Bəxtinizi bir də sınayın!

İRADƏ İSHAQ
22147 | 2010-01-09 05:18
Bir dəfə də məndən duymuş olun bu kəlməni! Zatən bizim artıq taleyimiz, yazımız bu oldu. Bir də, bir də cəhd eləmək. Bəlkə alınar deyə hər şeyə yeni başdan başlamaq, ümidin yıpranmış, sustalmış ətəyindən sallanmaq.
   
   Bu xarakterimizi artıq bütün yerli və xarici biznesmenlər də gözəl bilir. Elə bunun nəticəsidir hər paketdən, kartdan, biletdən çıxan, əsəblərimizi son həddə çatdıran "bəxtinizi bir də sınayın" sözləri yazılmış kiçik kağız parçaları. Allahın işinə baxın ki, bu hal adi tum paketlərini də bürüyüb. Əlimizi nəyə atırıq onda da bizi aldatmaq, yubatmaq, oyalamaq istəyi var. Nədir bu psixoloji təzyiq?! Bəxtimizə, daha doğrusu bəxtsizliyimizə bizi inandırmaq, ümidsizləşdirmək, həvəsdən salmaq, cəmiyyətə, dövlətə, iqtisadiyyatımıza, siyasətimizə, özümüzə nifrət hissi oyandırmaq görünür kimlərəsə lazımdır. Kimlər isə istəyir ki, bu millət hər aldığı ərzağı da içəriyə nifrətlə ötürsün. Hər an kimlərisə qınasın. "Əşi yalan şeydir, bu dağılmışda nə düzdür ki, saqqızdan, tumdan çıxan da düz olsun". Bunu bir nəzarətə götürən varmı ki, hər dəfə yalan dolu sürprizlər vəd edən bu balaca paketlərin istehsalçıları nə işlə məşğuldur?! Hanı onların al-əlvan hədiyyələri? Hər boş çıxan paket insanları nə qədər əsəbiləşdirir, bilirlərmi?! Onsuz da heç kim bu tumları alanda onu varlanmaq xatirinə almır. Hamının bir istəyi var, heç olmasa əsəbləri sakitləşsin, başı qarışsın. Qısa müddətə öz damaq dadı ilə məşğul olsun. Əvəzində nə olur? Yenə gərginlik!
   
   Niyə cəmiyyətimizi gərginlikdə saxlamaq istəyirlər?! Qayda-qanuna nəzarət adı altında küçələrə səpələnmiş yolla bağlı mənasız nəzarətçi maşınlardan tutmuş səhər işə gedəndə küçələrin sistemsiz, nəzarətsiz bağlanmasından yaranan tıxaclara qədər hər şey insanlarımızın əsəblərini pozmağa hesablanıb.
   
   İndi də yeni hoqqa. Disiplin, nizam-intizam yaratmaq adı ilə iş yerlərində, tədris müəssisələrində yeni metod həyata keçirilir. Hamı iş yerinə zəncirlənir. Səhər saat 9-dan axşam saat 6-ya qədər səni iş yerinə bağlayırlar. Tamamilə məntiqsiz şəkildə. Addımını kənara qoysan düşürsən qapıdakı üzdəniraq qurğunun qara siyahısına. Ayın axırında da mühasibatlıq sənə uzun bir siyahı verir. Elə bil səni bir xəfiyyə addımbaaddım güdüb. Neçədə işə gəlmisən, neçədə, özü də neçə dəfə iş yerini tərk etmisən. Sən həbsxanadasan. Bu sənə elə gəlir ki, iş yeridir. Və çıxış yolun da yoxdur. Sənin bütün bu qızıl vaxtını alandan sonra da təhqir kimi gətirib sənə 350 manat aylıq məvacib verirlər. Üstəlik dükan-bazardakı qiymətlə bu maaş sənə bir aya çatmır. Və nəbadə iş yerindən bilələr ki, sən əlavə bir yerdən bir balaca nəsə qazanırsan. Səhərisi gün səni xalq düşməni elan edib, haqqında daha bir ağ kağızı mənasız yerə korlayaraq yağlı qara şriftlə iş yerində yol verdiyin intizamsızlıq üçün ya xəbərdarlıq, ya töhmət yazırlar. Maaşından müəyyən qədər faizlik məbləğ tutmaq da öz yerində. Amma heç səndən soruşmurlar ki, bu əynindəki qiyməti ən az 500 manat olan gödəkçəni hansı maaşla almısan, əlindəki telefonun qiyməti elə bir aylıq maaş ancaq edər. Sən haradan aldın bu telefonu? Axı mən səni bütün gün bura zəncirləmişdim. Bu İyo-kiyoluq qabiliyyəti səndə necə yaranıb. Bəlkə birini soymusan bu gecə? Ya bank yarmısan? Yox, müdiriyyəti belə şeylər qəti maraqlandırmaz. O, belə şeyləri qəti düşünməz. Çünki o, dövlət və dövlətçiliyi ayrı mənada başa düşür. Ona elə gəlir ki, o, qapının ağzında səni bərk-bərk güdməklə artıq dövlətçiliyə xidmət edir. Hər kəsi dövlətə vicdanla xidmət edib vergi verməyə məcbur etməklə o, artıq çox şeyə nail olub. Amma şəxsən o, maraqlanmır ki, bəlkə sən bu maaşla dolana bilmirsən, ya acından ölürsən. Yox, bu dövlətçiliyi qorumaq deyil. Bu başqasının şəxsi həyatına müdaxilədir. Bununla onların işi yoxdur. Çünki biz binayi-qədimdən problemin qarşısında deyilik, problemin yanındayıq ki, onu laqeydliklə ötüb keçə bilək. Şəxsən mənə mane olmursa özü də möhkəm mane olmursa mən o, problemi həll etmirəm.
   
   Ya da ola bilər ki, sən bir başqa yerə getməklə və ya başqa bir yerdə də əlavə işləməklə dövlətə, xalqa, elə ən azından bu dövlətə daha çox xeyir verirsən? Onları düşünmək əziyyətinə özümüzü salmırıq. Əvəzində bizim gözümüzdə işdən saat 6-da çıxmamış adam cinayətkardır, nəinki kimdənsə rüşvət almağa məcbur etdiyimiz adam.
   
   Bir nəfərin öz işini keyfiyyətli və vaxtında görüb getməyi bizə bəs eləmir. Çünki birdən o gedib başqa yerdə bir tikə artıq çörək pulu qazanar. Çünki əsas olan insanların yaxşı yaşamasına şərait yaratmaq deyil. İnsanları kölə kimi işlətmək də deyil. Əslində, bir fərli-başlı iş də görmürlər ki, səndən də əməlli-başlı nəsə tələb etsinlər. Məqsəd insanlara özlərinin lazımsız olduğunu hiss etdirməkdir. Hədər yerə vaxt almaqdır. Bu dəqiqə heç bir vətəndaş konkret olaraq dövlətə xeyir vermək üçün işləmir. Fikir verin, bizim hansımızın işi dövlətə xeyir gətirir, büdcəyə pul gətiririk? Vergiləri çıxmaq şərti ilə. Burada da dövlət özü öz cibindən qazanc edir. Sənə verdiyinin bir hissəsini qatlayıb yenə öz cibinə qoyur.
   
   Etiraf edək. Biz bu dəqiqə iş yerlərimizdə ölkəmizə xeyir verən lap balaca bir işlə də məşğul olmuruq. Millət vəkilimizdən tutmuş adi fəhləyə qədər hamı özü üçün işləyir. Dövlətə xidmətimiz budur ki, başlı başını saxlayır. Bizim rifahımız üçün nəzərdə tutduğumuz ailə büdcəsini, adambaşına nəzərdə tutulmuş mənzil səbətini hərə öz fərasəti hesabına formalaşdırır. Elə dövlətə xidmət də bunu saymaq olar. Əvəzində bu cür sıxma-boğmalar nəyə lazımdır. Bəyəm biz bunu hər birimiz bilmirikmi? Məqsəd yenə işinə, dövlətinə, siyasətinə, xalqına nifrət oyatmaqdır. Yenə də nifrət oyatmaq, yenə də gərginləşdirmək, əsəblərinə toxunaraq ömür müddətini azaltmaq, psixi cəhətdən sıradan çıxarıb tez yarasız etməkdir. Əslində, bu biz deyilik. Aldanmayın. Əslində, biz bir millət olaraq mentalitetimizdə bir-birimizi yola verənik. İşə belə ingilis sayağı yanaşmaq, amma işi ingilis kimi qurmamaq özü bir zərərli və məqsədyönlü zərərli addımdır. Hamını gözükölgəli etmək, bezdirmək, gərgin psixoloji atmosfer yaratmaq, birini küt başı ilə qabağa çəkib, şərait yaradıb, bir çoxuna yandıq vermək bu da kimlərəsə lazımdır.
   
   Kimlərəsə lazımdır ki, gənclər Rəqsanələrin bütün istedadsızlığı ilə xoş gün görüb səfa çəkməsini və Eldəniz Zeynalov kimi istedadların kasıblıq içində ölməsini görsün. Və artıq özünü həyatda uğur qazanan birincilər kimi tərbiyə eləsin. Bu da kimlərəsə lazımdır. Yenə istedadlar heç nə qazana bilməsin, dövlətə, dövlətçiliyə, özümüzə, xalqımıza, öz gücünə inamı azalsın, hətta nifrət etsin. İntiharlar atsın. Kimdir bizimlə bu qədər əlləşən, hansı gözəgörünməz əldir bizi nifrət çanağına gömən?! Hər şeyə inamsız edən, çarəni öz gücümüzdən deyil, son olaraq Allahdan diləməyə vadar edən. Ondan da bir kömək gəlmədiyini görəndən sonra ona da nifrət edirik. Beləcə Allahsızlaşırıq, cəmiyyətsizləşirik, vəhşiləşirik və biz hara gedirik? Bəxtimizi bir də sınamağa? Buna dəyərmi?!
   
   

TƏQVİM / ARXİV