adalet.az header logo
  • Bakı -°C
11 Noyabr 2026 14:35
68
GÜNDƏM
A- A+

“Rahatlığımızı qorumaq üçün arzularımızı qurban veririk”

“Sənin gözə almağa cəsarət etmədiyin riskləri gözə alanlar, sənin arzuladığın həyatı yaşayırlar”, – Bu gözəl sözlər Sokrata aiddir. Paulo Koelyonun yazdığı bir cümlə bu fikri belə tamamlayır: “Yalnız adi insanlar təhlükədən uzaqdırlar. Odur ki, risk et, arzularınla üzləş!”...İnsanın ən böyük faciəsi bəzən uğursuzluğa düçar olması deyil, uğur qazanmaq üçün heç cəhd belə etməməsidir. Biz çox vaxt itirəcəklərimizdən qorxaraq qazana biləcəklərimizdən imtina edirik. Rahatlığımızı qorumaq üçün arzularımızı qurban veririk”. 

Adalet.az xəbər verir ki, bunu məşhur telejurnalist İbrahim Nəbioğlu deyib. 

“Halbuki həyatın ən böyük paradokslarından biri budur: təhlükəsizliyə həddindən artıq bağlanan insan bəzən ən qiymətli sərvətini — yaşamaq istədiyi həyatı itirir. Zaman keçir, fürsətlər ötüb gedir, bir gün geriyə baxanda isə insanı ən çox etdiyi səhvlər deyil, etməyə cəsarət göstərmədikləri ağrıdır. Əlbəttə, cəsarət düşünmədən təhlükəyə atılmaq deyil. Əsl cəsarət riskin böyüklüyünü anlayaraq, nəticənin məsuliyyətini daşımağa hazır olmaqdır. Bütün böyük kəşflərin, inqilabi ideyaların, ölümsüz əsərlərin arxasında bir vaxtlar naməluma doğru addım atmağa cəsarət etmiş insanlar dayanır. Çünki arzularını gerçəkləşdirməyən insanın ən böyük rəqibi başqaları deyil, öz qorxularıdır. Və həyatın sonunda ən ağır peşmanlıq çox vaxt bircə cümləyə sığır: “Kaş, cəsarət edəydim...”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN