adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Dünyada yaxşılar qalır - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
436 | 2022-11-10 12:14

Borçalının Faxralı kəndindən olan Həsən Qurbanov da belə kişilərdən biri olub

 

...İnsan var ki, dünyaya göz açdığı gündən Allahın dərgahına qovuşana qədər, ancaq özü haqda, doğmaları və əzizləri barəsində düşünür. Yadlara, özgələrə bir dəfə olsun belə əl atmır, arxa durmur, dayaq olmur. Belə insanlar su kimidi; bir anlıq gəlir və bir anlıq da gedir! Heç kimin, heç kəsin yadında qalmır...

Amma adam da var bir ev üçün, bir doğma üçün deyil, bir el üçün, bir oba üçün çalışır! Başqa sözlə demiş olsaq, bu cür adamlar el adamı adlanır. Çünki onlar həmişə həm yaxşı gündə, həm də kədərli anlarda el-obanın arasında olurlar. Kiminsə göz yaşını silirlər... kiminsə dərdinə şərik olurlar... kiminsə də ağrısını, acısını artmağa qoymurlar... Bax, belə adamlar heç zaman el-obanın, kəndin-kəsəyin yadından çıxmır. Hətta onlar dünyalarını dəyişəndən sonra da o insanların yaxşılıqları, gözəl xüsusiyyətləri barəsində danışırlar və deyirlər ki, Allah filankəsə qəni-qəni rəhmət eləsin! O kişi el adamı idi! Bax, Borçalı elinin Faxralı kəndindən olan Həsən Qurbanov da belə ağayana, el-oba üçün yanan dəyərli kişilərdən olub. O kişilərdən ki, çörək kəsdiyi, salam verdiyi adamlara ömrünün sonuna qədər sədaqəti ilə seçilib. Həm də Həsən kişi böyüyüb boya-başa çatdığı Faxralını sözün həqiqi mənasında sevən, onun yolunda hər cür əziyyətə qatlaşan el-obanın ağır və çətin günündə o kəndə arxa duran, söykək olan kişilərdən olub...

Həsən Qurbanov 1926-cı ildə Borçalının Faxralı kəndində dünyaya göz açıb. O sözün həqiqi mənasında çox ziyalı, Vətənini və millətini sevən bir ocağın övladı olub. Böyük qardaş olduğuna görə, ailənin bütün çətinliyi, bütün yükü onun çiyninə düşüb. Yük nə qədər ağır olsa da, o çiyinlər bu yükə, bu ağırlığa tab gətirib. Tək qardaşa, bacıya deyil, həm də o elin, o obanın sıxıntı içində yaşayan insanlara da söykəyi olub. Bu ocaqdan çox böyük ziyalılar, millətini və xalqını sevən şəxsiyyətlər çıxıb.

O şəxsiyyətlərdən biri də sabiq millət vəkili, Bakı Dövlət Universitetinin professoru, kafedra müdiri, böyük ziyalı və böyük türkçü Şamil Qurbanovdu. O Şamil Qurbanov ki, Vətənin ağır və çətin günündə sinəsini irəli verib millət və xalq yolunda əsl mücadilə edib və ömrünü şam kimi əridib! Nəriman Nərimanovla, Ömər Faiq Nemənzadə ilə bağlı unikal və qeyri-adi bir araşdırma yazılarını ortaya qoyub. Bu yazılarla, bu tədqiqat əsərləri ilə professor Şamil Qurbanov həmin böyük şəxsiyyətlərin həyatına və ömür yoluna bir işıq tutub. Sözümüzün canı heç də bu deyil. Sözümüzün canı odur ki, Şamil Qurbanov kimi böyük ziyalının yetişməsində, mövqe tutmasında və bir şəxsiyyət kimi formalaşmasında qardaş kimi Həsən kişinin çox böyük, çox əvəzsiz zəhməti olub. Təbii ki, qardaş qardaşın əziyyətini çəkər, bu, normaldır. Amma hər qardaş da bu əziyyəti, zəhməti dəyərləndirməyi bacarmır. Ancaq Şamil Qurbanov həmişə böyük qardaşına bir ağsaqqal kimi yol qoyub, hörmət edib, onun çəkdiyi zəhmətə və əziyyətə dəyər verib. Deyib ki, mənim Şamil Qurbanov olmağımda böyük qardaşım Həsən kişinin əməyi çoxdur.

Əlbəttə, bir elin, bir obanın, bir kəndin insanlarının ürəyində özünə əbədi sevgi qazanmaq, iz qoymaq o qədər də asan məsələ deyil. Bunun üçün gərək sənin işıqlı və şərəfli ömür yolun olsun. Və o ömür yolun əvvəl sənin üstünə, sonra da doğmalarının, elinin, obanın üstünə işıq salsın. Belə baxanda Həsən Qurbanov çox sadə adam olub. Halal zəhmətlə, alın təri ilə yaşayıb və övladlarını da halal çörəklə böyüdüb. Halal çörək qazanan bu kişi heç vaxt ruzisini doğmalarından, elindən-obasından əsirgəməyib. Ziyalı olmaq üçün akademik, professor, alim olmalı deyilsən və ziyalı olmaq üçün insanın böyük ürəyi, xeyirxahlığı və Allah sevgisi olmalıdır. Bu mənada Həsən müəllim həm də böyük ziyalı olub. Düzdür, akademik olmayıb, alim olmayıb, professor olmayıb, amma böyük ziyalı olub. Ziyalılıq da qanla, genetik kodla gəlir. Deməli, Qurbanovlar nəslində bu ziyalılığın kökü uzaq keçmişə gedib çatır...

Həsən müəllimin böyük oğlu vaxtilə Sabunçu Rayon Təhsil Şöbəsinin müdiri işləmiş və müxtəlif məsul vəzifələrdə çalışmış, eləcə də YAP-nın sədri olmuş Vahid Qurbanov atası haqqında danışarkən deyir ki, o, bizə həmişə yaxşı adam olmağı öyrədirdi və deyirdi ki, bu dünyada adam olmaq lazımdır. Vəzifəni, şan-şöhrəti sonradan əldə etmək olur. Biz uşaq olanda o bizə «Kəlilə və Dimnə»dən, «Qabusnamə»dən nəsihətamiz məqamları xatırladardı və deyərdi ki, həyatda çalışın heç kimə pislik etməyin, hamıya əl tutun, yaxşılıq edin, kömək göstərin və yıxılana heç zaman balta vurmayın. Biz də böyüdükdə gördük ki, atam düz yol göstərirmiş, onun göstərdiyi yolla getdik və istəyimizə də nail olduq!...

Həsən kişinin beş zəhmətkeş, ziyalı və özü kimi hörmətli oğlu var: Vahid, Eldar, Şakir, Tahir, Zahid. Onların hər biri öz sahəsində zamanında böyük mövqe tutublar. Vahid müəllim pedaqoq olub, Şakir və Tahir polis orqanlarında çalışıb, Eldar hüquqşünasdır, Zahid isə bələdiyyə sahəsində işləyib. Bir sözlə, bu ailənin övladları Vətənini, xalqını, millətini sevən çox böyük ziyalılardır. Onlar başqasının yolu ilə deyil, atasının yolu ilə gedirlər və o yolda da öz əməli-saleh izlərini qoyurlar...

Zarafat deyil, bir ailədə bütün övladlara ali təhsil verəsən və onlar da sənin etimadını doğruldub yüksək mövqe tutalar. Daha doğrusu, sənə həmişə rəhmət oxudalar. Həsən kişi 1987-ci ildə Allahın dərgahına qovuşub. Kişi kimi ömür yaşayıb və kişi kimi də Allahın hüzuruna qayıdıb!

Borçalıda o vaxtlar 3-4 adamda «Zim» maşını olub və bu «Zim»lərdən biri də Həsən kişinin idi. O, bu maşını göydəndüşmə pulla yox, öz halal zəhməti ilə almışdı. Bir dəfə yaxınlarından biri görür ki, Həsən kişinin maşını yolda dayanıb. O da fikirləşib ki, yəqin maşın xarab olub və ona kömək eləmək lazımdı. O adam maşına yaxınlaşır, görür ki, Həsən kişi sükanın arxasında əyləşib kitab oxuyur və məəttəl qalır. Pəncərəni döyür, deyir ki, Həsən əmi, elə bildim maşının xarab olub, sənə kömək etmək istədim. O da deyir ki, oğul, çox sağ ol, maşın xarab olmayıb. Dincimi almaq üçün Dostayevskinin «Cinayət və cəza» romanını oxuyuram. Bax, Həsən kişi belə bir adam olub...

...Onun Faxralıda 3-4 yaxın dostu olub. Onlardan biri də yaxın qohumu Eyvaz Məmmədov idi. Əlbəttə, hər adam başqası ilə dostluq edə bilmir. Eyvaz kişinin oğlu tanınmış yazıçı-publisist, Prezident təqaüdçüsü Səməndər Məmmədov deyir ki, Həsən əmi mənim atamla çox çörək kəsib, yoldaşlıq və dostluq edib və axıra qədər də hər ikisi o duz-çörəyə sadiq olub. Mən Həsən əmini çox böyük ziyalı, səxavətli, mərd və sədaqətli bir qohum kimi tanımışam və həmişə də onun kölgəsi tək qohumlarımızın deyil, el-obamızın üstünə düşüb. Ocağı hər vaxt qonaqlı-qaralı olub. Biz də onlara tez-tez qonaq gedirdik. Bir dəfə dedim ki, Həsən əmi, heç olmasa sən də bizə qonaq ol! Axır kişini yola gətirdim, razılığını aldım. Dedi ki, bir şərtlə gələrəm; masanın üstündə çox yemək olmasın! Mən də yaxşı bir süfrə açdım. Biz hamımız ocağımızda Həsən əminin işığına yığışdıq. O qədər deyib güldük, şənləndik ki, həmin anlar bu gün də yadımızdan çıxmır. Çünki Həsən əmi günəş kimi idi, hamının üstünə işığını salırdı...

...Dünyada ancaq yaxşı adamlar qalır... yaxşı insanlar qalır... yaxşı əməllər yaşayır... Borçalı elindən olan Həsən Qurbanov da öz yaxşı əməlləri və öz yaxşı işləri ilə, xeyirxahlıqları ilə, o elin, o obanın tarixinə və yaddaşına öz adını qızıl hərflərlə yazdırıb. Çünki adam var ki, dünyasını dəyişsə də, onun əməlləri həmişə onu yaşadır, sevdirir və gələcək nəsillərə çatdırır. Bu gün Həsən kişi haqqında Faxralıda kimdən soruşsan deyər: «O kişi ağayana adam idi. Çörəyini, tikəsini heç kimdən əsirgəməzdi, yıxılana arxa durardı, yetimə-yesirə kömək edərdi və heç kəsin haqqına girməzdi! Belə kişilər Allahın yanında da üzü ağdılar»...

TƏQVİM / ARXİV