9 oktyabr Xocavəndin bir hissəsi olan keçmiş Hadrut rayonunun azad olunması, bununla "Xocavəndin azad edilməsinə görə" medalının yaranmasına səbəb olan gündür.
Elə bu günlə bağlı heç paylaşmadığım, bir xatirəni, görünməz qəhrəmanlardan bəhs etmək istərdim.
Mülkidə çox eşidirik; qarın qardaşdan irəlidir, komandir əsgər arasında müxtəliflikdən və.s. Amma bu savaşda filmdən də deyil, hansısa bədii əsər nümunəsindən də deyil, gerçək bir əsgərdən danışacam: əsgərim Hüseynov Rövşəndən.
Bəzən sizə qəribə gələr komandirini öz canı bahasına xilas edən, yaxud onu xilas etməkçün güllə qarşısına atan əsgər.
Bəli, məhz bu baş verdi: Vətən müharibəsində.
Füzuli-Xocavənd xəttindəki döyüşlərdə idik.
Sursat və təminat lazım idi mən olduğum bölüyə.
Batalyon komandiri polkovnik-leytenant Əziz Hüseynov, minbat komandiri, batalyon komandirinin müavini mayor Cəfərov Ruslan, əsgərlərim Hüseynov Rövşən, əsgər Talıbov Cəbrayılın Daşkəsən kəndindən bizə sursat və su gətirməkçün yola çıxdılar. Açığı bunun özü də ibratamizdir ki, komandir heyəti digər zabit yoldaşlarına, əsgərlərinə sursat və təminat gətirməkçün belə təhlükəli yola çıxırlar.
Sizə qəribə gələr, necə ola bilər ki, Cəbrayıldan Füzuli-Xocavənd xəttinə, geriyə. Çünki Azərbaycan ordusu öncə Cəbrayıl kəndlərini azad etdikdən sonra düşmənin gerisindən bu dəfə Xocavəndə doğru hərəkət edirdi. Bir növ qarmaqarışıq xətlər yaranmışdı. Bir neçə yüz metr düşmən mövqeyi, sonra sən, sonra yenidən düşmən... Mövqelər belə vəziyyətdə iç-içə dəyişirdi.
Sursat və təminat dolu pikapda olan adını çəkdiyim dostlar düşmənin atəş altına düşdülər. Bu zaman minbat komandiri yaralandı. Batalyon komandirinin müavini Cəfərov Ruslansa həm ayağından, həm də ürəyindən güllə yarası almışdı. Digərlərinin "maqazinlərinin", avtomat qundaqlarının üzərində güllə yerləri vardı. Bir növ taleyin işinə bax ki, öz silahları, güllə maqazinləri onları güllədən xilas etmişdi. Əsgərim Hüseynov Rövşən mayor Cəfərovu xilas etməkçün maşının yanına gəlib sürüyüb düşmən səngərinə salmaq istəyirdi. Elə bu zaman onun özü atəş altına düşdü. Mayor Cəfərovu atəş altından çıxaranda dizindən 5,45 güllə yarası aldı. Buna baxmayaraq belində sürüyərək onu səngərə sala bilir. Elə ondan sonra maşın ətrafına attileriya mərmiləri və.s düşməyə başladı.
Bizə o vaxtı hər tağıma müəyyən sayda morfi verilirdi. Hər hansı yaralanma zamanı ağrıdan əzab çəkməmək və ya ağrıdan şoka düşməməkçün morfi vururduq. Özü yaralı olmasına baxmayaraq Rövşən özündə olan morfini digər komandiri mayor Ruslana vurur.
Bunu da xüsusi qeyd edim ki, yuxarı rütbəsinə, yaşına baxmayaraq batalyon komandiri polkovnik-leytenant Hüseynov onların yanına gələrək xilas etməyə gəldiyini bildirir. Burada haşiyəyə çıxım ki, polkovnik-leytenant Hüseynov həm də I Qarabağ Müharibəsi iştirakçısı olub. Tağım komandirliyini leytenant rütbəsi ilə həmin savaşda edib. Əsl döyüş komandiri idi.
Əsgərim Hüseynov Rövşənsə onu tək aparacağını deyir;
-Mən əsgərəm, mən şəhid olsam, batalyona heç nə olmaz. Sizə nəsə olsa batalyon komandirsiz qalacaq. Ona görə də gedin...
Bütün hər şeyə etiraz edir. Bütün bunlara orda şahid olan dostlar da var.
Polkovnik-leytenant Hüseynov Əziz mühasirədə sona kimi döyüşəcəklərini deyir. Əsir düşməkdənsə son gülləni özümüzə saxlayaraq...Təki əsir düşməyək...
Düşmən səngəri boyu Hüseynov Rövşən mayorumuz Cəfərov Ruslanı kürəyində sürünərək aparır və bizim mövqe tərəfdə çıxarır.Rövşənsə özünün yaralı, dizindən qan axmasına baxmayaraq...öz morfisini komandirinə vuraraq.
Üç tərəfli mühasirə vəziyyətində onları mühasirədən çıxarmağa 702 saylı briqadanın döyüşçüləri gəlir. Baxmayaraq ki, onlar özü də döyüşdə idi.
İlk olaraq 702 Saylı hərbi hissəsinin əsgər və zabitləri onlara ilkin yardım göstərir. Daha sonrasa hospitala -Füzuliyə göndərirlər.
Həm mühasirədən çıxmağa göstərdikləri köməyə,şücaətə, həm də ilkin tibbi yardımlara görə 702 saylı hərbi hissənin bu zaman gördüyü işləri xüsusi qeyd edərdim və bütün bunları öz hərbi hissələri döyüşdə olaraq etmişdilər.
Hospitalın həyətində mayor Cəfərov Ruslan qan itirməsindən şəhid olur.
Əsgər Hüseynov Rövşən öz vicdanının tapşırığını sona qədər yerinə yetirdi. Hospitalın həyətinə kimi...
Rövşənin özünü də əməliyyata alırlar. Dizindən çıxarılan mərmini hələ də saxlayır.
Bu arada Rövşən ali təhsillidir, İdman Akademiyasını bitirib. Gələcəyin idman müəllimidir. Hazırda fabriklərin birində çalışır.
Batalyon komandirinin təminat üzrə müavini mayor Cəfərov elə öz vəzifəsini yerinə yetirərkən, heyətinə təminat gətirərkən şəhid oldu.
Əslən Xocalıdan idi, həmişə deyirdi ki, arzum Xocalıda olmaqdır. Bizsə o şəhid olduqdan sonra müharibə vaxtı Xocalının kəndlərinə gedib çıxdıq. Əminəm ki, o kəndlərdə onun ruhu da bizimlə idi, öz heyətiylə idi.
Şəhid mayor Cəfərov hazırda II fəxri xiyabanda uyuyur.
Belə zabit yoldaşlarımla, belə əsgərim olduğuna görə fəxr edirəm.
P.S. Bu hadisəni qısa qeyd elədim, yəni həmin olayda baş verənlərin çox kiçik qismi, bu gün üçün yazdığımdır.
P.S.S .Şəkildə mən və bəhs etdiyim əsgərim Hüseynov Rövşəndir. Müharibədən sonra yenidən tağımıma sərəncama gəlmişdi. Şəkil Cəbrayılın Daşkəsən kəndində çəkilib. Müqaviləyə əsasən Laçına getməmişdən öncə. Yaralandığına görə o tərxis oldu, mənsə Laçına getdim.