adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Al deyir al də, bir telefon nədi ki!!! - İlqar Rəsul yazır

İLQAR RƏSUL
4314 | 2021-09-23 14:10

Olmuş əhvalatın xeyli bəzədilmiş variantı

Böyrəkləri xəstə olan 75 yaşlı tənha kişinin səhər tezdən təzyiqi qalxır. İnsult ərəfəsində birtəhər əlini uzadıb telefonu götürür, təciliyardım çağırır.

Yarım saat sonra qapı döyülür. Kişi zorla - gəlin, qapı açıqdı-deyir. İçəri, gənc, gözəl bir xanım həkim girir. Tez gəlib çantanı qoyur yerə. Oturur kişinin yanında.

- Qızım bəs sənin köməkçin yoxdu, tibb bacısı?- Kişi soruşur. Həkim deyir var, ama o çox kökdü, liftiniz də işləmir deyə özünü pis hiss edib, 8-ə çıxa bilmədi, 5-ci mərtəbənin pilləkənində qaldı. Bir iynə vurub uzatdım 5-dəki qonşuya gəldim bura.

Həkim təzyiqölçəni keçirdir artıq gözləri qaralmaqda olan kişinin qoluna. Elə ölçmək istəyəndə vatsap-ına mesaj gəlir. Əlini saxlayıb açır, görür nişanlısıdı. O yazır - bu yazır, söhbət uzanır. Kişi yalvarır: qızım ölürəm mənə bir çarə et sonra yazışarsan. Qız fikir vermir, hirslə yazışmaqda davam edir. Arada qəzəblə xalatını da çıxardıb bir kənara atır. Tibb çantasını təpiklə vurub itələyir çarpayının altına. Kişi bir də yalvarır, ümidlə qızın qolunu sığallayır ki bəlkə rəhmi gələ. Qız day onu eşitmir də. Nişanlısı ilə mübahisə edir. Birdən nişanlısı o tərəfdən yazır ki: "bitdi, nişanı qaytarıram. Onsuz da səni heç sevmirdim".

Qız dəliyə dönür, qışqırıb telefonu çırpır divara, ürəyi gedir, yıxılır çarpayıda kişinin yanına. Kişi birtəhər çarpayının o tərəfindən döşəməyə düşür. Təzyiqölçəni qolundan açıb qızın qoluna keçirdir. Ölçmək istəyir alınmır. Sürünüb güclə qalxır stula, telefonu götürür. Təciliyardım çağırır. Yarım saatdan sonra yeni briqada gəlir. Qızın təzyiqin ölçürlər görürlər çox aşağıdı. Soruşurlar necə oldu bu? Kişi dili dolaşa - dolaşa "telefon", "dava" , "hirsləndi", "ürəyi" deyir. Yaşlı həkm "bu ayfon almaq həvəsi camaatı qıracaq" deyə -deyə qıza İynə vurur, tapşırır, xərəkdə götürürlər xəstəxanaya. Qapıdan çıxanda gənc xanım tibb bacısı artıq dili söz tutmayan qocaya hirslə qayıdır ki, ağsaqqal adamsan, bir ayağın burdadı, bir ayağın gorda, al deyir al də, bir telefon nədi ki!!! Kişini evdə qoyub gedirlər

TƏQVİM / ARXİV