adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Azadlıq nədir?

32415 | 2012-10-20 01:09
Hər kəsin azadlıq anlayışına münasibəti fərqlidi. Kimi azadlığı dini təmayüllərdən xilas olmaqda, kimi qaydalara zidd davranışda-komplekssizlikdə, kimi də sərbəst şəkildə haqqını tələb edə bilmək kontekstində dərk edir. Nədir azadlıq???
   
   ***
   
   Sartrın azadlığa münasibətini dönə-dönə oxuyuram. "Mənim şəxsi azadlığım dəyərlərin yeganə əsasıdır və heç nə mənə bu və ya başqa dəyəri, bu və ya başqa dəyər mənbəyini tanımağa əsas vermir. Dəyərlərin varlığı mənim varlığım üzərində dayanır"-Sart üçün azadlıq individual dərk olunur. "Özün kimi ol!"anlayışını təhlil edən filosofun digər şərhi belədi: "İnsan olduğu kimi qala bilmir, belə ki, o, qanunsuz azadlıq yolu ilə özündən düzəltdiyi varlıqdır. Belə çıxır ki, "özün kimi ol" yox, "özünü özün kimi yarat!" Bəli, azadlıq həm də "özünü başqa cür yaratmağı" tələb edir. İnsan azadlığın çağırışına getməyə məhkumdur... "Əgər ilahi inam olmasaydı, biz davranışımızı qanuniləşdirən heç bir mənəvi dəyərlərə və qadağalara istinad edə bilməzdik. Beləliklə, geniş dəyərlər sferasında biz, özümüzdən əvvəl heç bir həqq və cəza görmürük və biz tək qalırıq"-insanı azadlığa cəlb edən həm də daxilindəki ilahi inamdır. Sartrın "Qıfılaltı" əsərində belə bir fikir var: "Başqa insanlar bir cəhənnəmdir, axı başqasının azadlığı maneəyə çevrilir..." Göründüyü kimi, azadlıq anlayışına istənilən prizmadan yanaşmaq, onu təhlil etmək mümkündür... Fəlsəfəsiz günümüz olmasın. Keçək sadə reallığa...
   
   ***
   
   Evimiz həbsxanalardan birinin bir addımlığındadı. 2002-ci ildə köçmüşük bura. Biz köçəndə hər tərəf şam ağacı idi. Yeni köçdüyümüz dönəmlərdə dustaqları tez-tez şam ağaclarının arasında işləyən görürdük. Başlarının üstündə əli avtomatlı nəzarətçilər, qara paltarlı, başıqırxıq dustaqlar mənə əsirləri xatırladırdı. Tez-tez qəribə mənzərələrin şahidi oluruq burda. İllərdir eyni simaları da görürük. Dustaq valideynlərinə, yaxınlarına üz-gözümüz öyrəşib artıq. Ağlaya-ağlaya tərk edirlər həbsxananı. Məni bu yazını yazmağa vadar edən az öncə gördüyüm bir mənzərə vadar etdi: dustaqlara ərzaq gətirirdilər. Sizə bu mənzərə maraqlı gəlməyə bilər. Bizimçünsə bunları izləmək dəhşətdi. Cavan, enlikürək, yaraşıqlı oğlanlar, ağsaqqal kişilər günəş işığına, bir udum havaya, bir tikə çörəyə, ilıq bir sözə təşnə halda törətdikləri hansısa axmaqlığın cəzasını çəkməklə məşğuldurlar. Vaxt onlar üçün qiymətli deyil, tam tərsinə, vaxtın qatilinə çevrilmək kimi bir işlə məşğuldurlar. Təqvimdə günlərin üstündən xətt çəkməyin əzabını, geridə qalan, qətlə yetirilən günün sevincini yaşayırlar. Niyə? Azadlığa qovuşmaq üçün. Təmənnasız bizə bəxş edilən havanı udmaq, günəşi görmək üçün... Budur azadlıq! Niyə əziyyət çəkib qazandıqlarımızın-pulun, sərvətin qədrini bilirik, amma bizə təmənnasız bəxş edilən nemətlərin qədrini bilmirik? İndi payızdı. Təbiətin füsunkar vaxtıdı. Qızılı yarpaqların, küskün günəşin öz gözəlliyi var. Bir azdan təbiət başqa gözəlliyi ilə qarşımıza çıxacaq: ağappaq gəlinlik donunu geyəcək. Sonra allı-güllü bahar, bərəkətli yay... Və beləcə həyat davam edir. Niyə axı bu gözəlliklərin qədrini bilmirik? Niyə özümüzü bunlardan məhrum edək ki? Gözəlliyə baxmaq savab ikən, niyə dörd divar arasında məhkumluq həyatı yaşayaq? Arxamızca "Penitensiar xidmət" maşınlarında kartof, soğan daşısınlar, göz yaşları atsınlar? Buna dəymir. Vallah-billah, dəymir. Yaşamaq lazımdı...

TƏQVİM / ARXİV