Bu hələ başlanğıcıdır.. -Emin Piri yazır

Emin Piri
1832 | 2022-10-14 21:43

Bu videonu dostlar atdı, özümü tanıya bilmədim. Müharibə bitəndə çəkilib.

Bu yer Cıdır düzündən baxanda qarşısında gördüyünüz meşələr, yüksəkliklərdi. Topxana meşələri...

Ora səfər edəndə hər dəfə Cıdır düzündən baxanda oranı görürsünüz. Bəlkə diqqətlə baxsanız şəhid ruhlarını da görərsiniz...

4 noyabrda gecəylə çıxış verildikdən sonra Hadrutun kəndlərindən, daha sonra Xocalı kəndlərindən hərəkət edərək Sığnaqa gəlmişdik. Sığnaqdan sonra xırda çay vardı, bir neçə dolamasını, sonra palçıqlı, bataqlıq meşəni, üzərimizdə silah, yüklə yüksəkləri çıxaraq o zirvələrə bizim batalyon və digər qüvvələr yerləşmişdi. Təbii ki, ardıcıl minamyot, top, raket mərmiləri altında.

Noyabrın 3dən-4-ünə keçən gecə meşə tərəfdən əks tərəfə keçməkçün XTQ hərəkət etmişdi.

Daha sonra düşmən qarşısındakı-yəni bizi və digər bizim kimi quru qoşunlarının Şuşaya hücum edəcəklərini gözlədiyindən müharibə bitənə qədər atmadığı mərmi qalmadı.

Komandanlıq isə ağla gəlməyən manevr etdi. Bunu da artıq bilirsiniz.

Düşmən Şuşaya qarşılarındakı-bizim kimi qüvvələrin girəcəyini, buna görə diqqəti bizlərə ayırdığından XTQ əks tərəfdən Şuşanın Xankəndi istiqamətindən, qala tərəfdən və.s hərəkət etdi. Beləcə, tarixi Şuşa zəfəri qazanıldı...

Orda elə bu videoda durduğum yerin yaxınlığında bir əsgərimizi də şəhid verdik.

Özümü tanıya bilmədim, soyuqdan, stresdən gözümdə yaranan spazmaya görə gözüm yumulur, özümsə kəkələyirdim. Hələ bu videoda ekran naminə güclə danışmışam ki, kəkələmə olmasın. Bacardığım qədər. Çox qoca görünürəm, amma müharibəyə neçə yaşda gedirsənsə get, müharibənin içində artıq qocasan. Körpə uşaq belə müharibədə qocadır...

Hə, məni indi düşündürən, yalnız bir şeydir. Müharibə bitəndə ani dediyim "bu hələ başlanğıcdır" sözləri. Hansı hislər müharibə bitəndə dedirdib, indi cavabını tapa bilmirəm.

Sülhünmü, yeni müharibələrinmi, yeni qələbələrinmi? Bilmirəm.

Bildiyim odur ki, dediyim nədirsə, hər şeyin başlanğıcıdır..

 

TƏQVİM / ARXİV