adalet.az header logo
  • Bakı -°C
24 Sentyabr 2026 20:45
61
DÜNYA
A- A+

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla F-35 qırıcıları ilə bağlı müzakirələri davam etdirir.

Adalet.az xəbər verir ki, bu barədə Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində jurnalistlərlə bildirib.

Ərdoğan qeyd edib ki, Trampla bu məsələni NATO çərçivəsində də müzakirə edib.

"Cənab Tramp Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı müsbət iradə ortaya qoyub. Biz də bu iradənin artıq konkret addımlara çevrilməsini gözləyirik. Bu məsələ ilə bağlı təmaslarımızı davam etdiririk. Nəticə əldə edəcəyimizə inanıram", – Türkiyə Prezidenti bildirib.

O, ABŞ-Türkiyə əlaqələrinə də toxunaraq, Trampla münasibətlərin iki ölkə arasındakı əməkdaşlığa təsir etdiyini vurğulayıb.

"İki ölkə arasındakı əməkdaşlıq əvvəlki administrasiya dövrü ilə müqayisədə xeyli məsafə qət edib. İnanıram ki, burada da dayanmayacaq və daha irəli hədəflərə çatacağıq", – Ərdoğan deyib.

Türkiyə Prezidenti ölkəsinin müdafiə sənayesinin inkişafının prioritet olduğunu qeyd edib.

"Bizim üçün önəmli olan yerli müdafiə sənayemizdir. Bu, bizim üçün çox-çox önəmlidir. KAAN başda olmaqla, öz döyüş təyyarəmizi, hava hücumundan müdafiə sistemlərimizi istehsal etmək istəyirik", – o bildirib.

Ərdoğan Böyük Britaniya ilə "Eurofighter" qırıcıları ilə bağlı danışıqların da davam etdiyini söyləyib.

"Bu arada Britaniyanın Baş naziri (Endi Börnhem) ilə də görüşümüzü keçirdik. Onlarla "Eurofighter" mövzusundakı addımlarımız və işlərimiz davam edir", – Türkiyə lideri vurğulayıb.

Ərdoğan Türkiyənin təhlükəsizlik və müdafiə sahəsində strateji hədəflərinin olduğunu bildirib.

"Türkiyənin təhlükəsizliyi, müdafiə ehtiyacları və strateji hədəfləri var. Hədəflərimiz üçün çalışacaq, inşallah, geri addım atmayacağıq", - o əlavə edib.