adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ANOMALiYA

VAHİD ƏLİFOĞLU
29784 | 2010-02-13 01:10
... Eşşəkdən düşməyin minməkdən daha böyük eyib olması o demək deyil ki, elə bütün ömrünü eşşəyin belində keçirəsən...
   
   ... İki uşaq atalarının böyüklüyü haqqında mübahisə edirdi. Birinci uşaq sübut etməyə çalışırdı ki, onun atası dəvə boydadı. İkinci uşaq isə atasının fil boyda olduğunu bildirdi. Sonda birinci uşaq qalib gəldi. Çünki onların hər ikisi dəvə görmüşdü, filin isə adını eşitmişdilər...
   
   ... Təbiət və həyat müəyyən sistemə, ardıcıllığa hesablanıb. Bu qanun, bu ardıcıllıq pozulduqda, təbiətdə və həyatda anomaliya baş verir. Mən bilən bizim yaşadığımız ərazidə dəvədən böyük canlı olmayıb. Amma qarışqadan fil düzəltmək istedadı məhz bizə məxsusdur. Filə qarşı məhəbbətimiz və heyranlığımız həm də ona dəlalət edir ki, ya bu yerlərdə nə vaxtsa fil olub, ya da biz haçansa Hindistanda yaşamışıq... "Fillər mənim dostumdur" filminə axıtdığınız göz yaşlarını unutmamısınız ki?..
   
   Biz təbiətən şişirtməyə, ölçüsüzlüyə meyilli millətik... Doqquz başlı əjdahanı məğlub edən Məlik Məmməd, təkcə günorta naharında bir öküz yeyən Koroğlu, uçan kilim və s...
   
   Əslində bu dövlətçilərə görə heç bizi qınamağa da dəyməz. Çünki dünya miqyasında yerləşdiyimiz ərazinin özündə izah olunmaz bir sistemsizlik, xaotiklik var. Şimaldan cənuba, şərqdən qərbə hər şey qanunauyğun şəkildə bir-birini tamamlayır... Türk tayfalarının yaşadıqları torpaqlar Sakit okeandan Balkanlara, Uraldan Hind okeanına qədər uzanır. Bu ərazidəki əhali həm dini, həm dili, həm də etnik tərkibi cəhətcən çox yaxındılar və əslində eyni kökə malikdirlər... Qafqazda birdən-birə elə bil təbiətin ardıcıllığı 180 dərəcə pozulur. Nə dili, nə dini, nə də mədəniyyəti əhatəsində olduğu millətlərə qətiyyən uyğun gəlməyən ermənilər peyda olur... Onlar, cənnət meşələrə atılmış konserv qutuları kimi, hardan düşüblər bura? Qəribədi... Bu ciddi bir yanlışlıqdı, yoxsa tarixin pis bir zarafatı?..
   
   Niyə tarix araşdırıcılarımız tarixə şair gözü ilə, yazıçı düşüncəsi ilə baxmağa üstünlük verirlər? Tarixin həqiqətini bər-bəzəklə, tumar-sığalla üzə çıxarmaqdansa susmaq məsləhətdir...
   
   Tarix pafoslu qənaətin, süni vətənpərvərliyin, parodik millətçiliyin üzərində qurulanda şübhəsiz ki, adi, sadə sualların cavabını tapmaqda müşkülə çevriləcəkdir. Bəlkə tariximizdən keçmiş, məqsədli şəkildə şişirdilmiş kiçiklərin lüzumsuz yerə nəhəngləşdirilməsi yaradıb bu anormallığı?...
   
   ... Biz tarixi həmişə bədii əsərlərin, nağılların və dastanların dili ilə yaratmağa üstünlük vermişik... Yazıçı təxəyyülü ilə yaradılan tarix atdığı bumeranqın geri qayıdacağına inanmayan papuasdı... Bumeranq hara uçursa uçsun, atıldığı yerə qayıdacaq... Ayaqlarını yol "yağır" etmiş piyadaları ata mindirməklə, düşüncəsi və zəkası arvad-uşaq problemlərindən oyana keçə bilməyən "mütəfəkkirləri" əfsanələşdirməklə biz heç nə qazanmırıq, getdikcə daha çox şey itiririk. Özü-özünü təmizləyib durulmaqda olan tarixin qazanına çömçə salıb qarışdırmaqla nəyi aydınlaşdıra biləcəyik, axı? Nə vaxta qədər real, həyatda olmayan rəvayətləri tarixə soxuşdurmaqla tarixi qəzəl məclisinə, dastan gecəsinə çevirəcəyik?...
   
   ... Cavan vaxtlarımda at və qılınca o qədər marağım, məhəbbətim var idi ki, bu mövzuda yüzlərlə xəyali, romantik, tribuna şeirləri yazmışdım... Hər at oğrusunu at belində, hər naxırçını əli qılınclı görürdüm... At haqqında yazdığım növbəti şeirim Qarabulaqda çıxan "Araz" qəzetində çap olunmuşdu. Yaxın dostlarımdan biri həmin qəzeti kəndin çayxanasında ortalığa çəkib "At" şeirini ətrafa toplaşanlara misra-misra, kəlmə-kəlmə müzakirə edirdi... Gözlənilmədən, öz hazırcavablığı ilə, qırmızı danışığı ilə kəndə məşhur olan Əvəz əmi girdi içəri. Dostum üzünü Əvəz əmiyə tutub soruşdu:
   
   - Əvəz əmi, qəzetdə Vahidin at haqqında şeiri çıxıb. Yaxın otur, oxuyum sən də qulaq as...
   
   Əvəz əmi bir az fikirləşib dedi:
   
   - Lazım deyil, bala. Vahid atdan nə yaza bilər ki? Mən bu yaşa gəlmişəm, onların qapısında at nədi, heç eşşək də görməmişəm...
   
   ... Bədii əsərlər sözsüz ki, təxəyyülün, yazıçının dünyagörüşünün və təhlilinin nəticəsidir. Bir var tarixin həqiqətən baş vermiş hadisələrinin bədiiləşdirilməsi, bir də var baş verməmiş hadisələrin bədii vasitələrlə olmuş kimi çatdırmaq cəhdi. Bunlar isə yazıçının əslində görmək istədiyi "nəsnələr"di ki, onları tarix kimi yox, elə-belə, əyləncə kimi qəbul etmək olar... Şişirdilmiş qəhrəmanlar, yazıçının qələm və masa üzərində yaratdığı palçıq heykəldən başqa bir şey deyil...
   
   Kökü qədərindən artıq böyüdəndə ağacın budaqları çox cılız görünür. Necə ki, raxit keçirmiş uşağın əyri ayaqları, yekə qarnı, ensiz çiyinləri və yumruq boyda başı olan kimi...
   
   Biz adət-ənənədən heç cür qaça bilmirik. atasını, anasını "Qocalar evi"nə təhvil verimş şairin ağsaqqal, ağbirçək nurundan, hikmətindən şeir yazması ədəbiyyatın anomaliyasıdı... Nadirlərin, ismayılların, bütün təhmasiblərin qurduğu dövlətdən qalan budusa, deməli, onlar dövrünün ən fərsiz, ən istedadsız şahları olublar... Yüz il sonranı görə bilməyən, dövləti, milləti qorumağın yollarını göstərməyən, özündən davamçı qoyub getməyən sərkərdənin, qurucunun nədi axı xidməti?..
   
   Bu gün itirilmiş Dərbənd, Borçalı, Zəngəzur, Qarabağ elə həmin əfsanələşdirilmiş şahların günahları deyilmi?... Onlardan İran dövləti qalıbsa, bizə nə dəxli?...
   
   ... Böyük Monqol-tatar imperiyasından kiçik Monqolustan və Böyük Rusiya qalıbsa, deməli, Çingizxan və onun varisləri əslində Rusiyanın yaradıcıları və qurucuları olublar...
   
   ... İsgəndər və Nüşabə, Əmir Teymur və Nəsimi, Qacaq və Vaqif "duetləri"... Uydurulmuş və şişirdilmiş vətənpərvərlik... Qəzəllərin və qoşmaların qılıncları üzərində gülünc qələbələri... Düşündüklərinə qələmi, dediklərinə qulağı inanmayan tarixiçi yazıçılar...
   
   ... Yaxşı ki, 1220-ci ildə Nizami sağ deyildi, yoxsa "görkəmli" sovet yazıçılarından biri onu Buxarada Çingiz xanla görüşdürərdi və biz indi böyük xanın aşiqinə qəzəllər qarşısında necə aciz qaldığını oxuyub göndərdik dam tirinə...
   
   ... Bu ərazidə filin olmamağı ona görə xoşbəxtlikdir ki, dəvədən bezəndə fili yada salmaq olur... Yazıq Hindistanda yaşayanların gününə. Görəsən onlar fildən bezəndə nəyi yada salırlar...
   
   
   
   P.S. Tarixçilər və yazıçılar bu yazını oxuyub əsəbiləşməsinlər. Bunlar mənim subyektiv fikirlərimdi və hər kəs fikirlərini deməkdə azaddır. Bir də ki, mənə ayrılmış səhifə üçün nəsə yazmalıyam, axı... Hər halda tarixi roman yazmıram...

TƏQVİM / ARXİV