adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

iLiN SON YAZISI

VAHİD ƏLİFOĞLU
27539 | 2010-12-31 05:22
... Hər günü ömür sarayından düşən bir kərpic hesab etsək, deyəsən artıq zirzəmiyə çatmışıq.
   
    ... Keçən ilin bu günü də elə beləydi. Adama elə gəlir ki, heç nə dəyişməyib. Köhnə mahnılardan birinin sözlərinə inansaq biz qocalmırıq, sadəcə eşqimiz və qəlbimiz təzələnir. 2008-ci ilin dekabrında əlli yeddi yaşa keçirdim, indi isə əlli səkkizin qapısındayam. Bəyəm əlli səkkiz əlli yeddidən böyük, daha doğrusu qoca deyil? qəlbə və eşiq məsələsinə baxanda isə qəlbimdə Qarabağdı, eşqimdə Haramı xanımı...
   
   
   
   ... Dizləri didilmiş
   
   cins şalvarınan,
   
   dirsəkləri torbalanmış
   
   milə-mil pencəyinən,
   
   Qayıdışın girişindəki çayxanada,
   
    hesabı ödənilmiş,
   
    bir çaynik çay da içmək
   
    mümkün deyil...
   
    ... Mən, beş-on qoyuna
   
    Alınmış "Mersedes"
   
   sürücülərinin əhatəsində,
   
   başı havalı,
   
   adi toyxana şairiyəm...
   
    ... O gecə anam durub
   
    Seyidəhmədli qəbristanlığından,
   
    gəlmişdi Haramıya.
   
    Dedi ki, atan gələ bilmədi,
   
    ayaqlarının ağrıları
   
    başlayıb, yenə...
   
    ... Kişi balam,
   
    qeyrətli balam,
   
    ağıllı balam, dedi mənə...
   
    deyəsən kəndimizin
   
    ermənidə olduğundan xəbərsizdi...
   
    ... Bu həftənin cümə axşamı,
   
    bir qazan asacaq
   
    arvadım anamın adına...
   
    ... Dəlilərin sevgisi, bir də
   
    yuxusu ağıllı olur, hər vaxt...
   
   
   
    ... Telefon xətləri gərgindi. Bir ildə eyni adamlar yada saldı məni... Amma say hesabı kəmlik var gələn zənglərdə... Ya düşə bilmirlər nömrəmə, ya da kimsə daha yoxdu...
   
   ... Mən dostlarımın tək özlərinə qədər varam. Elə qohumların, doğmaların da... Son on altı ildə doğulanlara mən yadam, elə onlar da mənə... Bir evin bir itgisi, bütün bir nəslin üzümə həmişəlik bağlanan qapısıdı...
   
   ... Əmim oğlanlarına, qızlarına qədər əmimdi. Nəvələrin tanımıram... Mənim qızlarımda əmim nəvələri üçün olsa-olsa yerli kimi, Qarabulaqlı kimi doğmadı...
   
   ... İllərin adı qalmadı, dadı qaldı. Zəhər dadlı, zəhrimar tamlı illər... Şuşanın, Ağdamın, Laçının, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Kəlbəcərin və bütün Qarabağın işğal olunduğu illər... Kənddən İmişliyə, İmişlidən çadıra, çadırdan Haramıya köçdüyümüz illər...
   
   ... Kişi kimi qadın varsa, deməli qadın kimi kişi də olmalıdı...
   
   ... İli necə qarşılaşan o cür də başa vurarsan deyiblər... Arsız-arsız irişməkdənsə, dərdli-dərdli ağlamaq yaxşıdı, bəlkə də...
   
   ... Qohumlar, dostlar seyrəldikcə doğmalar yadlaşdıqca yarpaqları tökülmüş ağac kimi oluram. Çılpaq. Hər eybim göz qabağında...
   
   ... Dəmir qutunun - vaqon evin içində dustaq bacım. Yataq boşdu elə bil. Ha əyilirəm üzüm üzünə çatmır. Alnım döşəyə dirənib, bacım yoxdu, hələ... Əriyib, əriyib yorğan-döşəyə qarışıb... "Bir az da dayan, getmə. Bəlkə bir də görüşmədik" - dedi...
   
   ... Bəzən ağlamaq qədər şirin, ləzzətli heç nə tapmaq mümkün olmur. Son iyirmi ildə ilk dəfə dırnaqlarımdan saçıma qədər ağladım. Başımı dəmir vaqonun dəmir pəncərəsinə söykəyib ağladım... Və bütün narahatçılığım, həyəcanım, dərdim bu ağlamaqla yox olub getdi... Elə yüngülləşdim ki... Bacımın sağlığı, həyatı bu bir ovuc göz yaşları imiş... Daha bacımı haçansa itirəcəyimlə bağlı üzüntüm də yoxdu...
   
   ... Həyətin o başında burnu ilə yeri eşən cöngə də hönkürtümə diksindi. Başını qaldırıb qorxa-qorxa baxdı vaqona sarı... Onun da ömrü bacımın ömrünə hesablanıb. Bir siqaret yandırıb maşina tərəf getdim. Quzuya dönmüş cöngə də arxayınlaşıb qayıtdı cöngəliyinə... Hələ hər şey qurtarmayıb...
   
   ... Bu dünyada hər birimizin ömründə bir cöngə intizarı var...
   
   ... İnterneti vərəqlədim. İlk dəfə yüzlərlə oxucum olduğunu gördüm və sevindim...
   
   ... Təzə oxucuların telefon nömrələri telefonun yaddaşında artmaqda...
   
   ... "Açılımlar" Türtkiyəni xeyir-şər palazına döndərib. Hər gələn açıb sərir yerə...
   
   Anamı xatırlayanda Qarabağ yadıma düşür. Qarabağ yadıma düşəndə Türkiyədən başqa heç nə ağlıma gəlmir...
   
   ... Bu il təxminən əlli yazı yazmışam. Hamısıda "Ədalət" üçün... Azdı, çox azdı... Üç yüz altmış beş günə əlli yazı... Üç yüz on beş gün qarnım ağrıyıb, əlli gün başım... Görəsən, bü məmləkətdə qarnı ağrıyan çoxdu, yoxsa başı?...
   
   ... 2010-cu ildə "Ədalət"in iyirmi yaşı tamam olacaq. On dörd ildi göz-gözə, nəfəs-nəfəsə yaşadığım "Ədalət"in... Qaçqınçılıqda, çadırda tapdım "Ədalət"i... Tapdım kənd əvəzi, yurd əvəzi...
   
   ... Bu il axır ki, "Ədalət"in rəsmi vəsiqəsini gözləyirəm, İradə xanımın imzası ilə...
   
   ... Yubiley payı kimi...
   
   ... İstənilən ili kədərli, dərdli notlarla başa vuram. Hər halda...
   
   ... Söz verən sözünən qaçmaz,
   
   Üzümüz ətdəndi, bala.
   
   Əliynən ayağın açmaz,
   
   Hamı bir kənddəndi, bala...
   
   ... Həmkarların belə qaldı yadımda:
   
   ... Etibar Babayev:
   
   - 1918-ci il iyunun 24-də Almaniya səfirliyi yerləşən binanın qarşısında bir "06" dayandı...
   
   ... Əbülfət Mədətoğlu:
   
   - Maşını vağzala sürüb dispeçerdən soruşdum:
   
   - Tuğa gedən avtobus nə vaxt çıxır...
   
   ... Babək Yusifoğlu:
   
   - Bu dünyada heç nə bizlik deyil...
   
   ... Ceyhun Musaoğlu:
   
   - Regionlarda zəhmətkeşlər artıq ikinci beşilliyin dördüncü ili hesabına işləyirlər...
   
   ... Oqtay Salamov:
   
   - Bu yeni ildi...
   
   ... Etibar Cəbrayıloğlu:
   
   - Foqts Bakıda ikra axtarır. Nə sözün?
   
   ... Vəsilə Usubova:
   
   - Kürlə Arazın qovuşduğu yer mirajdı...
   
   ... Faiq Qismətoğlu:
   
   - Avtobuslarda basabasdı, bazarlarda antisanitariya.
   
   ... Məzahir Əhmədoğlu:
   
   - Vaqif Cəbrayılzadə ilə yendik filarmoniyanın bağına...
   
   ... Tofiq Abdin:
   
   - "525-ci qəzet"in sahibi Rəşad Məcid Qalib Toğrula deyib ki, Tofiq çox cavan qalıb. Vallah elə-belə də demiş...
   
   ... Fəridə Rəhimli:
   
   - Getmişdim kəndə. Darıxdım, Xırdalandakı yataqxana yadıma düşdü...
   
   ... Və Vahid Əlifoğlu:
   
   - Əhmədbəyli dörd yolundakı çayxanada əyləşmişik. Mənəm, çəkməçi Vəlidi, bir də xanəndə Məmmədhəsən Bəhmənli. Sonra bir dəli də gəlib çıxdı...
   
   ... Vəssəlam. Bu da 2009-dan yadımda qalanlar. Bayramınız mübarək, dostlar!...

TƏQVİM / ARXİV