adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Möhtəşəm tədbirin əks-sədası

FAİQ QİSMƏTOĞLU
381 | 2022-07-18 11:47



I Beynəlxalq Tibb Forumu ölkəmzin tarixində yeni bir səhifə açdı

18-21 iyun 2022-ci il tarixlərində Azərbaycanda ilk dəfə keçirilən «I Beynəlxalq Tibb Forumu» müvəffəqiyyətlə başa çatıb. Forum Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin və Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Assosiasiyası İctimai Cəmiyyətinin birgə təşkilatçılığı ilə canlı formatda təşkil edilib.

Forumda rəsmi şəxslər, Naxçıvan Muxtar Republikası Ali Məclisinin sədri cənab Vasif Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Assosasiyası İctimai Birliyinin sədri Müşfiq Həsənli, dost.dr. Seymur Talıbov, dost.dr. Rauf Bəylərov, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Gazi Universitetinin rektoru Musa Yıldız, Yeditepe Universitetinin rektoru Canan Aykut Bingöl, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov, dekan Elsevər Əsədov, AELCD-nin İnvaziv Endoskopiya Bölümünün sədri Aqil Atakişiyev, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan və bir sıra ölkələrdən dəvət edilmiş mütəxəssislər, rektorlar, ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl xəstəxanalarının həkim heyəti, tibb cəmiyyətləri, kursantlar və ictimaiyyət nümayəndələri daxil olmaqla 400-dən çox şəxs iştirak edib. Onlar forum boyunca davam edən müxtəlif panel müzakirələrinə və ikitərəfli işgüzar görüşlərə qatılıblar.


Tədbirin keçirilməsində məqsəd səhiyyənin inkişaf etdirilməsi, dünya təcrübəsinə əsaslanan elmi-tibbi yeniliklərin ölkəmizdə tibb sahəsinə tətbiqinin genişləndirilməsi, eləcə də dünyanın bir sıra ölkələri ilə məhsuldar əməkdaşlıq qurmaq, tibbin müasir standartlarında inkişafına töhfə verməkdir. Forumda cərrahiyyə, pankreas xəstəlikləri, plastik estetik və rekonstruktiv cərrahiyyə, endokrinologiya, virus hepatitləri, HCC, qaraciyər transplantasiyası, qastroenterologiya, onkologiya, oftalmologiya, pediatriya, infeksion xəstəliklər, stomatologiya və digər tibb sahələri üzrə çox aktual mövzularla bağlı yerli və xarici mütəxəssislərin çıxışları dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Gələcəkdə bu səpkidə silsilə tədbirlərin keçirilməsinin labüdlüyü vurğulanıb, iştirakçılara və tədbirin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə dövlət və özəl şirkətlərə təşəkkür edilib.


Tədbirin əsas təşkilatçılarından biri olan Naxçıvan Dövlət Universiteti çox böyük möhtəşəm beynəlxalq layihələrə imza atıb. Elbrus İsayev universitetə rektor təyin olunandan sonra demək olar ki, bu ali təhsil ocağında elmin və təhsilin inkişafında yeni layihələrin həyata keçirilməsində və eləcə də dünyanın qabaqcıl universitetlərinin mütərəqqi metodların tətbiqində çox böyük uğurlar əldə edilib. Bir sözlə, Naxçıvan Dövlət Universiteti ölkəmizin ali təhsil ocaqları arasında öz yüksək inkişafı və mütərəqqi ənənələri ilə təhsilimizdə yeni bir cığır açıb. Əlbəttə, ali təhsil ocağında savadlı, müasir düşüncəli və istedadlı alimlərə, ziyalılara «yaşıl işıq» yandırılanda istər-istəməz təhsildə çox böyük uğurlara imza atmaq mümkündür. Heç şübhəsiz, universitetin əldə etdiyi böyük uğurlarda və müvəffəqiyyətlərdə rektor Elbrus İsayevin təşkilatçılığı, istedadı və obyektiv mövqe tutması çox önəmli əhəmiyyət kəsb edir.


Onu da qeyd edək ki, Naxçıvanda keçirilən I Beynəlxalq Tibb Forumu əks-səda yaratmış və eyni zamanda cəmiyyət və ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Cəmiyyət də görür ki, bu gün Azərbaycanda dünya standartlarına cavab verən təhsil sistemi qurulur və bu sahədə ciddi addımlar atılır. Yaxşı ənənələri yaşatmaq və davam etdirmək isə Azərbaycan təhsilinə və tibbinə heç şübhəsiz yeni uğurlar gətirəcək.
 

TƏQVİM / ARXİV