ORUCLUQ - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1656 | 2023-04-10 14:57

Biz səbirsizliklə on bir ayın sultanı olan Ramazanı həmişə gözləyirik. Çünki «Qurani-Kərim»də buyrulduğu kimi, bu ay min aydan daha xeyirlidir və bu ayda, bu gündə edilən duaları Allah-Təala daha tez qəbul eləyir. Ramazan həm də Allaha sevgi, məhəbbət və insanların bir-birinə ünsiyyət ayıdır. Təkcə oruc tutmaqla insan öz tamahına qalib gələ bilməz və bununla hər şey həll olunmur. Düzdür, bir çox insanlar tamahının qurbanı olurlar. Amma Allahı sevən, Allahdan qorxan adamlar isə tək Ramazan ayında deyil, ilin bütün günlərində və aylarında tamahın əsiri olmur, ona qalib gəlir və xeyirxahlıqla məşğul olur.

Oruc tutan adamın gərək əli də, dili də, gözü də, qulağı da oruc olsun. Yəni əl rüşvət almasın, göz zina eləməsin, dil qeybət qılmasın, qulaq pis-pis sözlər eşitməsin. İndi gəlin görək oruc tutan adamların hamısı buna əməl eləyirmi?! Təbii ki, bu suala birmənalı cavab vermək çətindir. Ona görə də bu müqəddəs ayda insanlar gərək içindəki qara qüvvələri, daha doğrusu, şeytanı özündən uzaq eyləsin. Bir-birilə mehriban olsun, bir-birinə yaxşılıq eləsin və bir-birinə əl tutsun!...

Tanıdığım oruc tutan bir Hacı var. Ona dedim ki, oruc tutursan çox gözəl, gərək digər vacib məsələlələrə də əməl eləyəsən. O da elə gün olmaz ki, qiybət eləməsin. Yaxud da əlləm-qəlləm işlərlə məşğul olmasın. Təbii ki, bu sözləri ona deyəndə Hacı dilxor oldu və qanı qaraldı. Dedi ki, elə dərdli adam var, dərdini danışır, onu deməsə, ürəyi partlayar. Mən də qayıtdım ki, qardaş, dərd ayrı şeydir, qeybət qırmaq başqa şeydir. O adam dərdini danışır, qoy danışsın, amma dərdli adamın da qeybət eləməyə haqqı yoxdur. Sözü varsa, elə həmin adamın üzünə desin. Daha dalınca niyə danışır? Bu sözlərim də Hacını açmadı. Gördüm, qanı qaraldı və tərs-tərs mənə baxdı. Tərs-tərs mənə baxsa da, mən öz sözümü demirəm, Allahın buyurduğu kəlamları xatırlayıram. Qeybət eləyən adama o dünyada əziz qardaşının ətini yedizdirirlər. İndi kim əziz qardaşının ətini yemək istəyirsə, nə qədər arzulayır, o qədər də qeybət eləsin!…

Dünyanın hər yerində Ramazan ayında oruc tutan adamlara iftar süfrəsi açırlar, kömək eləyirlər və ən azından onların qəlbini sındırmırlar. Çünki onlar həmin günlərdə Allaha daha yaxın olur, tək özləri üçün deyil, bütün insanlar, Vətən, şəhidlərimiz və qazilərimiz üçün də dualar eləyirlər. Amma görün indi bizim restoranlarda hansı oyunlardan çıxırlar. Restoranlar orucluq başlayanda elan verdilər ki, Ramazan ayında kim istəsə gəlib ucuz qiymətə iftar süfrəsində əyləşə bilərlər. İnsanlar da restorana getdilər, gördülər ki, balam, oradakı qiymətlər çox bahadır, yəni həmin adamların pulu çatmır ki, iftar süfrəsini restoranda açsın. Deməli, bizdə restoranlar da bu əziz gündə insanların, daha doğrusu, oruc tutan adamların hissləri ilə oynayırlar. Əgər o restoranların sahibləri Allahı sevirlərsə, Ramazana sevgi ilə yanaşırlarsa, qoy hər restoran gündə çox yox, beş-on nəfərə müftə iftar süfrəsi açsın. Bundan gözəl niyyət olmaz! Mən Türkiyədə olanda restoran və kafelərdə bu cür iftar süfrələrinin açılmasının şahidi olmuşam. Bəs biz niyə türk qardaşlarımızdan yaxşı şeyləri öyrənməyək?!

Bu günlərdə «Ballı» marketin içərisində iftarını açmaq istəyən adamlar üçün su, xurma, şirniyyat məhsulları qoyulmuşdu. Amma həmin andan küçədə maşınlara yer göstərən nəzartəçilər istifadə eləyirdi. İnsanların gözündən yayınıb, onlar masaya yaxınlaşır, süfrənin üstündə olan şirniyyat məhsullarını götürüb çölə qaçırdı və digər yoldaşına da göz eləyirdi ki, get, sən də götür!

Bax, bizdə oruc tutan kənarda qalır, bu cür dələduzlar açılan iftar süfrəsindən sui-istifadə eləyirlər. Hər halda, kim bu süfrəni açıbsa, Allah min əvəzini versin! Bir sözlə, gəlin oruc tutan hər bir adamı sevindirək. İftar süfrəsi aça bilməsək də, heç olmasa, onların qəlbini sındırmayaq və qanlarını qaraltmayaq!..

TƏQVİM / ARXİV