
Özü də qəribə yolla bu faktla tanış olmuşam. Kiçik övladının keyfiyyətli şəkildə biliklənməsinə çalışan bir ana kimi mən həmişə oğlumun yaxşı multfilmlərə baxmasına, onun qavraya biləcəyi hər şeylə tanış olmasına çalışıram. Bu günlərdə ana-bala möcüzəli "Walt Disney"in 2005-ci ildə ekranlaşdırdığı "Valiant" multfilmini izlədik. II Dünya müharibəsində qəhrəmanlıq göstərən göyərçinlərdən bəhs edən bu cizgi filmindən olduqca ləzzət aldıq. Sonda öz-özümə elə təzəcə fikirləşməyə başlamışdım: "Halal olsun avropalılara. Absurd bir şeydən necə maraqlı ideya qura bilirlər" - demişdim ki, animasiyanın sonunda əla bir informasiya verildi. "Bu multfilm II dünya müharibəsində qəhrəmanlıq göstərib "İgidliyinə görə" Diken Medalı ilə təltif edilmiş 54 heyvana həsr edilib". Maraq məni bürüdü, hücum çəkdim "Google" axtarış saytına. Yeri gəlmişkən qeyd edim: "Allah bu "Google"u, sonra da "Vikipediya"nı düşünən, yaradan, istifadəyə verən, bu gün də əziyyətini çəkən bütün avroplalıların atalarına rəhmət eləsin, canlarına sağlıq versin. Jurnalistikanın sürətli inkişafında, maarifləndirmədə onların o qədər böyük rolu var ki". Belə baxanda nə olar ki Avropalı olanda?! Bütün peyğəmbərlər belə insanlara xidmət edən hər kəsi cənnətlə və rəhmətlə muştuluqlayıb.
Mətləbdən uzaqlaşmayaq. Ermənistanın bu günlərdə bizə barmaq silkələyib, Madrid prinsiplərini qəbul etməyəcəkləri ilə hədələdikləri bir vaxtda "bu informasiya əla qeyrətverici təsir bağışlaya bilər millətimizə" deyə düşündüm. Demək ki, Avropanın dərin zəkası müharibədə heyvanlardan da resurs yaradacaq, eyni zamanda onları qiymətləndirəcək qədər sürətlə inkişaf edib. "Nə qədər düzəlməyəcək cəmiyyətimizdən yazacam? Bir azda bilgiləndirək" deyə düşündüm və informasiyanı ingiliscədən tərcümə etdim. Qeyd edim ki, rusca belə bu barədə qısa informasiyalardan başqa bir şey tapa bilmədim.
Üzərində "İgidliyə görə" və "Mən də xidmət edirəm" sözləri yazılan dəfnə budaqları ilə bəzənmiş bu bürünc medalın adı Diken Medalıdır. Medalla yanaşı laureatın boynundan yaşıl, tünd qəhvəyi və açıq mavi zolaqları olan lent də asılır. Mükafatın təsis edilməsi təşəbbüsünü PDSA (People"s Dispensary for Sick Animals- Xəstə heyvanlar üçün əczaxana), yəni Heyvanlara Yardım Xeyriyyə Qurumunun yaradıcısı olan Mariya Diken irəli sürdüyündən medal da onun şərəfinə adlandırılıb. Bu, Böyük Britaniyada heyvanlar üçün təsis edilmiş ən yüksək hərbi mükafatdır. Onun həmişə Londonun meri tərəfindən təqdim edilməsi qəbul edilib. Əvvəllər mükafat millətlərin dostluğuna və ya xilas etmə işlərində yardım göstərən heyvanlara verilirdi. 1943-1949-cu illərdə isə İkinci Dünya Müharibəsində insanlara köməyi dəymiş heyvanlara da verildi. Bu müharibədə 54 heyvan mükafatlandırılıb. Onun 1-i pişik, 3-ü at, 18-i it, 32-si göyərçindir. 2008-ci ilin fevralına qədər isə laureatların sayı 62-yə qalxdı.
Heyvanların bəziləri ölümündən sonra təltif edilib. Bu medallardan birini 2000-ci ildə almış 1941-ci ildə müharibədə böyük xidmətlər göstərmiş Gender adlı Kanada iti olub. Bu haqda PDSA sonradan məlumatlandırılıb. 2002-ci ildə mükafat alan heyvanların siyahısına daha 3-ü əlavə edildi. Bunlar 11 Sentyabr faciəsində xilasetmə işlərində öz həyatı bahasına yardım göstərmiş itlər idi. 2002-ci ildə daha 2 it mükafatlandırıldı. Bunlar Yuqoslaviya və İraq bölgələrində xüsusi səyləri ilə seçilən və Dövlət Güc Xİdmətlərinə böyük yardımlar etmiş 2 it idi.
PDSA-nın qızıl medalı isə mülki həyatda öz sədaqətini sübut etmiş cəsur heyvanlara verilib. 2002-ci ildən PDSA-nın təsis etdiyi bu mükafat Georgi xaçına bərbər tutulur.
Onu da qeyd edim ki, bu 62 qəhrəman heyvanın dəfn olunması üçün (heyvan qəhrəmandırsa, ona basdırılmaq sözü yaraşmaz deyə düşünürəm) Britaniya hökuməti xüsusi olaraq qəbiristanlığın salınması üçün yer ayrılmasına sərəncam verdi və 2002-ci ilin dekabrında 62 namizəd üçün İlford adlı qəbiristanlıq quruldu.
Uzun axtarışlar aparmağıma baxmayaraq, mükafata layiq görülmüş heyvanların tam siyahısını tapa bilmədim. Tapa bildiklərim isə bunlardır:
II dünya müharibəsində:
1943- cü ildə Vinki - ilk medalla mükafatlandırılmış göyərçin - o, SOS siqnalı verilmiş bombaların töküldüyü müharibə bölgəsində doğma cəbhəsinə çatmaq üçün göyərçin üçün böyük sürət sayılan 120 millik bir məsafəni qət edib.
1943- cü ildə Rur ekspress - poçt göyərçini
1944- cü ildə Kommando - poçt göyərçini
1944- cü ildə Peddi - o İngiltərə kanalı üzərindən rekord sürətlə uçaraq Normandiyaya məktub aparıb və 4 saat 5 dəqiqəyə 230 mil qət edib.
1944- cü ilin sentyabrında - Portağal Villiam - itdir - Arnem döyüşündə 2000 əsgəri xilas edib.
1945- ci ildə Reks - itdir - Londonda bomba altında qalan 65 nəfəri xilas edib.
1945- cı ildə Rip - itdir - 1940-41-ci illərdə Londonda hava bombardmanı zamanı 100 nəfəri xilas edib.
1946-cı ildə - G.İ.Co - bir poçtalyon göyərçin və bir Amerika quşu medala layiq görülüb. 1943-cü ilin oktyabrın 18-də axşam saat 11-də Amerika Havva Qüvvələri tərəfindən İtaliyanın Kalvi Ristoria şəhəri bombalanmışdı. Saat 10-da Britaniya qoşunları bu şəhəri zəbt etmişdi və basqın əmri radio ilə ləğv edilmişdi. Ancaq siqnal hərbçilərə çatmamışdı. Co həmin yerə Amerika qüvvələrindən tez çataraq basqın əmrini dayandırmaq barədə olan məktubu yetirmişdi. Əgər onlar irəliləsə idilər, Britaniya qoşununun 1000 nəfəri həlak olacaqdı.
1946-cı ildə - Cudi -dünyada yeganə qeydə alınmış əsir heyvandır. O, müharibədə yaponlara əsir düşüb.
1947-ci ildə Olqa, Apstart və Reqal - Növbəti alman bombardmanı zamanı qəhrəmanlıq göstərən 3 polis atıdır.
1949 - Simon - Gəmi pişiyidir. Top mərmisini zərərsizləşdirərək xilas edib, xeyli siçan öldürüb. O, "Mahir dəniz pişiyi" hərbi medalı ilə mükafatlandırılıb. Bu medal Kral Hərbi Dəniz Donanması tərəfindən satılıb və indi kollektorlar tərəfindən çox yüksək qiymətlə dəyərləndirilib, çünki Simon bu medalı qazanmış yeganə pişikdir.
Müasir dövrdə də heyvanların göstərdiyi qəhrəmanlıqlar bu təşkilat tərəfindən qiymətləndirilir. Qeyd edim ki, mükafat beynəlxalq xarakter daşıyır. Ola bilər ki, bizim ölkədə də çoxlarının bilmədiyi bu cür qəhrəman, xilaskar heyvanlar olub və ya var. Onların sahibləri və ya xəbərdar olanlar da bu təşkilata müraciət edə bilərlər. Son dövrlərdə də heyvanların mükafatlandırılması prosesi davam etdirilir.
2000 - Gender - 1941-ci ildə Honq Konqda Kanadalıların yürüşündə xidmət etmiş itdir.
2002- Salti və Rozelle - 11 Sentyabr terror aktında Dünya Ticarət Mərkəzinin xarabalıqlarında axtarışlar apararaq xeyli insanı həyatları bahasına xilas etmiş mühafizə itləridir.
2002 - Apollo - Sentyabrın 11-də həm Dünya Ticarət Mərkəzində, həm də Pentaqonda Nyu-York Polis Departamenti ilə birgə axtarışlar aparan axtarış və xilasetmə itləridir.
2003 - Sem - Kral Baytarlıq Ordusu Korpusu qoruyucu itləri Kanada Baş Alayı ilə Bosna Hersoqovinyada silahlıların tərksilah edilməsində və sonrakı düşmən izdihamının qarşısını alıb.
2003- Baster - Kral Baytarlıq Ordusu Korpusunun axtarış itlərindən olan bu köpək İraqda Vellinqton Alayının Lordlarını partlayıcılardan qoruyaraq həyatı bahasına silahlar və partlayıcılar gizlədən ekstremist qrupun silah anbarını aşkara çıxarıb.
2007 - Sedi - Kral Baytarlıq Ordusu Korpusunun bu qara Labrador iti Əfqanıstanda qulluq edib. O, Kabulda torpağa basdırılmış qum çantalarındakı bombaları tapıb. Daha sonra Birləşmiş Millətlər Qərargahının həyətində əvvəllər alman əsgərlərinin ölümünə səbəb olan bomba gizlədilmiş maşını aşkara çıxararaq diplomatik missiyanı həyata keçirən neçə-neçə insanı xilas edib.
Bu mükafatların içərisində mübahisəli olanları da var. Məsələn, Rob adlı it 1945-ci ildə 20-dən çox paraşüt tullantısında iştirak edib. II Dünya müharibəsində İtaliya və Şimali Afrikada düşmən cəbhəsi arxasındakı əməliyyatlarda iştirak etsə də, ona medal verilməsi məsələsinə uzun sürən müzakirələrdən sonra qərar verilib.
Bu gün torpaqları işğal altında olan ölkənin vətəndaşları olaraq başıaşağı, qəlbi nisgilli, gözü yollarda yaşayırıq. Indi hamımızın qəhrəmana ehtiyacı var. Bizə sülh dərsi keçənlər belə yalnız kişiliyinə, igidliyinə, bacarığına görə hər şeyə qiymət verir. Elə bu mükafat da onun göstəricisidir. Demək, insanlarimiz cəsarətli olsa, heyvanlarımız da cəsur olacaq.
Fixte, Allah sənə də rəhmət eləsin! "Qoy hamı məni tərk eləsin, təki cəsarət məni atmasın" dediyinə görə.