adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7

İki oxşar fakt və rəqəmlər (2-ci yazı) - İlqar Rəsul yazır

İLQAR RƏSUL
1444 | 2023-12-28 14:11

ÇOX MARAQLIDIR (silsiləsindən)

Bizim eradan əvvəl, 100-cü ilin 13 iyulunda Qay Yuli Sezar doğulub. Bizim eranın 2020-ci ilinin 14 iyulunda general Polad Həşimov həlak olub. 

Bizim eradan əvvəl, 44-cü ildə Qay Yuli Sezar qətlə yetirilib. Bizim eranın 2020-ci ilində general Polad Həşimovun ölümündən alovlanan Vətən Müharibəsi 44 gün davam edib və qələbə ilə başa çatıb.   

Əlbəttə ki, mətnin bura qədəri sadəcə oxşar rəqəmlərin üzərində adi gedişlərdi. Amma buradan o yanası...  

Romalı sərkərdə və siyasi lider - dünyanın gəlmiş-getmiş ən güclü insanlarından biri sayılan Qay Yuli Sezar həm də dünya hərb strategiyasına ciddi töhfələr vermiş, qoşunların manevri baxımndan inanılmaz yeniliklər  tətbiq etmiş bir sərkərdə kimi tarixə düşüb. 

Höte bizim eradan əvvəl - 44-cü ildə Sezara edilən sui-qəsdi dünya hərb elminə vurulmuş çox böyük zərbə kimi dəyərləndirir. Deyir, "Sezarın öldürülməsi ilə dünya hərb elmi neçə-neçə yenilikdən, əvəzsiz töhfələrdən məhrum edildi". 

Dünya tarixində ilk dəfə əsas qüvvəni cinahlarda gizlədib köməkçi qüvvə ilə döyüşə girmək strategiyasını Yuli Sezar tətbiq edib(Sezara qədər təbii olaraq vəziyyət əksinə idi: əsas qüvvələr hərb meydanında üz-üzə gəlirdi, döyüşün qızğın vaxtı cinahlardan yardımçı qüvvələr hücuma keçirdi, qələbə ola da bilirdi, olmaya da. Çünki hər iki tərəfə bu strategiya çoxdan bəlli idi). Bunlar əlbəttə ki, bizim eradan əvvəl olub və 44-cü ildə başa çatıb. 

İndi gəlirik bizim eranın “44”-nə. 

Hərb tarixində hələ uzun müddət əvəzlənməyəcək sonuncu yenilik bizim eranın 2020-ci ilində, Azərbaycanda baş verib və 44 gündə dünyanın savaş strategiyasına baxışı tamam dəyişib. Sezarın vaxtilə döyüş öncəsi cinaha keçirtdiyi əsas-həlledici qüvvə bu dəfə yuxarıdan - səmadan tətbiq olunub. Və bunu Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev edib. 

İndi kimlərsə deyəcək, kənardan “kömək olub” - filan. Əlbəttə kömək olub. Amma kömək. Fakt odur ki, hər hansı bir dövlətə kənardan nə qədər hərbi-siyasi, texniki dəstək olsa belə, müharibəni başlamağın, itkiləri, dağıntıları, fəsadları, zərərləri göz önünə alıb da döyüş əmri verməyin məsuliyyəti, ağrı-acısı həmin dövlətin komandanın üzərinə düşür. Və məğlubiyyət olacağı təqdirdə ağrı-acısı millətin qəlbindən və düşüncəsindən köməklə, dəstəklə çıxası deyil, qınaq, narazılıq da kömək edənə yox, əmri verənə - komandana yönələsidir. 

İlham Əliyev bütün bunları göz önünə alıb döyüş əmri verib, qalib gəlib və dünya hərb tarixində yeni mərhələ yaradıb...

TƏQVİM / ARXİV