adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Leylanın bir günü

TURAL SAHAB
32523 | 2014-10-15 01:25
Bəli, Leyla günə başlayır indi. Günəş batır uzaqdakı dağların başlarından süzərək və Ay görsənir qaranlığın boğduğu mavi sonsuzluqdan. Leyla şamdandakı şamı yandırır, Leylanın günü başlayır. Bilirsizmi sevənlərin günü Günəşin doğumu ilə deyil, ölümü ilə başlayır. Sevənlər gecənin, gecə də aşiqlərin dostudur. Gecə zülmət deyildi, Leyla üçün - gecə sonsuzluğa açılan qapı, gecə Məcnuna gedən yoldur.
Bəli, Leylanın günü başlayır. Şamı yandırır, başını pəncərənin şüşəsinə yaxınlaşdırır, çöldə yağan yağmuru, küləyin başına sığal çəkdiyi yarpaqları seyr edir. Hər şey çox gözəldir, hər şey bu qədər acıqlıykən belə, çünki qəlbində Məcnun var, çünki ürəyində sevgi var.
Leylanın otağındakı şamın ətrafında pərvanə olmurdu heç vaxt, bəlkə də Leylanın otağında şam belə olmurdu. Kim bilir, kim bilə bilər ki, keçmiş günlərdir. Deyilənə görə Leylanın otağındakı şam Məcnun, Məcnunu səhralarda isidən Ay isə elə Leylanın özü imiş. Onun üçün şam yanmadan Ay çıxmaqmış Leylanın məmləkətində...
Leyla Qeysi düşünür, Qeys Məcnun olur. Leyla Qeysi düşünür, səhralar cənnət olur. Səhranı cənnətə çevirən eşq leylanın qaranlıq otağında bir şam olmuş, yanmaqdan yorulmamışdı.
Leyla ən gözəl qoxulardan istifadə edir, ən gözəl şeirləri oxuyardı. Ən gözəl şeirləri isə Qeys yazmışdı onun qəlbinə.
Hə birdə İbn Səlam vardı, bütün var-dövləti Qeysin bir damla göz yaşı dəyərində olmayan, ancaq o da sevirdi. Bəlkə də ən böyük acını o, çəkirdi. Bir yalana inanacaq qədər saf biri deyildi, lakin sevdiyi qadına zorla sahib olacaq qədər də əclaf deyildi. Bütün kitablar, bütün şairlər ona haqsızlıq etdi, onu qorxaq biri olaraq yazdı, ancaq o sadəcə sevən bir kişi idi. Məcnun nə qədər sevirdisə, o, da o qədər sevirdi Leylanı. Onun üçün Leylanın günündə o da vardı. Bir düşünün Leylaya dağlar ardında olan Qeys ondan daha yaxındır.
Kim bilir bəlkə də Leyla da, Qeys də sadəcə bir əfsanə olub, bəlkə də elə İbn Salam adlı şairinin ürəyindən axan qandır, acıdır bu əfsanənin əsli. Həqiqət qədər var, yalan qədər yoxdur Leyla. Məsələ Leylanın yaşayıb, yaşamadığı deyil, məsələ bizim ürəyimizdəki Leylanın yaşamasıdır. Sonuncu yazar ölmədən Leyla da ölməyəcək, bax indi Leyla mənim otağımdan, mənim pəncərəmdən baxır uzaqlara, baxır qaranlıqlara.
Leylanın Günəşi doğur Ayı göyün dərinliklərinə qovaraq. Pəncərə açılır, Məcnun qoxuyan hava içəri girsin, Leylanın saçlarından öpsün deyə səhər yelləri. Sonra bir qab su içir, bir dilim əkməklə birlikdə. Leyla çayına duz atır, Leyla əkməyinə həsrət sürür. Sonra qapı açılır, qulluqçular yüz nazı-nemətlə otağa daxil olur, sonra Leylanın pəncərəsinə bir göyərçin qonur.
Yeməklərə baxmadan pəncərəyə yaxınlaşır, ovuclarına qonur göyərçin. Gözlərindən su içir bütün yalnızlıqlar, Leylanın ürəyindən Qeysin baxışlarına ən gözəl sevgi nəğmələri aparır Göyərçin.
Leylanın bir gül bağçası vardı, içində cürbəcür çiçəklərin olduğu. Ən gözəl gülün adını Qeys qoymuşdu. Gündüzlər bu güllərə qulluq edir, gecələr isə gülləri yandırıb, ətir hazırlayardı. Qeys gülündən hazırladığı ətrin adını sevgi qoymuşdu, sevginin ətri o qədər gözəldir ki, əsirlər öncəsindən bu günlərə qədər gəlir.
Bəli, Leylanın ən gözəl gülünü bir gün külək yerindən söküb apardı.
Bəli, Leylanın qəlbindən sevgini hansı külək sökə bilərdi ki?!
Bir gün Leyla öldü, sonra Qeys də öldü. Kimsə deyə bilməz onlar necə öldü, axirətdə qovuşa biləcəklərmi?
Onların məzarlarını eyni yerə qazdılar, dünyada onları qovuşmağa qoymayan yaxınları, sonra onların hər birinin məzarından bir gül bitərdi, bahar gəldiyi zaman. O güllər tam böyüyüb, qovuşacağı zaman bir tikan çıxarmış aralarından və onlar yenə qovuşa bilməzlərmiş.
Bu hekayə əslində nə Leylanın, nədəki Qeysin hekayəsidir əslində. Haqlısınız, bəs deyəcəksiz ki, Leyla ilə Məcnun olan yerdə hekayə kimin ola bilər ki?
Bu hekayə, bax Leyla ilə Məcnunun məzarlarını tapıb, o gülləri qovuşdurmaq istəyən bir dərvişin hekayəsidir.
Bir sufi, bir Allah aşiqi, ancaq hər şeydən öncə bir insan. Onun üçün sevən sevdiyinə qovuşmalıydı, Leyla da öz Qeysinə. Onların məzarlarını tapmalı, iki gülün arasında bitən tikanı məhv etməliydi. Hər kəsin bir sevdası vardı, onun sevdası da o məzarı tapmaq, o tikanı məhv etməkdi. Gecə- gündüz yol gedir, getdiyi hər yerdə onlardan bir nişanə gəzirdi, lakin yoxdu, onların məzarları sanki yer üzündə deyildi.
Gecələri hərdən ulduzları seyr edərkən düşüncələrə qərq olurdu, görəsən onun axtardığı əslində vardımı, yoxsa o bir yalanın uğrundamı həyatını hədər edirdi, ancaq sabah olunca bu düşüncələr yox olur o, yenidən yollara düşürdü. Veysəl Karani onun qaranlıqda yol göstərən ulduzu idi. O, o ulduzun işığında zülmət gecələrini aydınladırdı.
Dərvişin həyatı əslində Qeysin həyatına çox oxşayırdı. Qeysin ailəsi onu Leyladan uzaq tutmağa çalışırdısa, onun ana, atası da Allaha gedən yolları bağlamaq istəyirdilər. İnancsız bir ailənin dərviş, sufi oğlu idi o. Evdən qaçıb şeyxinə biət eləmiş, illərini dərgahda keçirdikdən sonra, dərgahın və dinin bəzi qaydaları ilə razılaşmayıb, yollarını ayırmışdı. Onun qəbul eləmədiyi şey, dinin qadın kişi sevgisini məcazi bir sevgi adlandırması, bundan da irəli gedib bəzən günah, haram sayması. Halbuki, Günəş də işıq saçır, ulduzlar da. Sadəcə olaraq birinin işiğı digərindən çoxdur vəya digərinin işığını əks etdirir. Axı biz deyə bilmərik ki, ulduzlar işıq saçmır, Ayın işığı yoxdur. Günəşin görsənmədiyi zamanlarda- yox olmadığı demirəm ha, görsənmədiyi zamanlarda yolumuzu Ay və ulduzlar aydınlatır.
Daha sonra Leyla ilə Məcnunun məzarlarını tapmaq üçün yola düzəldi və bu yolun Məcnunu oldu. Atası çox narahatdı bu işdən, biricik oğlunu itirmək istəmirdi, ayaqyalın çöllərdə gəzməsinə ürəyi razı deyildi. Qoca yaşında inadından dönüb dinə, imana gəldi ki, oğlu evinə dönsün, olmadı. Qurbanlar kəsdi, sədəqələr verdi olmadı. Bu oğlan dəli olmuşdu, yoxsa divanə. Bir qızı sevsəydi gedib alardılar, Allah sevsəydi kəbəyə köçüb orada yaşayardılar, indi bu yazıq ata bir əfsanənin məzarını haradan tapsın. Dərviş isə fikrindən dönmürdü ki, dönmürdü.
Zaman hansı zamandı görəsən, neçənci əsr, neçənci ildi indi? Bu hadisələr nə zaman baş verir. İndi olsa dərviş hansısa ölkənin ərazisində diversant olaraq tutular, keçmişdə baş verirsə, mən o dərvişi nə tanıyıram axı. Bəlkə elə o da bir əfsanədir. Yoxsa o dərviş elə mənəmmi?!. Nəsə hadisələr çox qarışıq, çox bulannıq gəlir mənə.
Axırda dərvişin əl-qolunu bağlayıb onu Kəbəyə gətirdilər, gətirdilər ki, burada ya dinə, imana gəlsin, özünü xatırlayıb, ya da Leylası hər nə isə onu istəsin uca yaradandan. Yenə beynim qarışır gah bir dəvə karvanı görürəm ucu-bucağı görünməyən səhralarda, gah da bir uçaqda buludların üzərində uçuram.
Kəbə görsənir indi, axı ondan yüksək binalar olmamalıydı burada. Varlı şeyxlərin ucaltdıqları göydələnlərin altında qalıbsa axtardığım məzarlar, ya da Afrikada bir kasıbın daxmasının altında mən necə o tikanı məhv edəcəm. Bax indi əminliklə deyə bilərəm ki, o dərviş mənəm, elə özüm. Axı zəncirlər mənim qollarımdadır. Sürüyə-sürüyə Kəbənin yanına gətirirlər məni. Həcc mövsümü olmadığından insanlar azdır, yalnız umrəyə gələnlər dəyir gözümə. Umrə vacib əməl deyil, ancaq insanlar ac qonşularını doyurmaqdan, çılpaq qohumlarını geyindirməkdənsə bura Tanrının sevgisini qazanmağa gəlirlər.
Necə də əmindilər Tanrının burada olduğuna. İndi mən burada nə istəyim rəbbimdən, əllərimi zəncirləyib bura gətirdilər. Leyla ilə Məcnunun məzarlarının yerinimi, yoxsa bu qədər axan qanın durmasınımı, nəyi?
Başımı aşağı salıb ağlayır, ağlaya-ağlaya dərk edirəm ki, bu qanlar dayanmadan, bu aclar bitmədən Leyla qovuşa bilməyəcək öz Qeysinə. Elə bu zaman başımı bir əl oxşayır, başımı qaldırıb ona baxanda gözlərim qamaşır. Gözəl bir qadın, ilahi bu bir mələkdirmi? Zəncirlərimə toxunur, gül çələnginə dönür. Gəl mənimlə deyib, məni harasa bir yerə aparır. Bəli, iki məzar var orada. Mən sevinirəm, dilim-dodağım quruyur. Bunlar, onlarmı? Demədən cavab gəlir. Bəli, o məzarlardı. Bax indi güllər qovuşmaq üzrədir, bir azdan tikan da görünəcək. Həyəcanlanıram, ürəyimin döyüntüsü artır.
Sən kimsən deyə bilirəm, bilirəmmi? - yenə o lənət olası duman, yenə qarışıq xəyallar bürüyür məni. Mən hardayam, kiməm - nə edirəm burada görəsən?
Bir səs eşidirəm, bax tikan çıxdı torpaqdan, qoparıb at onu. Əlimi uzadıram, onu söküb atıram yerindən, güllər qovuşur, yada qovuşa bilirmi? - yenə gözlərimə duman çökür.
Sən kimsən sualını bu dəfə verə bilirəm qıza. Mən Leylayam deyir.
Gözlərim yaşarır, Leyla mənə baxır, mənə gülümsəyir. Bəs Leylanın gözləri niyə yaşıldı?
Heç nə anlamıram, Leyla yenə mənə baxır, gülümsəyir.
Bir səs eşidirəm, nəsə özünü pəncərəmə möhkəm vurur, yuxudan ayılıram. Yağmur çoxdan kəsib, Ayın işığı pəncərəmə vurur. Demək mən yuxu görürdüm. Hə, hə indi xatırladım mən bu gecə Leylanın bir günü adlı yazı yazıb, Leylanı düşünürdüm. İndi duman yoxdu gözlərimdə, hər şey aydınca görsənir.


TƏQVİM / ARXİV