
Bəli, yeni tədris ili başladı. Balalarımızı bəh-bəhlə dərsə göndərdik. O cümlədən mən. 6 yaşlı oğlum Yunis artıq məktəblidir. Çox gözəl anlar yaşadım bir ana kimi.
Deyə bilərsiniz, niyə bu yazını indi yazıram? Deyim ki, mövsüm yazıları yazmağı sevmirəm. Məsələn, məktəb açılanda məktəb qayğısından, prokurorluq işçilərinin peşə bayramında məhkəmələrin vəziyyətindən, 8 martda qadınların problemindən. Problemin məncə əlamətdar vaxtı olmur, o həmişə aktualdır. Nə isə, mətləb müəllimi çox gözlətməyək.
Bəli, təbii direktordan zavuça qədər hamı təbrik edildi. Yəni sizin anladığınız anlamda. Bu artıq bir qaydadır. Gəldik təlim-tədris prossesi və başı bəlalı dərsliklərə. Uzun və şəkilli, dördü bir yerdə bir məktəblinin çantasına yığılanda onların belini qıran (hər anlamda anlaya bilərsiniz) bahalı kitabları da aldıq. Hər şeyi zarafata salaraq, bir az dözməyə çalışaraq yola verdik. Burası tamam. Amma daha beləsinə dözə bilmədim. Burasını yazmasam, Təhsil Nazirliyinə müraciət etməsəm dura bilməyəcəm.
Sözüm birinci siniflərdə tədris olunan ingilis dili fənindəndir. Ay başınıza dönüm, behiştlik olmuş Sovet İttifaqının tədris sistemində, yəni bizim zamanımızda (qocalar demişkən) ingilis dili fənnini biz 5-ci sinifdən keçərdik. İstisna hal kimi təmayül siniflərdə ingilis dili 2-ci sinifdən keçirilərdi. Hətta ikinci ana dilimiz sayılsa belə rus dilini də 2-ci sinifdən keçərdik. Nə də olsa bir köynək aralı idi axı. Amma müasirlik hər şeyin axarını dəyişib, inkişaf etdirdiyi kimi (daha doğrusu uçuruma apardığı kimi), görünür bizim də sürətimizi başdöndürücü edib. Nə etdiyimizi, əslində nələr etməli olduğumuzu tamam unutmuşuq.
Axı harada görünüb ki, yad dil birinci sinifdə tədris edilsin. Axı, nə qədər insan övladı, sivilizasiya sürətlə inkişaf etsə də, uşaq beyni elə həmin uşaq beynidir, qavradığı qədər götürür. Bu yazıq tifillər ha eləyib öz hərflərimizi güclə öyrənirlər, onların əli təzəcə qələm tutub, ey hörmətli Təhsil Nazirliyi. Niyə bu millətin balalarını bədbəxt edirsiniz? Onsuz da böyükləri bədbəxtdir də. Qalsın ingilis dilinin çətin hərflərini öyrənmək.
Bu yazını oxuyan hər kəsdən Nazirlik işçilərindən, əlaqədar təşkilatlardan da xahiş edirəm açsınlar bu ilki 1-ci sinfə aid olan İngilis dili kitablarını. Bir hərf öyrənmədən uşaqlara "hello, hi", "What is your name?" "How are you?" "İ am OK, thanks" kimi sözləri öyrətmək, üstəlik ev tapşırığı kimi 3 bəndlik "Boys and girls hands up" şerini əzbərləməyi tapşırmaq təkcə nə dərəcədə doğrudur yox, hətta insanlığa yaraşandırmı?
Əgər mənimsənilmək üçün deyilsə, kitabdakı bu çətin sözlər nəyə görə yazılıb? Şagirdlər hələ nəinki öyrənmək, heç tələffüz etmək iqtidarında deyillər bu kəlmələri. O dövrün kitablarında əvvəlcə, "map" dan, "rat"dan başlayardıq. Sonra "İ, you. İt is a book" kimi sözləri keçərdik. Özü də 5-ci sinifdə, yəni normal sual vermək iqtidarında olanda.
Başa düşürəm ki, ingilis dili indi dəbdədir, amma bu o demək deyil ki, uşaqlar bu dildə ana dilindəki kimi cəh-cəh vururlar. Onlar həvəs göstərə bilər. Həm də hər uşaq vunderkid ola bilməz, axı.
Bu balacalar hələ indi-indi məktəbi sevməyə başlayırlar, onlar bu əcaib-qəraib şeri öyrənə bilməyəndə necə məyus olurlar? Hətta din belə gücündən artıq yükləməni günah hesab edir!!!
Mənə olduqca maraqlı idi Təhsil Nazirliyinin rəsmisinin cavabı. Üz tutdum Təhsil Nazirliyinin dərs vəsaitləri üzrə mütəxəssisi Faiq Şahbazlıya. Ona həm jurnalist, həm valideyn kimi müraciət etdim. O isə bir kəlmə dedi. Kurrikulum tədris sisteminə görə ingilis dili birinci sinifdən tədris olunmalıdır. Özü də müəllimlərə bu dərsliyin uşaqlara məlumat vermək, dillə onları sadəcə tanış etmək məqsədi ilə verildiyini bildirdi. Amma maraqlıdır ki, kitabda qəti tanışlıq adında bir şey yoxdur. İri cümlələr şəkillərin altında verilib. Ən azından çalışma haqqındakı informasiya doğma dilimizdə olmalı idi ki, heç olmasa uşaqlar onun əsasında nə isə anlaya idilər. Mən bunu uşaqların psixologiyasına uyğun olaraq hesablanandan sonra tətbiq edilməli olduğunu bildirdim. Onun ən bərk tutduğu dayaq isə "bu dövlətin qərarıdır" deməsi oldu. Nədənsə çox məmurlar bu sözün kölgəsinə sığınırlar. Amma bir nüans da var. Dövlət cansız mexanizm deyil, onu canlı və ağıllı insanlar idarə edir. Respublikada isə bu məsələdə Faiq müəllimdən yuxarı instansiyada olan şəxs yoxdur. Maraqlıdır, bu ingilis dili dərsliyi gerçəkdənmi sınaqdan keçib? Şəxsən bir valideyn kimi mənim, bir şagird kimi oğlumun sınağından keçmədi bu kitab. Baxmayaraq ki, Faiq müəllim iddia edir ki, bu kitab eksperimentin nəticəsidir. Harada, necə eksperiment olunması haqda məlumat verməsə də.
Bəlkə mən çox şey bilmirəm bu sahədə. Amma mənim gözümlə gördüyüm təcrübədir. Nazirlik rəsmisi mənim müraciətimi nəzərə almaqdansa "bu sizin şəxsi fikrinizdir" dedi. "Başqa valideynlər belə düşünmür" deyə mövqe bildirdi. Məgər bu ölkədə hansısa bir nüansla razılaşmayanda mütləq 200 nəfər birdənmi yığışıb nazirliyə getməlidir? Nazirliyin qarşısında mitinq etməlidir. Sonra bir dəstə polis də "müxalifətin qızışdırmaçıları" adı ilə onları ya həbs etməli, ya dağıtmalıdır. Axı, onda da insanların şikayəti dinlənilməyəcək. Məncə bir normal təfəkkürə malik hansısa vətəndaşın narazılığı artıq xalqın səsi kimi qəbul olunmalıdır. Xalqın səsi kimi bir nəfərin sözü qəbul olunmursa, heç min adamın bir yerə yığışması da fayda etməz.
Nəzərə alsaq ki, valideynlərin çoxu evdar xanımlardır və onlar cəmiyyətin arxada qeybət qırıb, dar ayaqda başını salamat saxlamaq istəyən zümrəsindəndir demək ki, onların şikayəti öz yerinə çatmayacaq. Və məmurlar da bunu yaxşı bilir. Beləliklə də, istənilən problemi gərəkdiyi kimi deyil, öz bildikləri kimi həll edirlər. Cəmiyyətdə müqavimət göstəricisi nə qədər aşağıdırsa, özbaşınalıq prinsipi o qədər tüğyan edir. Hər şeyi öz adı ilə çağırmaqdan qorxduğumuz kimi, problemimizi hətta pıçıldaya-pıçıldaya, qorxa-qorxa danışırıq. Bu da çevrilir qeybətə və biz işi həyata keçirməyə çalışan millətdən çox çevrilirik günaha bata-bata yaşayan, deyingən, qeybətcil tayfaya.
Cəmiyyət bu sayaq, yəni belə anormal inkişafla, alçaq hasar formasında daha nə qədər qalacaq bilinmir. İş o yerə çatıb ki, artıq məmurlar da müqavimətli insanlar görməyə adət etməyiblər. Əziz məmurlar, biz hələ tam zombiləşməmişik.
Ona görə sizdən xahiş edirəm, şikayətlə müraciət edən hər bir vətəndaşın mövqeyini nəzərə alın, bunun üçün vətəndaşların gəlib qapınızı sındırmasına gərək yoxdur. Heç olmasa, telefonu yerə qoyandan sonra bir dəfə fikirləşin, bəlkə Allah eləməmiş kimi şikayətçi də insandır və o nədənsə narazıdırsa demək o, məsələni həll etmək üçün çalışmağa dəyər. O, hətta bircə nəfər olsa belə.
Sən etməsən, mən etməsəm, o etməsə, necə çıxar bu millət aydınlığa?!