adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Dar ağacından asılan qadın

13448 | 2012-10-13 00:26
Kamyunun "Sizif haqqında əsatir" əsəri bu sözlərlə başlayır: "Yalnız bir, həqiqətən də ciddi fəlsəfi problem mövcuddur-intihar problemi. Həyat yaşamağa dəyər, ya dəyməz məsələsini həll etmək, fəlsəfənin əsas sualına cavab vermək deməkdir." Fəlsəfənin əsas sualı hələ də cavabını axtarmaqda... insanlar isə intihar etməkdə. Həyat beləcə davam edir...
   
   ***
   
   Qəzetlər, saytlar bu dəhşətli hadisəni adi xəbər kimi verdilər: "Bir qadın intihar edib." Bəlkə də çoxları sükutla keçdi bu xəbərin üstündən. Adi sosial problem kimi yanaşdılar bir qadının intiharına. Qadının, fotosuna baxdım, iki azyaşlı uşağının gözlərindəki kədər o intihardan daha dəhşətli idi. İki cüt məsun göz boylanırdı fotodan-o gözlərdə ümid ölmüşdü; keçmiş, gələcək və həyatın özü intihar etmişdi o baxışlarda... Bu dünyanın divarından bir qadın qopub düşmüşdü. Sütunu bir az da laxlamışdı bu dünyanın. Bir gün yerlə-yeksan olacağından heç şübhəmiz olmasın. Beləcə... bir qadın doymuşdu bu həyatdan, yaşamaqdan...
   
   Yalanlar, yoxsulluq, rəzillik keçməmişdi boğazından daha. Həyat şirindir, məlum. Amma şirinliyi yox, acısı doyururmuş insanı. Bu paradoksu da yazaq gecə-gündüz, ağ-qara, xeyir-şər antonimi üzərində bərqərar olan həyat fəlsəfəsinin ayağına.
   
   ***
   
   Bir ana özünü dar ağacından asdı. Cənnətin üstündə bir cüt ayaq izinin yeri boş qaldı... Bir mələk ana insan qiyafəli şeytanların olmadığı yerə uçub getdi. Qadının asıldığı ərik ağacı öz adını dəyişdi. "Dar ağacı" adı yazda bəyaz gəlinlik donuna bürünən, yayda sarı işığa bənzəyən meyvələri, sıx kölgəsi ilə ananı və bir çüt göyərçinə bənzəyən balaları başına yığan ərik ağacına heç yaraşmırmış. Asıldığı ağac fotoda dəhşətli görünürdü. Axı bu ağac indi ondan asılan qadının əri, balaları ilə xoş günlərinin şahidi olmuşdu...
   
   Bir qadın asıldı dar ağacından. Küləklər telini öpdü, əllərini tumarladı qadının. Rüzgarla Əzrayıla xəyanət etdi qadın-elə günahlar var ki, bağışlanır. O, asılan ağac qadın çiçəyi açdı. Bu ağacın bundan sonra gətirəcəyi bar, çiçəyi burnunda cəsəd olacaq. Torpağa əkiləcək yenə. Qanqal belə ondan qiymətli olacaq amma... Cücərməyəcək. Bilinmir, hansı dərd bu qadını ölüm çiçəyinə döndərdi. Hansı ağrı, hansı əzab onu ümidsizlik ağacının budaqlarından asdı. Yazmadılar, bilmədik, bəlkə əri müharibədə ölüb, ya əyyaş olub. Uşaqları ac qalıb, deyirlər... Baxa bilməyib onların həyat dolu gözlərinin didəsinə... Bilinmir, əri torpaqdamı çürüyüb, ya şərab şüşəsindəmi boğulub?! Bu da həyatın təzadıdır: uşaqların yelləncək asdığı ağaclardan analar, atalar asılır daha. Analar, atalar yellənir-balalarından fərqli olaraq hay-küysüz, sakitcə...
   
   Bu ağac çiçəkləməz bu qadından sonra. Bar gətirməz heç vaxt. Balaları bu ağacı göz yaşları ilə suvaracaq daha. Gövdəsini qucaqlayacaqlar analarının beli əvəzinə. Analarının ətrini bu ağacdan alacaqlar. Bir də qaranquşlar yuva qurmaz bu ağacda. Bu ağacın kölgəsi olmaz daha. Bu ağacı əkənə rəhmət oxuyan bir kəs də olmayacaq yəqin. Bir qadın dar ağacından asıldı. Bir qadın əcəlin abrına qısıldı...
   
   ***
   
   Biz isə bu dəhşəti xəbər kimi oxuduq sadəcə. Mən isə hələ bir fəlsəfənin intihar probleminə cavab axtarmasını düşünməyə də vaxt tapdım. Ölən kişilər, ailəsini atıb başqa qucağa qısılan kişilər, içki şüşələrin bətnindən doğulmaq istəyən kişilər... Bir balaca insafınız varsa, yaşamağa davam edin-ölməyin; ailənizi atmayın; sərxoş halınızla insanları özünüzdən uzaqlaşdırmayın. Sizlərdən bezənlərin, qollarınızı sığınmaq istəyənlərin bir gün bir ağac qollarına sığınacağını düşünün...

TƏQVİM / ARXİV