Heç kimə əyilmədi... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
2189 | 2024-06-18 13:41

 Elə  şeylər var ki, insana qanla, köklə,  genlə keçir.Və deyirlər ki, filankəsin nəsli çox qürurlu, çox mərd,  çox alicənab  nəsldir. Bu sözlərdə böyük həqiqət və bir səmimiyyət var. O səmimiyyət ki, biz belə insanları görürük, ancaq vaxtında dəyər verə bilmirik.Rəhmətə  gedəndən sonra da, deyir ki, bəs filankəs çox mərd ,qürurlu adam idi. Sağlığında bunu o adam da  görürdük ha, amma sadəcə  olaraq kişiliyimiz çatıb  bu sözləri ona deyə bilmirdik...  

Bax belə kişilərdən biri də  böyük ziyalı, böyük müəllim və ömru boyu heç kimə əyilməyən  Fazil Dayandur oğlu Məhərrəmov idi. O, Fazil müəllim ki, 1952- ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşdu! Halal və zəhmətkeş bir ailədə böyümüşdü. İstedadı, savadı zəhmətkeşliyi ilə həmişə başqalarından seçilmişdi.Həm orta məktəbdə, həm də qəbul olub, oxuduğu Pedaqoji Universitetin tarix fakültəsində yadda qalan bir olmuşdu.Özü də  hər iki təhsil ocağında " əla" qiymətlərlə oxumuşdu.

Səmimiyyətinə, sədrliyinə görə də onu  sinif və tələbə yoldaşları çox istəyirdilər...  Ali məktəbi bitirib doğma kəndinə- Böyük Bəhmənliyə qayıtdı. Və kənd orta məktəbində tarixdən  dərs  dərs dedi. Qısa zamanda həm pedaqoji kollektivin, həm də  şagirdlərin böyük sevgisini qazandı. Hətta tarix fənnini sevməyənlər bu  fənni sevdirdi. Çünki öz orijinal  yanaşma metodu və psixoloji  hazılığı ilə ən zəif oxuyan şagirdlərin  belə ürəyinə, qəlbinə  yol tapdı! Ona görə də bir çox valideynlər istəyirdi ki, onların övladına  tarixdən Fazil müəllim dərs desin.

İndi yüksək vəzifə tutan Fazil müəllimin bir neçə şagirdi deyir ki, o, bizim ən  çox sevdiyimiz müəllim idi.Onu müəllimdən çox özümüzə ata, qardaş, dost bilirdik. Eşitdik müəllimimiz rəhmətə gedib həddindən artıq kədərləndim! Yeri Cənnət olsun! Fazil Məhərrəmov uzun müddət Böyük Bəhmənli kənd orta məktəbində tarixdən  dərs dedi. Onun istedadına, savadına  və ziyalılığına  görə yüksək vəzifəyə- Füzuli Rayon Təhsil Şöbəsində  məsul işə təyin etdilər.

 Fazil müəllim  burada da qısa müddətdə öz istedadını, peşəkarlığını göstərdi! Və ona göstərilən  etimadı layiqincə doğrultdu! O, rayonun ictimai həyatında yaxından iştirak etdi.Öz orijinal və səmimi çıxışlari ilə  hamının yaddaşında xoş izlər qoydu! 70 illiyində istədim bir yazı qələmə alım, amma təvazökarlıq edərək razılıq   vermədi və mən də yazmadım. Ancaq gərək yazaydım!

Musa Yaqubun sözü olmasın "Eləmədiklərim  yandırır məni..."  Fazil Məhərrəmovun  ölümü  Füzuli rayonu üçün agır itgidir. Onun  yoxluğu  rayon təhsilində və  el- oba arasında həmişə hiss olunacaq! Çünki heç kimin qarşısında əyilməyən belə böyük ziyalının  və belə böyük müəllimin  yeri hər  an görünəcək!  Yerin  Cənnət olsun, Fazil müəllim!!!

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV