Milli şərəf günü, yoxsa anım?! - Emin Piri yazır

Emin Piri
351 | 2022-09-26 11:05

( təklif)

27 sentyabr anım günü kimi qeyd olunur. Yəqin ki, şəhidlərin xatirəsinə, əzizlərinə görə bu addım atılıb. Əlbəttə, ötən il üçün, hələ ili çıxmayan şəhid yaxınlarına görə, istərsə cəmiyyətçün... Həssas dönəmlər idi. Şəhid yaxını, yanında döyüş yoldaşlarını itirən insanlarçün o həssas dönəmlər ömür boyu gedəcək və bunları unutmaq qeyri-mümkündü.

Amma mahiyyətinə endikcə anım adındansa, üzüntü xatirəsindənsə bunu şərəf, qürur gününə çevirmək olar.

Onsuz da həmin gün-şərəf, qürur günü olandan sonra həm də avtomatik olaraq bu günün mahiyyətində əməyi, zəhməti, qanı olanların xatirəsi, anımı olur.

Anım günü adamda 20 yanvarı, 31 martı, 26 fevralı xatırladır. Yəni məğlubluq, ağlaşma, hüzn.

20 yanvarı hiss edirsən sanki...

Halbuki, 27 sentyabr illərlə tapdanan şərəfin, qürurun, torpaq azadlığının ifadəsidir.

27 sentyabrın 8 noyabrdan elə bir fərqi yoxdur.

8 noyabrın anası 27 sentyabrdı.

Əgər şəhid, itki verməkdən danışırıqsa, o 44 günün hansında itki vermədik?

Elə 8 noyabrında da...

Zəfər kimi, bayram günü kimi qeyd edirik.

Elə xalqda ilk sevinc cücərtilərini yaradan, özünə inam, torpaqların azadlığına aparan sonsuz ümid 27 sentyabr günü açıqlanan kəndlər oldu...

Zəfərlər də oldu 27 sentyabrda elə 8 noyabr kimi...

Amma bu kiçik zəfərlər, kəndlərin azadlığı daha böyük anlam idi. Şərəfin, qürurun oyanışı zəfəri.

Təklif edərdim ki, 27 sentyabrı 20 yanvar kimi günlər qədər deyil, ya da hansısa məğlubluq kimi deyil, milli şərəf və ta milli qürur kimi qeyd olunsun.

Mənim gördüyüm belədir, səhv düşünürəm, ya düz; bu sadəcə düşünmə deyil, hiss etdiklərimdi.

TƏQVİM / ARXİV