Zəngəzurun "qırmızı xətt"ində "yanan" Vilayətiyə, Pezeşkiandan "soyuq duş"- ANALİZ
jpg-1754894575.jpg)
ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən Zirvə görüşündə iki ölkə arasındakı sülh sazişinin paraflaması ilə bağlı görüş başa çatsa da, dünya gündəmində hələ də bununla bağlı müzakirələr bitməyib.
Dünyanın bir sıra dövlət və xalqları, politoloq və ekspertləri bu görüşü yüksək qiymətləndirib. Görüşün sülhə və əminamanlığa xidməti kimi dəyərləndiriblər.
Amma qonşu İran İslam Respublikasının müəyyən dairələri heç də tərəqqipərvər insanlar kimi düşünmədiklərini bəyan etdilər. Xüsusən də İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin bəyanatı narahatlıq doğurub. Vilayəti mediaya müsahibəsində Tehranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacağını, buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacacaqları bildirib.
Bilirsiniz ki, İran bir neçə ildir ki, Zəngəzur dəhləzinə qarşıdır və bunu özünün "qırmızı xətti" hesab edir. Əli Əkbər Vilayəti rəsmi İranın bu mövqeyini ən çox müdafiə edən siyasi fiqurlardandır və o, bir neçə ay əvvəldə bəyanatında bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsi, guya, regional inteqrasiyaya, iqtisadi sabitliyə, xalqların rifahına yönəlməyib. Əksinə, bu ideya, guya İranı və Rusiyanın qurudan mühasirəyə almaq məqsədi daşıyan tələdir.
Zəngəzur dəhlizinin böyük Orta Dəhlizin tərkib hissəsi olmasını görməzdən gələn azərbaycanlı Vilayəti biləndə ki, həmin tarixi Vaşinqton görüşündə Ermənistan məlum dəhlizlə bağlı ABŞ-la əməkdaşlığı 99 il müddətinə razılaşdırıb və gələcəkdə bu müddət uzadılacaq, eyni zamanda ABŞ şirkətləri həmin əraziyə gedərək orada infrastruktur layihələri həyata keçirməyi planlaşdırırlar, Tramp vurğulayıb ki, bu investisiyalar hər üç dövlət üçün böyük fayda gətirəcək və bu, son dərəcə önəmli bir xəbərdir.
Vilayəti bunu eşidəndən sonra xeyli qəzəblənib və növbəti dəfə mediaya hiddətli açıqlamalar verib.
Vilayəti iddia edib ki, layihə bölgənin geosiyasi balansını dəyişəcək, sərhədlərin yenidən çəkilməsinə səbəb olacaq. Bu dəfə də Ermənistanın halına "ağlamaqdan" özünü tuta bilməyən bu cənubi azərbaycanlı deyib ki, layihə Ermənistanın parçalanması planının bir hissəsi kimi nəzərdə tutulub:"Layihə artıq Ermənistan cəmiyyətində narazılıq doğurub. Onun sözlərinə görə, heç bir xalq öz ərazisinin parçalanmasına razı olmaz".
Vilayəti onu da (yalan-gerçəkliyi məlum deyil) vurğulayıb ki, hələ Nikol Paşinyan da Tehrana səfəri zamanı bu mövqeyi bölüşüb və dəhlizin təhlükəli, konspirativ xarakter daşıdığını etiraf edib.Halbuki, həmin görüş zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei demişdi ki, İran-İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qaldığını bildirmişdi. Paşinyanın isə bu mövzu ilə əlaqədar açıqlaması olmamışdı.
Bölgədə ABŞ-n olmasını qətiyyətlə istəməyən və artıq 3 ildir ABŞ ordusunun Qafqazda olmasını, Ermənistanla hərbi təlimlər keçirməyisinə göz yuman İran, konkret olaraq Vilayəti "Zəngəzur dəhlizi"nin açılması xəbərindən sonra aqressiyasını ortaya qoyub belə bir açıqlama verir:"Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq. Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biri sayılır və bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək".
Bir məqamı da dəyərli oxucularımıza xatırladaq ki, dəfələrlə rusiyalı politoloqlar, media Rusiyanın Zəngəzur dəhlizinin açılmasını istədiyini yazsa da, amma gözü Ermənistanın "suverenliyi"ndən başqa heç nəyi görməyən Vilayəti Rusiyanın strateji baxımdan bu dəhlizin əleyhinə olduğunu iddia edir, ABŞ-ın Qafqaza gəlişini Cənubi Qafqazın təhlükəsizliyinə "təhdid" olduğunu haray çəkərək buna qarşı Rusiyanı da hərəkətə keçirməyə çalışır.
Bütün bunlar göstərir ki, İran rejimi bu yeniliyi sakit həzm etməyəcək.
Onu da qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Zəngəzur dəhlizi ilə bağlı mövqeyi sanki həm "Zəngəzur dəhlizi"nin qatı
əleyhdarı İranın ali dini lideri Ayətullah Əli Xameneiyə, Vilayətiyə SEPAH üzvlərinə bir cavabdır. Pezeşkian duruma yumşaq münasibət göstərərək məsələ ətrafında yaradılan ajiotajın həqiqəti tam əks etdirmədiyini bildirib:"Bu dəhlizlə bağlı deməliyəm ki, məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib”.
İndi isə "Zəngəzur dəhlizi"ndəki canlanmanın fonunda İrandan növbəti dəfə gələcək münasibət və reaksiyaları gözləmək və müşahidə etmək qalır.
P.S. Hansı tərəfdən baxsan lokomativ işə düşüb və irəliləyir. İran və yaxud Rusiya heç bir cəhdlə bu lokomativin qarşısını ala bilməyəcək. Ala bilsəydilər 2 il əvvəl ABŞ qoşunları Qafqaza ayaq açanda, Qafqazda hərbi təlimlər keçirəndə hərəkətə keçərdilər.
Əntiqə Rəşid