Əhsən sənə, Qəddafi

İRADƏ İSHAQ
19516 | 2009-09-26 01:06
CNN yenə maraqlı görüntüləri ilə dünya kanallarını feyziyab elədi. Bizim Röya kimi Qəddafi də qalmaqallı açıqlamaları ilə gündəmə yeni ab-hava gətirir, kanalların izlənmə rekordunu artırır və bir çoxlarının ürəyindən tikan çıxarır. Doğru danışanı 9 kənddən qovurlar. Amma onu qovmağa gücləri çatmır. Bəs doğru danışanı qova bilməyəndə nə edirlər? Ona dəli deyirlər. Amma Qəddafinin çox vecinədir. "BMT-də mənəm, Liviyada yenə mən" deyib vurub özünü Ağanəzərliyə. 40 ildir mərdi-mərdanə Liviyaya yiyəlik edir bu xarakterinin hesabına. Hələ ki, qabağına çıxan olmayıb. Bu "sülh carçısı"nın digər xırda dünya ölkələrini yox, məhz 5 hakim dövləti (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) qoruduğunu, BMT yaranandan müharibəyə qarşı təşkilat kimi tanınsa da, 65 müharibəni dinməz-söyləməz müşahidə etdiyini hamı bilir. Amma yeganə olaraq Müəmmər bəy Nyu-Yokdakı bədəvi çadırından çıxıb BMT-nin binasına gələrək bu faktları dünya başbilənlərinin üzünə hayqırdı və tarixdə qalacaq jesti ilə nizamnaməni mənasız kağız parçası kimi onların üzlərinə fırlada bildi. Şəxsən mən bu kişi kimi qorxmaz hərəkətinə görə, ona Liviyadakı 40 illik hakimiyyətini halal edirəm. Məncə onun bu hərəkəti o biri dünyadakı bütün günahlarına yaşıl işıq yandırdı.
   
   Bu günə qədər aparılan təbliğat əsasında talibançılara həqiqətən terrorist kimi baxırdım, dünya ictimaiyyəti bunu təbliğ edirdi. İlk dəfə Qəddafinin dilindən onların əsl məramını anladım. Onun Fələstin haqqındakı təklifi də maraqlı idi. Müəmmər bəy Livan modelini irəli sürdü. Yəni Fələstin problemi yəhudilər, müsəlmanlar, xristianlar və digərlərinin vahid dövlətdə birləşdirilməsi yolu ilə həll olunmalıdır. M. Qəddafi avropalıları Afrikanın insan və təbii resurslarından istifadə zamanı vurduqları ziyana görə 7 milyard 770 milyon dollar təzminat ödəməyə də çağırıb. Onun danışığını guya eşitməmək üçün çoxları zalı tərk etdi. Amma əminəm ki, onların bu çıxışın hər bir mətnini əzbərdən bilirlər, kadrları gözlərinə təpərək dinləyiblər.
   
   "BMT-nini mənzil qərargahını buradan çıxarmaq lazımdır. Burada terror aktından çox qorxurlar deyə çoxlarına viza vermirlər, mənim həkimim də bura gələ bilmədi. Əgər belə qorxursunuzsa BMT-nin qərargahını Pekin, ya Dehliyə keçirin. Bura Məkkədir, ya Qüdsdür ki, hamınız bura axışırsınız?" Məncə, bu da hamımızın ürəyindən gələn etirafdır.
   
   Əslində, ABŞ Qəddafini o qədər də pis adam hesab eləməməlidir. Çünki onun əliaçıqlığını bu superdövlət çox görüb. Amerikalı yetkililərə keçən il verilən hədiyyələrin siyahısı açıqlanarkən Liviya prezidenti Qəddafi Ağ Evə ən çox hədiyyə verən şəxs kimi qeydə alınıb. Amma onun diqqətindəki daha çox ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays olub. Liviya lideri bu qadına almaz qaşlı üzük, 212 min dollarlıq ud aləti şəklində suvenirdən başqa bahalı medalyon da verib. Qəddafi hətta keçmiş katibin mətbuat katibini də unutmayıb. Və ona bahalı Isveçrə saatı bağışlayıb.
   
   Tam adı Müəmmər ibn Məhəmməd əbu Mənyar Abdul Səlim ibn Həmid əl-Qəddafidir.
   
   Müəmmər Qəddafi ağlasığmaz ideyalar irəli sürsə də, onların bəziləri həqiqətən məntiqə uyğundur. Məsələn, o, Əddis-Əbəbədə keçirilən Afrika Birliyinin iclasında bu təşkilata sədrlik hüququnu əldə edərkən maraqlı bir təklif verib. Afrika Birləşmiş Ştatları yaradılması Qəddafi tərəfindən irəli sürülüb. Lakin Afrikanın digər liderləri həmin ideyaya şübhə ilə yanaşırlar. Amma niyə də olmasın?! 1999-cu ildə yaradılan Afrika Birliyi 50-dən çox dövlətini özündə birləşdirir. İdeya heç də pis deyil.
   
   Bu əvəzsiz şəxsiyyətin dünyanı şoka salan maraqlı təklifləri olub.
   
   1.2006-cı ildə Liviyanı "Koka-kola"nın vətəni hesab etdiyi üçün bu şirkətin hər satılan butulkadan ölkəsinə faiz verməli olduğunu bildirib.
   
   2.O, bildirib ki, U. Şekspir ərəb imiqrantıdır. İngiltərəyə gedərkən onun adı şeyx Zübeyr olub.
   
   3. O, ABŞ-ın prezident seçkilərində Barak Obamanı öz keniyalı qardaşı adlandıraraq, onun natamamlıq kompleksinin daşıyıcısı adlandırıb. Ancaq arzu edib ki, ağ adamlardansa ABŞ-ın əbədi lideri Barak Obama olsun.
   
   4. O, öz "Yaşıl kitabı"nın bəşəriyyətin yeni Bibliyası olmasını istəyir.
   
   5. Onun əbədi şüarı belədir: "Xalqın əllərinə hakimiyyət, zənginlik və silah verilməlidir".
   
   Özünü Afrika Krallarının Kralı elan edib. Afrika-Ərəb ölkələrinin birliyini görmək arzusundadır.
   
   Qəddafi hakimiyyətə gəlişinin bu il 40-cı ildönümünü bütün ölkədə böyük təntənə ilə qeyd edib. Diktator kefinə kef qatmaq üçün yeni maşınına baxış keçirib. "Raket" adı verilən avtomobilin iki oxşarını nəzərdən keçirən diktator maşınına da öz tayfasının adı ilə, yəni "Qəddafi" adlandırıb. 5 metr uzunluğu, 1,87 metr enində, 1860 kilo ağırlığında və 230 at gücündə olan maşın dövlət büdcəsindən maliyyələşib.
   
   Ondan xarici jurnalistlər soruşanda ki, "niyə siz şəxsiyyətinizi ilahiləşdirirsiniz?" O cavab verib: "Neyləmək olar, xalq bunu təkid edir".
   
   Qəddafi kosmetikadan da istifadə edir və görünüşünə çox həssasdır. O, kamera qarşısında görünməyə diqqətlə yanaşır. Yuqoslavlar onun haqqında film çəkərkən çəkilişin bir saatı onun daha yaxşı rakurs qurmaq seçiminə gedib.
   
   O, özünü ərəb dünyasının şeyxi, Məhəmməd, İsa və Musa peyğəmbərlərin davamçısı adlandırıb.
   
   O, rus yazıçılarından Dostoyevski və Tolstoyu çox sevir. O, vegetariandır. Kofe, çay, spirtli içkilər qəbul etmir, siqaret çəkmir, az yeyir, acı yeməklərdən imtina edir. O, pul yığan insan da deyil. Bu günə qədər adi bədəvi çadırda yaşayır.
   
   Ancaq bu insan gözəl geyinməyi, xüsusən də mundir daşımağı çox sevir. O, insanların önünə gah dəniz zabiti, gah polkovnik, gah quru qoşunları paltarında çıxır. Çox vaxt da qara eynək taxır. Amma maraqlıdır, əlində olan bütün səlahiyyətlərə baxmayaraq, özünü general elan etməyi ağlına da gətirmir. Polkovnik rütbəsi ilə kifayətlənir.
   
   O, ailədən gələn ənənə ilə İslamın şərtlərinə də kəskin şəkildə əməl edir, Quranın bütün qaydalarına riayət edir, Məkkədə müqəddəs qara daşı da öpüb.
   
   Ölkəsində qumar oyunları qadağandır. Teatr ümumiyyətlə yoxdur. Kinoteatrlarda isə əxlaqlı ərəb filmləri və hind melodramları verilir. Konsertlər və idman yarışları keçirilmir. Stadionlar yalnız hərbi paradlar zamanı istifadə olunur.
   
   O, oğru və banditlərin əl-ayağının kəsilməsini əmr edən dini qanunlara da əməl edir.
   
   Onun güclü hafizəsi var. Gördüyü adamları, rəqəmləri və adları heç vaxt unutmur. Görüşəndə birinci əl uzadır, gülümsəyir və dərhal ciddi hal alır. İş zamanı işdən başqa heç nə ilə məşğul olmur.
   
   Çətin müsahibdir, boş danışmağı sevmir, onu dinləyənlərə üstünlük verir. Özünü xalqın atası hesab edir. 2-3 saat danışır. Nitqində bir neçə yüz dəfə ABŞ və İsraili lənətləyir. Bunu Liviyadakı xarici diplomatlar dəfələrlə hesablayıblar.
   
   O, İsrail və Amerikanın əleyhinə olan elə bir aksiya olmayıb ki, onu maliyyə cəhətdən dəstəkləməsin.
   
   Xalq Qəddafinin dəliliklərinə ona görə göz yumur ki, o, xalqına yaxşı baxır. Burada adi işçinin minimal əmək haqqı 6 min funt sterlinqdir, rəhbər vəzifələrdə isə maaş 30 min funt-sterlinqə qədərdir. Liviya bu məsələdə Böyük Britaniyanı da ötə bilib. Ölkədə işsiz yoxdur, hər kəsin evi var. Universitetlər, xəstəxanalar dünya standartlarına cavab verən şəkildə təmir olunub və Peşəkar heyət ilə fəaliyyət göstərir. Əhali maddi cəhətdən tamamilə təmin olunub.
   
   Liviya lideri Qəddafi Romada iş dünyasını təmsil edən 1000 qadına müraciətlə deyib ki, ərəb və islam dünyasında qadınla bir əşya kimi rəftar edirlər: "Bəli, islam dünyasında qadını bir mobil telefon kimi istifadə edirlər. Bu telefonu sahibi istədiyi zaman dəyişdirir. Amma soruşan olmur ki, niyə dəyişdin. Bunun günahı qadınlardadır. Onlar ayağa qalxıb haqlarını tələb etməlidirlər".
   
   Bu analoqu olmayan təkliflər sahibinin olduqca maraqlı siyasi və şəxsi həyatı var.
   
   (ardı var)

TƏQVİM / ARXİV