adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MİQ EQOSU - Emin Piri yazır

Emin Piri
325 | 2022-08-11 09:04

MİQ imtahanları bütün çatışan və çatışmayan cəhətləriylə müəllim olmaq istəyənlərçün mütərəqqi addımdı. Amma sözüm imtahan prosesindən, suallarından deyil, yer seçimlərindəndir.

Özüm də bir neçə dəfə iştirak etmişəm, hər dəfə qəbul olmuşam. Üç kərəsə imtina edib getməmişəm. Həm şəhərə, həm rayona qəbul olmağıma baxmayaraq.

İndisə öz-özümə düşünürəm. Yer seçib getməməyin anlamı nədir? Baxmayaraq ki, məndə özəl səbəblər olmuşdu.

İndi cavabı tapdım. Eqo. Məhz eqo!

Baxın, mən bal toplaya bilirəm, mən qəbul ola bilirəm, amma getmirəm, imtina edirəm.

Öz eqomuzu təmin etmək istəyimiz, başqalarına özümüzü sübut etmək istəyimiz nələrə səbəb olur?

Ola bilər, hansısa namizəd bizdən az bal toplayıb. Bu onun zəif müəllim olmasına dəlalət etmir. Amma biz o yerə girib getməməklə bəlkə də kiminsə ruzisiylə oynamış oluruq. Bəlkə də həmin vaxt bizim qəbul olduğumuz yerə namizəd olan şəxs çörəyə möhtacdır. Amma biz eqomuzdan onu məhrum edirik.

Bəlkə də öz kəndindən olan biri, gələcəyin gözəl kadrı ora girəcəkdi, amma biz digər namizədlər onu bundan məhrum edirik.

Əlbəttə, özünü yoxlamaq naminə hər dəfə imtahana girmək də olar. Amma yer seçmədən, başqalarının ümidiylə oynamadan.

Düşünürəm ki, savadın kiməsə sübut edilməsinə ehtiyac yoxdu. Siz getməyəcəyiniz yeri yazmamaqla qoy sizi savadsız bilsinlər. Əsas odur ki, siz içinizdə biləssiniz ki, bunu bacara bilirsiniz, amma kiminsə ən azı bir illik ümidini məhv etmirsiniz.

Əsad odur ruhunuz rahatdır, eqonuz daha sizi incitmir. Huzur tapmısınız. Gerisi təfərrüatdır.

Əlbəttə, yer seçmək, qəbul olmaq da, sonra qəbul olduğunuz yerdən imtina edərək getməmək də sizin ixtiyarınızdadır.

Qanunlar da bunu deyir.

Amma sonra adam tək qalanda, özüylə söhbətləşəndə deyir;

-Bunu etməyimə, başqalarının ümidlərlə gözlədiyi yerə qəbul olub getməməklə düz etmədim...

P.S Mən etiraf etdim, sizi bilmirəm.

 

TƏQVİM / ARXİV