adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Bizi yaşadan qələbə

FAİQ QİSMƏTOĞLU
1299 | 2021-11-05 11:14

...Biz o günü nə az, nə çox, düz 30 il gözləmişik. Düz 30 il gözləmişik ki, Beynəlxalq Təşkilatlar və eləcə də ATƏT Birləşmiş Millətlər Təşkilatının torpaqlarımızın 20 faizini işğal edilməsi ilə bağlı çıxardığı 4 qətnaməsini icra edəcək. Biz onlara bel bağladıq, ümid bəslədik, onlar isə bizim kürəyimizə bıçaq sapladılar. Yəni, işğalçıya havadarlıq elədilər, arxa durdular və onlara «Gözün üstə qaşın var» - demədilər...

...Ermənilərin «dayıları» onları elə arxayın salmışdılar ki, bu torpaq əbədi olaraq işğalçının nəzarəti altında olacaq. Hətta bir neçə dəfə yüksək səviyyədə bildirmişdilər ki, Qarabağ məsələsi dondurulub. Yəni, bu problemi gündəmdən çıxarmaq, saxlamaq ermənilərin havadarlarının ən böyük məqsədi idi və təsadüfi deyil ki, düz 30 il günü günə sataraq Beynəlxalq təşkilatlar hər şeyə göz yumdu və bizim haqq işimizə heç bir köməklik etmədi.

...Və hətta 2016-cı ilin aprel döyüşlərində minlərlə hektar torpaqlarımız azad olunanda və Lələtəpə yüksəkliyinə bayrağımız sancılanda ermənilərin havadarları dəridən, qabıqdan çıxaraq döyüşü saxladılar və söz verdilər ki, tezliklə işğal altında olan torpaqlarımızdan çıxıb gedəcəklər. Onlar çıxıb getmədilər, əksinə işğal altında olan rayonlarımızda mövqelərini daha da möhkəmlətdilər. Yüz milyonlarla dollar xərcləyərək top dağıtmaz, bomba dağıtmaz istehkamlar, bunkerlər inşa etdilər. Və düşünürdülər ki, onların bu cür güclü müdafiəsi var və bu müdafiəni Azərbaycan ordusu heç vaxt yara bilməyəcək. Ağdamda, Füzulidə nə az, nə çox beş-altı yerdə çox möhkəm istehkamlar, bunkerlər və sığınacaqlar tikilmişdi. Düzdü, onu ən müasir silahla belə dağıtmaq çox çətin idi.

Amma Azərbaycan əsgərinin inamı, vətən sevgisi və döyüşkənlik ruhu ən güclü silahdan daha güclü idi. Təəssüf ki, ermənilər bunu nəzərə almırdı. Hələ bu azmış kimi, Tovuz istiqamətində və eləcə də sərhədyani bölgələrdə tez-tez atəşkəsi pozur, keçmiş müdafiə naziri Toniyan isə sayıqlayaraq deyirdi ki, yeni torpaqlar, yeni şəhərlər işğal edəcəyik. Hətta bəzi zabitlər sərsəmləyərək Bakıya qədər gəlib çıxacaqlarını və burada Yerevan konyakı içəcəklərini deyirdilər.

Sentyabrın 27-dəki möhtəşəm əks hücum onu göstərdi ki, ermənilər Bakıya yox, heç işğal altında olan torpaqlarımızda dura bilməyəcəklər. Elə müharibənin ilk günü onların 30 il tikdiyi istehkamlar, sığınacaqlar darmadağın dağıdıldı, müdafiə xətti yarıldı və Azərbaycan əsgəri aslan kimi döyüşərək Füzulinin üç kəndini, Cəbrayılın isə bir böyük kəndini işğaldan azad elədi. Bu, o deməkdir ki, bu ordunun, bu xalqın qabağında nə erməni ordusu, nə də onun havadarları dayana bilər. Ermənilərin yatsa yuxularına da girməzdi ki, 44 gündə Azərbaycan ordusu 30 ildə itirdiyi işğal altında olan torpaqlarını azad edəcək...

...Onlar Bakıda konyak içə bilmədi. Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Hadrutda və Şuşada yeyib-içdikləri burunlarından töküldü. Müzəffər Azərbaycan ordusu sentyabrın 27-dən noyabrın 10-na qədər hər gün neçə-neçə rayonu, qəsəbəmizi, şəhərimizi azad elədi. Füzuli azad olundu... Cəbrayıl azad olundu... Zəngilan azad olundu... Hadrut azad olundu... Qubadlı azad olundu... Şuşa azad olundu... İt kimi ayağına tüpürüb qaçan ermənilər siçan deşiyi axtarırdılar. Ona görə də gördülər ki, Azərbaycan ordusu gedib çıxacaq Xankəndinə, ordan da Yerevana, o dəqiqə məcbur olub noyabrın 10-da təslim aktına imza atdılar. Əks təqdirdə, Qarabağdakı 35 minlik erməni ordusu it kimi gəbərdiləcəkdi. Məhz onları xilas etmək üçün ermənilər bu addımı atdılar. Sonradan Ağdamı, Laçını, Kəlbəcəri özləri boşaltdı...

...Bu qələbəmizin başında Ali Baş Komandan, Prezident İlham Əliyev və Azərbaycan ordusu dururdu. Bu millət, bu xalq hələ tarixində belə sevincli anlar yaşamamışdı. Çünki biz son 200 ildə və eləcə də son 30 ildə ancaq torpaq itirmişik, yurd itirmişik. Bu sevinci bizə bəxş edən Ali Baş Komandan və Azərbaycan ordusu bir daha göstərdi ki, bu xalq güclü xalqdır, çətin anda birləşməyi bacarır. Təki o xalqın İlham Əliyev kimi siyasi lideri olsun, ona rəhbərlik etsin və milləti düşdüyü çətin vəziyyətdən çıxara bilsin. Biz quyunun dibindən çıxdıq və çox möhtəşəm bir Zəfər tarixinə imza atdıq.

Bütün dünya Azərbaycanın 44 günlük qələbəsindən danışır. Çünki dünya tarixində analoqu və oxşarı olmayan unikal bir əməliyyat idi bu. Əməliyyata rəhbərliyi Ali Baş Komandan, Prezident İlham Əliyev elədi, onun əmrini isə Azərbaycan ordusu şərəflə yerinə yetirdi. Bizim ordu heç vaxt erməninin dinc sakininə - uşağına, qadınına və qocasına silah çəkmədi. Ancaq erməni ordusu ilə, erməni əsgəri ilə vuruşdu. Onlar isə həmişə dinc camaatımıza, körpəyə, uşağa atəş açıblar. Gəncədə, Tərtərdə, Bərdədə, Ağcabədidə və digər rayonlarda ermənilərin dinc sakinləri raket atəşinə tutması, gülləbaran etməsi göz qabağındadır. Çünki düşmən həmişə öz namərd sifətini göstərib və bu döyüşdə də göstərdi...

...İndi həmin möhtəşəm qələbədən 1 il keçir. Biz böyük Zəfərimizin sevincini yaşayırıq. Üstəlik də, azad olunmuş rayonlarda çox böyük tikinti, quruculuq, abadlıq işləri görülür. Elə Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və eləcə də digər rayonlarda görülən möhtəşəm işlər dediklərimizə əyani sübutdur. Bu yaxınlarda isə Füzulidən Şuşaya yeni tikilmiş «Zəfər yolu»nun açılışı olacaq. Bu yol bizi Məkkəmiz, Mədinəmiz olan Şuşaya aparacaq və həmin yolla hər birimiz uzaq başı Füzulidən bir saata Şuşaya çatacağıq. Bu yolu bizə qovuşduran göydə Allah, yerdə də Azərbaycan Prezidenti və Azərbaycan ordusudur!...

Respublikamızın hər yerində «Zəfər bayramı» bir daha qeyd edilir. Bugünlərdə isə Füzuli rayonunun Horadiz şəhər 1 nömrəli tam orta məktəbində «Zəfər günü» münasibəti ilə ədəbi-bədii kompazisiya təşkil edilib. Burda hər bir Füzuli şəhidi yenidən xatırlanıb. Mənim nəvəm 8-ci sinif şagirdi Tunar İsmayılzadə də bu tədbirdə əyninə əsgər paltarı geyərək iştirak edib və əlində şəhid Elçin Tehran oğlu Süleymanovun portretini başının üstünə qaldıraraq deyib ki, bu şəhidlər torpaqlarımızı erməni işğalından azad elədilər. Onların qanı torpaqlarımıza axdı. İndi həmin yerdə güllər, çiçəklər bitəcək və Elçin kimi şəhidlər yenidən gül kimi, çiçək kimi, palıd kimi, çinar kimi torpaqdan boylanacaq. Və biz də onların yolunu davam etdirəcək, torpaqlarımızın hər qarışını göz bəbəyi kimi qoruyacaq, imkan verməyəcəyik ki, bir də yağıların murdar ayaqları bu yurda, bu vətənə dəysin...

...Torpaqlarımızı işğaldan azad edən gənclərin əksəriyyətinin 25-30 yaşı olar. Heç onlar Qarabağı görməmişdilər. Amma onlar Qarabağı görməyə-görməyə torpaq uğrunda döyüşdülər, qələbə çaldılar, şəhid oldular, qazi oldular. Bax, indi mənim nəvəm Tunar kimi yeniyetmə uşaqlar bu vətəni göz bəbəyi kimi qoruyacaqlar, hər qarış torpağına, hər məkanına sahib çıxacaqlar...

...Bir kimsənin gözü bu vətənə dikilsə, torpağımıza kimsə hücum etsə, onların gözü ovulacaq, özləri isə qanına qəltan olacaqlar. Çünki vətən sevgisi çox güclü olur və hər hansı yadelli də bura göz dikəndə torpaqlarımız onlar üçün ölüm yerinə çevrilir. Heç onları bu torpaqda da basdırmırıq. Leşlərini it leşi kimi gəlib özləri yığıb aparırlar. Və bu onlara bir dərs olmalıdır. Kimsə yenidən bu fikrə düşsə, bu leşlər daha da çoxalacaq, Azərbaycan əsgərinin qarşısında heç bir qüvvə dayana bilməyəcək!...

TƏQVİM / ARXİV