adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

DUZSUZLUQ

VAHİD ƏLİFOĞLU
24151 | 2011-01-29 06:58
... Əhmədbəylinin dörd yolundakı çayxananı elə tikiblər ki, çayxanada çay içən həm Bəhmənli tərəfdən gələni, həm Horadiz tərəfdən gələni, həm də mənim məskunlaşdığım "Qayıdış"dan gələni görür...
   
   ... Hələ bir ayağım maşının içindəydi Ələddin Qəmbərin səsi gəldi:
   
   - Qağa, burdan gəl.
   
   ...Ələddin məşhur el şairidi, həm də tanınmış tamadadı...
   
   ...Allah yaradanda hərəyə bir qismət yazıb. Adam var ki, günorta naharın İstambulda, şam yeməyini Kaliforniyada yeyir... Mənim ki, də Əlövsətin çayxanasıdı. Darıxanda, ya qəzetlərdə yazılanlardan bezəndə özümü çatdırıram ora...
   
   ... Hardadı məndə o pul ki, ömrümün qalanını da İsveçrədə, gölün qırağında keçirəm...
   
   ...Yenə söhbət hərlənib gəldi kitabın üstünə. Allah insaf versin Əbülfət Mədətoğluna ki, tay göndərmədi ki, uşaqların gözü yığıla... Bu Bakıdı. Yerevan deyil ki, beş cildliyini çap edələr, heç mürəkkəbi qurumamış böyrünə də bir beynəlxalq ödüldən-zaddan qoşub göndərələr sənə. Nə var ki, Arzu Abdullayevaya, Eldar Zeynalova həftə səkkiz, mən doqquz Yerevandadılar...
   
   ...Onsuz da heç razı deyiləm bu tezliklə gəlib çıxa. Əlim aşağıdı. O qədər aşağıdı ki, bir girdirmə araq da almağa gücüm çatmaz... Məni təbrik edəcək adamlar nə Maqsud İbrahimbəyov deyil, nə də Çingiz Abdullayev ki, Avropa otelinin ən azı kiçik zalını bağlatdıram...
   
   ... Bir hektar torpaq vermişdilər, onu da bu il əkə bilmədim. İrriqasiya (sözə bax ey-V.Ə) sistemi ilə məşğul olan kəs soyuqqanlılıqla bildirdi ki, layihədə suvarma nəzərdə tutulmayıb!?...
   
   ...Mən də ki, görkəmli yazıçımız, mənim heç vaxt üzvü olmadığım AYB qapalı səhmdar cəmiyyətinin daimi prezidenti hörmətli Anar müəllim deyib ki, torpağı suvarmadınsa əkməyə, əkmədinsə suvarmağa dəyməz kimi fəlsəfi fikrinə əsaslanıb bu ilin əkinçiliyindən əl çəkdim (Vaz keçdim, daha məntiqlidi - V.Ə). Allah kahr etsin...
   
   ... Qoltuğumda qara ayaqqabı, əynimdə ağ şalvar bazardan çıxdım. Ayaqqabını yamatmağa vermişdim. Çəkməçiyə Qarabağ haqqında ağlamalı bir şeir deyib "budkadan" çıxdım. Çəkməçi diz örtüyünü gözlərinə sıxıb içini çəkdi ki, tini buruldum. Hesab qaldı çörəkpulunu alana...
   
   ...On üç il İmişlinin, Biləsuvarın şorunu yedik, yenə də gözümüz duzdan doymadı. Keçən həftə həkim baxıb dedi ki, elə oynağın yoxdu ki, orada ən aşağısı iki yüz qram duz olmaya... Amma ən duzlu yeməyə duz səpməsəm yeyə bilmirəm. Az qalıram şirin çaya da duz atam...
   
   ...Biz nuh nəbidən duzsuzuq. Mənim yaşıdlarımın tərbiyəsi düşdü kommunist əxlaq kodeksi dövrünə, bir də "altmışıncılar"ın mənəviyyatımıza gətirdikləri təzə, karbonsuz hava ədəbiyyatına...
   
   ...Elnur Astanbəyli yazır ki, Anarın yazdıqları Latın Amerikası ədəbiyyatıdı. Nə bilim, vallah. Əvvəla mən Latın Amerikası ədəbiyyatını oxumamışam, tanışlığım yoxdu. İkincisi də ki, Latın Amerikasında mən gözümü açandan yaxşı futbolçular görmüşəm, bir də iki yüz əlli, üç yüz serialıq teleseriallar...
   
   ...İndi neyniyək ki, xudavəndi aləm Anar müəllimi Venesuelada yaratmayıb Bakıda yaradıb. Əgər Venesuelada yaratsaydı indi "Beş mərtəbəli evin altıncı mərtəbəsində" əsərinə ya "Lovizna", ya da "Səhrada məhəbbət" adıyla ağlaya-ağlaya baxırdıq. Biz özümüzdə olanın qiymətini bilməmişik, heç vaxt...
   
   Lətifəsi hamımızdan uzaq olsun. İspan atalar sözündə deyilir ki, "ev danasından korrida öküzü olmaz"...
   
   ...Yetmişinci illərdə, mənim tələbəlik illərimdə, Bakıda cins şalvarlar ağ şalvar və qırmızı corablar dəbdə idi. Belə paltarda olanlara o qədər udquna-udquna baxmışam ki...
   
   ...İndi Allaha şükür belə paltarlar tay "Çinar" mağazasında valyuta ilə satılmır. Elə Əhmədbəylinin bazarı da təpilidi ağzınacan... Alıb geyirəm. Dəbdə olsa da, olmasa da... Yetmişinci illərin hayfını çıxmaq istəyirəm. Di gəl ki, nə yaş o yaşdı, nə də dəb o dəb... Yaşı yola vermək olar. Yaşın nə fərqi var... Bircə dəb düz gəlmir...
   
   ...Həm də o vaxtlar o qədər özümçün əlçatmaz hesab etmişəm ki, həmin pal-paltarı indi alanda da bir-birini tamamlayan formanı tapa bilmirəm. Ya şalvar ağ olur, ayaqqabı qara, ya da ayaqqabı ağ olur, corablar qara...
   
   ...Elə "altmışıncılar"ın o vaxt ədəbiyyata gətirdikləri tam oksigenli hava və indiki duzsuz iddiaları da mənim müxtəlif rəngli, zövqsüz əlbəsəmə oxşayır...
   
   Prespektiv planımda var, lap gedən olsa ağ şalvar, ağ ayaqqabı, qırmızı corab alacağam. Mütləq alacağam... Hələ desən qəlyan yeri də eləmişəm, tütün də...
   
   ...Bir də ki, "sino" gedirəm bir "əməkdar mədəniyyət işçisi" fəxri adından ötəri... Nə olar, yəni bizim bu saf, büllur ədəbi mühitimizdə səsi xırıldayan şirvan aşığıncan da zəhmətimiz yoxdu...
   
   ...Sabah yox, birisi gün qəsəbədə Dövlətyarlı Allahqulunun oğlu Elnurun toyudu. Mənə də dəvətnamə var. Qara ayaqqabını yamatmışam, ağ şalvar da ki, əynimdədi. Kim nə biləcək. Rüstəm müəllimin sözü olmasın, hardadı Qarabağ camaatının elitarlığı. Bura ki, bir cənub şəhəri deyil...
   
   
   
   ...Ağ şalvar, ağ qoç,
   
   ağ liman...
   
   ...Ağ qoçu minərsən,
   
   Ağ şalvarda,
   
   Bir axşam, ağ limana
   
   dönərsən...
   
   

TƏQVİM / ARXİV