adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qadınlara resept

14651 | 2012-10-06 00:08
Ona hədiyyə bağışlayın. Məsələn, sevdiyi bir parfüm ola bilər, ya da qalstuk-siz bilərsiniz. Tək doğum günlərində deyil. İlk dəfə bir-birinizi gördüyünüz günün ildönümündə, yaxud "sevirəm" sözünün sehrinə düşdüyünüz anın... O söz ondan kəlbətinlə qoparılmışsa belə, yaxud o sözün sinonimini eşitmişsinizsə belə, hədiyyəni unutmayın. Təbii, həmin tarixlər yaddaşınızın süzgəcində tullantıya çevrilməyibsə. Hədiyyə bağışlayın, amma etdiyi hər səhvi bağışlamayın....
   
   ***
   
   Telefonunu, varsa, inboxunu eşələməyin. Heç kəs bunu sevmir. Xanımlarla danışdığından şübhələnsəniz belə, büruzə verməyin. Bir az soyuqqanlı olun-ürəyinizin hərarətindən ərisə belə. Bəzən necə deyərlər, "rol yapmak" da lazım gəlir. Ona dəyər verin, o qədər dəyməsə belə. Qayğısına qalın. Bir bədəndə iki ruh daşımağı bacarın. Gücünüz çatana qədər. Səbriniz haracan çatsa, səbrli olun. Vulkana çevriləndə lavalar altda qalan o olacaq.
   
   ***
   
   Onu təəccübləndirin. Sizə gözlərinin bərəlib hədəqəsindən çıxmış variantı ilə baxsın qoy. Həmişə gözəl görünün. Lazım gələrsə, biopolimerdən, botoksdan, liftinqdən istifadə edin-gözəllik qurban tələb edir. Onsuz da 35 yaşdan sonra hamısı bir-birinə oxşayır-saç tökülür, ya da ağarır. Utandıqlarından saçlarını boyamaq kimi cəsarətləri yox... Siz udacaqsınız sonda.
   
   ***
   
   Ev işlərində sizə yardımçı olmalarına səy göstərin. Alınmasa, boş verin. Gəzintiyə, təbiət qoynuna çıxmağa mütləq vaxt ayırın. Geyim seçərkən onun da zövqünü nəzərə alın. Ola bilsin, zövqlü ola bilər və bu, sizə yarayar. Birlikdə zövq üçün şərab için. Yatağınıza məcməyidə meyvə, şirə, çay, kofe və s. aparın. Məcməyidə kiçik bir güldana bir ədəd gül də qoya bilərsiniz. "Mamed" olsa belə, bu səadəti ona yaşadın...
   
   ***
   
   Siz qadınlığınızı, nəzakətinizi göstərin. Qohumları ilə mehriban davranın. Amma ingilislərin devizi ilə yaşamağı unutmayın: "Mənim evim mənim qalamdı." Hamı ilə məsafə saxlayın. Rəfiqələri çox da ailənizə yaxın buraxmayın... İndi nə kişilərə, nə də qadınlara etibar var.
   
   ***
   
   Yemək zövqünə xüsusi diqqət yetirin. Məşhur bir sözü unutmayın: "Kişilərin mədəsinə yol ürəyindən keçir." Bu deyimdə böyük bir həqiqət var. Təkcə bir fakta diqqət yetirmək yetər: kişilər çox yöndəmsiz kökəlir-qarından. Bir sözlə, bacardığınız qədər özünüzü ona həsr edin...
   
   ***
   
   Siz öz borcunuzdan çıxın. Quru yemək bişirəndə altını ona verin, üstünü siz yeyin. Sulu yemək bişirəndə üstünü ona verin, altını siz yeyin. Elə ki gördünüz, bunları anlamadı, buynuz çıxardı, özünü Napoleon-zad saydı, onda tərsinə eləyin: quru yemək bişirəndə altını özünüz yeyin, üstünü ona verin, duru xörək hazırlayanda üstünü siz yeyin, altını ona verin...
   
   ***
   
   Nənəm belə deyirdi: "Yad oğlu ərim olsun, gündə biri ölsün." Canınızın qiymətini vaxtında bilin, əziz xanımlar...

TƏQVİM / ARXİV