adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

TURAL SAHAB
27412 | 2014-10-28 01:23
Həyat çox qısadır, o biri dünyada heç kimsədən oxuduğu kitabların sayını soruşmayacaqlar. Ona görə lazımsız kitabları oxumaq nəinki xeyirli, hətta ziyanlıdır. - Herman Hesse.
Hər yeməyi yeyirikmi?- xeyir
Hər suyu içirikmi?- xeyir
Hər insanı sevib, dost oluruqmu?- xeyir
Bəli, hər yeməyi yeyib, hər suyu içsək və hər insanla dost olsaq, olmağa çalışsaq bu bizim ziyanımıza olar. Bəzi yeməklər var ki, onu yemək olmaz. Məsələn qan təziqi olan insana yağlı yemək olmaz, boğazı ağrıyana da buzlu su içmək olmaz.
Bəli, insan ruh və bədəndən, maddə və mənadan ibarətdir. Necə ola bilər ki, maddəni- bədəni qoruyaq, ancaq mənanı- ruhu unudaq. Ruhumuzun qidası oxuduqlarımız, düşüncələrimiz və hisslərimizdir. Onun üçün oxuduqlarımıza çox diqqət eləməli, əlimizə keçən hər kitabı oxumamalıyıq. Dünyadakı bütün kitabları oxumağa zamanımız yoxdur, ona görə seçim etməli, bizə ən çox yararlı olacaq əsərləri oxumalıyıq.
İnsan bir kitabı oxumaqla çox şey qazana bilər, əgər o kitab insana düşünməyi, təfəkkür və təxəyyülü öyrədirsə. O kitabdan sonra hər insanı bir kitab olaraq görürsə, kainat kitabını müşahidə edə bilirsə deməli zamanını boşa keçirməyib.
Oxuduqlarımız bizim düşüncələrimizə, düşüncələrimiz isə hərəkətlərimizə çevrilirsə, zərərli kitabları oxumaq bizə nəqədər pis təsir edir siz düşünün. İndi hər kəs deyir oxuyun, ancaq nəyi oxusun oxucu?- bax bunu deyən çox azdır.
Məncə, bir kitab oxunarkən onu yazan haqqında mütləq qısa bir araşdırma aparmalıyıq. Məsələn intihar edən, cinsi sapıqlıq, oğurluq edən bir yazarın düşüncələrini mən niyə oxumalıyam ki? O düşüncələr xeyirli olsaydı onu xilas edərdi. Eyni düşüncələrin məni də bədbəxtliyə aparmayacağına kim qaranti verə bilər ki?- heç kim
Oxumağa başlarkən ilk öncə milli ədəbiyyatı oxumalıyıq. Cavidi, Mirzə Cəlili oxumadan Hüqonu, Mopasanı oxusaq biz artıq milli kimliyimizi itirmiş olarıq. Deyək ki, Səfilləri oxuduq xiristianlığa, kilsəyə və papaza sevgimiz artdı, bəz öz dinimiz? "İblisi" oxumadan "Faustu", "Topal Teymuru" oxumadan "Kral Liri" oxusaq özümüzü tanımaq şansını itirmiş olarıq.
İndi uşaqlarımız şovelyəli cizgi filimləri ilə böyüyür, sabah biz onlara Bamsi Beyrəyin Kral Arturdan daha böyük qəhrəman olduğunu başa sala bilməyəcəyik.
Tanrı da oxumağımızı istəyir, ancaq oxuduqdan sonra da düşünməyimizi.

TƏQVİM / ARXİV