adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Məhəmməd Nəsiboğlu

19168 | 2012-08-18 09:22

   
   Uzun illərdi ki, bircə misrası yaddaşıma hopmuş bir şeir, hər zaman beynimdə dolaşır, gah düşündürür, daşındırır məni, gah içimdə qövr edir, gah da canlı məxluqa çevrilib maddım-maddım gözlərimin içinə baxır. Hardan gəlib içimə dolub bu bir misra?
   
   Səbr eylə, sirri sübhandır a canım, odlara yandın".
   
   Bu misralar qatarından perik düşmüş qərib, yalqız durna kimi içimdə yuva salıb, qərib-qərib göynəyir neçə illərdi.
   
   Bəs hara uçub, hara köçüb o durna qatarı? Nisgildən, həsrətdən içimdə qovrulan bu misranın bütöv qatarını tapmaq üçün neçə illərdir soraqda, axtarışdayam.
   
   Yoxa çıxmış bir dəfinədi bəlkə bu sirli hikmət sahibinin söz xəzinəsi?..
   
   Tək bircə misrayla bu söz sahibinin necə şair olmasını müəyyən etmək olar. Amma çox təəssüf ki, onun əlyazmalarının sorağında olsam belə, gördüm deyənə rast gəlməmişəm.
   
   Bu sirri sübhan içində canı odlara yanan adam kimdi, kim görüb, kim tanıyır onu? Kimdir bu sehirli misraların sahibi?
   
   Bu Məhəmməd Nəsib oğludur. O Məhəmməd ki, biz Uzun Allahverən yazımızda onun adını çəkmişdik. Uzun Allahverənlə atryad komandiri olaraq qaçaqlara qarşı vuruşsalarda, əksinə olaraq gizli yollarla kömık etmişdilər onlara həmişə...
   
   Məhəmməd Nəsib oğlu (Qaraxozu) İncə dərəsinin Qaymaqlı kəndindəndir. ,,Qaraxozu " onun ayaması idi. Çox adam bu ləqəbin mənasını anlamır, amma ona, onun özünə ,, Qaraxozu " deməyə cəsarət etmirdilər. Hələ balaca uşaq olduğum zaman atamdan soruşmuşdum ki, Məhəmməd babaya niyə ,,Qaraxozu " deyirlər? O isə məni belə başa salaraq demişdi ki, Məhəmməd baban erməni qənimidi, bala. O ləqəbi də ona erməni dığaları qoyublar.
   
   - Ermənilərin qənimi nədi ata? - deyə soruşmuşdum.
   
   Atam:
   
   - Yəni, Erməniləri görməyə gözü yoxdu, harda xəlvəti əlinə erməni keçsə, başını əzər, güllələyər, öldürər.
   
   - Niyə axı? Ermənilər ona nə edib ki?
   
   - Ermənilər təkcə ona yox, hamımıza düşməndi, bala. Bu cür igid, cəsarətli kişilər olmasa, böyüklü-kiçikli, arvadlı-uşaqlı hamımızı öldürüb, odlayardılar bu kafirlər. Nuh Nəbidən bizimlə düşmən kəsiliblər.Zaman-zaman əllərinə fürsət düşən kimi baş qaldırır, torpaqlarımıza göz dikir, hər cür xəyanətə əl ataraq harda türk görürlər, uşaq-böyük demədən başını kəsirlər, qanını içirlər.
   
   O gündən "erməni" adından ətim ürpənmiş, elə o gündən anlamışdım erməni xislətini.
   
   1988-ci illərə qədər içimdə böyüyən bu nifrətə hərdən şübhə də edirdim. Axı hamımızın erməni dostlarımız, qonşularımız, hətta kirvələrimiz də var idi. Çox zamanlar bu mənfur xislətli millətin belə vəhşi, nankor olmalarını unudub, özümüzə çox yaxın buraxırdıq...
   
   Mənimlə yanaşı oturub çay içən atamdan bir də soruşdum:
   
   - Bəs ,,Qaraxozu" nə deməkdi ki, bu sözü onun yanında söyləməyimə icazə vermirsən ?
   
   - Oğul, bunu bilməsən yaxşıdı.
   
   - Yox Əmi, (atamıza ,,Əmi" deyə müraciət edirdik ) nə olar, de görüm o sözün mənası nədir?
   
   - Yaxşı, o ki elə oldu, qoy deyim,- deyib, xeyli tərəddüddən sonra,- Qaraxozu - qara donuz deməkdir, - deyərək əliylə çənəsini, sonra isə alnını ovuşdurdu.
   
   Bu sözdən diksinən kimi oldum.
   
   - Mən elə bilirdim ,,Qara igid " deməkdir.
   
   - Əslində sən düz fikirləşmisən. Onlara dağ çəkib, gözlərini deşən adama ,,İgid," "aslan" deməzlərki. Onların donuz adlandırdıqları adamlar bizim aslanlarımız, igid ərlərimizdir. İndi sənə Məhəmməd babanla bağlı bir əhvalat danışacağam, amma bir şərtlə ki, bu söhbətimizi gərək sirr kimi saxlayasan.
   
   Atama söz verdim ki, mən razı. Beləliklə atam hekayətinə başladı:
   
   - Oğul, Məhəmməd baban çox sirrli adamdı. Bir gün axşamüstü, şər qarışan vaxtı ortalıqda (kəndin mərkəz hissəsi) rastlaşdıq. ,,Salam əleykim, ay Məhəmməd dayı "- deyəndə üstümə bozararaq dedi ki, başqası olsaydın ağzına bir şillə çəkərdim. Heyf öz göyümsən (kürəkən). Yaxşı yadında saxla, şər qarışdı, salam əleyküm qurtardı. Hətta tanıdığın adamı da tanımamalı, dəvə gördünmü? - izinidə görmədim deməlisən.
   
   Sonra ayaq saxlayıb dedi:
   
   - Yaxşı yadıma düşdü. Get hazırlaş, sabah mənimlə ova çıxarsan. Mən həmişə ova tək gedirəm, amma istəyirəm bu dəfə səni də özümlə aparım. Sabah cüyür ovuna gedəcəm. Hazırlaş, xoruz banı bizə gələrsən.
   
   Məhəmməd babandan sevinə-sevinə ayrılıb evə üz tutdum. Elə özümündə çoxdanki arzum idi Qaraxozu ilə ova getmək. Səhər alaqaranlıq evlərinə çatanda Məhəmməd baban hazır vəziyyətdə məni gözləyirdi. Uzunqulaq, ala, xallı tazısı da sevincindən ora-bura qaçır, gah mənə şırvanır, gah sahibinin qabağında oyunlar göstərirdi.
   
   Saçları, bığı, saqqlı dümağ, sifəti isə qapqara olan bu kişinin üzündə Əzrail zəhmi var idi sanki. Bütün yolboyu cəsarət edib ondan bir söz belə soruşa bilmirdim. Özü aradabir sükutu pozub ovun qayda-qanunlarından danışır, tapşırıqlar verirdi.
   
   - Musa, cüyür ovu çox çətin ovdu. Yaman həssas heyvandı. Ya qismət, ovumuz baş tutsa ətinin yarısını sənə verəcəm.
   
   Artıq hava işıqlanmışdı. Sarı yoxuşdan qanrılıb geri baxdım. İlahi, günəş çıxan zaman İncə dərəsi uzaqdan necə gözəl görünürdü. Qıpqırmızı mis siniyə oxşayan günəş buludun arxasından, üfürülüb alışan köz kimi yanırdı...
   
   Qaraxozunun səsi elə bil məni yuxudan oyatdı.
   
   - Ay Musa, Battaqlı bulağa tərəf gedəcəyik. Tazını özünlə götürüb qara quzey tərəfdən sürək edəcəksən. Cüyürlər səhər tezdən bulağın aşağısında lillənmiş gölməçələrdən su içməyə gələcəklər. Mən bərədə pusquda duracağam. Elə ki, gördün güllə atdım, deməli vurmuşam. Güllə atılan istiqamətə gələrsən. Məsələ aydın idi. Mən tulanı da götürüb palıdlı dərəni adladım. Zoğallı dikdirdən aşıb ,,Battaqlı bulağı" olan tərənin geri yanına tərəf qalxdım. Tula da dil bilirmiş kimi, kolları-kosları imsiləyir, gah sağa, gah sola vurnuxur, mənimlə birgə sürək yerinə tələsirdi.
   
   İri meşəli təpənin o üzünə aşandan sonra sürəyə başladıq. Tula bir an içində gözdən itib gah meşənin sağından hürür, gah da ildırım surəti ilə qaçaraq sol tərəfdən səs-küy salırdı. Mən də əlimdəki iri zoğal dəyənəyi ilə kolları çırpır, səs-küy salırdım. Bu əməliyyat xeyli davam etdi. Artıq Battaqlı bulaq olan təpəni aşağı enirdik ki, güllə səsi eşidildi. ,,Vurdu "- deyib pıçıldadım. Gubbultu ilə ətə dəydiyini səsindən hiss etdim ki, güllə boşa getməyib. Kol-kosu yara-yara aşağıya-bulağa tərəf tələsdim. Bulağa çatanda gözlərimə inanmadım...
   
   Atam bir anlıq dayanıb söhbətinə ara verdi. Üzündəki, gözündəki həyəcanı açıqca hiss etdim. Onun duruxmağından belə başa düşdüm ki, əhvalatın ardını danışmaq istəmir.
   
   - Həə... Sonra nə oldu əmi, vurduğu cüyür idi?
   
   - Yox, a bala, cüyür deyildi. Bu müdhiş mənzərə hələ də gözümün önündən getmir. Məhəmməd baban bulaqdan bir az aralı, bir kötüyün üstündə oturaraq tüfəngi dizlərinin üstünə qoyub siqaretini sümürürdü. Qara şinel geymiş, iri gövdəli bir erməni üzü üstə bulağın üstünə səvərib, hələ də başı kəsilmiş toyuq kimi çabalayırdı. Dəyirmi, uzun dimdikli şapqası dığırlanıb suya düşmüşdü. Çabaladıqca ağzından köpüklənib tökülən qan bulağın suyuna qarışıb, qıp-qırmızı zolaqlarla axıb gedirdi. Yerimdəcə donub qalmışdım. Qaraxozunun sərt səsinə diksindim:
   
   - Tez ol, a bala. Yubanmadan buradan uzaqlaşaq. Bugünkü ovumuz da belə oldu. Ov tulası da işi başa düşmüş kimi cınqırığını içinə salmışdı. Biz yubanmadan iri addımlarlı üzü aşağı düşdük. Yola çıxmadn cığırlarla, çəhlimlərlə gedirdik ki, bizi görən olmasın.
   
   Az keçməmiş güllə səsləri eşidildi. Ermənilərin "heqeq" səsləri aləmi başına götürdü.
   
   "Tənəkli bulağı"nın başına çatanda ,,xata sovuşdu " - deyib Məhəmməd dayı əlini, üzünü sərin bulaq suyu ilə yuyub üzümə baxdı.
   
   - Deyəsən ovumuz xoşuna gəlmədi. Bax Musa, bu sirri bir sən bilirsən, bir də mən. Dilindən bir kəlmə də qaçmasın. Sənə inandığım üçün özümlə ova apardım. Yoxsa həmişə tək çıxıram, heç kimə sirr vermirəm. Bu sirri özünlə saxla!!!
   
   Heyrətdən mənim də gözlərim bərəlmişdi.
   
   - Bax oğul, sən xahiş etdin, mən də danışdım. Bir yerdə ağzından qaçmasın bu sirr. Yoxsa Məhəmməd babanı tutarlar...
   
   Elə o gündən Məhəmməd baba gözlərimdə ucalmış, həm qorxunc bir cəllad, həm də qorxmaz bir cəngavər obrazına çevrilmişdi.
   
   Anamın anası Sənəm nənə də Qaraxozudan mənə çox maraqlı əhvalatlar danışar, babam Qasım kişi isə arvadının üstünə sərtlənərdi ki, bu uşağın nə yaşı var ki, ona Qaraxozunun əhvalatlarını danışırsan.
   
   Qaraxozu ilə Sənəm nənəm doğmaca əmiqızı, əmioğlu idilər. Nəsib baba Məhəmmədin, Usub baba isə Sənəm nənəmin atası idi. Nənəmin söyləmələrinə görə, Nəsib baba Türkiyədə dini təhsil almış əfəndilərdəndi. Çox dərin biliklərə malik olan Nəsib baba kəramətli adam imiş. Atryad dəstəsinə başcılıq edən gündən oğlu Məhəmmədə məsləhət görübmüş kü, oğul, silahdan əl çək, qan tökmə, ovculuq etmə, bu işlər günah sayılır. Əgər sözlərimə qulaq asmasan Allah səni cəzalandıracaq, övlad üzünə həsrət qalacaqsan.
   
   - Bax ona görə də Məhəmməd baban sonsuz qaldı, bala, - deyib nənəm başıma sığal cəkmişdi.
   
   Qasım babam Qarxozu ilə qonşu idi. Odur ki, onu tez-tez görürdüm. Babamın bağı nə qədər gözəl olsa da, Qaraxozunun bağı onunkundan daha iri, daha gözəl idi. Çox zamalar əlində lapatka bağında qurdalanardı Məhəmməd baba.
   
   Günlərin biri Qasım babam onlara gedəndə məndə qoşuldum babama. Bu sirli, sehirli adamı yaxından görüb, söhbətlərinə qulaq asmaq marağı məni dinc qoymurdu. Babamı qapı ağzında qarşılayan Qaraxozu mənə təfərinclə baxaraq:
   
   - Bu uşaq Güllününmü oğludu, a Qasım? -dedi.
   
   - Güllünündü, a Məhəmməd. Mer-meyvə vaxtı gətirib yanımızda saxlayırıq. Yaman cırdəkən uşaqdı. Hər yerə burnunu soxur, səninlə də yaman maraqlanırdı deyə özümlə sizə gətirdim.
   
   - Hə, xoş gəlibsən ağrınalem. Gəl gör sənə nələr göstərəcəm -deyib, taxtadan tikilmiş evinə ( Koma da demək olar) dəvət etdi. Taxtadan tikilmiş evi birinci dəfə idi ki, görürdüm. Heyranlıqla hər tərəfə baxırdım. Evin girişində balaca dəhliz var idi. Dəhlizə başı üstündə olan iri bir ayı dərisi sərilmişdi. Əvvəlcə bərk qorxdum. Təbəssümlə üzümə baxıb dedi:
   
   - Diri deyil dərdin alem, içəri keç, gör nələr görəcəksən.
   
   Mənə elə gəlirdi ki, nağıllar aləminə düşmüşəm. Haqqında eşitdiyim bu əzrail sifət, zəhimli kişi, bir an içində gözlərimdə nur-ipək cöhrəli, pirani bir baba obrazına çevrilmişdi. Eşitdiyimə görə tək-tük adam başını qaldırıb Məhəmməd kişinin gözlərinə cəsarətlə baxa bilərmiş. Amma bu gün mən onunla söhbət edir, hərdən qapqara sifətinə, ağappaq qaşlarının altından parıldayan gözlərinə də baxmağa cəsarət edirdim.
   
   İçəri otağa girəndə heyrət məni bürüdü. Divarlardan asılmış cüyür, maral buynuzları, cürbəcür vəhşi heyvanların dəriləri, dərilərin üstündən asılmış silahlar möcüzələrə bənzəyirdi.
   
   Heyrət içində mat-qut qaldığımı görən Məhəmməd baba əlimdən tutub yaşıl rənglə boyanmış siyirtməli şkafa yaxınlaşdı. İki tərəfi üzü aşağı siyirtmələrlə dolu olan şkafın bir-bir siyirtmələrini açıb mənə göstərirdi. Kağız qutularda par-par yanan yumru, xırda şeyləri göstərib dedi:
   
   - Bax, bunlar pistondu.
   
    Sonra o birisi qutuları açıb:
   
   - Bunlar da barıtdı - deyib, sarı gilizlərdən birini əlinə götürdü. Meşin bağlamanı açıb içindən bir neçə ovçu alət çıxararaq sözünə davam etdi:
   
   - Bu bizlə vurub atılmış pistonu çıxarırlar. Sonra yerinə təzə piston qoyub üstündən yavaşca vurur, bu alətlə yerinə otuzdururlar. Sonra bu üysüklə ölçüb, içinə barıt tökürlər. Barıtın üstünü bu yumru kəsilmiş keçə və kartonla tıxaclayıb bərkidirlər. Onun üstündən isə bu qırmaları, saçmaları ölçü ilə doldurub, yenə həmin keçə və kartonla tıxaclayaraq bərkidirsən, olur güllə hazır, - deyərək gözümün qabağında boş patronun birini doldurub mənə əməllicə təlim keçdi...
   
   Elə o vaxtdan Məhəmməd babayla dostluğumuz baş tutdu. Onun da deyəsən məndən xoşu gəlmişdi. Hərdən gözdən oğurlanaraq onlara qaçıb gedəndə məni necə gülərüzlə qarşılamağından bunu hiss etmişdim.
   
   Beləcə günlər, aylar, illər ötüb gedirdi. Xeyli boy atıb böyümüşdüm. Artıq 13-14 yaşların içindəydim. Babamgilin qonşuları olan Kənə Xallın oğlu Kərəm və Nənə xalanın oğlu Kavı ilə möhkəmcə dost olmuşduq. Kərəmgilin tüfəngi olduğundan ona qoşulub, Noykeçən bağına, zığzığ, qaratoyuq ovuna gedərdik. O atardı, biz isə həsətlə ona baxardıq.
   
   Günlərin birində babamdan xahiş etdim ki, divardan asılmış beşaçılan misal altı mağazalı 28 kalibr tüfəngi götürüb atmaq üçün mənə icazə versin.
   
   Babam mehribanlıqla başımı sığallayaraq dedi ki, bala, o tüfəng xarab olub, atmır. Milinin ucu o qədər yeyilib ki, atanda pisdona çatmır. Teymur dayın hər yanı gəzib, heç yerdə tapa bilmir.
   
   - Məhəmməd babada yoxdu ?
   
   - Yox, bala, olsaydı çoxdan alardım. Məhəmməd baban barıt, piston verir, amma o mildən onda da yoxdu.
   
   - Baba, icazə ver onu düzəldim. Düzəldə bilsəm verərsənmi, götürüb Kərəmlə ova gedim?
   
   - Oğul balam, əgər onu düzəldə bilsən özüm sənə bağışlayaram.
   
   Elə mənə də bu söz lazım idi. Tüfəngi ifcin-ifcin söküb, uzun yayın içindən bir ucu papaq kimi yumru, bir ucu isə biz kimi iti olan oxu çıxardım. Dəmir zindanın üstündə o üz-bu üz çəkiclə döyə-döyə milin ucunu uzatmağa başladım. O qədər döyəclədim ki, milin ucu kifayət qədərdən də bir az uzun oldu. Sonra yeyə ilə sürtüb hamarladım, keçə ilə parıldadıb tam işlək bir vəziyyətə saldım. Babam bu məharətimə sevinib, o gündən beşaçılanın ixtiyarını verdi mənə. İndi Kərəm ilə qoşa ova çıxırdım. Saçmaları akkumlyatorun içindəki qurğuşunu əridərək düzəldə bilirdik. Amma piston, barıt işimiz çətin idi. Kərəm deyirdi ki, Məhəmməd baba səni çox istəyir, əlac ancaq sənə qalıb.
   
   Məhəmməd baba eşitmişdi ki, beşaçılanı düzəltmişəm. Demişdi ki, piston, barıt ona qurbandı. Amma bir şərti var idi ki, hər on gülləyə ona bir qaratoyuq vurub gətirməli idik...
   
   Günlərin birində məni yanına çağırıb dedi:
   
   - Oğul, sabah Kərəmi də götür, sizi ova aparacağam.
   
   Davamı gələn şənbə sayımızda

TƏQVİM / ARXİV