adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

PAYIZ

VAHİD ƏLİFOĞLU
26049 | 2011-01-22 05:56
Qəribədi, əlli illik ömrümdə bircə payızlar qalıb yadımda. Nə yazı xatırlaya bilirəm, nə də yayı. Elə bil illər payızdan ibarətdir... Bir saat da geri çəkdilər vaxtı. Bir qalan Allahın vaxtıydı, ona da əl apardılar...
   
   ... Saat 5-dən girirəm evə. Gözlə ki, səhər açılacaq... Yarpaqsız, çılpaq ağaclardı, bir də dumanlı, çiskinli havalar...
   
   ...Üz-üzə gəldiyim adamlar da çılpaqdı, qolsuz-budaqsızdı, vallah... Güləndə də, gülümsəyəndə də yarpaq xışıltısı gəlir qulağıma...
   
   ... Mən heç vaxt uşaq olmamışam. Heç cavanlığım da olmayıb...
   
   ... Vəfa Quluzadənin paltosu olar hardasa min dollara. Yaxalığı da dəridəndi. Mikrofona söykənib danışdığı ağac yamyaşıldı...
   
   ...BMT-nin bu dəfəki qətnaməsi səsə qoyulub təsdiq olunsa, öldü erməni. Bütün dünyada biabır olacaqlar. Hamı onları işğalçı kimi tanıyacaq... Bu qətnamələrdən dördü 93-dən varımızdı. Üçdən keçib. Amma atalar üçdən deyiblər. Çıxdın beşə, vur on beşə... Hələ beşincidi... Asim Mollazadə də ANS-də yarım saata Qarabağı aldı, verdi bizə... Gör ha, NATO-nun Bakıdakı deputat yığıncağı qoy yekunlaşsın, erməni tanıyar bizi... Özü də bir bənd olacaq ey, orda ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidi...
   
   Görəsən, bu politoloq adını almaq üçün bir məktəbdən-zaddan qurtarmaq lazımdı, yoxsa... Bizdə üç şey çoxdu. Politoloq, müğənni, bir də tamada...
   
   ...Əbülfətin də səsi saralmış yarpaq xışıltısına oxşayır. Danışanda elə bilirsən ki, ayağının altında xəzəl topası qalıb... Bu həm də ondan irəli gəlir ki, Əbülfət də uşaqlığını xatırlaya bilmir. Orda, Bakıda, Sumqayıt yolunun üstündə kiçik bir həyət var. Orda da payızdı...
   
   ...Ermənilər utandığından, xəcalətindən gəlmədilər Bakıya...
   
   Əbülfət, o gün getmişdim Şükürbəyliyə. Tuğ görükmür. Amma bizim kənd elə bil ovcumun içindədi... Qar yenib Ərgünəşdən üzü aşağı. Kürdlərə, İşıqlıya qədər qardı...
   
   ...Yadımda qalmayıb. Hardasa oxudum ki, İbrahim xanın işi-gücü Şuşada fahişəxana açmağımış. Elə Molla Pənah da o boyda yolu basa-basa gəlmişimiş ki, kişiyə öyüd-nəsihət verə ki, bəs ayıbdı, ağsaqqal adamsan... Mən bilən Molla Pənah elə İbrahim xanın aftafa götürəni imiş... O vaxtlar, dünyanın yaxşı vaxtında Milli Dram Teatrımızda "Vaqif"in bilmirəm doqquz yüzüncü tamaşasına baxdım, yoxsa mininci... Yaddaş var ki...
   
   ...Buş da Allaha şükür ki, xeyir-asanlıqla seçildi. Ermənilər Kerrini dəstəkləyirdilər. Nə oldu, amma... Putin də ki, idmançı. Dəf kimi... Elə Vəfa müəllimlə, Asim bəy də and-aman elədilər ki, Qarabağın iki açarı var. Biri Buşun cibindədi, biri də Putinin...
   
   ... Yenə rəhmətlik Səməd Vurğun sağ olsaydı, Buşa bir "Rəhbərə salam" şeiri yazıb göndərərdi... Rəsul Rzanın da yeri görükür, Allah haqqı. Putin "karateist" yox ey lap əjdaha "olsay"dı, o saat yumşalardı "Putin" poemasının qabağında. Amma bir kiçik düzəlişlə də keçinmək olar. "Lenin" poemasında Lenin sözünün yerinə Putin yaz qurtarsın, getsin...
   
   ...Görəsən "klassik"lərin "əsər"lərini latın qrafikasına çevirəndə "Lenin", "Komsomol", "Zamanın bayraqdarı", "Muğan" poemalarını da çevirəcəklər?
   
   ...Rejissor lazımdı ki, Milli Teatrda qoya "Vaqif"i, "1905-ci ildə"ni, "Şərqin səhəri"ni bir də "26-lar"ı... Gəl, ay kasıb...
   
   ... İşıqlar da sönüb. Balkondan baxıram. İranın işıqları adamın gözünü oyur... On dəqiqədən sonra "Klon", "Qisas", "İudanın arvadı" başlayacaq...
   
   Saat 9-da Elarizin "Daroqa"sının klipi olacaq...
   
   ... Heç ədəbiyyatımızın da, incəsənətimizin də yazı yoxdu. Payızıdı...
   
   2009 da qurtardı. Qarabağ yerindədi. Cəbhə xəttində sakitlikdi. ATƏT-dən gəlmişdilər Füzuliyə. Alxanlı ilə Qaraxanbəyli kəndi arasında monitorinq keçirtdilər. "Toyota"ların sayı-hesabı yoxd idi. Görəsən, onlar da yanacağı biz alan qiymətə alırlar?..
   
   ...Mənim də məsələm qaldı 2010 - a. "Xalq şairi" cəhənnəmə, heç mənə "Əməkdar mədəniyyət işçisi" adı da vermədilər...
   
   ... Vallah, 2010-da mənə bu adlardan birini verməsəniz, keçəcəm AYO-a... Rasim bəy, ərizəm hazırdı...
   
   
   
   ...Heç kim yazdan keçmədi,
   
   Yayı yaşamadı.
   
   Bu məmləkət bitib-tükənməyən
   
   Payızın içində...
   
   Hər şər vaxtı,
   
   Dayanmaq asan deyil,
   
   Üzü Qarabağa...
   
   ...Bismillahir-rəhmanir-rəhim...
   
   Şadlıq evləri tikənlər,
   
   Daş ayaqyolularına
   
   Mərmər yol çəkənlər,
   
   Erməninin qabağında
   
   Baş əyənlər, diz çökənlər-
   
   Narahat olmasınlar...
   
   Gecələri qovrula-qovrula,
   
   diri gözləriynən açan,
   
   Qarımış qızların arzularıdı
   
   Qarabağın yolları...
   
   Yadımda yarpaqsız ağaclar,
   
   Çiskinli, dumanlı havalar
   
   Qalıb, ancaq...
   
   Mənim və mənim yaşıdlarımın
   
   Uşaqlıqları olmayıb, heç vaxt...
   
   ...Eşidirsənmi,
   
   Ayaqlarımın altında
   
   Bitməmiş, göyərməmiş
   
   Yarpaqlar xırçıldayır...
   
   ...Əhləd ağaclarının dibinə,
   
   Kal armud kimi diyirlənən,
   
   Qeyrətsiz başların,
   
   Namussuz papaqların,
   
   Tappıltılarını eşidirsənmi?
   
   Hardan eşidəsən axı,
   
   Sən də bu payızın içindəsən,
   
   Hamı kimi...
   
   
   
   ...Kürdmahmudlu qəbiristanlığında qırmızı parçalar yellənir, ağappaq baş daşlarında... Göy üzü dolub. Yağacaq gecə səhərə kimi. Baş daşlarında yellənən qırmızı parçalar islanacaq. Yapışacaq daşlara. Daşlar üşüyəcək... Payızdı qardaş, payız...
   
   

TƏQVİM / ARXİV