adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7

Elfida

TURAL SAHAB
39550 | 2014-06-13 00:41
Elfida mavigözlü, sarısaçlı xristian qızı. Tanrının gözəl əsəri. Baxanlar aşiq olmadan keçə bilmir. İncə dodaqları ilə səlist danışır, səsi bahar gecələri axan dağ çaylarının səsi qədər aydın və gözəl. Boynundan asdığı xaçmı gözəlləşdirir onu, yoxsa o gözəl boynumu xaçı, bilə bilmir insan. Barmaqları o qədər incədi ki, insan toxunmağa, əlindən tutmağa qorxur, incitməmək üçün. Gözlərində bir ümmanın dərinliyi, bilinməzliyi var bu qızın. Onunla danışa bilənlər, gözlərində özlərini görürlər.
Elfida dininə bağlı xristian idi. Həftə sonları kilsə ayinlərinə qatılar, ön sırada əyləşər və diqqətlə rahibi dinləyirdi. Hər zaman Tanrını və İsanı düşünər, "İncil"i mütaliə edər, insanlara əlindən gəldiyi qədər yaxşılıq edərdi. Yaşadığı şəhərin uşaqları bir mələk olduğunu düşünür, qocalar isə yeni bir xristian əzizəsi olduğuna inanırlar. Həftə sonları kilsədən çıxar, dostları ilə mütləq ya körpələr evini, ya da qocalar evini ziyarət edərdi. Uşaqlara hədiyyələr alırdı, onun üçün də bazar günü oldumu, uşaqlar həsrətlə onu gözləyərdilər. Elə ki, həyətdən içəri girdiyini gördülər, tez həyətə qaçır, onun ətrafında sevgi ilə dövrə vururdular. Qocalar evini ziyarət etdiyi zaman isə "İncil" oxuyar, ölümü gözləyən insanlara Tanrı və İsa sevgisini aşılamağa çalışardı. Bax belə bir qızdı, Elfida.
Bu şəhər öz qədimliyi, tarixi binaları, bir də iki dinin nümayəndələrinin bir yerdə əmin-amanlıq içində yaşaması ilə seçilirdi. Müsəlmanlar və xristianlar dostca yaşayırdılar. Kimsə, kimsənin yanlışda olduğunu isbat etməyə çalışmadığı üçün narazılıq yaranmırdı. Qurban və Ramazan bayramlarında müsəlman qonşularını təbrik edirdilər. Ramazan ayı ərzində müsəlmanların oruc tutduqlarını bildikləri üçün onların gözləri qarşısında heç nə yemir, içmirlər. Qurban bayramında isə onların qurban paylarını böyük sevinclə qəbul edirdilər. Müsəlmanlar da həmçinin İsanın doğum gününü xristian qonşuları ilə bir yerdə olmağa, onları təbrik edib, hədiyyələr verməyə səy göstərirdilər.
Bunların arasında bir tək evlilikdən söz gedə bilməzdi. İndiyə qədər heç kimsə öz dinindən olmayan biri ilə evlənməmişdi. Heç sevgi də olmamışdı, dillərə düşəcək qədər böyük. Sadəcə dindar olmayan insanlar gəzir, əylənirdilər, lakin heç onlar da bu munasibətləri rəsmiləşdirməyə cəhd etmirdilər. Sanki hər kəs nədənsə qorxurdu. Axşamları və sabahları kilsələrdən gələn zəng səsləri, minarələrdən yüksələn azan səsinə qarışır, göy üzündə xoş bir mənzərə yaradırdı. Şeytanı incidən bir məqamdı bu.
Bir bazar günü, gözəl bahar bazarı. Şəhərdə yol kənarında olan ağaclar yamyaşıl donlarına bürünüb, parklarda olan güllərin üzərindən kəpənəklər uçuşur və Elfida kilsəyə tələsir. Tanrının evinə, Tanrıdan gedən söhbətə gecikmək olmaz. Gəlir və qapıdan içəri daxil olur. Hələ çox az adam gəlib. Əyləşir ön sırada olan hər zamanki yerində, çantasından "İncil"i çıxarır və ayin başlayana qədərki zamanını dəyərləndirir. İnsanlar yavaş-yavaş kilsəni doldurur. İndi içəridə boş yer qalmayıb, hələ arxada ayaq üstə dayananlar da var. Bir az sonra Rahib içəri daxil olur, dualar oxuya-oxuya. Ayin başlanır. Bəziləri Tanrını və İsanı, bəziləri isə öz işlərini düşünürlər. Ancaq hər kəs Rahibin etdiyi dualara - amen - deyir. Kimi ürəyi, kimi də sadəcə dili ilə.
Ayin yavaş-yavaş sona yaxınlaşır və bitir. İnsanlar eyni təlaşla kilsəni tərk edib evlərinə dağılışır. Elfida hər kəsdən sonra çıxacaqdı yenə, Tanrının evində onunla təkbaşına qalıb, söhbət etməyi çox sevir. Yenə elə olur, hər kəsdən sonra çıxır kilsədən. Bir az sonra dostları ilə qocalar evini ziyarət edəcək. Hələ bir az zamanı var. Bu zamanı boşuna xərcləmək istəmir. Fikri yaxınlıqdakı parka addımlamaq, kölgəlikdə olan skamyalardan birinə əyləşib, dünən mağazadan aldığı romanı oxumaqdı. Asta- asta parka doğru gedir. Birdən məscidin yanında ayaqları onu saxlayır, məscidin şadirvanında abdəst alan oğlana baxmağa başlayır. Uzun saçları onun üzünü görməyə imkan vermir, ancaq günəşdə parlayacaq qədər parlaq, qara saçları Elfidanı yolundan saxlayır, gedə bilmir. Suyun səsini dinləyir, onun əllərinə dəyib yerə düşən su necədə gözəl görsənir. Əllərini yuyur öncə, sonra ağız və burnunu. Üzünə su vuranda, suyun ətrafa sıçraması, yerə düşən su damcıları. Aman Tanrım, bu nə gözəllikdi. Elfida öz düşüncələrindən, özü qorxur və tez oradan uzaqlaşıb, parkdakı kölgəlikdə olan skamyalardan birində əyləşir. Kitabını açır və oxumağa çalışır. Heyhat oxuya bilməz, ağlında qara saçlı bir oğlan varkən, romandakı sarısaçlı oğlanı oxuya, düşünə bilməz. Kitabı bağlayıb, çantasına qoyur. Yaxınında olan göyərçinlərə kilitlənir baxışları, düşüncələri onların qanadında göylərə yüksəlir.
***
Gözəl bir bahar səhəri. Günəş yüksəlməyə başlayır və nəhayət quşluq vaxtı yetişir. Belə bir gözəl gündə Düha namazını dükanında qılmaq istəmir, dükanı qonşularına əmanət edib məscidə yaxınlaşır. Şadirvanda əyləşib, abdəstini alır. Daha sonra məscidə daxil olub, iki rükət namazını qılıb, dualar edir.
Bu şəhərdə doğulmuşdu Sami, bu şəhərdə və bir müsəlman ailəsində. Uşaqlıqdan məscidlə, Quranla həmahəng olmuş, gözəl bir müsəlman kimi yetişmişdi. Hələ üstəlik Quran hafizi idi. Ürəyində Tanrının kəlamını gəzdirdiyi üçün xoşbəxt idi. Yaraşıqlı oğlan idi Sami. Qara gözləri, səliqəli qaşları, dodaqları, uzun saçları, hündür boyu gözəl göstərirdi onu. Bu yaraşıqlı oğlanı çox qadınlar yoldan çıxarmağa çalışsa da, o yolundan dönmürdü. Allah ona Yusifin gözəlliyini, həm də iffətini vermişdi. Balaca dükanı vardı, cürbəcür ətirlərin satıldığı balaca bir dükan. Sabah tezdən evdən çıxır, sübh namazını məsciddə qıldıqdan sonra dükanını açar, axşam azanı oxunanda isə bağlayıb, evində qayıdardı. Yaşlı anası ilə birlikdə yaşayırdı. Qadın hələ o qədər də qocalmamışdır. Onun yeməyini hazırlayır, paltarlarını təmizləyirdi. Sami də anasının bir sözünü iki etmir, cənnət anaların ayaqları altındadır hədisini xatırlayıb, ona qulluq edirdi. Yaşı otuza çatsa da hələ evlənməmişdi. Anası hər zaman deyirdi: - Ay oğul, başına dönüm evlən, qorxuram ki, öləm tək qalasan. O isə cavabında: - Allah varkən, tək qalmaram, qorxma ana. - deyirdi. Bu dəfəsə yaşlı qadın nəvə görmək istədiyini, gəlin qulluğu istədiyini deyirdi, ancaq bütün sözlər havada asılı qalırdı. Sami evlənmirdi ki, evlənmirdi. Ana da oğlunu üzməmək üçün üstünə getmir, qisməti ilə barışırdı.
Tək sevgi vardı, onun üçün. O da Allah sevgisi. Qəlbi indiyə qədər başqa bir sevgi tanımamışdı, ancaq Allahını sevib, ona qulluq etmişdi. Atasının ölümündən sonra ailənin yükü onun çiyinlərində qalmış, o da elə atasının işini davam etdirib, ətir satırdı. Ev, məscid və dükandan başqa bir yerə getməzdi. Bir də hərdən yaxınlıqdakı parka gəlir, göyərçinləri izləyirdi.
***
"Aranızda günahsız olan ilk daşı atsın" (Barnabas, 201).
Elfida ən çox bu ayəti sevirdi, onun üçün də bağışlamağı, insanları incitməməyi bacarırdı. İndi özünü bağışlaya biləcəkdimi, görəsən? Ağlındakı qara saçlı o oğlan özünü günahkar saymasa da narahat bir halı vardı. Sevgini iki kitabda - "Qurani-Kərim"də və "İncil"də araşdırmaq qərarına gəldi. İlk öncə islamdan, Qurandan başladı. Çox kitablar oxudu, araşdırdı. Yusif surəsinin sevgini və eşqi anlatdığını öyrəndi. Oxudu, öyrəndi Züleyxanın Yusifə olan sevgisinin, ehtirasının, ən sonunda da ona qovuşmasını sirrini öyrəndi. İslama görə Yusifi sevən Züleyxanın tək bir yolu vardı, Yusifin Tanrısını da sevmək. Sevmirdimi? Əlbəttə ki, sevirdi. İsanın Tanrısı elə Yusifin Tanrısı idi. İslama görə İsa da, Məhəmməd də Allahın elçisi idi. Daha sonra İslam alimlərindən Ruminin yaradıcılığı ilə tanış oldu, onun sevgi ilə bağlı yazdıqlarını hərfbəhərf oxudu.
Bəli, Rumi də demişkən "araşdırdım, axtardım dörd kitabda ayrılıq günahdı, gəl" sözlərinin özünə rəhbər etdi. Bu gün də Məscidin qarşısında gəlib dayandı. Quşluq vaxtı idi. Bir az sonra Sami gəldi, şadirvanda əyləşib abdəstini almağa başladı. Qara saçları, yaraşıqlı saqqalı ilə yenə Elfidanın gözlərini qamaşdırırdı. Cəsarətli bir qızdı, istədiyini, doğru olduğuna inandığı şeyləri əldə eləmək üçün mübarizə aparırdı. Məscdiə tərəf yaxınlaşmağa başladı. Gəlib, düz Samin başının üstündə dayandı. Sakitcə gözləməyə başladı. Sami işini bitirib, ayağa qalxmaq istəyəndə, başının üstündə dayanmış bu sarısaçlı, mavigözlü qızı gördü. Başını aşağı salıb, getmək istəyəndə Elfida ona səsləndi: - Ey, oğlan sizin dində sevgi varmı, sevənlər neynəsin? Bu sualın cavabını onun dini çoxdan vermişdi. "Sevən, sevdiyini Allahdan istəsin, çünki qəlblər Allahın əlindədir". O da bu cavabı verdi və tez məsciddən içəri daxil oldu. Maraqlı bir cavab olmuşdu. Demək sevən, sevdiyini Allahdan istəməliydi. Duanın yeri və məkanı olmazdı. Məscidin divarlarına yaxınlaşdı, başını aşağı salıb, əllərini səmaya açdı və başladı dualar etməyə. Məscidin həyətindən dua edən bir xristian qızı. Qəribə bir mənzərə olsa da, bu əslində sevginin bütün dinlərdən üstün olduğunu, Tanrının da elə sevgi olduğunu göstərirdi.
Davudun dediyi kimi, adam Allahın qoruması altında olduğu zaman, "quş ovçusunun tələsindən xilas olmuş sərçə kimidir".
Bəli, indi o quş kimi azad idi. Duaları ilə məscidin üzərindən səmaya yüksəlirdi. Saminin dini sevən sevdiyini Allahdan istəməsi, onun inancı isə sevən sevdiyi üçün mübarizə aparmasını deyirdi. Səbirlə məsciddən çıxmasını gözlədi. Məsciddən çıxan kimi onu izləməyə başladı, düz balaca dükanına kimi. Dükana girdikdən sonra, onun arxasınca içəri daxil oldu və ətirlərə baxmağa başladı. Sami başını aşağı salıb, utanqac bir davranışla işin sonunu gözləyirdi. Ən gözəl ətirlərdən bir neçəsini seçdi. Dəzgaha yaxınlaşdı, qiymətini soruşdu. Gözlənilməz cavab aldı: - Mənim dinimdə hədiyyə vermək sünnətdi, hədiyyəm olsun. Elfida təşəkkür edib, gülümsədi. Gözəl bir qızdı həqiqətən. Gözlərinə baxmağa qorxurdu, gözlərinin maviliyində boğulmaqdan, yox olmaqdan.
Bahar şəhərə bir az fərqli gəlmişdi deyəsən. Axşam olurdu, yenə azan və kilsə zənglərinin səsi bir-birinə qarışır, parkda göyərçinlər nəşə ilə oynaşırdılar. Əlində kitab, sevdiyi skamyada əyləşmişdi. Günəş qürub etmək üzrəydi, ancaq o evinə getmək istəmirdi. Ayaqları sadəcə dinlənmək, ürəyi isə ayaqlarına yük olmamaq üçün yerindən qalxmaq istəmirdi.
Atası, anası bir də özündən balaca bir bacısı vardı Elfidanın. Atası hər fürsətdə yaxın dostunun oğlundan söz açır, onun inanclı bir xristian olmasından danışırdı. Məsələ aydındı, evləndirmək istəyirdilər onu. Lakin o sevgi adlı bir inanca sahibdi ki, məscidin yanında Tanrıya dua eləmək, kilsədə Məhəmməddən danışmaq onun inancında günah deyildi. Ancaq bunu kimə, necə anlada biləcəkdi. Hələ sevdiyi insandan belə əmin deyildi, onunla bir yola çıxmaq istəyirmi?
Sevgi azad insanların işidi, elə inanc və din də. Yalnız azad insanlar sevə və inancını seçə bilərdi. Dünya isə sevginin qollarına zəncir vurub, inancı çoxdan şablonlaşdırmışdı.
***
İnsanları dinlərə, irqlərə, millətlərə ayırdılar. Bu bəs etmirmiş kimi küçə-küçə, ev-ev böldülər, ayırdılar qardaşı, qardaşdan. Habillə, Qabildən bu yana insan oğlu: - Qardaşımı necə öldürə bilərəm? - deyə düşünür. Sevgini mənasız adlandıranlar milyonlarca insanın ölümünə səbəb olan savaşlara haqq qazandırdılar. Bütün bunları düşünmək Elfidaya əzab versə də, düşünməliydi. Bəlkə nəsə tapdı, bəlkə əngəl ola bildi nələrəsə, ancaq indi o, heç öz sevgisini insanlara açıb, deyə bilmirdi. Necə ola bilərdi, axı - bir xristian qızı müsəlmanlardan birini sevəcək, ərə gedəcəkdi? Uşaqlar olsa onlar hansı dinə qulluq edəcəkdilər?
Allah gözəldir və gözəl olanı sevir, Allah sevgidir, sevənləri sevir. Bu sözləri hansısa müsəlman aliminin kitabından oxumuşdu. Bəli, Allah gözəllik və sevgisə, insanlar niyə əngəl olurlar sevgidən gözəllik doğmasına. Məscidlə kilsənin birlikdə qıydığı nikah daha gözəl olmazmı?! Məhəmməd də, İsa da gözəlliyi, sevgini anlatmaq üçün gəlməmişdimi, məqsədləri eyni deyildimi? Onlar eyni məqsəd üçün mübarizə aparıblarsa, onların iziylə gedənlərin düşmən olmasında bir yanlış yoxdumu?
Bütün bunları düşünmək ona əzab versə də, əzab verməyən bir düşüncəsi vardı ürəyində. Saçları Günəşlə parlayan, o yaraşıqlı oğlan. Bütün sözlər sevgini anlatdığı, sevgidən yazdığı zaman gözəl olurdu. Ürək sevdiyini düşündüyü zaman daha ahənglə döyünərdi. Sami - bu ad onun ya başlanğıcı, ya da sonu olacaqdı, ancaq sevgi sonsuzdu, sonsuzluğa aparan yoldu. Bu yolda əvvəl-axır, başlanğıc və son sözləri yoxdu. İndi yenə Şadıvanda abdəst alan sevdiyinə baxırdı uzaqdan, sonra yaxınlaşdı. Əllərini onun çiyninə qoyub, bütün sərhədləri aşaraq: - Səni sevirəm, səni çox sevirəm. Bir olan Tanrıya, onun elçiləri olan Məhəmmədə və İsaya and olsun ki, səni çox sevirəm, - söylədi. Bu sözlər o qədər gözəl səsləndi ki, etiraz edə bilmədi. Necə edə bilərdi ki, əgər Quranda və "İncil"də yazılanlar ayətdisə, Allahın insana bəxş etdiyi sevgi və gözəllik də bir ayətdi. Ayağa qalxdı, əllərini tuta bilməzdi - dini izn vermirdi, ancaq tutdu. İndi yeni bir dinə - eşqə iman etmişdi. Uzun zaman baxışdılar, dodaqları möhürlənmişdi. Gözləri ilə danışır. Sonra məscidin yanından kilsəyə doğru addımladılar. Rahiblər əllərinə daşlar alıb, atmaq istəyəndə səmadan bir səs yüksəldi". İlk daşı günahsız olan atsın, deyə" susdular. Kilsənin yanından keçib getdilər. Bu dəfə Saminin dostları əngəl olmaq istədi onlara, ola bilmədilər. Bir səs daha yüksəldi göylərdən". Sonunda zamanın, İsa imam olacaq, müsəlmanlara deyə".
Qoca yazıçı qan-tər içində yuxudan oyandı. Allah xeyrə çevirsin, gördüyü yuxu nə idi. Tv-ni açdı ki, görsün dünyada nələr baş verir.
- Ukranyada vətəndaş müharibəsi davam edir!
- Suriyada qardaş qırğını səngimək bilmir.
Əsəbiləşib, tv-ni söndürdü, yuxuda gördüklərini yazmağa başladı: - Elfida mavigözlü, sarısaçlı bir xristian qızı...

Tural Sahab

TƏQVİM / ARXİV