adalet.az header logo
  • Bakı 30°C
  • USD 1.7

İqtisadiyyatların savaşı – Eminquey yazır

EMİNQUEY AKİF
558 | 2022-02-28 13:19

Dünyanın diqqəti Rusiya-Ukrayna savaşındadır.

Kiyev təslim olacaqmı?

Zelenski nə qədər duruş gətirə biləcək?

Putin nüvəsini işə salacaqmı?

Bütün məsələ Rusiyanın Kiyevi tutmasıdırmı? Zelenskinin duruş gətirməsidirmi? Nüvələşməkdirmi?

Putinin Mehmet Ali Biranda 2004-cü ildə verdiyi müsahibəyə baxıram. Mehmet bəy Putindən soruşur ki, sizin röyanız nədir? Rusiyaya Sovet dönəminin o köhnə qüdrətini qaytarmaq istəyirsiz, yoxsa Rusiya insanını daha zənginləşdirmək, daha yaxşı yaşatmaq istəyirsiniz?

Putin cavabında deyir ki, əgər insanlarımızı daha zəngin, daha xoşbəxt hala gətirsəm, düşünürəm ki bu, Rusiyanın qüdrəti anlamına gələcək. Sovetlər dövründən bu yana zaman, dəyərlər dəyişib. İndi edilməsi lazım olan şey insanların çıxarlarını təmin etməkdir. Dövlətin başlıca məqsədi budur.

Üstündən 18 il keçib.

Rusiya iqtisadi durumu və vətəndaşlarının yaşayış səviyyəsində hansı dəyişikliklər var?

30 ilə yaxındır ki, əlində bu qədər təbii qaynaqları və ağıllı insanları olmasına baxmayaraq iqtisadi cəhətdən yerində saymırmı?

Putin 2004-cü ildə verdiyi müsahibədə Sovet təfəkküründən çıxmış olduğunu göstərmək istəsə də, bu illər ərzində etdikləri bunun əksini sübut edir. İqtisadiyyatınız zəifdirsə, müharibədə hara kimi gedə bilərsiniz?

Bəs bu müharibədə məhv olan milyonlarla pullar? Zəif iqtisadiyyatla bunu yerinə necə qaytaracaqsınız? Və hələ-hələ maliyyə sansksiyaları içində atom bombasına bərabər olan SWIFT sistemindən kənarlaşdırılmaq – fatihənizi verin deməkdir.

Maraqlananlar bilir, bilməyənlər də bilsin ki, SWIFT dünyanın ən çox yayılmış banklararası pul köçürmə sistemidir. SWIFT ilə mal alır və qiyməti göndərirsiniz. SWIFT ilə mal satırsınız, pul qazanırsınız. Siz xaricdə otel bron edirsiniz. Siz akkreditiv açırsınız. Siz depozit qoyursunuz. Xarici valyutanızı başqa banka, hətta ölkə daxilində də göndərərkən SWIFT-dən istifadə edirsiniz.

Bu sistemdən kənarlaşdırıldığınız halda batmısınız.

İran tətbiq olunan embarqo, SWIFT və dollardan istifadəyə qoyulan məhdudiyyətlər nəticəsində ixracatı ciddi şəkildə məhdudlaşdırıldı, idxalına da zərbə vuruldu, xarici ticarəti demək olar ki dayandı.

Neft ixracatından gələn gəlirin təxminən yarısını və xarici ticarətinin 30 faizini itirdi.

İqtisadiyyat həm də müharibə alətidir. Rəqibin siyasi və hərbi gücünü zəiflətmək üçün faydalı vasitədir. Məqsəd qarşı tərəfi istədiyi razılaşmaya məcbur etməkdir. Ki, bugün ABŞ da, Avropada rusun ordusunun önünə bu yolla çıxır.

Təkcə ölkə miqyasında yox, həmçinin ailələrdə də sistem belədir. Ailə başçısı dünyasını dəyişənə qədər əgər ailənin maddi vəziyyətini kifayət qədər saz vəziyyətə gətiribsə, çətinlik yoxdursa, ailə başçısı dünyasını dəyişcə, çətinliklər ancaq mənəvi olacaq, maddi yox. Çünki çarx sağlamdır və işləməyinə davam edəcək. Əgər başçıdan sonra bu çarxı sağlam idarə edən varsa.

Və açığı, oxuduğum qədər Amerika, Rusiya və Çin kimi supergüclərin əsas müharibəsi okeandadır. Bu üç ölkə bir-birinə silah dayasa, nüvə çıxarsa, bu, quruda baş verməyəcək.

Əgər bu gün Şərqi və Qərbi Almaniya yoxdursa, bunun səbəbi vaxtilə Sovet rejiminin iqtisadi olaraq çökməsidir.

Xülasə, ağlı başında olan adam başa düşür ki, bu dəqiqə əsas sual bu müharibədə Rusiyanın hərbi gücünün yox, iqtisadiyyatının nə qədər vuruşa biləcəyidir.

Bir sözlə, vəziyyət “rusca”dır…

TƏQVİM / ARXİV