dağılsa belə əlindəki sənəti ilə övladlarını rahat böyütsə, heç kimə yük olmayıb öz balalarını sərbəst saxlasa, elə həmişə bir əli valideynlərinin üstündə olsa daha gözəl olmazmı. Bu qız onda yüz oğula dəyməzmi?
   
   Axı, Allah bütün yaratdıqlarının içərisində erkək cinsini ən soyuq, laqeyd varlıqlar kimi yaradıb. İstənilən, məsələdə onlar qadınlardan daha soyuqqanlıdırlar.
   
   Bu həqiqətləri də hamı bilir.
   
   Bəs, görəsən niyə valideynlər hələ də qız-oğlan dilemması qarşısında qalanda yenə də oğlana üstünlük verirlər.
   
   Məncə, bunun bir adı var. Qız uşağına nifrət bizdə irsi olduğu üçün tarixi kökləri var. O qədər təbii hissdir ki, gələcək yatırım məqsədləri üçün belə qızın ən doğru seçim olmasına məntiqin belə gücü yetmir.
   
   Deyirlər, həyatda bəzən nəyi və necə etdiyini insan bilmir. Əvvəl bu sözü məntiqin qulu olan biri kimi anlamazdım. Beyin hüceyrələrim bu kəlmələri qavraya bilməzdi. Elə indi də qavramıram, əslində.
   
   Amma ağlımın kəsməyib gözümün yediyi odur ki, insan öz xoşbəxtliyini necə abort edə bilər. Bax, beləcə sadəcə....

TƏQVİM / ARXİV