
Çox vaxt bir fikrin arxasında gizlənirlər, hələ 18 ildir ki, müstəqilik. Gənc dövlətik. Guya 18 il az vaxtdır. Qeyd edim ki, qupquru səhra üzərində cənnətməkan və möcüzələr şəhəri olan Dubayın saılınması da elə 18 il çəkib. Belə formalaşmamış adamlara həsr etməyəcəm təbii ki, köşəmi. Onların göbələk kimi artmasında böyük rolu olan milli faciəmiz hesab etdiyim təhsildən danışacağıq.
Təhsilimiz deyəndə adamın lap ayaqüstündə bir dəqiqəlik sükut elan etməyi gəlir. Bu sahənin istənilən tərəfindən qara qanlar axır. Baxça, ibtidai sinif, orta məktəb, peşə məktəbləri, texnikum, institut, universitetlər, bakalavr, magistr, aspirant pillələri, ikinci ali təhsil, hamısı qan içindədir, salamatı yoxdur, hamısını gözəgörünməz qurdlar çəkib dişinə. Hərəsi bir qəmli dastanın mövzusudur. Ümumiyyətlə, Azərbaycanda müğənnilikdən sonra ən asan iş mən deyərdim ki, jurnalistlikdir. Sağ olsun cəmiyyətimiz, bir az cəsarətin olsa harasından yapışsan bir şedevr yaradıb ortaya qoya bilərsən. Yəni mövzu bolluğudur. Elə ona görə də, ölkədə bu qədər qəzet var də. Oxuyanların sayına görə çox deyil e, millətin dərdinə görə çoxdur. Və hamı da elə bilir ki, bir qəzet çıxarıb camaatın dərdini yazmaqla həm özü milli qəhrəman olacaq, həm də yaxşı qrant yeyə biləcək! Bir az da bərk qışqırsa dövlət yardımı alacaq. Axır ki, qlobal problemə çevrilən "Azərbaycanda niyə qəzetlər çoxdur?" tapmacasının şifrəsini aça bildim. Məni təbrik edə bilərsiniz.
Problemlər isə hər sahədə naşı mütəxəssislərimizin bolluğundan ortaya çıxır. Naşı mütəxəssis ölkədəki naşı təhsilin məhsuludur. Deməli, xeyri yoxdur millətin bütün bəlası zəif təhsildən doğur. Amma təhsilimizin daha bir bəlası var. Təhsil haqları. Bu günlərdə bu mövzu ilə bağlı Lent.az saytında maraqlı bir araşdırma yazı oxudum. Müəllifdən icazə almasam da o faktlardan istifadə etməyi qərara almışam. Onun səsinə səs verdiyim üçün güman edirəm ki, məndən inciməz.
İnformasiyada qeyd olunur ki, "son illər dövlət ali məktəblərində ödənişli və ödənişsiz təhsil nisbəti birincinin xeyrinə dəyişib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hesabatına əsasən, ötən il dövlət ali məktəblərinə ödənişsiz əsaslarla qəbul planı 10856, ödənişli yerlərin sayı isə 13355 olub. Ümumilikdə ötən il dövlət ali məktəbləri üçün ayrılmış yerlərin 44,84 faizi ödənişsiz, 55,16 faizi ödənişli təhsil forması üçün nəzərdə tutulmuşdu.
Bu il isə bu ödənişli və ödənişsiz təhsil üçün ayrılmış plan yerləri arasındakı fərq bir qədər də artıb. Yenə də TQDK-nın məlumatına əsasən, 2009/2010-cu dərs ilində dövlət ali məktəblərinə qəbul olunmuş tələbələrin 16799-u ödənişli, 9790-ı isə ödənişsiz əsaslarla təhsil alacaq.
Bu il ödənişli ixtisaslara qəbul olunmuş tələbə-abituriyentlərin qarşısında daha bir şərt qoyulub. Birinci kursa qəbul olunmuş tələbələrə deyirlər ki, onlar təhsilhaqqının hamısını bəri başdan ödəməlidir. Əks halda, imtahan verib tələbə adını qazanmış abituriyentin nəticələri ləğv olunacaq".
Hə, gözəl faktlardır. Keçən ildən ötdük, keçənə güzəşt deyərlər. Bu ilə baxaq. Demək ki, təkcə pullu yerlərin sayı pulsuzlardan 2 dəfə çoxdur. Biz özəllərdən danışmırıq. Onların özəl olmaları kimi əllərində gözəl bayraqları var. Guya ki, onların işinə heç fələk də qarışa biməz. İnanıram ki, "guya" sözümü unutmadınız.
Keçək, kasıbın güvənc yeri olan dövlət universitetlərinə. Başbilənlərimizidən biri olan Təhsil Nazirliyimizin Aparat rəhbəri hörmətli İlham Pirməmmədov qeyd edib ki, "ödənişli və ödənişsiz təhsil üzrə plan yerlərini Nazirlər Kabineti ali məktəblərin təqdimatı əsasında təsdiq edir. İxtisaslar üzrə illik qiymətləri isə İqtisadi İnkişaf Nazirliyinin Tarif Şurası müəyyən edir. Və sonra da qeyd edir ki, əgər valideynlər və tələbələr təhsilhaqqının yüksək olmasından narazıdırlarsa, özəl ali məktəbləri, yaxud da dövlətin pullu ixtisaslarını seçməsinlər".
Hə, gözəl çıxış yoludur, söhbətin bu hissəsinə qələmimi bulamamış keçə bilmərəm. Görəsən, cənab İlham müəllimə məlumdurmu ki, Azərbaycanda əhalinin əksər hisəsini yoxsul təbəqə tutur, orta təbəqə isə ümumiyyətlə mövcud deyil? Bu hesaba görə, yerlərin yarıdan çoxunu pullu təhsil tutur. Əgər tutalım 25 yerin 15-i pulludursa, deməli kasıb balaları ancaq bu 10 yerdə oxuya bilərlər. Və onlar cüzi qidalanma, psixoloji yeniyetməlik problemləri, sosial problemlərlə yanaşı elə oxumalıdırlar ki, ən yüksək balı yığsınlar.
Ümumiyyətlə, bu nə dərəcədə ədalətli bölgüdür? Tarif Şurası nə etmək istəyir? Əhalinin orta aylıq maaşını 300 manat kimi təsdiq edən Tarif Şurası hansı məntiqlə 900 manatlıq təhsil haqqı məbləğində qiymət müəyyənləşdirir. Niyə, biz qiymətlərin qaldırılmasndan söhbət düşəndə Amerika, Avropa nümunələrinə müraciət edirik? Hansısa inkişaf tempindən söhbət gedəndə özümüzü ən zəif ölkələrlə müqayisə edirik ki, filan MDB ölkəsindən nədəsə qabaqdayıq. Niyə inkişaf meyarı kimi hər zaman eyni predmetdən istifadə edilmir? Özəl universitet nə qədər xüsusi də olsa, ölkənin real qiymətləri ilə hesablaşmalıdır. Bu sistemsizlik dünyanın heç bir yerində yoxdur. Amerikanın ona görə bütün universitetləri ödənişlidir ki, oradakı özəl universitetlər bilirlər ki, ölkə əhalisinin həmin qiyməti ödəmək imkanı var. Bizdə isə neçə-neçə valideynlər övladlarının yanında üzüqara olduqları üçün infarkt keçiriblər, neçə yeni abutiruyent intihar edib, neçəsi hələ də üzümüzə gələn ayda təhsil haqqını ödəmək üçün qapı-qapı düşüb pul axtarır.
Axı, ataların yaxşı sözü var. Ayağını yorğanına görə uzat. Əziz Tarif Şurası yorğana qoyduğunuz qiymət millətin ayağından da gödəkdir. Biabırçı vəziyətdən xəbərdarsınımı? Amerikada Kolorado Universitetində illik təhsil haqqı 4200 manatdır, Qərb Universitetində 3855 manat. Arada yalnız 345 manat fərq var. Gələn il bəlkə Qərb Universitetində qiymət bu universiteti də ötdü. Tələbələr axı necə birinci ilin təhsil haqqını tədris ilinin ilk ayında ödəsinlər. Bunadamı nəzarət edilə bilməz?! Heç olmasa, burada güzəştlər edilsin. Axı, hər şey əhalinin rifahına xidmət etməlidir.
Hörmətli İlham müəllim, əgər pullu təhsil yalnız imkanlı ailələrin övladları üçündürsə o zaman qəbul yerinin faktiki olaraq 8 yer olduğunu bildirin. Ya da 25 yerin 8-i ödənişli olsun, qalanları ödənişsiz. Bəyəm, belə olsa Universitetlərin binası çökər? Universitet necə dəryadır ki, onun ildən-ilə xərci artır. Axı, neçə illər ərzində bu pullar ilə Universitetlərin əməlli-başlı büdcəsi formalaşmalı idi?!
Üstəlik, ödənişli əsaslarla təhsil alan tələbəyə tələbə bileti, diplom və başqa xırda-para şeylər də pulla verilir. Hətta, bu məsələ Milli Məclisdə geniş müzakirə olunmalıdır. Mən özüm BDU-da dərs deyirəm. Bir müəllim kimi tələbələrin necə çətinlik çəkməsinin şahidiyəm. Birinci kursa yüksək balla və oxumaq həvəsi ilə qəbul olunmuş tələbədə sonuncu kursda böyük geriləmə və ümidsizlik yaranır.
"ABŞ-dakı əksər kollec və universitetlərdə təhsilhaqqının hansı qayda ilə ödəniləcəyinə dair əvvəlcədən qrafik müəyyənləşdirilir. Tələbə təhsil müəssisəsinə daxil olarkən təhsilhaqqını necə ödəyəcəyi barədə universitet rəhbərliyinə məlumat verir və tərəflər arasında müqavilə imzalanır. Belə müqavilələr adətən, bank hesablarında ən azı iki aylıq xərclərini ödəyə biləcək qədər pulu olan tələbələrlə bağlanır. Təhsilhaqqından əlavə tələbənin yemək, kitablar və ictimai fəaliyyətlər daxil olmaqla bir çox başqa sahələr üçün də yetərli pulu olmalıdır.
Azərbaycanda isə vəziyyət və qaydalar başqa cürdür - nə tələbə ilə müqavilə bağlayan var, nə də onun 4 il ərzində pullu təhsil almaq imkanını yoxlayan".
Bəli, məsələ bu qədər sistemsiz qurulub. Demək ki, kimlərisə təhsil sözdə maraqlandırır. Cib dolu, baş boş olsa da olar.