adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

iNCƏLi MƏDƏD KiŞi

18332 | 2012-06-09 08:27
Salam, əziz oxucu! Məmməd Dəmirçioglunun təqdimatında gedən, özünə xeyli sayda oxucu auditoriyası toplamış "İnsan mənzərələri" silsilə yazısına qəhrəman olan hər kəs özünün bir əməli, bir işi ilə yaddaşlarda iz salmış, sözü-söhbəti, sazı-sənətilə eldə güllənən, sözdə bəllənən, sazda dillənən, illərin süzgəcindən süzülüb M.Dəmirçioglunun qələmində puçurlayan, fırçasında məxməri boyalara boyana-boyana gəlib bizə çatıb. Bu gün sizə təqdim etmək istədiyimiz məxməri boyaların qismətinə düşəcək insan isə elə məxmər xasiyyətli bir el ağsaqqalı olub. Hardan yarandı ki,bu el ağsaqqalı haqda da yazı yazaq. Əgər yadınızdadırsa "İnsan mənzərələri"nin ötən saylarının birində Kəmərli Yusif müəllimin gülməcələri və lətifələri haqda yazmışdıq. Xeyli dəyərli oxucunun da sevgisinə səbəb olmuşdu həmin yazı. Bu gün də qərarlaşdıq ki, yenə İncə lətifələrinə üz tutaq. Amma bu lətifələrin də özünün yaradanı, sahibi var axı. Bütövlükdə bu lətifələri elə cəm edib İncə lətifələri kimi də vermək olardı. Amma hər kəsin öz halal haqqını özünə ödəsək, ruhuna da ehtiramımız olar, elə bilirəm.Onu da deyim ki, İncə lətifələri də qımqımaları kimi məclislərdə öz şirinliyi və orijinallığı ilə seçilir və lətifəni duzlu danışanların dilindən məxsusi şəkildə gözlənilir.
   
   Elə isə haqqında söhbət açmaq istədiyimiz İsayev Mədəd Nəbi oğlunun şirin-şəkər gülməcələrinə rəvac verməzdən öncə azacıq haqqında məlumat verək.
   
   Mədəd kişi 1923-cü ildə Qazağın Qaymaqlı kəndində anadan olub, İncəlidə hər kəsi tayfasının, nəslinin adından desək, bu kişi də dost-doğmaca Nəvilli nəslinin törəməsidir. Körpəlikdən qardaşı dülgər Əsədin yanında dülgərlik sənətini öyrəndiyindən elə ömrünün sonuna kimi də bu peşə ilə məşgul olub. İncəlidə çox az ev olar ki, Mədəd kisinin əl işi, əl izi olmasın. Çox həlim, mülayim, baməzə, hər sözə hazırcavablıqla cavab verən bir adam olub. Saza-sözə çox bağlı adam imiş.Sazda el havalarını, köhnə havaları ( "Sallama Kərəmi"ni, "Sultanı"nı, "Zarıncı"nı və s.) köhnə kişilər sayaq da çox gözəl çalarmış. Ara-sıra xalq ruhunda, saz ruhunda şeirlər də yazarmış.
   
   Qaymaxlıda doğulmağına baxmayaraq qonşu Kəmərli kəndində Oruşdu nəslinin Həcər adlı bir qızı ilə ailə həyatı qurub və ömrünün sonuna qədər də həmin kənddə ev-eşik qurub yaşayıb. Dörd övladı - 2 oğlu, 2 qız övladı olub. Övladlarının hər biri də saza-sözə maraqlı olub, istər qızları, istərsə oğulları, hətta nəvələrinin çoxu gözəl saz çalıb-oxuyurlar. Amma bir övladı haqda az sonra daha geniş söhbət açacağıq. Bu yaxınlarda "Deyişmə" aşıq müsabiqəsində qızıl qələbə ilə "Qızıl saz"-ı Qazaxa gətirən, hər birimizin dostu, fəxrimiz və "İnsan mənzərələri"nə düşməyə haqqı olan Aşıq Şaiq İncəlini deyirəm. İstəyirik Aşıq Şaiq barədə yazını da bu yazımıza mətəris edib bir az da şirinləşdirək. Amma İsayev Mədədin yaddaşlarda qalan bir şeirini və bir neçə lətifəsini sizlərə çatdıraq ki, ovqatınız xoş olsun.
   
   
   
   Könül başqa tağda durmaz,
   
   Hər kəsin öz tağı gərək.
   
   Söz bir olsa dağ da durmaz,
   
   Ancaq sözün sağı gərək.
   
   
   
   Ağlı olan nöqsan etməz,
   
   Nə də əyri yola getməz.
   
   Bülbül hər fəsildə ötməz,
   
   Bircə bahar çağı gərək.
   
   
   
   Haqdan yanan çıraq sönməz,
   
   Halal çörək heç tükənməz.
   
   İgid dediyindən dönməz,
   
   Yalasa da ağı gərək.
   
   
   
   Əziz oxucu, tam səmimi olsun deyə, nəzərinizə çatdırım ki, Mədəd kişi göz qüsuru olan adam olub. Bu qüsuru nə dərəcədə gözə çarpan olub, deyə bilmərəm, amma onu bilirəm ki, Mədəd kişi bütün danışıqlarında və gülməcələrində özünü daha qabarıq şəkildə gah kor, gah da çaş kimi qələmə verərmiş.
   
   Mədəd kişinin gülməcələrindən bəzilərini yazaq, ovqatınıza, çöhrənizə ilin-günün bu vaxtı bir təbəssüm qonsun:
   
   1. Mədəd kişi kənddə bir evdə işləyirmiş . Ev yiyəsinin 8-10 yaşlarında Məqsəd adlı bir oğlu var imiş. Mədəd kişi görür ki, uşaq əlində tutduğu kolbasanı çox iştahla yeyir. Mədəd kişi uşaqdan soruşur:
   
   - A bala, a Məqsəd, o yediyin nədi?
   
   Məqsəd ağzını bir az da marçıldadaraq deyir:
   
   - Kolbasa.
   
   - Versən ondan kor da basa.
   
   
   
   ***
   
   2. Mədəd dayı daim qonum-qonşunun bıçağını, qayçısını, qırxılığını, baltasını çarıxlayarmış. Bir səhər tezdən durur ki, aparıb qonşunun çarxladığı alətlərini versin. Qapıya çatanda qonşu arvad xoş rəftarla:
   
   - Gəl, gəl, ay Mədəd, xoş gəlmisən. Qaynənən çox istəyir yəqin. Yaxşı xaş bişirmişəm. Gəl bir az səndə ye,- deyir.
   
   - Yox, ağrın alem, mənlik deyil. Çaş nədi, xaş nədi.
   
   
   
   ***
   
   3. Kəmərli kəndində Mədəd adlı gözdən qüsurlu bir kişi də varıydı. Günlərin birində kəndə yoxlama gəlir. Kəndin sədri Mədəd kişidən xahiş edir ki, aşağı düşürsən, xahiş edirəm, buxalterə çatdır ki, təcili idarəyə gəlsin, yoxlama gəlib. Aşağı enən Mədəd kişi yolda kor adaşıyla rastlaşır. Nolajax, söhbətə başı qarışır, ismarıc yadından çıxır. Bir neçə saatdan sonra sədrlə Mədəd kişi qarşılaşırlar. Sədr məzəmmətlə:
   
   - Ayə, maşallah olmasın, a Mədəd, ismarıcı beləmi çatdırırlar?
   
   Mədəd kişi:
   
   - Sədr, başınhaqqı, evlərinəcən getdim, tapa bilmədim.
   
   - A Mədəd, heç olmasa yalan danışma. Ortalıqda adaşın kor Mədədlə söhbətə başın elə qarışıb ki, buxalter özü sizin yanınızdan keçib, görməmisən.
   
   Mədəd kişi təhərini belə pozmadan deyir:
   
   - Olar, a bala, olar. O Mədədin sağ gözü kor, mənim də sol gözüm kor. Yəqin aramızdan keçıb görməmişik, burda nə var ki.
   
   
   
   ***
   
   4. Ceyrançöldə yun qırxımı zamanı Bakıdan yoxlama gəlir. Hamıya tapşırıq verilir ki, hər kəs öz işinin başında olsun, bir adam boş- bekar dayanmasın. Nə isə, yoxlama gəlir, Mədəd kişi də bir nəfərlə söhbət edirmiş. Dəzgahın yanına çatan inspektor söhbət edənlərə yaxınlaşıb soruşur:
   
   - Siz nə işlə məşğul olursuz?
   
   - Mən motoristəm, - deyib Mədəd kişinin həmsöhbəti canını qurtarır.
   
   -A kişi, bəs sən nə işlə məşğulsan?
   
   Mədəd kişi:
   
   - Mən də mətərisəm. (dayaq)
   
    Bakılı inspektor:
   
   - Həə? Deyib uzaqlaşır. Fikirləşir ki, yəqin mətəris də bir peşədir.
   
   
   
   ***
   
   90-cı illərdə, ermənilərlə müharibənin qızğın vaxtı Mədəd kişinin Qaymaqlı qohumları Kəmərliyə- Mədəd dayıları gilə qonaq gedirlər. Baməzə bacı uşaqları maraqlı olsun deyə cavanlardan birini, Akifi un kisəsinə salıb çiyinlərinə alırlar.
   
   Həyətə girib Mədəd dayılarıyla görüşüb torbanı qoyurlar kişinin qənşərinə.
   
   - Mədəd dayı, sənə hədiyyə olaraq bir erməni əsiri gətirmişik, - deyirlər.
   
   Mədəd kişi ikrahla kisəyə bir təpik vurur:
   
   -A bala, bunu niyə zarıdırsız, aparın başını kəsin. Cavanlar kisənin ağzını açanda kisədən Akif çıxır. Xeyli gülüşürlər, Mədəd kişi isə Akifi tanımırmış kimi:
   
   -Ayə bunu hardan tutdunuz- deyib özünü o yerə qoymur. Az keçməmiş Akif soruşur:
   
   -Ay dayı, olmaya məni tanımadın?
   
   - Niyə tanımerəm, ayə.
   
   - Kiməm, ay dayı?
   
   - Erməni. Sən indicə kisədən çıxan erməni döyülsən?
   
   
   
   ***
   
   Mədəd kişi kəndin ayağında işləyirmiş. Axşamlar evinə dönəndə ortalıqda oturub çay içən cavanlardan biri Mədəd kişiyə söz atır. Üstəlik göz basıb dostlarına deyir ki, deyirlər hazırcavab kişidi, görün onu necə dolayacam.
   
   - Axşamın xeyir, ay Mədəd dayı.
   
   -Aqibətiniz xeyir.
   
   - Hardan gəlirsən bu şər vaxtı?
   
    Mədəd kişi oğlanı acılamaq istəmir:
   
   - O dünyadan gəlirəm, ağrın alem.
   
   - A Mədəd dayı, oralar nətəridi, mənim babamı da görörsənmi?
   
   - Hə, oğul, baban elə gözəl dolaner, Hacı Mahmud babamızın qoyunlarını otarer.Vəziyyəti lap əladı.
   
   -Vay sənin ağrın alem,ay Mədəd dayı-deyir.
   
   Sabahı gün yenə həmin mənzərə təkrarlanır. Həmin oglan yenə soruşur:
   
   - Mədəd dayı, indi hardan gəlersən belə yorğun-arğın?
   
   -Dünən soruşdun dedim da, a bala - o dünyadan gəlerəm.
   
   - Mənim babamı gördünmü, necəydi?
   
   Mədəd kişi cavan oğlanın fikrini anlayıb bu dəfə də söz altda qalmır:
   
   -Oğul, bilmirəm baban nə qələt qarışdırıbsa Hacı Əfəndinin qoyunundan çıxarıb, erməninin donuzuna çoban qoyublar.
   
   Belə, əziz oxucu! Mədəd kişi və onun gülməcələri haqda bu qədər. Bu fani dünyanın 5- 10 günlük qonaqlarından olan Mədəd kişinin özü bu dünyada olmasa da şirin gülməcələri,yaxşı əməlləri və tərbiyəli, ağıllı balaları özündən sonra qalan ən böyük mirasıdır. Dediyimiz kimi 4 övladı olub. Biri - qızı Zəkiyyə bu yaxınlarda rəhmətə gedib. Allah rəhmət eləsin! Qalan 3 övladı ( 2 ogul, bir qiz) üçü də saz çalıb-oxumağı bacarırlar. Bu yaxınlarda qızı Yetərin (xəstəhal olmasına baxmayaraq) necə eşqlə saz çaldığını görəndə düzü-düz təəccübümü gizlədə bilmədim. Hətta nəvəsi Sənan Şaiq oğluna qulaq asanda elə sanırsan ki, oxuyan Aşıq Şaiq özüdü. Bir-birinə qəribə bir bağlılıqları var hər birinin, eynən bir zəncirin halqaları kimi.
   
   
   
   Bu da bizim oğlu
   
   sağolmuş Aşıq Şaiq
   
   
   
   Hə, Aşıq Şaiqdən söhbət açacaqdım,axı.Mədəd kişinin kiçik oğlu Aşıq Şaiqi son günlərdə qazandığı qələbədən sonra tanımayan az adam olar , belə hesab edirəm.Çünki Aşıq Şaiq təkcə son yarışmada yapdığı möhtəşəm çıxışıyla yetərincə hər kəsə necə aşıq olduğunu sübut etdi.Taniyan da,tanımayan da hamı Şaiqin uğuruna sevinirdi. Həmin gecə səhərə qədər doğma Qazağımızın bütün küçələrində bir qələbə sevinci yaşanırdı. Çoxlarının yuxusu sevincindən ərşə cəkilmişdi.Şaiqin uğuru əslində hamımızın idi. Sevincimizə şərik olub sevinənlərə və bu işdə Aşıq Şaiqə kömək olanlara Tanrı kömək olsun, amin!
   
    Aşıq Şaiq 1964-cü il sentyabrın 23-də İncə dərəsində doğulub.Körpəlikdən saza bağlı olub.İlk müəllimi də elə öz atası Mədəd kişi olub, cürə sazda havaları atasından öyrənib.Sonralar İncə Dərəsinin bütün aşıqlarından bəhrələnib.Ən cox saza qarşı həvəs oyadan və öyrədən isə Ustad Aşıq Avdının ən çox sevdiyi şəyirdi Aşıq Cəlal olub.
   
   Sadıq Avdı oğlundan və digər ustadlardan döşürdükləri az olmayıb.Əsil İncəlidi Aşıq Şaiq.Torpağını,elini sevən,insanlığı və insanları sevən,hər şairimizi,hər aşığımızı urvatlandırıb hər şeirimizi,hər misramızı ballandıra-ballandıra qara sazın pərdələrində şövqlə gülləndirib,eşqlə oxuyan,yorulmadan söz-şeir seçimi ilə məşğul olan,bütün varlığı ilə havaların hər xırdaca gülünü də ustadlardan döyşürən, İncə qımqımılarına yeni bir nəfəs verib sazda ritmə gətirərək ömürlük həyat bəxş edən peşəkar bir aşıq,qayğıkeş-zəhmətkeş ata,etibarlı dost,heç kəsin yorulub usanmayacağı xarakterə malik müsbət auralı insan,könlü-ruhu işıqlı,nurlu simadır. Hər zaman məclislərdə yeri görünən, sözündən-söhbətindən, baməzə zarafatlarından ötrü çox darıxdığımız dostumuzdur. El-oba içində kliçkası - "oğlun sag olsun"-dur.Hamıya belə müraciət edər,hamı da onu belə çağırar. Həm gözəl müraciət, həm də gözəl alğış. Hə, yaxşı yadıma düşdü.Ona həsr olunmuş çoxlu sayda şeirlərin biri və elə ən gözəli də şair-rəssam Məmməd Dəmirçioğlunun -Oğlun sağ olsun-deyə ona müraciətən yazdığı seirdir. Ürəyimdən çox şeirləri yazmaq keçsə də sonda ən yerinə düşən şeir elə M.Dəmirçioğlunun seiri oldu. Biz yazaq ötürək sizin hüzurunuza , siz də oxuyun , elə bu şeir yetərki tanıyasınız bizim oğlu sağolmuşu.
   
   
   
   OĞLUN SAĞ OLSUN
   
   
   
   Dostum İncəli Aşıq Şaiqə
   
   
   
   Yenə dəli şimşək kimi ,
   
   Çaxersən, oğlun sağ olsun.
   
   Cadar-cadar könlümüzə,
   
   Yağersən, oğlun sağ olsun.
   
   
   
   Oxu mindirdin yayına,
   
   Çətin ki, ovun yayına.
   
   Dönübsən İncə çayına,
   
   Axersən, oğlun sağ olsun.
   
   
   
   Qoşa çallar- nər dəvələr,
   
   Himə bənddi ər Dəvələr.
   
   Qımqımıdan zər gəvələr
   
   Toxursan, oğlun sağ olsun.
   
   
   
   Sazın durna boylu mələk,
   
   Sökdü bizi lələk-lələk.
   
   Kor bulaqda bənövşə tək
   
   Qoxursan, oğlun sağ olsun.
   
   
   
   Oyan, Dəmirçoğlu, oyan,
   
   Çənlibeldə qana boyan...-
   
   Cünun kimi Koroğludan
   
   Oxursan, oğlun sağ olsun.
   
   
   
   Qələmə aldı:
   
   Çiçək Mahmudqızı

TƏQVİM / ARXİV