adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Şirniquş satan

SAMİRƏ ƏŞRƏF
20735 | 2015-06-20 08:25
Uşaqlıq insanın vətənidir. Kimsə deyib bu sözləri. Amma kimliyini xatırlaya bilmirəm. Bəlkə də xatirələrin çoxluğundandır...
Mənim uşaqlıq illərimdən bu günə həddindən artıq zəngin xatirələr gəlib çatmışdır. Və üstəlik həmin xatirələrin hamısı incə-incə yaddaşımın müəyyən hissələrində yaşamağa davam edir. Nədənsə onlar heç bir zaman unudulmurlar. Bəzən bir neçə uşaqlıq dostu ilə bir yerə yığışanda onların xatırlamadıqları əhvalatları nəql edirəm. Çox təəccüblənirlər. Həmin xatirələr onların yaddaşından silinib, yoxa çıxıb. Çünki bu günə, gələcəyə çox aludə olublar. İnnən bellə nə qədər çalışsalar da həmin unudulmuş günləri xatırlaya bilməzlər.
Yaşlı nəsil bu gün bizi çox qınayır. Analar, qayınanalar uşaq saxlamağımızdan narazılıq edirlər. Atalar, qayınatalar pul qazana bilməməyimizdən. Onlar ərklə öz oğullarına, kürəkənlərinə deyirlər: Biz sizin yaşda olanda daşdan da pul çıxardırdıq. Qəbulediləndi təbii ki. Amma gərək daş olsun ki, kimsə də ondan pul çıxartmağı bacarsın.
Bu məsələdə analarımız daha ədalətli və obyektiv söhbət edirlər. O zaman qadınlar həqiqətən də çox zəhmət çəkirdilər. Uşaq saxlamaq, işə getmək, məişətin bütün çətinlikləri ilə üz-üzə dayanmaq birbaşa qadınların boyuna biçilmişdi. Yadıma gəlir anam bizi böyüdənə qədər nə qədər zəhmət çəkirdi. Üç uşağın bağçası, məktəbi, yeməyi, içməyi, təmizliyi ondan tələb olunurdu. Üstəlik bütün bunlarla yanaşı səkkiz saatlıq iş rejimi də bu siyahının tərkibində idi. Dövləti ananın üç uşaqlı olması, evinin işi-gücü, çəkdiyi zəhmət maraqlandırmırdı.
Bir dəfə anamla birgə onun iş yerinə getmişdim. Anamın çox əzazil şöbə müdiri vardı. Əsl adının nə olduğunu bilmirdim. Amma hamı onu Məmiş kişi çağırırdı. Yaşı altmışı keçmiş, qarasifət, hündürboy kök kişiydi. Mən kənarda öz gəlinciyimlə oynadığım zaman baxdım ki, anam yorğunluqdan başını qarşısındakı hesabat kağızlarının üzərinə qoyub yuxulayıb. Otaqda ikimizdən başqa heç kim yox idi. Onun halından çox mütəəssir olmalıydım ki, gəlinciklə oynamağımı dayandırıb xeyli vaxt anama tamaşa etdim. Bir müddət sonra bu sakitlik qəfildən pozuldu. Anam dik atılıb stuldan sıçradı. Məmiş kişi içəri girib anamın yatdığını görüb bərk əsəbiləşmişdi. O, anama çox acıqlandı. Uzun bir nitq söyləyib sonunu belə bitirdi: "Bura sənin üçün yatmaq yeri deyil. Yatmaq istəyirsən ərizə yaz, işdən çıx, get, evində yat".
Çox qəddar yanaşmaydı. O gündən Məmiş kişi mənim gözümdən düşdü. Baxmayaraq ki, mənim fikrimcə onun arvadının bişirib satdığı qırmızı şirniquşlardan dünyanın heç bir yerində yox idi. Və mən həmin şirniquşlardan hər gün dərsdən çıxanda mütləq alıb yeyərdim. Amma o gündən mən bir daha Məmiş kişigilin evlərinin yaxınlığından keçmədim.
Sonralar Məmiş kişinin arvadı rəhmətə getdi. Məmiş kişi də təqaüdə çıxdı. İndi onun yeganə işi şirniquş satmaq idi. Şirniquşları bişirib pəncərənin qarşısına yığar, sonra da yoldan keçənlərə satardı. Axır zamanlar səriştəsini tamam itirdi. Şirnuquşarı tez-tez yandırırdı.
Bu yaxınlarda eşitdim ki, Məmiş kişi də allahın rəhmətinə qovuşub. Həm də şirniquş sata-sata. Qaçqınçılıqdan sonra kişi ancaq onlarla pul qazanırmış. Ölməyinə bir-iki gün qalmış belə küçələrdə şirniquş, şirniquş deyə çığırırmış. Uşaqlarda onu Məmiş kişi yox, şirniquş satan deyə çağırırmışlar.

  • May:
  • 3

TƏQVİM / ARXİV