Dönərçi, yoxsa biabırçı tələbələr?...

İRADƏ İSHAQ
12619 | 2010-08-07 05:08
Təhsil hər kəsin hüququdur. Konstitutiyamızda yer alıb bu məsələ. Təhsil almaq qanuni hüquq olmaqdan başqa hər bir müasir insan üçün gərəkli, bir az prestijli məsələdir. Hətta ölkəmizdə təhsil alan insanın ailədə, yaxın ətrafı arasında xüsusi reputasiyası var. Mən bugünkü təhsilimizin vəziyyəti, keyfiyyəti barədə də hamıya məlum həqiqətləri ərz edib sizi yormaq istəməzdim. Məni təhsilimizdə daha ağrıdan bir məsələ özümüzə haqlı olaraq qardaş saysaq da, türkiyəli tələbələrin Azərbaycan təhsilindəki yeri, daha doğrusu boş yerə tələbə yerini məşğul etməsidir.
   
   Təbii ki, hər iki ölkə arasında məlum anlaşma vardır. Təhsilin hər iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək baxımından əvəzolunmaz addım saymaq olar. Amma gəlin, ölkəmizdə həmişə olduğu kimi rəng vermək xatirinə sayılan bu rəqəmlərin asılılığından qurtulaq. Bizim tələbələrimiz oraya necə qəbul olunur? Ağır test imtahanın sualları arasında süzülərək. Məsələn, siz Ankara Universitetinin "edebiyyat" bölümünə daxil olduğunuz balla rahat şəkildə Bakı Dövlət Universitetinin ən nüfuzlu fakültəsi sayılan hüquq fakültəsinə qəbul ola bilərsiniz, hətta prezident təqaüdü də ala bilərsiniz. Yəni imtahan şərtləri bu qədər ağır, Ankara Universitetini adi bölümünün tələbəsi adını almaq bu qədər çətin və şərəflidir.
   
   Bu haqda nəzərinizə APA informasiya agentliyində verilmiş adi bir informasiyanı çatdırmaq istəyirəm. "Təhsil sahəsində dövlətlərarası müqaviləyə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyənin Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) ilə birgə aprelin 25-də Türkiyə universitetlərində təhsil almaq istəyənlər üçün Bakı və Naxçıvan şəhərlərində qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu il Azərbaycan gənclərinə Türkiyənin nüfuzlu 12 universitetində təhsil almaq üçün 48 yer ayrılıb. Sənəd qəbulu aprelin 5-dən 17-dək Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Quba və Şirvan şəhərlərində təşkil olunmuş Sənəd Qəbulu Komissiyalarında (SQK) aparılıb. Türkiyədə ali təhsil almaq arzusunda olan 1636 abituriyent sənəd verib. Azərbaycan bölməsi üzrə abituriyentlərin sayı 1454, rus bölməsi üzrə 182 nəfərdir. Türk dilindən imtahan verən abituriyentlərə əlavə 60 dəqiqə vaxt ayrılır.
   
   Müsabiqə Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən aparılacaq. Nəticələr Türkiyə tərəfindən TQDK-ya göndərildikdən sonra qəbul olanların siyahısı KİV-də dərc ediləcək və TQDK-nın internet saytında yerləşdiriləcək. Müsabiqədən keçən abituriyentlər Türkiyədə bir tədris ili müddətində "Türkcə Öyrətim Mərkəzləri"ndə türk dili hazırlıq kursunu keçəcəklər. Əlavə olaraq türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar".
   
   Gəlin, bir də bizdəki faktlara nəzər salaq. Mən Bakı Dövlət Universitetində dərs deyirəm. Jurnalistika fakültəsində. Bu fakültəyə test yolu ilə daxil olmağın nə qədər çətin olduğunu, necə yüksək bal gərəkdiyini hər kəs bilir. Amma burada hər sinifdə siz həmişə 3-4 nəfərin arxada oturub, "hocalarına" xüsusi nəzakətlə baxan, bütün dərslərdə cavab verməkdən bacardıqca boyun qaçıran, hətta çox pis öyrəşdiklərindən onlardan dərs soruşulanda "hocalarına" o mülayim nəzərlərini dəyişərək təəccüblə baxan, çox aşağı qiymət veriləndə bu baxışların astaca nifrətə çevirən, saçı jeleli, Bakıya cinsin tələbənin həyatındakı rahatlıq modasını birdəfəlik həkk etdirənləri görərsiniz. Bu tələbələrin bəziləri guya "okul parasını" ödəmək üçün dönərxanalarda çalışdıqlarını söyləsələr də, qətiyyən inanmayın. Çünki bu türk tələbələrinin savad, ali təhsil almaq adında ən az belə istəkləri yoxdur. İşləmək sırf Bakıda boş qalmamaq və vətənlərinə dönməzdən öncə dönərçilik sənətinin sirlərinə yaxşıca bələd olmaq xarakteri daşıyır. Çünki orada usta yanında öyrənmək çox pul tələb edir. Təhsil alma adında isə onların qəti şəkildə hətta arzuları belə yoxdur. Tamam, oxuyub, oxumamaq hər tələbənin öz seçimidir. Amma bu bir neçə nəfər üçün keçərli ola bilər.
   
   Nəzərinizə məlum həqiqəti çatdırım ki, burada təhsil almaq üçün gələn tələbələr olduqca savadsızdır. Yəni normal test qaydası ilə hətta 50 balı belə doğru-düzgün yığmayan insanlardır. Bu faktları ona görə əminliklə qabardıram ki, bu tələbələrlə tez-tez ünsiyyətdə oluram. Və hər dəfə onlara baxdıqca Azərbaycan təhsili üçün xəcalət çəkirəm. Soruşa bilərsiniz niyə? Biz özümüzə bu qədərmi qiymət vermirik? Niyə xaricdən qəbul olunan tələblər üçün Azərbaycana keçid balları olduqca aşağıdır. Üstəlik, türk adı ilə təhsil alan tələbələrin çoxu kürdlərdir və dillərində danışdıqları türklərə kifayət qədər nifrət edirlər. Sizə bir olmuş əhvalatı danışmaq istəyirəm.
   
   Elə öz tələblərimizin də düşüncəsində universitetdə təhsil almağın prestijdən və gələcəkdə hansısa bir vəzifəyə düzəlməkdən başqa vasitə olmadığını etiraf etmək lazımdır. Vətənə biliklə xidmət etmək kimi sivil anlayışlardan təbii ki, söhbət belə gedə bilməz. Yəni təhsilə həvəs sıfırın altındadır. Amma ən azından onları universitetə girməklə bağlı özlərinin və valideynlərinin bu şöhrət azarları oxumağa vadar edib. Az-çox informasiyaya malikdirlər.
   
   Türkiyəli tələbələr isə dəhşətli vəziyyətdədir. Ona görə yox ki, bizim əksər insanların düşüncəsinə görə Türkiyədə təhsil metodu bizdən aşağı səviyyədədir. Sadəcə bizdəki türkiyəli tələbələri o zümrənin heç bir yerə qəbul olunmayan hissələridir.
   
   Guya bizim təhsilin belə üz qaraları yoxdur? Yalandan öyünməyək. Bu yaxında elə bizim ANS-in arxivində çalışan Pedaqoji Universitetin filologiya şöbəsinin məzununun yazıçı Anarı qəti şəkildə tanımaması faktı bu qızın həmin dəqiqə işdən azad olunmasına gətirib çıxardı. Yəni bizdə də kifayət qədər utandırıcı faktlar var. Amma sizə indicə danışacağım faciəli fakt isə 100 % gerçəkdir.
   
   Tələbələrimdən III kursda oxuyan Seyfi adlı birisini ayağa qaldırdım. Bütün auditoriya şokda idi. Bizim tələbələrdən tutmuş türklərə qədər. Onlar öyrəşiblər ki, heç bir müəllim auditoriyanın bu zümrəsindən dərs soruşmasın. Amma mən tilsimi qıraraq "Seyfi, səni eşidirəm" dedim. Seyfi təəccüb dolu baxışlarla mənə baxır. Dərs haqda məlumatı olmadığını anladım. Amma məni özümdən çıxaran başqa bir şey oldu. O, hətta dərsin adının nə olduğunu bilmir. Baxmayaraq ki, bir neçə nəfər dərs danışıb. Mən deyirəm "Hindistanda mətbuatın yaranması və inkişafı. Niyə öyrənməmisən?" Onun reaksiyası: "Hocam öyrənib də nə olacaqdı? Mən Hindistan kimi uzaq bir diyarın mətbuat tarixini bilmədən jurnalist olmayacaqmıyım?" Anladım. Bu türkiyəli tələbələrin sözləri deyil. Bizim tələbələrin məşhur frazasıdır. Mən ona dedim: "Bu, sizə dünyagörüşünüzü formalaşdırmaq üçün lazımdır". O: "İstəməz". Mən artıq emosiyalarımı saxlaya bilməyərək: "Niyə sizin kimi tələbələri bura göndərirlər? Belə tələbə Azərbaycan təhsilini təhqirdir. Tamam biz öz təhsilimizə hörmət etmirik. Bəs, Türkiyə belə tələbələrindən utanmırmı?" O: "Hocam, bir dərsi bilməməm mənim savadsız olduğum anlamına gəlməz. Mən qayət savadlıyam. Sadəcə dərsi bilmirəm. Mənə həqarət etməyin". Mən: "Yaxşı. O zaman sənə Hindistan haqqında bütün dünyaya məlum olan bir neçə sual verəcəm. Söz, cavab verə bilsən səni pis qiymətləndirməyəcəm. Bu dəfəlik keçərəm". O: "Olur". Mən: "İndira Qandi kimdir?". Bizim tələbələr yerdən cavab vermək istəyirlər. Seyfi gülür: "Biləmədim". Auditoriya şok keçirir. O: "Daha kolayını verin. Ben siyaseti sevmem". Mən: "Yaxşı. Rac Kapur kimdir?". Seyfi uzun-uzun, gözlərini qırpmadan mənə baxır: "Biləmədim, hocam". Mən: "Və sən deyirsən ki, mən sənə həqarət edirəm. Amma əslində indi sən bu görgüsüzlüyünlə bütün Türkiyəni və Azərbaycan təhsilini təhqir etdin. Səni kim keçirib burada təhsil almağa". O: "Sınavlar".
   
   Qeyd edim ki, Seyfi bu il jurnalistika fakültəsinin 4-cü kursuna keçdi.
   
   Belə, bu da bizim özümüzün-özümüzə verdiyimiz qiymət. Azərbaycanın beynəlxalq imicinə yavaşca vurulan arxadan zərbə. Hamının bildiyi, amma hamının nədənsə susduğu fakt.
   
   Sizə daha bir biabırçı faktı deyəcəm. Qulağınız gündə bir söz eşitməsə kar olmasın deyə. Heç kəsə gizli deyil ki, bura gələn türklər rus dilini bilmir. Amma nədənsə hətta rus sektorunda belə 3-4 saçı jeleli, dar cins şalvarlı türkiyəli tələbələ rast gəlmək olur. Özü də bu qrupda təhsil alan rus millətindən olan tələbələr ilə qəribə şəkildə də danışırlar. "Dərs olucaqmı?". Onlar: "Da, konecno". Türk tələbə: "Tamam hocaya dersin ki, ben gitmek zorunda kaldım". Rus qızı: "Ne ponyala". Türk tələbə əli ilə getmək işarəsini göstərir: "Ya, netu, netu".
   
   Bax belə. Bu da bizim türkiyəli tələbələrin təhsil məsələsi və bizim özümüzün təhsilimizə münasibətimiz, təhsilimizin bugünkü real vəziyyəti.
   
   Allah bizə daha səbir verməsin!

TƏQVİM / ARXİV