adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Aşağılıq kompleksi...

TURAL SAHAB
19988 | 2014-09-04 02:50
Bu gün "Aşağılıq kompleksi" deyə də adlandırdığımız bəzi hiss və duyğulardan danışmaq istəyirəm. Nələrdi bunlar və nə üçün bizdə baş qaldırır bu duyğular?!
Öncəliklə bu duyğular fərddən başlayır və cəmiyyətdə də özünü göstərir.
Məsələn, insanlarımızın sahib olduqları ideologiyalara qısa bir nəzər salaq:
1.Şiəlik deyilən kimi ağlımıza İranda əyləşən kimlərdənsə əmr almaq, yəni İranın kölgəsinə sığınmaq gəlir.
2.Türkçülük deyəndə Türkiyənin kölgəsinə sığınmağı düşünürük. Yəni Türkçülük yox, Türkiyəçilik edirik.
3. Müasirlik və mədəniyyət deyəndə isə Qərbin kölgəsinə sığınmağı düşünürük.
Bəs niyə?
Niyə, bu ölkənin insanı hansısa başqa bir ölkədə əyləşən birindən əmr almalıdır. Bu gün Suriya və İraqda döyüşən yüzlərlə həmvətənimiz var. Boşu-boşunacan ölürlər. Bütün bunların hamısı insanımızda "Aşağılıq kompleksi"nin olmasından irəli gəlir. Yəni biz özümüzə, öz gücümüzə inanmırıq, kimsə möhtac olmadan yaşaya biləcəyimizə inanmırıq və kimdənsə asılı vəziyyətə düşürük. Bu gün dünyada çox böyük oyunlar oynanılır. Özümüzü və dövlətimizi bunlardan necə qoruya bilərik, əgər o oyunu oynayanların oyuncağı olmuşsaq?!
Bu duyğular uşaqlıqdan bizə aşılanır ailəmiz tərəfindən. Bu da savadsızlıqdan irəli gəlir. Bu gün neçə azərbaycanlı ailəsinin evində kitab rəfi var görəsən, neçə ata qızının cehizinin içinə kitab da qoyur?!
Bu gün evlərimizi bahalı mebellər, qab-qacaqlar bəzəyir. Övladına oxu deyir, ömründə bir kitabı əvvəldən sonacan oxumayan atalar, analar.
Uşaqlıqdan övladlarımızı fərsiz, özünə inamı olmayan, qorxaq bir fərd kimi yetişdiririk. Sən bunu edə bilməzsən, sən bunu bacarmazsan, sən evlənəcəyin insanı, oxuyacağın məktəbi, işləyəcəyin işi özün seçə bilməzsən. Sən hətta bazardan geyinəcəyin paltarı belə ailəndən ayrı ala bilməzsən və s.
Sizcə bu uşaq gələcəkdə hansısa müstəqil bir qərar verə bilərmi? - Təbii ki, yox.
Bu gün cəmiyyətimiz özünü dahi zənn edən axmaqlarla doludur. Bu gün cəmiyyətimiz özünü yazar, köşə yazarı zənn edən təlxəklərlə doludur. Gəncliyə yol göstərəcək savadlı ailə yox, ağıllı yazar yox. Neynəməlidir bu gənclik?!
Yazarların əksəriyyəti mentalitet adı ilə bütün dəyərlərə; dinə, imana, ailəyə, evliliyə - savaş açıb. Yazdıqları küçə söhbətlərindən, oğlan-qız münasibətlərindən, bir də dövləti söyməkdən irəli getmir.
İnsanlarımızı düşünməyə dəvət edəcək savadlı yazarlara və ailələrə ehtiyacımız var. Yoxsa heç vaxt bu "Aşağılıq kompleksi"ndən xilas olub, öz qərarlarımızı özümüz verə bilməyəcəyik. İstər fərd olaraq, istərsə də millət olaraq.


TƏQVİM / ARXİV